• çərşənbə axşamı, 23 aprel, 11:38
  • Baku Bakı 20°C

Qatığın qara olduğunu iddia etmək axmaqlıq deyilmi?

05.10.13 09:16 1287
Qatığın qara olduğunu iddia etmək axmaqlıq deyilmi?
“Freedom House” təşkilatı növbəti dəfə ölkəmizə qarşı qərəzli hesabat yayıb. “İnternet Azadlığı 2013: İnternet və Rəqəmsal Medianın Qlobal Vəziyyəti” adlı 60 ölkəni əhatə edən hesabatda qiymətləndirmə 0-dan 100-ə dək bal sistemi ilə keçirilib. Belə ki, 0 ən yüksək, 100 isə ən aşağı qiymət kimi müəyyən olunub. Ölkələr “azad”, “qismən-azad”, “azad olmayan” adlı 3 kateqoriyaya bölünüblər. 0-30 balla qiymətləndirilənlər 1-ci, 31-60 balla qiymətləndirilənlər 2-ci, 61-100 balla qiymətləndirilənlər isə 3-cü kateqoriyaya aid edilib.
Maraqlı məqam odur ki, Azərbaycan 52 balla qismən-azad, Ermənistan isə 29 balla “azad” ölkə kimi təqdim olunub. Azərbaycanda internet azadlığının olmamasını iddia edən hesabatla bağlı qəzetimizə açıqlama verən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirdi ki, “Freedom House”un bu dəfəki hesabatı daha çox gülünc görsənir: “Mən adətən bir dəyərləndirmə zamanı belə ifadədən istifadə etmirəm. Ancaq bu dəfə sadəcə başqa söz tapa bilmirəm. Hesabat 10 göstərici üzrə hazırlanıb. Onları bir-bir nəzərdən keçirən zaman görürsən ki, Azərbaycanın qeyd olunan məsələlərin heç birilə bağlı problemi yoxdur. Deyim ki, saytların bloklanması və süzgəclərin tətbiqi göstəricisi üzrə heç bir fakt qeydə alınmayıb. Hakimiyyətin tənqidçilərinə qarşı kiber hücumlar göstəricisi üzrə də heç bir fakt məlum deyil. Yəni hakimiyyətin belə hücumlar təşkil etdiyi haqda hər hansı bilgi yoxdur. Qanunlar və yeni həbslərlə bağlı da hansısa tutarlı fakt göstərməyiblər. Sadəcə, bəzi təsdiq edilməmiş iddialara əsaslanaraq belə halın olduğu rəyini irəli sürüblər. “Hakimiyyətin muzdlu şərhçiləri” adlı əcaib bir göstərici var. Bunun internet azadlığına nə dəxli var? Lap tutaq ki, hakimiyyət kimlərisə belə bir işə cəlb edib. Burada söhbət azadlığın pozulmasından getmir. Çünki istənilən hakimiyyət öz təbliğatını qurmaq üçün internetdən də istifadə edir və bu heç də təəccüb doğurmamalıdır”.
Fiziki zorakılıq və qətl halları ilə bağlı məqamı da boş və əsassız iddia adlandıran CASCFEN sədri söylədi ki, Azərbaycanda heç vaxt belə hallar olmayıb: “İnternet istifadəçilərinin güdülməsi göstəricisini isə sadəcə sübut etmək mümkün deyil. Çünki dünyanın bütün ölkələrində xüsusi xidmət orqanları belə üsuldan istifadə etsələr də, bu hələ sübutunu tapmayan məsələdir. Ölkəmizdə də bunu təsdiq edən heç bir dəlil yoxdur. Mənə qaranlıq qalan elə odur ki, “Freedom House” nəyə əsaslanıb belə bir göstərici üzrə Azərbaycana qiymət verə bilər? Yayımlanmış materialların silinməsinin tələb edilməsi barədə də xatırladım ki, heç bir fakt qeydə alınmayıb. Deməli, Azərbaycanı bunda da ittiham etmək olmaz”.
Sosial medianın əngəllənməsinə qaldıqda isə, A.Həsrətin fikrincə, Azərbaycanda təkcə Facebook-un bir milyondan çox istifadəçisi var və hələ heç kim bu sosial şəbəkənin, eləcə də digər şəbəkələrin əngəllənməsi haqda heç bir orqana şikayət etməyib: “Aralıq məsuliyyət o deməkdir ki, bəzi ölkələrdə internet provayderləri, moderatorlar yayımlanan materiallara görə məsuliyyəti bölüşürlər. Azərbaycanda isə belə bir problem yerli-dibli yoxdur. Yəni hər hansı provayder internet üzərindən kiminsə yaydığı materiala görə məsuliyyət daşımır. Xidmətin məhdudlaşdırılması və ya dayandırılması göstəricisi üzrə də Azərbaycanda heç bir fakt qeydə alınmayıb. Bütün bu halların qarşılığında “Freedom House” ölkəmizdə internetin yarımazad olduğunu iddia edir. Bu isə bir daha onu göstərir ki, bu təşkilat ənənəsinə sadiq qalaraq Azərbaycana qarşı qərəzli davranır. Özü də fakt adlandıraraq istinad etdiyi bilgilər Azərbaycanda oturub xarici təşkilatları uydurma donoslarla təmin edənlərin cızma-qarasından başqa bir şey deyil. Azərbaycan internetin inkişafına, azadlığına görə dünyanın ən öndə gedən ölkəsidir və heç bir beynəlxalq təşkilatın əsassız hesabatı buna kölgə sala bilməz”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər