AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qayıdış proqramı ilə bağlı keçirilən sorğuda artıq minlərlə şəxs iştirak edib

Qayıdış proqramı ilə bağlı keçirilən sorğuda artıq minlərlə şəxs iştirak edib

Təfsilat
01 Mart 2021, 20:30 464
Məcburi köçkünlər arasında qayıdış haqqında onlayn sorğuda artıq minlərlə insan iştirak edib.
Bunu Trend-ə açıqlamasında Sorğu Qrupunun üzvü Rəsmiyyə Abdullayeva bildirib. Onun sözlərinə görə, ilkin nəticələr onu göstərir ki, insanların çoxu qayıtmağa hazırdır:
"Keçmiş məcburi köçkünlər arasında hətta bir çoxu dövlətdən dəstək almadan geri qayıtmağa hazır olduqlarını bildirirlər. Əlbəttə, sorğuda iştirak edənlər arasında dəstəyə ehtiyacı olanlar da var. Onlar dövlətdə təşkilati məsələlərdə, yaxud köç məsələsində maddi dəstək istəyirlər.
Bilirsiniz ki, bu 30 il ərzində ermənilər orada daşı-daş üstə qoymayıb, infrastruktur yox dərəcəsindədir və bu da əlbəttə ciddi quruculuq prosesi təşkil edir. Bizim sorğumuzun da məqsədi, keçmiş məcburi köçkünlərimizin bu repatriasiya prosesində niyyətlərini öyrənməkdir. Hər bir sual elə təşkil edilib ki, geri qayıdış zamanı, yaxud qayıdandan sonra onlar nə cür həyat istəyirlər”.
R.Abdullayeva qeyd edib ki, sorğular arasında "ağıllı şəhər” və "ağıllı kənd”lə bağlı da suallar tərtib olunub:
"Müasir gənclik də bu məsələlərdə həssasdır. Belə ki, bu 30 illik möcburi köçkünlük dövründə Azərbaycanın digər yerlərində məskunlaşan ailələrdə yeni övladlar dünyaya gəlib. Onlar Bakı, Sumqayıt və Gəncə kimi yerlərdə yaşayıblar, böyüyüblər və Qarabağı heç vaxt görməyiblər. Biz onların da istəyini nəzərə alaraq sorğuda "ağıllı şəhər” və "ağıllı kənd”lə bağlı da sual tərtib olunub”.
Xatırladaq ki, qayıdışın səmərəli şəkildə təşkil olunmasından ötrü repatriasiya potensialını mümkün qədər dəqiq proqnozlaşdırmaq, bunun üçün isə məcburi köçkünlərin istək, niyyət və təkliflərini öyrənmək olduqca vacibdir. Bu məqsədlə dövlət başçısının sərəncamı ilə yaradılmış "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” nəzdindəki İdarələrarası Mərkəzin "Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu” yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır. Həmin araşdırmalardan biri də ADA Universitetində aparılan "Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” adlı tədqiqat işidir.
Bu tədqiqat çərçivəsində bir neçə sosioloji sorğu keçiriləcəkdir. Onların birincisi – internet üzərindən keçirilən onlayn-sorğudur. Bu sorğu dövlət sifarişi əsasında, müstəqil qrup kimi fəaliyyət göstərən və bir neçə elmi-tədqiqat və təhsil müəssisəsinin mütəxəssislərindən ibarət olan alimlər tərəfindən keçirilir. Sorğu iştirakçılarının şəxsi məlumatlarının və verdikləri cavabların konfidensiallığına tam zəmanət verilir. Sorğu fevral ayının 22-dən etibarən açıqdır, yəni artıq sorğu suallarını cavablandırmaq mümkündür. Sorğu anketinin doldurulması cəmi 5-6 dəqiqə vaxt aparır.