“Qayğıkeş ANA” və “ədalətli ATA”lar - Araşdırma
Bir
qurumun və ya şirkətin əsas tərkib hissələrindən biri də İnsan resursları üzrə
departamentidir. Demək olar ki, şirkətlərin əksər işçiləri bu departamentin
süzgəcindən keçir. Bu isə elə də asan iş deyil. İş üçün gələn namizədin
hərtərəfli dəyərləndirilməsi, onların işə layiq biri olub-olmadığının müəyyən
edilməsi işəgötürən üçün ciddi hazırlıq tələb edir. Bu proses elə aparılmalıdır
ki, həm şirkətin maraqları təmin olunsun, həm də iş üçün müraciət edən şəxs
"yox” cavabı alsa da, narazı getməsin. Bəs işə gələnləri "seçən” adam - İnsan
Resursları (İR) mütəxəssisi özü hansı bacarıq və keyfiyyətlərə malik olmalıdır?
"Sadəcə bilik kifayət etmir”
Milli İnsan Resursları Forumunun
layihə rəhbəri, İR mütəxəssisi Cabir Süleymanlı deyir ki,
İR dərin və kompleks bir sahədir: "Təbii ki, hər bir mütəxəssis peşəsinin
funksiyaları, tələbləri ilə bağlı yaxşı biliyə sahib olmalıdır. İnsan
Resursları ilə bağlı bilik dedikdə, bəzilərimiz sadəcə Əmək Məcəlləsini əzbərə
bilmək, bu sahədə istifadə olunan bir neçə forma haqqında məlumatlı olmaq,
elektron hökumət portalında çalışmaq kimi gündəlik işləri yerinə yetirəcək
bilikləri düşünə bilərik. Amma, İnsan resursları daha dərin və kompleks bir
sahədir. İR mütəxəssisi daim insanlarla ünsiyyətdədir və onlarla işləyir. Ona
görə də bu işin öhdəsindən gəlmək üçün sadəcə bilik kifayət etmir. Mütləq fərdi,
insani keyfiyyətlər də mövcud olmalıdır. Həmçinin, yaxşı ünsiyyət qurma
qabiliyyəti də əsasdır. İnsanlarla formal və qeyri-formal ünsiyyət qurmalı,
bunu balansda saxlamağı bacarmalıdır. Ana dilində səlis danışmağı, yazmağı
bacarmalı, yaxşı nitq qabiliyyətinə də sahib olmalıdır. Əlavə bir və ya bir
neçə xarici dil bilmək isə karyeranın inkişafı və daha çox biliklərə yiyələnmək
baxımından üstünlük sayılır”.
"Məxfiliyin qorunması baxımından
etibarlılıq vacibdir”
Müsahibimiz
bildirir ki, İR mütəxəssisi üçün etibarlılıq vacib keyfiyyətlərdəndir: "İlk
olaraq güvəniləcək bir şəxs olmalıdır ki, işçilər problemlərini onun yanında
dilə gətirə bilsinlər. Digər tərəfdən də, həm işçilərin, həm də şirkətin məxfi
məlumatlarının qorunması baxımından etibarlılıq vacib nüanslardandır. Vaxtın
idarə edilməsi və prioritetlərin müəyyən edilməsi də İR mütəxəssisləri üçün
əsas bacarıqlardandır. Bundan başqa, təşkilatçılıq və təqdimat da çox
önəmlidir. Şirkətdə alınan qərarların, qəbul edilən siyasət və prosedurların
işçilərə ötürülməsi üçün bu bacarıqlar olmalıdır. İR mütəxəssisi bu sahə ilə
bağlı qanunvericiliyi, çalışdığı şirkətə aid siyasəti və prosedurları yaxşı
bilməli, əmək bazarı haqqında məlumatlı olmalıdır. Əgər karyerasında yüksəliş
istəyirsə, özündə idarəçilik qabiliyyətini mütləq inkişaf etməlidir. Şirkətdəki
iyerarxiyanı daim gözləməli və şəxsi münasibətlərini qoruyub saxlamağı
bacarmalıdır”.
Biznes təfəkkürünə sahib olmaq
şərti
Layihə
rəhbəri İR mütəxəssisinin təhsil məsələsinə də toxundu: "Təhsil cəhətdən baxdıqda
isə, hazırda bir çox fərqli ixtisaslardan insanların İR mütəxəssisi kimi
çalışdığını və işlərini də yaxşı bacardıqlarını görə bilərik. Təəssüf ki,
ölkəmizdə bu sahə üzrə ixtisaslar ali məktəblərdə nadir, hətta "yox” deyilə
biləcək şəkildə tədris olunur. Amma bu sahə ilə bağlı həm beynəlxalq, həm də
yerli bir çox kurslar, təlimlər mövcuddur. Gənclər bu kurslarda iştirak
etməklə, gələcəklərinə investisiya qoymaqla özlərini inkişaf etdirə bilirlər.
Ancaq təhsildən də əlavə, İR mütəxəssisi mütləq şəkildə biznes təfəkkürünə
sahib olmalı və onu anlaya bilməlidir”.
Hədəfləri əvvəlcədən müəyyənləşdirmək
qabiliyyəti
Cabir
bəy bildirir ki, İR mütəxəssisi müsahibələrdə namizədlərin verəcəyi sualları
öncədən təxmin edə bilməli və hazırlıqlı olmalıdır: "Əvvəla, namizədin hansı
vakansiya üçün çağırıldığını və bu vakansiyanın tələblərinin nələr olduğunu
ətraflı bilməlidir. Namizədin işləyəcəyi strukturun yerləşdiyi ünvan, təqdim
olunacaq əmək haqqı, bu vakansiya üçün əmək bazarında təklif olunan digər əmək
haqqı seçimləri, namizədin profilinə uyğun şəxslərin əmək bazarındakı dəyəri,
vakansiyanın tələblərinə uyğun şəxsi keyfiyyətlər və daha bir çox məqamlar
haqqında ətraflı məlumat toplamalıdır”.
Müsahibimiz
bu sahədə çalışmaq istəyən gənclərə tövsiyə edir ki, hədəflərini əvvəlcədən
müəyyənləşdirsinlər, sahə haqqında məlumatlanıb, özlərini tələbəlik
vaxtlarından inkişaf etdirməyə başlasınlar.
"Qayğıkeş ANA” və "ədalətli ATA”
"Atəşgah” Sığorta şirkətinin İR üzrə kordinatoru
Şamo Mürşüdov deyir ki, son 2 il ərzində İnsan resurslarının
idarə edilməsi sahəsinə həddən artıq böyük marağın olması çox sevindirici
haldır: "Amma, bu sahədə təsadüfi insanlar olmalı deyil. İR sahəsində çalışan
və çalışmaq istəyən gənclər peşəkar bilik, təhsildən əlavə, müəyyən şəxsi
keyfiyyətlərə mütləq sahib olmalıdırlar. Bura dəyişikliklərə hazırlıq,
liderlik, ünsiyyət, optimistlik, insanlara təsir etmə gücü və digər
keyfiyyətlər daxildir. Ən vacib keyfiyyətlərdən başlıcası isə insanlara açıq,
əlçatan bir şəxs olmaqdır. Əgər həmin şəxsin insanlarla işləmək istəyi daxildən
gəlmir və duyulmursa, o zaman çətin ki, həmin şəxs İnsan resurslarının idarə
edilməsi sahəsində çalışa bilsin. Bu sahəyə aid nəzəri biliklərin inkişafı,
yeni müasir trendlərin, beynəlxalq təcrübənin yerli iş mühitimizdə tətbiq
edilməsi ilə iş bitmir. Birinci növbədə şəxsiyyət olaraq özünü inkişaf etdirmək
lazımdır. Öz təcrübəmə əsaslanıb deyə bilərəm ki, İR mütəxəssisi çalışdığı
şirkətin əməkdaşları üçün "qayğıkeş ANA” və "ədalətli ATA” olmağı
bacarmalıdır”.
Müsahibimiz
həmkarlarının bəzilərinin müsahibə zamanı etdiyi səhvlərdən və əslində
müsahibəyə necə hazırlaşmaq lazım olduğundan da danışdı: "Unutmaq lazım deyil
ki, əksər namizədlərdə müsahibə zamanı stress və həyəcan olur. Misal olaraq,
müsahibənin ilk dəqiqələrində namizədin özü haqqında məlumat verdiyi zaman,
özünə əmin olmadan, həyəcanla danışmasına namizədin potensialının olmaması kimi
qələmə vermək düzgün deyil. Eyni zamanda, əksinə ola bilər ki, namizəd özünə
əmindir, əla nitq mədəniyyəti və inandırmaq bacarığına
malikdir. Amma bu, namizədin hələ sizə tam uyğun olması mənasına gəlmir”.
Plansızlıq, müsahibə strukturunun düzgün
qurulmamağı...
Ş.Mürşüdov
bildirir ki, namizədin öz fikrini bildirməsinə imkan verməmək, daim sözünü
kəsmək və ona kimin öndə olduğunu
vurğulamaq yerli iş mühitimizdə buraxılan ən ciddi səhvlərdəndir: "Müsahibə
zamanı plansızlıq, strukturun düzgün ardıcıllıqda qurulmamağı və əsasən də,
hansı anda hansı sualların ünvanlanmasına önəm verilməməyi bu sahədə çalışan
mütəxəssislər üçün mənfi haldır. Namizədin CV-si ilə müsahibə zamanı tanış
olmayın. Öncədən tanış olub, sizi maraqlandıracaq məqamlarla bağlı suallarınızı
hazırlayın”.
"İşəgötürən təşkilatın ilk siması sizsiz”
Həmsöhbətimiz
qeyd edir ki, bizim yerli iş mühitimizdə formalaşan digər ən böyük problemli
yanaşmalardan biri də "Yalnız işə götürənin seçim etmək hüququ var” fikridir:
"Bu sahədə çalışanlar unutmamalıdır ki, bizlər namizəd seçimi etdiyimiz kimi,
namizədin də sizin təşkilatda çalışıb-çalışmayacağı ilə bağlı seçim etmək
hüququ var. Bunun üçün müsahibə zamanı namizədin suallarına dolğun cavab verin.
Onların verdiyi sualları özündən razılıq, çox bilmiş, özünü ağıllı göstərmək
kimi anlamayın”.
Şamo bəy
bu sahədə işləmək istəyən gənclərə məsləhətlərini də verdi: "Müsahibə zamanı
atacağınız hər bir addımda mütləq düşünməli, özünüzü namizədin yerinə
qoymalısınız. Eyni zamanda unutmayın ki, şirkəti təmsil edirsiniz. İşəgötürən təşkilatın ilk siması məhz
sizsiz. Ən əsası isə İR mütəxəssisi şablon suallardan istifadə edib, namizədin
həmin suallara hansı formada cavab verməsinə əsaslanaraq, namizədi seçən şəxs
deyil. Namizədin potensialını düzgün aşkar etməyi bacaran və düzgün yönləndirə
bilən şəxsdir”.
"İş mühitində özlərini sınasınlar”
"Mazarina LLC” də İnsan resursları departamentinin direktoru Nərgiz Seyidzadə isə bildirir ki, İR sahəsində həm rəhbər, həm mütəxəssis, həm inzibati vəzifələr var: "Mən həmişə
öz tələbələrimə də məsləhət görürəm ki, iş seçiminə emosiya ilə yanaşmasınlar.
Gənclər seçim etməzdən əvvəl ilk olaraq bu sahə haqqında həm nəzəri, həm də
praktik biliklər toplasınlar. Həmin iş mühitinə düşüb özlərini sınasınlar. Bu
zaman onlar bu sahəyə uyğun olub-olmadıqlarını anlayacaqlar. Yəni, bu
xüsusiyyətlər zamanla formalaşandır. Nə kitabda oxumaqla, nə də təlimlərdə
iştirak etməklə alınan iş deyil”.
Sözün qətiyyəti, daxili çeviklik, analitik
təfəkkür...
Müsahibimiz
qeyd etdi ki, bu sahədə işləmək üçün lazım olan xüsusiyyətlərdən biri də
görünüşdür: "Bu sahədə işləmək istəyənlərdə həm də İR mütəxəssisi görünüşü
olmalıdır. Yəni, bir insanın yaxşı qanunvericilik biliyi, çox yaxşı iş
təcrübəsi ola bilər. Amma onun İR mütəxəssisi görünüşü yoxdursa, heyətlə işləyə
bilməz. İR mütəxəssisi olan şəxsdə iki əsas xüsusiyyət olmalıdır: çox mülayim
tərzdə fikrini ifadə etməyi bacarmalı və eyni zamanda sözünün müəyyən qətiyyəti
olmalıdır. Baş vermiş hadisəni şirkət daxilində konflikt yaratmadan həll etməlidir.
Həmçinin, daxili çeviklik də əsas nüanslardandır. Bundan başqa, İR
mütəxəssisinin dinləmə və sözünü başqasına eşitdirə bilmə qabiliyyətinin də
olması vacibdir. O, şikayət edən yox, problemləri həll edən, əl çatan biri
olmalıdır. Bu sahə üçün analitik təfəkkür çox vacibdir.
Həmçinin, inadkarlıq və etibarlılıq da bu sahənin əsas xüsusiyyətlərindəndir”.
Sosial psixologiya və biznesin idarə edilməsi
təhsili...
N.Seyidzadə
təhsil və dil məsələsinə də toxundu: "Bu sahənin universitetlərdə bakalavr təhsili yoxdur. Və deyərdim ki, hazırda müxtəlif fakültələrdə təhsil
almış insanlar İR mütəxəssisi kimi işləyir. Çox yaxşı olar ki, bu sahədə
çalışmaq istəyənlərin sosial psixologiya və biznesin idarə edilməsi təhsili
olsun. Bu, nəzəri baxımdan da önəmlidir. İlk olaraq ana dilini çox yaxşı
səviyyədə bilməlidirlər. Məsləhət görərdim ki, rus dilini öyrənsinlər. Çünki bu
dil intellektual dildir. İngilis dili isə biznes dilidir. Müasir biznes
ədəbiyyatının əlçatan olması üçün ingilis dili vacibdir”.
Günel Azadə