• cümə, 29 Mart, 13:15
  • Baku Bakı 14°C

Qaşınmayan yerdən qan çıxarmaq arzusu

12.08.19 11:49 5496
Qaşınmayan yerdən qan çıxarmaq arzusu
Dünyanın bir çox ölkələrində siyasi və iqtisadi gərginliyin hökm sürdüyü bir vaxtda Azərbaycan hər bir sahədə durmadan inkişaf edir. Heç şübhəsiz ki, uğurlu inkişaf dövlətin sosial sahəyə daha böyük diqqət göstərməsinə gətirib çıxarır. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ölkəmizdə bazar iqtisadiyyatı prinsipləri sosial ədalət prinsipləri ilə birləşdirilib. Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib.
Əlbəttə ki, dövlət başçısının sosial siyasətinin mərkəzində ölkə vətəndaşının rifahının təminatı prinsipinin dayanması əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında əksini tapır. Bu baxımdan dövlət başçısı tərəfindən 2019-cu ilin 6 ayı ərzində imzalanan inqilabi sərəncam və fərmanlar, atılan müxtəlif addımlar əhalinin sosial müdafiəsinin daha da güclənməsinə, bir sıra sahələrdə innovativ addımların atılmasına gətirib çıxarıb. Prezident İlham Əliyevin də vurğuladığı kimi, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən öz fərqliliyi ilə seçilir. Cari ilin son 6 ayının nəticələri də bunu deməyə əsas verir. Belə ki, bu ilin altı ayında ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz artıb. Kənd təsərrüfatının isə 13 faiz artması rekord göstərici hesab olunur. Ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz artıb.
Bütün bunlara rəğmən Azərbaycanın dinamik inkişafını qəbul edə bilməyən anti-Azərbaycan şəbəkəsi indi də ölkənin guya istehlak bazarında süni qiymət artımının müşahidə edilməsi iddiasını ortaya atıb. Lakin ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin süni qiymət artımının yolverilməzliyi, bu sahədə hər hansı manipulyasiyanın qarşısının alınması və səbəbkarların cəzalandırılması ilə bağlı səsləndirdiyi fikirlər müvafiq dövlət orqanları üçün əsas istiqamətlərdən biri olduğunu nəzərdən qaçırmamalılıyıq. Lakin bəzi istehlak mallarındakı qiymət artımı heç də süni amillərlə bağlı deyil, bunun obyektiv səbəbləri var. Bu da ilk növbədə idxal olunan məhsulların dünya bazarında qiymətinin artması ilə bağlıdır. Dünya bazarında texnoloji avadanlıqların, gübrə və digər məhsulların qiymətindəki dəyişiklik heç şübhəsiz ki, Azərbaycanda istehsal prosesinə də öz təsirini göstərir.
Son illər Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı böyük işlər görülüb. Kənd təsərrüfatının ayrı-ayrı sahələri inkişaf edir, meliorativ tədbirlər həyata keçirilir, su təchizatı yaxşılaşdırılır, istixanalar, anbarlar yaradılır. İstifadəyə verilmiş gübrə zavodu isə daxili bazarın bir qisminin ehtiyaclarını ödəyir. Faktiki olaraq, ölkədə ciddi məhsul artımı müşahidə olunur. Elə buna görədir ki, Azərbaycanda istehsal olunan yüksək keyfikyyətli məhsullara xaricdə tələbat artır və daha çox məhsul ixrac olunur. Bu da ölkəmizin ixrac potensialını yüksəldir, fermerlərin daha çox qazanc əldə etməsinə səbəb olur. Amma bütün bunlar o demək deyil ki, ölkə daxilində süni qiymət artımı müşahidə edilir. Faktiki olaraq, müvafiq dövlət orqanları mütəmadi şəkildə monitorinqlər keçirir və hər hansı bir neqativ hal aşkarlanarsa, o dərhal aradan qaldırılır. Bəs anti-Azərbaycan şəbəkəsinin məqsədyönlü şəkildə guya ölkədə süni qiymət artımının olması ilə bağlı yaydığı məlumatlar həqiqəti əks etdirirmi?
Mövzu ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, maaşların və gəlirlərin artımına baxmayaraq, Azərbaycanda istehlak mallarında və xidmətlərdə, ən əsası isə ərzaq mallarında ciddi qiymət artımı yoxdur: "Bu ilk növbədə belə bir məsələni dövlətin ciddi nəzarətdə saxlaması ilə bağlıdır. İndiki halda kənd təsərrüfatına hərtərəfli dəstək var, bu sahənin infrastrukturunda yeniliklər tətbiq edilir, idxal-ixrac sistemi təkmilləşdirilir, manatın kursu sabitdir və bütövlükdə qiymət siyasətinə təsir edən faktorlar nəzarətdə saxlanır. Sentyabr ayından maaşların, oktyabr ayından isə minimal pensiyaların artması insanların rifahını daha da artıracaqdır”.
Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, ölkənin istehlak bazarında süni qiymət artımının müşahidə olunduğu barədə müxtəlif iddialar mövcuddur: "Ancaq son vaxtlar sosial şəbəkələrdə və bir sıra internet resurslarında özünə yer tapan bu cür məlumatlarla, yəni ölkədə qiymət artımının müşahidə olunmasına dair qeyd olunan fikirlərlə razılaşmaq mümkün deyil. Hər şeydən əvvəl Azərbaycan Respublikasının vətəndaşıyıq, yəni, biz də istehlakçı, satış şəbəkələrindən müxtəlif məhsulların alıcısıyıq. Ticarət şəbəkələrinə gedərək ərzaq və digər məhsullar alırıq. İxtisasca iqtisadçı olduğum üçün hər hansı məhsul alarkən qiymətləri də təbii ki, müqayisə edirəm. Bu müqayisə zamanı malların qiymətində heç də artım görmürəm. Çünki hazırda ölkənin istehlak bazarında süni qiymət artımının həyata keçirilməsi üçün hansısa əsaslar da yoxdur. Bunu şərtləndirən ən mühüm amil Azərbaycanın milli valyutasının sabit olmasıdır. Artıq neçə illərdir ki, inflyasiya minimum həddədir. Xarici valyutaların, o cümlədən ABŞ dollarının manata nəzərən məzənnəsi sabitdir və manat get-gedə möhkəmlənir. Belə bir şəraitdə hər hansı qiymət artımından danışmaq da düzgün deyil”.
A.Badamov onu da qeyd etdi ki, bəzi KİV-lərdə, o cümlədən sosial şəbəkələrdə qiymət artımı ilə bağlı əsassız məlumatlar yayılır. Deputatın fikrincə, belə məlumatlar əhali arasında süni narazılıq yaratmaq məqsədi daşıyır: "Bu cür fikirlərə rast gəlmişəm. Ölkəmizdə on minlərlə ticarət obyekti var. Ola bilsin ki, hansısa satış obyektində hansısa işbaz süni qiymət artımına yol verib. Bunu ümumiləşdirib bütün ölkəyə aid etmək doğru yanaşma deyil axı? Onu da xüsusi qeyd etmək lazımdır ki, süni qiymət artımına qarşı mübarizə cənab Prezidentin diqqətində olan məsələdir. Dövlət başçısı keçirdiyi müşavirələrdə dəfələrlə süni qiymət artımının yolverilməzliyi, bu sahədə hər hansı manipulyasiyanın qarşısının alınması və səbəbkarların cəzalandırılması barədə fikirlər səsləndirib və əməli addımlar atıb”.
Millət vəkili vurğuladı ki, hər hansı qiymət artımı heç də süni amillərlə bağlı deyil, bunun obyektiv səbəbləri də var: "Müəyyən qiymət artımı ilk növbədə idxal olunan məhsulların dünya bazarında qiymətinin artması ilə bağlıdır. Elə götürək, kənd təsərrüfatında geniş şəkildə istifadə edilən gübrəni. Ölkəmizdə gübrə zavodu var, amma bununla heç də bütün təsərrüfat subyektlərini gübrə ilə təmin etmək olmur. Məhz gübrənin bir qismi xaricdən idxal olunur. Dünya bazarında onların qiymətində olan dəyişiklik də Azərbaycanda istehsal prosesinə öz təsirini göstərir. Bu məsələnin həm də bir nəzəri tərəfi də var. Belə ki, qiymət artımlarına bütün dünyada iki cür baxış mövcuddur. Bunlardan birinci makroiqtisadi, ikinci mikroiqtisadi amillərlə bağlıdır. Sahibkarlıq, infrastruktur, təşəbbüskarlıq inkişaf edirsə, heç kimə "malını filan qiymətə sat” demək olmaz. Amma istehsalçılar da buna uyğun olaraq rəqabət qabiliyyətli məhsullar istehsal etməlidirlər. Bununla da iqtisadi münasibətləri dəyişmək, özəl sektorun payını artırmaq mümkündür. Nəticədə, qiymətləri aşağı endirmək olar. Bu, makroiqtisadiyyata aiddir. Mikroiqtisadiyyata gəlincə, ayrı-ayrı sahələrdə məhsulların qiyməti həm arta, həm də azala bilər. Alternativ variantlar var, ona görə bəzi müəssisələr məhsullarının qiymətini artırır. Başqa bir sahə isə yenilik edib bir məhsul istehsalına start verib seçim yaradırsa, o zaman qiymət aşağı düşəcək. Dövlətin siyasətinin mahiyyətində insanların rifahını yaxşılaşdırmaq dayanır. Amma dövlət sahibkara deyə bilməz ki, qiyməti endir, dövlət sadəcə, təsir edə bilər”.
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, ümumiyyətlə, bizdə, nədənsə, belə bir təfəkkür var ki, pul gəlirləri artırsa, bazardan alış-veriş, xidmətlərdən istifadə genişlənirsə, qiymətlər yüksəlməli deyil, enməlidir: "Əslində isə belə deyil, satış və xidmət səviyyəsi artırsa, demək, tələb yüksəlib və onun tədiyyə qabiliyyətliliyi genişlənib. Buna uyğun olaraq, həm həcm, həm dəyər baxımından təklif də yüksəlməlidir. Qiymətləri çox da təzyiq altında saxlamaq olmaz və bu, mümkün də deyil. Xüsusən də, iqtisadi artımla bağlı tendensiya sarıdan qiymətlərin qalxmasına təsir və zəmin yaradan elementləri çərçivəyə almaq olmaz. Amma bazarın hər hansı bir seqmentində və yaxud da hər hansı bir zəruri istehlak malında süni qiymət artımı baş qaldırarsa, buna sözsüz, yol verilməməlidir. Bununla belə, bazarın təklif sarıdan normal təmin olunması da əsas şərtdir”.
Ekspertin fikrincə, ölkədə sosial istiqamətdə artımlar həyata keçirildikdən sonra əsas diqqət həmişə istehlak bazarına yönəlir: "Belə ki, istehlak bazarında qiymətlərin buna qarşı adekvat reaksiya göstərməsini önləmək başlıca vəzifəyə çevrilir: "Çünki dövriyyəyə tələbin şişməsinə xidmət edən amilin, yəni onun tədiyyə qabiliyyətinin güclənməsi təmininə zəmin və şərait yaradan əlavə vəsaitin daxil olması nəticəsində, təklifin istər-istəməz yenidən təşkil olunması, ya kəmiyyətin genişlənməsi, ya da qiymətlərin artması zərurəti yaranır. Bu zaman isə xüsusən, sonuncu üçün süni tendensiyaya geniş meydan açılır. Ona görə də hökumət bazarda qiymətləri daima nəzarətdə saxlamağa çalışır, əks təqdirdə inflyasiyanın qarşısını almaq qeyri-mümkün olar”.
BƏXTİYAR

banner

Oxşar Xəbərlər