• cümə, 29 Mart, 06:25
  • Baku Bakı 5°C

“Qatar”ın mahir ifaçısı

21.12.17 13:00 2383
“Qatar”ın mahir ifaçısı
Milli musiqimizin görkəmli nümayəndələri sırasında onun da adı var: Xalq artisti Tükəzban İsmayılovanın. Yüksək ifaçılıq qabiliyyəti və səhnə mədəniyyəti ilə fərqlənən ifaçının Azərbaycan musiqisi tarixində, xüsusən də qadın müğənnilər arasında öz dəst-xətti var idi. Onun ifa etdiyi muğamlar və xalq mahnıları ifaçılıq sənəti tariximizə həmişəlik daxil olub.
T.İsmayılova 85 illik ömrünün 65 ilini Azərbaycan xalqının zəngin musiqi irsinə, muğam sənətinə, onun inkişafı və təbliğinə həsr edib. Tükəzban xanımın şaqraq səsi insanların qəlbini ovsunlayıb, onlara muğamlarımızı, xalq mahnılarımızı sevdirib. Özünəməxsus ifası ilə oxuduğu muğam və mahnılar milli musiqi xəzinəmizi zənginləşdirməyə xidmət edib. Bir çox mahnı və təsniflərimiz məhz onun təkrarsız ifası ilə yaddaşlara köçüb.
Sarabskinin tələbəsi
Tükəzban İsmayılova 1923-cü il dekabrın 21-də Bakı şəhərində anadan olub. Musiqiyə uşaqlıq illərindən həvəs göstərib. Bu həvəs onun taleyini ömürlük musiqiyə bağlayıb. Musiqi sənətinə sevgisi onu Asəf Zeynallı adına Musiqi Texnikumuna gətirib çıxarıb. Səs və ifa üslubu qısa zamanda onu musiqiçilər sırasında fərqləndirib. Muğam ifaçıları arasında tezliklə seçilib, dinləyicilərin qəlbinə yol tapıb.
1944-cü ildə Azərbaycan Radio Komitəsində müğənni kimi çalışmağa başlayan Tükəzban İsmayılova sonrakı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.1956-cı ildə filarmoniyanın konsert şöbəsi "Azərbaycan Dövlət Estradası” təşkilatına çevrildikdən sonra T.İsmayılova 1962-ci ilə qədər burada çalışıb. Muğam ifaçısı Azərbaycan Dövlət Filarmoniyasının, "Azkonsert” Qastrol-Konsert Birliyinin solisti olub, sonralar İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərib. Tükəzban xanım ifaçılığa başladığı illərdən ta səhnə ilə vidalaşdığı illərə qədər yetişdiyi Bakı muğam məktəbinin ənənələrini öz sənətində yaşadıb və davam etdirib. Sirlərini mənimsədiyi sənətkarlıq məktəbinə həmişə minnətdarlıq edib. Tükəzban xanım klassik xanəndəlik məktəbinin korifeylərindən olan Hüseynqulu Sarabskinin muğam sinfində təhsil alıb. Dahi Üzeyir bəy müğənninin şaqraq səsini, gözəl vokal imkanlarına malik ifasını, dolğun zəngulələrini eşidib onun üçün məxsusi olaraq "Qaragöz”, "Şəfqət bacısı” və s. mahnıları yazıb. T.İsmayılovanın özünəməxsus üslubda oxuduğu "Qatar”, "Xaric segah”, "Şahnaz”, "Kürdün gözəli”, "Yeri, dam üstə yeri”, "Qarabağ şikəstəsi” və s. muğam və mahnılar milli musiqi xəzinəmizi xeyli zənginləşdirib. Azərbaycan bəstəkarlarının mahnıları onun repertuarında əsas yer tutub. Bir çox muğam, mahnı və təsnif məhz onun təkrarsız ifası ilə geniş yayılıb. T.İsmayılovanın repertuarı hər nəsildən olan dinləyicinin zövqünü oxşamağı bacarırdı. Müğənninin ifaları arasında Ələkbər Tağıyev, Tamella Məmmədzadə kimi bəstəkarların da müxtəlif üslublu əsərləri vardı. "Sənin vüqarın mənəm”, "Sənsən”, "Ceyran”, "Qonşu qız”, "Sən mənimlə get”, "Çiçək” kimi bəstələr 60-70-ci illərin dinləyicilərinin ən çox sevdiyi mahnılar idi.
Təşviqat briqadasında
Tükəzban xanımın yaradıcılığının ilk illəri qanlı-qadalı müharibə illərinə təsadüf edib. II Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verib, sənətin bütün ağrı-acılarına, əzab-əziyyətlərinə qatlaşıb.İfa etdiyi mahnılarla əsgər və zabitlərimizi vətənpərvərliyə ruhlandırıb. Cəbhənin qanlı-qadalı illərində o da bir əsgər olub.
Tükəzban İsmayılova həmçinin dünyanın bir çox ölkələrinə - Almaniya, Polşa, İraq, İran, Türkiyə, Misir, Əlcəzair və s. qastrol səfərlərinə çıxıb və hər yerdə Azərbaycan mədəniyyətini layiqincə təmsil edib. Görkəmli ifaçının ölkəmizdə gənc xanəndələr nəslinin yetişdirilməsində də xidməti olub. 1994–2004-cü illərdə İncəsənət Gimnaziyasında dərs dediyi illərdə gənc musiqiçi nəslinin yetişməsində rol oynayıb. Böyük sənətin sirlərini onlardan əsirgəməyib, uğurlarına bir ustad kimi sevinib.
Gözəl səs, peşəkar ifa
Sənət yoldaşları Tükəzban İsmayılovanın təkcə gözəl səsə, peşəkar ifaya malik sənətkar olmasından danışmırlar, həm də onun səmimi, dostcanlı insan olduğunu deyirlər. "Tükəzban İsmayılova yüksək ifaçılıq qabiliyyəti ilə yanaşı, səhnə mədəniyyəti ilə də fərqlənirdi. İstər geyimi, xarici görünüşü, istərsə də tamaşaçıya ifa xitabında dərin hörmət, ehtiram və mədəniyyətini nümayiş etdirməyi bacarırdı. Müğənninin oxuduğu klassik Azərbaycan muğamları və xalq mahnıları ifaçılıq sənəti tariximizə həmişəlik daxil olub”- deyənXalq artisti Canəli Əkbərovsənət dostunu təmkinli, xanım-xatın müğənni kimi xatırlayır: "Tükəzban xanım dünyasını dəyişənə qədər bir yerdə çalışmışıq. O da filarmoniyanın solisti olub, mən də. Onunla qastrollara getmişəm. Azərbaycanın bütün rayonlarını bir yerdə gəzmişik. Həbib Bayramov bizi müşayiət edib. Həmçinin Mahaçqalada onunla bir yerdə qastrolda olmuşam. Tükəzban xanımın gözəl səsi, sağlam zəngulələri vardı, yaxşı muğam ifaçısı idi. Bir dəfə mən Həbibə "Tükəzbanın ifasında «Heyratı» gözəl alınar” dedim. O da mənim sözümə qulaq asdı, ona "Heyratı” oxutdurdu. Mən Tükəzban xanımla Gəncədə duet oxumuşam və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb”. C.Əkbərov deyir ki, T.İsmayılova yaxşı sənətkar olmaqdan savayı gözəl xasiyyətli, ürəkyanan unsan olub: "Tükəzban xanımın yaxşı yol yoldaşlığı vardı. O zaman nəsillərin estafet qatarında biz başqa ölkələrə səfər edərdik. Şövkət xanım, Sara xanım, Tükəzban xanımla birlikdə qrup halında qastrollara gedirdik. Azərbaycanın elə bir ucqar yeri olmadı ki, mən onunla qastrolda olmayım. Tükəzban xanımla sonuncu qastrolumuz Dağıstan Respublikasına oldu. Dağıstan radiosunda Tükəzban xanım, Əbülfət Əliyev və mən çıxış etdik. O zaman Azərbaycanın bütün rayonları bizi yaxşı dinləyirdilər. Əliağa Vahidin xatirə gecəsində mən Tükəzban xanımla səhnəyə çıxdım. O, Əliağa Vahidin sözlərinə yazılmış «Qatar» muğamını, mən isə «Segah»ı oxudum. Tamaşaçıların gurultulu alqışları indi də qulağımdadır”. C.Əkbərov o dövrdə müğənnilərin bir-birinə mehriban münasibətlərinin xiffətini çəkir: "O zaman müğənnilər bir-biri ilə çox mehriban, əsil dost kimi dolanırdılar. Bir-birinə ürək yandırır, lazım gələndə kömək əllərini uzadırdılar. Tükəzban xanım da belə insanlardan idi. Sevinirəm ki, məhz onun kimi insanlarla səhnəyə çıxmışam”.
Muğamların dərsliyi
T.İsmayılovanın muğam və mahnılarının çoxu "Qızıl fond”da saxlanılır. "Kəsmə şikəstə”, "Yetim segah” kimi muğamların yanıqlı səslə ifasına görə o, əvəzolunmaz ifaçı sayılırdı. "Tükəzban İsmayılovanın "Kəsmə şikəstə”sinin də ayrı bir yanğısı, ayrı bir hekayəti vardı. Əksər qadın xanəndələrin repertuarında yer alan bu nisgilli şikəstənin onun səsindəki özəlliyi hissli, içdən oxumasında idi” deyə musiqişünaslar bildirirdilər. "O olmasın, bu olsun” filmində toy səhnəsində qadınlar məclisində muğam oxuyan da məhz Tükəzban İsmayılovadır.
T.İsmayılova ilə səhnəyə çıxan sənətkarlar qeyd edirlər ki, "Səhnədə kim nə oxuyur, oxusun, Tükəzban çıxıb bir "Qatar” oxuyurdu və konsertin dadı damaqlarda qalırdı”. Xalq artisti Əlibaba Məmmədov da o illərin canlı şahididir: "Tükəzban xanımın ifaçılığı və yaradıcılığı, muğam, səs sənəti, musiqi xəzinəmizə bəxş etdiyi nümunələr bir sənətkar olaraq onun həm də zəngin məktəb qoyub getdiyini deməyə əsas verir”- deyə ifaçı xatırlayır: "Hər bir xanəndə hansısa ifası ilə insanların yadında qalır. Tükəzban İsmayılova da yadda qalan xanəndələrdəndir. O, "Şahnaz”, "Qatar”, "Xaric Segah”ı əvəzsiz oxuyub. Tükəzban xanımın ifasında səslənən bu muğamların üçünü də dərslik saymaq olar. Gənclərə məsləhət görərdim ki, əgər bu muğamları yaxşı öyrənmək istəyirlərsə, Tükəzban xanımın lent yazılarına qulaq assınlar. Tükəzban xanım "Şahnaz”da, "Qatar”da gözəl yeniliklər edib. "Qatar” muğamını çox xanəndələr yaxşı oxuyub. Məsələn, Sara Qədimova da gözəl "Qatar” oxuyanlardan olub. Şaqraq səsi, gözəl zəngulələri olub. Amma Tükəzbanın "Qatar”ı ayrı aləm idi. Onu elə "Qatar”la, "Şahnaz”la tanıyıb sevirdilər. O, səhnədə ifasını bitirəndən sonra tamaşaçıların alqışları kəsilmirdi. Onlar böyük sənəti alqışlayırdılar. Bunu onlara Tükəzban xanım böyük ustalıqla bəxş edirdi”.
Tanrının lütfü
Tükəzban xanım həm də mehriban həyat yoldaşı, gözəl ana idi. Görkəmli Tarzən Həbib Bayramovla evliliyi, bu ailədə İlhamə Quliyeva kimi daha bir sənətkarın yetişməsi, Tanrının musiqi sənətimizə lütfü idi. Tükəzban xanım konsertlərdə çox vaxt Həbib Bayramovun müşayiəti ilə çıxış edərdi. Bu iki sənətkarın biri-birini baxışla anlaması səsin düzgün köklənməsində, pərdənin tutulmasında və digər həssas keçid məqamlarında da əhəmiyyətli rol oynayırdı. Həyat yoldaşının ölümündən sonra Tükəzban xanımın sənət həyatında da dəyişiklik başladı. O, demək olar ki, səhnədən uzaqlaşdı. Mahnı, musiqi dolu günlər sanki xatirəyə döndü.
Qızı İlhamə Quliyeva "Tükəzban xanımla Həbib Bayramovun ailəsində böyüməyim mənim təkcə sənətkar kimi yetişməyimdə deyil, həm də xalq tərəfindən sevilməyimdə böyük rol oynadı. Mən buna görə bu iki böyük sənətkara borcluyam” deyirdi.
Tükəzban İsmayılovanın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri istər xalq, istərsə də dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. Sənətkarın təltifləri arasında "Şöhrət” ordeni vardı. Xalq onu sevirdi. "Ömrümü mənalı edən insanların mənə sevgisidir. Tamaşaçı sevgisi olmasa sənətkar heç vaxt şöhrət qazana bilməz. Bizi yaşadan budur…” deyirdi.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər