• çərşənbə, 24 Aprel, 22:52
  • Baku Bakı 23°C

“Qaynağın üzərində zərgər kimi işləyirəm” – Sadə peşə adamı

20.05.14 09:30 2312
“Qaynağın üzərində zərgər kimi işləyirəm” – Sadə peşə adamı
“Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”, deyib dahi Nizami Gəncəvi. Atalarımız isə “hansı sahədə çalışırsan çalış, işi sevərək gör” deyiblər. Sevərək gördüyün əməyin bəhrəsi insana daha şirin və doğma gəlir. “Sadə peşə adamı” rubrikamızın budəfəki qonağı qaynaqçı Vilayət Həmidov da işini sevərək gördüyünü deyir.
Qorxdum ki, bacarmaram

Vilayət 16 saylı peşə məktəbində qaynaqçılıq ixtisası üzrə təhsil alıb. Məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Dərin Özüllər Zavodunda kurs keçib. Peşəsini dərindən öyrənən həmsöhbətimiz ölkəmizdə müxtəlif xarici və yerli şirkətlərdə çalışıb. İşə yeni başlayanda “mən bacara bilmərəm” deyən müsahibimiz ilk günlər sənətinin öhdəsindən gələ bilməməkdən qorxub. Onun sözlərinə görə, qaynaqçılıq sənəti kənardan göründüyü qədər asan peşə deyil: “Uşaqlıqdan bu peşə mənə maraqlı gəldiyi üçün qaynaqçı olmaq qərarına gəldim. Lakin peşəni icra edərkən anladım ki, bu sənət heç də kənardan göründüyü qədər asan deyil. Təcrübədə olarkən ilk günlər düşünürdüm ki, bacarmayacağam. Amma sənətimə olan sevgim və həvəsim məni peşəkar qaynaqçı etdi”.
Peşəsinin incəliklərindən danışan müsahibimiz deyir ki, qaynaqçılıq sənətində kiçicik diqqətsizlik sonda faciələrə səbəb olar: “Bu peşə hər kəsə kənardan asan görünə bilər. Üstəlik, bu gün ölkəmizdə bu peşəyə tələbat olduğu üçün bəzi insanlar düşünür ki, “dəmiri, dəmirə qaynaq etməyə nə var ki? Əsas odur ki, pul qazanım”. Amma bu, yanlış fikirdir. Əziyyətsiz çörək qazanmaq mümkün deyil. Bizim sənətin də çətinliyi odur ki, dəqiq işləməklə bərabər həm gözlərini qorumalı, həm də istiyə davamlı olmalısan. Qaynaq edərkən ən vacib şərt diqqətlilikdir. Əgər çalışdığın işin üzərində hər hansı boşluq yaranarsa, bu, gələcəkdə faciələrə səbəb ola bilər. Qaynaq etdiyin materiallar muncuq kimi düzülməlidir ki, gördüyü işin keyfiyyəti bilinsin. Bu sahədə bir az səliqə də lazımdır. Qaynağın üzərində zərgər kimi işləmək vacibdirr ki, naxışların düz gəlsin, düyünlər bir-birinin üstündə otursun. Hər ustanın özünəməxsus əl qabiliyyəti var. Yaxşı qaynaqçı olmaq üçün işini sevərək dəqiq yerinə yetirməlisən. Əgər sənə nəyi isə etibar ediblərsə, ona məsuliyyətli yanaşmalısan ki, gördüyün iş bəyənilsin”.
Sənətə olan sevgi

Müsahibimiz peşəkar şəkildə işə başladığı gün çox həyəcanlandığını bildirdi. Bizimlə söhbəti zamanı işə yeni başladığı günlərə geri qayıtdı. Onun sözlərinə görə, iş görəcəyi sahəyə girdikdə həyəcandan əlləri əsib: “Düzdür, biz sahəyə gəlməzdən öncə peşəmizin sirlərinə dərindən bələd olmaq üçün uzun müddət sınaqdan keçirik. İstər nəzəri, istərsə də təcrübi baxımdan imtahan verdikdən sonra bizi iş görmək üçün sahəyə buraxırlar. Buna baxmayaraq uzun müddət öyrəndiyin iş professional şəkildə sənə tapşırıldıqda insan istər-istəməz həyəcan keçirir. İlk günlər sahədə professional olmadığım üçün iş yoldaşlarımla məsləhətləşib işimin öhdəsindən gəlməyə çalışırdım. Zaman keçdikcə yavaş-yavaş öyrənməyə, özümü təkmilləşdirməyə başladım. Bu sahədə çalışdıqca daha çox öyrənməyə və bu peşənin sirlərinə dərindən yiyələnməyə başladım. Müəyyən müddətdən sonra işimin kamil bilicisinə çevrildim. Bu işdə sənətə olan sevgi də əsas meyarlardan sayılır. Sənətini sevməsən, uzun müddət bu peşədə qalmaq mümkün deyil”.
Yaxşı işçiyə hər yerdə ehtiyac var

Qaynaqçılıq sənətinin təhlükəli peşə olduğunu söyləyən müsahibimizin sözlərinə görə, işini sevməyən, yalnız pul qazanmaq məqsədilə çalışan insan bu peşədə uğur qazana bilməz: “Boru qaynaqlarla, paslanmaz və əlvan metallarla işləmək məsuliyyət və diqqət tələb edən çox çətin işdir. İşini yaxşı bacaran, onun öhdəsindən gələ bilən işçiyə hər zaman, hər yerdə ehtiyac var. Bu, bütün sahələrdə belədir. Ümumiyyətlə, öz peşəsini dərindən bilən, onu sevərək görən hər bir insan iş tapmaqda çətinlik çəkmir. Əksinə, iş onu rahatlıqla tapır. Azərbaycanda bir çox şirkətlərdə çalışmışam. Həmçinin şirkət xətti ilə Qazaxıstan, Moskva, Astarxan, Moldova, Qətər, Ərəbistan kimi bir çox dövlətlərdə olmuşam. Orada əl işimi nümayiş etdirmişəm”.
Müdir işçini tələsdirməməlidir
Vilayət deyir ki, qaynaq etdikdən sonra hər bir qaynaqçının işi rentgendən keçirilir. Əgər hər hansı bir qüsuru varsa, bu qüsur qaynaqçıya mənfi təsir edir. Qüsursuz işlər isə hər vaxt şirkət tərəfindən mükafatlandırılır: “Müdiriyyət işçini həvəsləndirdikdə, yaxşı işin qarşılığında mükafatlandırdıqda, işçi daha yaxşı işləyir. Bundan başqa qaynaqçını tələsdirmək olmaz, əks təqdirdə, iş keyfiyyətli alınmır. Qaynaqçı işi nə qədər tez hazırlamağa çalışsa, iş bir o qədər keyfiyyətsiz olur. Aramla, diqqətlə görülən iş daha səliqəli və keyfiyyətli alınır. Mən qaynaqçı kimi üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışıram. Əlimə aldığım bir işi bacardığım qədər yaxşı görürəm”.
Müsahibimiz əlinə aldığı işlərin üzərində diqqətlə işlədiyini deyir: “Böyük şirkətlər də öz layihələrində nöqsanı olmayan qaynaqçılara müraciət edirlər və işlərini onlara həvalə edirlər. Buna görə də çalışıram ki, hər zaman işimə məsuliyyətlə yanaşım, gördüyüm işlərlə heç bir problem olmasın”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər