“Qatıldığım müsabiqələr məndə özümə inam yaradıb” - Debüt
Hüseyn
Nağıyev: Ən böyük hədəfim AzərbaycanRespublikasıPrezidentininxüsusitəqaüdünə
layiq görülmək və adımı "Qızıl kitaba” yazdırmaqdır
Bu gün gənc istedadlarımızın səsi
beynəlxalq festivallardan eşidilir. Artıq beynəlxalq musiqi festivallarında
bizim istedadlı gənc ifaçılarımız da boy göstərir, tarixə adlarını qızıl
hərflərlə yazdırmağı bacarırlar. Onlardan biri də Azərbaycan Milli
Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdi, respublika və
beynəlxalq müsabiqələr laureatı, kamança ifaçısı Hüseyn Nağıyevdir. O, ötən
həftə Moskvada Vladimir Spivakov Fondu tərəfindən keçirilən XVI "Moskva
dostları qarşılayır” Beynəlxalq Festivalında iştirak edib.
Səfərdən dönən Hüseyn Nağıyev "Kaspi”nin
qonağı oldu. İstedadlı kamança ifaçısı ilə əldə etdiyi uğurlarından,
hədəflərindən bəhs etdik. Onu da qeyd edim ki, 15 yaşlı ifaçı, eyni zamanda
aktyor olaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrında maraqlı obrazlar
yaradır.
- Dünyaca
məşhur olan Böyük Teatrda çıxış etmək hər bir ifaçının arzusudur. Bu arzuya
belə gənc yaşda necə çatdınız?
- Gimnaziyamızın müdiri Aytən Əhmədova
həmin festivala mənim "Youtube”da olan ifalarımdan ibarət videolarımı
göndərmişdi. Festival iştirakçılarının siyahısı açıqlandığı zaman öz adımı
orada gördükdə, sevincimin həddi-hüdudu yox idi. Bu mənim kamança ifaçısı
olaraq iştirak etdiyim ilk festival idi. Bunun üçün Təhsil Nazirliyinə və Aytən
xanıma təşəkkürümü bildirirəm.
-
Festivalda hansı əsəri ifa etdiniz və ifanız necə qarşılandı?
- Həsən Rzayevin "Çahargah” muğamının
üzərində yazılmış "Çahargah rapsodiyası” əsərini ifa etdim. Bu əsərin seçilməsi
və məhz belə mötəbər festivalda mənim tərəfimdən ifa edilməsi heç də əbəs
deyildi. Belə ki, festivala dünyanın 36 ölkəsindən nümayəndələr, iştirakçılar
gələcəkdi və onların içərisində bizim milli musiqilərimizi mənimsəyən mənfur
düşmənlərimiz də vardı. Bunun üçün Aytən
Əhmədova ilə düşündük və yerli bəstəkarımızın əsərinə müraciət etmək qərarına
gəldik. Orda xarici əsərlə çıxış etməyimin bir mənası olmazdı. Kamança bizim
milli alətimizdir, orada yerli bəstəkarımızın əsəri səslənməli idi. Konsertmeyster
Svetlana Əhmədova ilə birlikdə biz bu mahnını ifa etdik və ifamız tamaşaçılar
tərəfindən böyük alqışla qarşılandı. Tədbirdən sonra zalda tamaşaçı qismində
əyləşən sənətkarlar mənə yaxınlaşıb, təşəkkürünü bildirir və ifa etdiyim əsərin
onlara xoş təsir bağışladığını deyirdilər. Əlbəttə ki, bu, bir ifaçı kimi məni
həvəsləndirir və daha da qürurlandırırdı. Digər tərəfdən isə, dünyada 4 məşhur
opera teatr səhnəsindən biri olan Dövlət Akademik Böyük Teatrda çıxış etməyin
sevincini yaşayırdım. Mən Böyük Teatrın Bethoven zalında çıxış etdim, hansı ki,
məhz bu zalda dünyaca məşhur sənətkarlar çalışıblar.
-
Yaşınıza görə uğurlarınız az deyil. Bu yolda iştirak etdiyiniz festivallar,
müsabiqələr sizə nə qazandırıb?
- Qatıldığım müsabiqələr məndə özümə
inam yaradıb. 2015-ci ildən kamança ixtisası ilə məşğul olsam da, əsas
uğurlarım 2017-ci ildən başlayıb. Belə ki, 2017-ci ildə "İncəsənət
Olimpiadası”nda 1-ci yerə layiq görüldüm. 2018-ci ildə Ümummilli Lider Heydər
Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş 3-cü Respublika
müsabiqəsində 1-cilik qazandım. Daha sonra "Testene art Baku” 2-ci beynəxalq
müsabiqəsində 2-ci yerə layiq görüldüm. Kamança hazırlanması və ifaçılıq
sənətinin UNESKO-nun qeyri-maddi reprezentativ mədəni irs siyahısına daxil
olunmasına həsr olunmuş Habil Əliyev adına gənc kamança ifaçılarının 2-ci Respublika
müsabiqəsində 2-ci yeri tutdum. H.Xanməmmədovun 100 illiyinə həsr olunmuş
müsabiqədə (müsabiqədən kənar) diploma, World harmony 2-ci beynəlxalq
müsabiqəsində 2-ci yerə, 2019-cu il Uşaq və gənclər arasında Xalq çalğı
alətləri ifaçılarının IV Respublika müsabiqəsində 1-ci yerə layiq görüldüm. X
və XI Beynəlxalq Üzeyir Hacıbəyli festivallarında çıxış etmişəm. 2018-ci ildə
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təsis etdiyi "Mövsümün ən
yaxşı uşaq rolunun ifaçısı" mükafatına layiq görüldüm. 2019-cu ildə
Albaniyanın Elbasan şəhərində keçirilən 21-ci Skampa Beynəlxalq Teatr Festivalında
aktyor kimi çıxış etdim. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə
həsr olunmuş "Ən yaxşı təqdimat” müsabiqəsinin, Respublika Fənn olimpiadasının
və məktəblər arasında keçirilmiş "Respublika idman çempionatı"nın
mükafatlandırma mərasimində kamança ifaçısı kimi ifa etdim. Bundan başqa, dəfələrlə
Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Kamera və Orqan zalında, Beynəlxalq
Muğam Mərkəzində və dövlət tədbirlərində Xalq çalğı alətləri orkestri, Q.Qarayev
adına kamera orkestri ilə çıxış etmişəm. Təbii ki, bütün bunlar mənim həyatımda
böyük iz buraxıb.
-
Gələcək hədəfləriniz nələrdir? Hansı zirvəyə çatmağı qarşınıza məqsəd
qoymusunuz?
- Ən böyük hədəfim AzərbaycanRespublikasıPrezidentininxüsusitəqaüdünə
layiq görülmək və adımı "Qızıl kitaba” yazdırmaqdır. Bunun
üçün əlimdən gələni edirəm.
- Bu
yaşda solo konsert də vermisiniz.
- Bəli.
-
Konsert ideyası necə yaranmışdı?
- 2018-ci ilin yanvarın 11-də "Ömrümün
istəyi” adlı solo konsert proqramı ilə
çıxış etdim. O zamanadək konsert verməyi düşünsəm də, buna cəsarət etmirdim. Atama
belə bir istəyimin olduğunu dedim, o da etiraz etmədi. Daha sonra gimnaziyamızın
direktoru Aytən xanıma müraciət etdim və onunla birlikdə proqram hazırlayıb,
məşqlərə başladım. Bu işdə ixtisas müəllimim Samirə Nəcəfovanın da böyük rolu
oldu. Bu konserti görkəmli kaman ifaçısı,
Əməkdar artist Ədalət Vəzirovun xatirəsinə həsr etdim. Konsertdə Azərbaycan və
dünya bəstəkarlarının yaradıcılığından əsərlər və muğamlarımızı səsləndirdim. Mənim
üçün çox uğurlu bir konsert oldu. Milli Konservatoriyanın rektoru Siyavuş
Kərimi konsert sonrası gözəl sözlər dedi. Bildirdi ki, "sən ifa etdikdə, gözümü
yumdum və elə hiss etdim ki, sanki 35 yaşında biri ifa edir”. Bu mənə böyük ruh
verdi.
- Eyni
zamanda Akademik Musiqili Teatrda aktyor kimi çalışırsınız. Kamança ifaçılığı
ilə aktyor sənətinin kəsişdiyi bir ortaq nöqtə varmı?
- Hər ikisi incəsənətin qolllarıdır.
Ümumilikdə hər ikisi mədəniyyətə xidmət edir. Ancaq mən özümü daha çox kamança
ifaçısı olaraq görürəm. Aktyor kimi isə özümü hələ uşaq yaşlarından sınamağa
çalışmışam. Belə ki, 7 yaşımda Gənc Tamaşaçılar Teatrında kiçik aktyor kimi
fəaliyyətə başlamışam. Orada Uilyam Şekspirin "III Riçart” tamaşasında Uels
şahzadəsini, İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı”nda Neməti, Pyotr Çaykovskinin "Şelkunçik”
tamaşasında kiçik aşpaz və əsgər obrazlarını canlandırmışam. 4 il Gənc
Tamaşaçılar Teatrında çalışdıqdan sonra Akademik Musiqili Teatrdan dəvət aldım.
11 yaşımda həyatımda ikinci dönüşü edib, bu teatra gəldim. Artıq 3 ildir ki,
burda çalışıram və bu 3 il ərzində teatrda biri-birindən maraqlı tamaşalarda
rol almışam. Burada ilk obrazım Əli Əmirlinin "Nuri-didə
Ceyhun” pyesi əsasında Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin
səhnələşdirdiyi tamaşada Ceyhun Hacıbəylinin uşaqlığı
oldu. Ü.Hacıbəylinin "O olmasın bu olsun”unda kütləvi səhnədə, Semuel Bekketin "Qodonun
intizarında” oğlan obrazını canlandırmışam.
-
Kamança ifaçılığı elə bir sənətdir ki, bu yolda məşhurluq əldə etmək üçün çox
çalışmalısınız. Amma aktyor kimi simanız daha tez məşhurlaşar. Bu barədə
düşünmüsünüzmü?
- Mən hər şeyi gözə almışam. Özümü
kamança ifaçısı olaraq yetişdirmək və vətənimə məhz bu yolda xeyirli vətəndaş
olmaq istəyirəm. Aktyorluq fəaliyyətimi müvəqqəti olaraq dayandırmaq
məcburiyyətindəyəm. Sadəcə olaraq indi dərslərimin ən ağır olduğu dönəmdəyəm.
Həm dərslərimlə məşğul olub, həm də kamança dərslərimə zaman ayırıram. Bir
müddətdən sonra aktyorluğa yenidən davam edəcəm. Gələcəyin nələr göstərəcəyini
bilmək olmaz. Hər şeyi zaman göstərəcək.
- İki
sənət arasındakı balansı qorumaq çətin deyil ki?
- Hər iki sənətin öz çətinliyi var.
Səhnə insana başqa duyğular bəxş edir. Sən özünü səhnədə fərqli hiss edirsən. Bir
dəfə səhnəyə çıxanda, o səhnəyə ikinci dəfə çıxmaq istəyirsən. Musiqili Teatrın
səhnəsi mənim üçün doğmadır. Burada özümüzü rahat hiss edirik. Təbii ki, bu da
səbəbsiz deyil. Teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət
Lalayevin bizə yaratdığı şəraitdən asılıdır. Onun bizə göstərdiyi diqqət
nəticəsində Musiqili Teatrda az yaşımda bir çox tamaşalarda böyük sənətkarlarla
birlikdə rol almışam. Tanınmış, cəmiyyətdə sözünü demiş, sözün əsil mənasında
peşəkar aktyorlarla bir səhnəni bölüşdüyüm üçün özümü xoşbəxt hesab
edirəm.
Xəyalə Rəis