• şənbə, 20 Aprel, 00:37
  • Baku Bakı 15°C

“Qayğıkeş ANA” və “ədalətli ATA”lar - Araşdırma

12.01.18 11:30 3703
“Qayğıkeş ANA” və “ədalətli ATA”lar - Araşdırma
Bir qurumun və ya şirkətin əsas tərkib hissələrindən biri də İnsan resursları üzrə departamentidir. Demək olar ki, şirkətlərin əksər işçiləri bu departamentin süzgəcindən keçir. Bu isə elə də asan iş deyil. İş üçün gələn namizədin hərtərəfli dəyərləndirilməsi, onların işə layiq biri olub-olmadığının müəyyən edilməsi işəgötürən üçün ciddi hazırlıq tələb edir. Bu proses elə aparılmalıdır ki, həm şirkətin maraqları təmin olunsun, həm də iş üçün müraciət edən şəxs "yox” cavabı alsa da, narazı getməsin. Bəs işə gələnləri "seçən” adam - İnsan Resursları (İR) mütəxəssisi özü hansı bacarıq və keyfiyyətlərə malik olmalıdır?
"Sadəcə bilik kifayət etmir”
Milli İnsan Resursları Forumunun layihə rəhbəri, İR mütəxəssisi Cabir Süleymanlı deyir ki, İR dərin və kompleks bir sahədir: "Təbii ki, hər bir mütəxəssis peşəsinin funksiyaları, tələbləri ilə bağlı yaxşı biliyə sahib olmalıdır. İnsan Resursları ilə bağlı bilik dedikdə, bəzilərimiz sadəcə Əmək Məcəlləsini əzbərə bilmək, bu sahədə istifadə olunan bir neçə forma haqqında məlumatlı olmaq, elektron hökumət portalında çalışmaq kimi gündəlik işləri yerinə yetirəcək bilikləri düşünə bilərik. Amma, İnsan resursları daha dərin və kompleks bir sahədir. İR mütəxəssisi daim insanlarla ünsiyyətdədir və onlarla işləyir. Ona görə də bu işin öhdəsindən gəlmək üçün sadəcə bilik kifayət etmir. Mütləq fərdi, insani keyfiyyətlər də mövcud olmalıdır. Həmçinin, yaxşı ünsiyyət qurma qabiliyyəti də əsasdır. İnsanlarla formal və qeyri-formal ünsiyyət qurmalı, bunu balansda saxlamağı bacarmalıdır. Ana dilində səlis danışmağı, yazmağı bacarmalı, yaxşı nitq qabiliyyətinə də sahib olmalıdır. Əlavə bir və ya bir neçə xarici dil bilmək isə karyeranın inkişafı və daha çox biliklərə yiyələnmək baxımından üstünlük sayılır”.

"Məxfiliyin qorunması baxımından etibarlılıq vacibdir”
Müsahibimiz bildirir ki, İR mütəxəssisi üçün etibarlılıq vacib keyfiyyətlərdəndir: "İlk olaraq güvəniləcək bir şəxs olmalıdır ki, işçilər problemlərini onun yanında dilə gətirə bilsinlər. Digər tərəfdən də, həm işçilərin, həm də şirkətin məxfi məlumatlarının qorunması baxımından etibarlılıq vacib nüanslardandır. Vaxtın idarə edilməsi və prioritetlərin müəyyən edilməsi də İR mütəxəssisləri üçün əsas bacarıqlardandır. Bundan başqa, təşkilatçılıq və təqdimat da çox önəmlidir. Şirkətdə alınan qərarların, qəbul edilən siyasət və prosedurların işçilərə ötürülməsi üçün bu bacarıqlar olmalıdır. İR mütəxəssisi bu sahə ilə bağlı qanunvericiliyi, çalışdığı şirkətə aid siyasəti və prosedurları yaxşı bilməli, əmək bazarı haqqında məlumatlı olmalıdır. Əgər karyerasında yüksəliş istəyirsə, özündə idarəçilik qabiliyyətini mütləq inkişaf etməlidir. Şirkətdəki iyerarxiyanı daim gözləməli və şəxsi münasibətlərini qoruyub saxlamağı bacarmalıdır”.
Biznes təfəkkürünə sahib olmaq şərti
Layihə rəhbəri İR mütəxəssisinin təhsil məsələsinə də toxundu: "Təhsil cəhətdən baxdıqda isə, hazırda bir çox fərqli ixtisaslardan insanların İR mütəxəssisi kimi çalışdığını və işlərini də yaxşı bacardıqlarını görə bilərik. Təəssüf ki, ölkəmizdə bu sahə üzrə ixtisaslar ali məktəblərdə nadir, hətta "yox” deyilə biləcək şəkildə tədris olunur. Amma bu sahə ilə bağlı həm beynəlxalq, həm də yerli bir çox kurslar, təlimlər mövcuddur. Gənclər bu kurslarda iştirak etməklə, gələcəklərinə investisiya qoymaqla özlərini inkişaf etdirə bilirlər. Ancaq təhsildən də əlavə, İR mütəxəssisi mütləq şəkildə biznes təfəkkürünə sahib olmalı və onu anlaya bilməlidir”.
Hədəfləri əvvəlcədən müəyyənləşdirmək qabiliyyəti
Cabir bəy bildirir ki, İR mütəxəssisi müsahibələrdə namizədlərin verəcəyi sualları öncədən təxmin edə bilməli və hazırlıqlı olmalıdır: "Əvvəla, namizədin hansı vakansiya üçün çağırıldığını və bu vakansiyanın tələblərinin nələr olduğunu ətraflı bilməlidir. Namizədin işləyəcəyi strukturun yerləşdiyi ünvan, təqdim olunacaq əmək haqqı, bu vakansiya üçün əmək bazarında təklif olunan digər əmək haqqı seçimləri, namizədin profilinə uyğun şəxslərin əmək bazarındakı dəyəri, vakansiyanın tələblərinə uyğun şəxsi keyfiyyətlər və daha bir çox məqamlar haqqında ətraflı məlumat toplamalıdır”.
Müsahibimiz bu sahədə çalışmaq istəyən gənclərə tövsiyə edir ki, hədəflərini əvvəlcədən müəyyənləşdirsinlər, sahə haqqında məlumatlanıb, özlərini tələbəlik vaxtlarından inkişaf etdirməyə başlasınlar.
"Qayğıkeş ANA” və "ədalətli ATA”
"Atəşgah” Sığorta şirkətinin İR üzrə kordinatoru Şamo Mürşüdov deyir ki, son 2 il ərzində İnsan resurslarının idarə edilməsi sahəsinə həddən artıq böyük marağın olması çox sevindirici haldır: "Amma, bu sahədə təsadüfi insanlar olmalı deyil. İR sahəsində çalışan və çalışmaq istəyən gənclər peşəkar bilik, təhsildən əlavə, müəyyən şəxsi keyfiyyətlərə mütləq sahib olmalıdırlar. Bura dəyişikliklərə hazırlıq, liderlik, ünsiyyət, optimistlik, insanlara təsir etmə gücü və digər keyfiyyətlər daxildir. Ən vacib keyfiyyətlərdən başlıcası isə insanlara açıq, əlçatan bir şəxs olmaqdır. Əgər həmin şəxsin insanlarla işləmək istəyi daxildən gəlmir və duyulmursa, o zaman çətin ki, həmin şəxs İnsan resurslarının idarə edilməsi sahəsində çalışa bilsin. Bu sahəyə aid nəzəri biliklərin inkişafı, yeni müasir trendlərin, beynəlxalq təcrübənin yerli iş mühitimizdə tətbiq edilməsi ilə iş bitmir. Birinci növbədə şəxsiyyət olaraq özünü inkişaf etdirmək lazımdır. Öz təcrübəmə əsaslanıb deyə bilərəm ki, İR mütəxəssisi çalışdığı şirkətin əməkdaşları üçün "qayğıkeş ANA” və "ədalətli ATA” olmağı bacarmalıdır”.

Müsahibimiz həmkarlarının bəzilərinin müsahibə zamanı etdiyi səhvlərdən və əslində müsahibəyə necə hazırlaşmaq lazım olduğundan da danışdı: "Unutmaq lazım deyil ki, əksər namizədlərdə müsahibə zamanı stress və həyəcan olur. Misal olaraq, müsahibənin ilk dəqiqələrində namizədin özü haqqında məlumat verdiyi zaman, özünə əmin olmadan, həyəcanla danışmasına namizədin potensialının olmaması kimi qələmə vermək düzgün deyil. Eyni zamanda, əksinə ola bilər ki, namizəd özünə əmindir, əla nitq mədəniyyəti və inandırmaq bacarığına malikdir. Amma bu, namizədin hələ sizə tam uyğun olması mənasına gəlmir”.
Plansızlıq, müsahibə strukturunun düzgün qurulmamağı...
Ş.Mürşüdov bildirir ki, namizədin öz fikrini bildirməsinə imkan verməmək, daim sözünü kəsmək və ona kimin öndə olduğunu vurğulamaq yerli iş mühitimizdə buraxılan ən ciddi səhvlərdəndir: "Müsahibə zamanı plansızlıq, strukturun düzgün ardıcıllıqda qurulmamağı və əsasən də, hansı anda hansı sualların ünvanlanmasına önəm verilməməyi bu sahədə çalışan mütəxəssislər üçün mənfi haldır. Namizədin CV-si ilə müsahibə zamanı tanış olmayın. Öncədən tanış olub, sizi maraqlandıracaq məqamlarla bağlı suallarınızı hazırlayın”.
"İşəgötürən təşkilatın ilk siması sizsiz”
Həmsöhbətimiz qeyd edir ki, bizim yerli iş mühitimizdə formalaşan digər ən böyük problemli yanaşmalardan biri də "Yalnız işə götürənin seçim etmək hüququ var” fikridir: "Bu sahədə çalışanlar unutmamalıdır ki, bizlər namizəd seçimi etdiyimiz kimi, namizədin də sizin təşkilatda çalışıb-çalışmayacağı ilə bağlı seçim etmək hüququ var. Bunun üçün müsahibə zamanı namizədin suallarına dolğun cavab verin. Onların verdiyi sualları özündən razılıq, çox bilmiş, özünü ağıllı göstərmək kimi anlamayın”.

Şamo bəy bu sahədə işləmək istəyən gənclərə məsləhətlərini də verdi: "Müsahibə zamanı atacağınız hər bir addımda mütləq düşünməli, özünüzü namizədin yerinə qoymalısınız. Eyni zamanda unutmayın ki, şirkəti təmsil edirsiniz. İşəgötürən təşkilatın ilk siması məhz sizsiz. Ən əsası isə İR mütəxəssisi şablon suallardan istifadə edib, namizədin həmin suallara hansı formada cavab verməsinə əsaslanaraq, namizədi seçən şəxs deyil. Namizədin potensialını düzgün aşkar etməyi bacaran və düzgün yönləndirə bilən şəxsdir”.
"İş mühitində özlərini sınasınlar”
"Mazarina LLC” də İnsan resursları departamentinin direktoru Nərgiz Seyidzadə isə bildirir ki, İR sahəsində həm rəhbər, həm mütəxəssis, həm inzibati vəzifələr var: "Mən həmişə öz tələbələrimə də məsləhət görürəm ki, iş seçiminə emosiya ilə yanaşmasınlar. Gənclər seçim etməzdən əvvəl ilk olaraq bu sahə haqqında həm nəzəri, həm də praktik biliklər toplasınlar. Həmin iş mühitinə düşüb özlərini sınasınlar. Bu zaman onlar bu sahəyə uyğun olub-olmadıqlarını anlayacaqlar. Yəni, bu xüsusiyyətlər zamanla formalaşandır. Nə kitabda oxumaqla, nə də təlimlərdə iştirak etməklə alınan iş deyil”.

Sözün qətiyyəti, daxili çeviklik, analitik təfəkkür...
Müsahibimiz qeyd etdi ki, bu sahədə işləmək üçün lazım olan xüsusiyyətlərdən biri də görünüşdür: "Bu sahədə işləmək istəyənlərdə həm də İR mütəxəssisi görünüşü olmalıdır. Yəni, bir insanın yaxşı qanunvericilik biliyi, çox yaxşı iş təcrübəsi ola bilər. Amma onun İR mütəxəssisi görünüşü yoxdursa, heyətlə işləyə bilməz. İR mütəxəssisi olan şəxsdə iki əsas xüsusiyyət olmalıdır: çox mülayim tərzdə fikrini ifadə etməyi bacarmalı və eyni zamanda sözünün müəyyən qətiyyəti olmalıdır. Baş vermiş hadisəni şirkət daxilində konflikt yaratmadan həll etməlidir. Həmçinin, daxili çeviklik də əsas nüanslardandır. Bundan başqa, İR mütəxəssisinin dinləmə və sözünü başqasına eşitdirə bilmə qabiliyyətinin də olması vacibdir. O, şikayət edən yox, problemləri həll edən, əl çatan biri olmalıdır. Bu sahə üçün analitik təfəkkür çox vacibdir. Həmçinin, inadkarlıq və etibarlılıq da bu sahənin əsas xüsusiyyətlərindəndir”.
Sosial psixologiya və biznesin idarə edilməsi təhsili...
N.Seyidzadə təhsil və dil məsələsinə də toxundu: "Bu sahənin universitetlərdə bakalavr təhsili yoxdur. Və deyərdim ki, hazırda müxtəlif fakültələrdə təhsil almış insanlar İR mütəxəssisi kimi işləyir. Çox yaxşı olar ki, bu sahədə çalışmaq istəyənlərin sosial psixologiya və biznesin idarə edilməsi təhsili olsun. Bu, nəzəri baxımdan da önəmlidir. İlk olaraq ana dilini çox yaxşı səviyyədə bilməlidirlər. Məsləhət görərdim ki, rus dilini öyrənsinlər. Çünki bu dil intellektual dildir. İngilis dili isə biznes dilidir. Müasir biznes ədəbiyyatının əlçatan olması üçün ingilis dili vacibdir”.

Günel Azadə

banner

Oxşar Xəbərlər