• cümə, 19 Aprel, 03:37
  • Baku Bakı 18°C

Qartal, Səkkizbaşlı Əjdaha və İblis

19.07.13 09:05 2711
Qartal, Səkkizbaşlı Əjdaha və İblis
Rafiq Əliyev,
Fəlsəfə elmləri doktoru, professor
[email protected]
www.raliyev.az
Artıq min illərdir ki, Tanrı ilə İblis arasında gedən qızğın mübarizə bitmək bilmir. Sonda kimin qalib gələcəyi hələ məlum olmasa da, qurbanlar artıq bəllidir. Biz hamımız Uca Tanrının yaratdıqları olsaq da, həyatımız Allahdan çox, İblisin hiylələrindən asılıdır. Qədimdə Sinay səhrasında (indi Misir ərazisindədir) yaşayan yəhudilərin belə bir inancları var idi: Həyatlarının dinc və firavan keçməsi üçün əvvəlcədən sağlam və kök keçi bəsləyib, sonra yırtıcılar üçün uyğun bir zamanda onu hasardan çölə buraxırdılar. Bununla da taleyin ümidinə qalan “qurbanlıq” keçinin gələcəyi öncədən həll edilirdi.
Çətin ki, həyatda kimsə qurbanlıq keçi olmağı arzulasın. Amma bu, artıq bizim istəklərimiz daxilində yox, başlıqda göstərilən qorxulu üçlüyün savaş qanunları çərçivəsində həll ediləcəkdir. Qədim dövrlərdən məlumdur ki, döyüşdə kimsə qalib, kimsə məğlub olur. Amma kiminsə qurbanlıq olacağını da istisna etmək olmaz. Bəlkə də yəhudilik, xristianlıq və islam Tanrı tərəfindən yaradılan dinlər olduğundan onlara iman gətirənlər ədalətli sonluğun olacağına inandıqları üçün bu baxımdan müəyyən qədər rahatdırlar. Maraqlıdır, əgər kimin qalib olacağı öncədən bəllidirsə və bu, insanların alın yazısında öz əksini tapıbsa, o zaman sözügedən “ilahi komediya”, “bəşəri faciə” nəyə və kimə hesablanıb?!
Məsələyə başqa tərəfdən yanaşsaq görərik ki, “qurbanlıq keçi” olmağın özünün də müsbət tərəfləri var. Qurbanlıq keçini yeyəcək vəhşi heyvanların da öz daxili problemləri ola bilər. Bu fərziyyəni nəzərə alsaq, döyüş meydanında İblislə təkbətək qalmağımız bizim bilik səviyyəmizi və döyüş qabiliyyətimizi artırar, bəlkə də gərgin mübarizəni heç-heçə başa vurub İblisi peşman edərik.
Deməli, axirət – cəhənnəm və cənnət biz insanlar üçün yaradılıb. O dünyanın varlığı ən çətin anlarda bizə təsəlli verir. İnsana bu dünyada hər cür əzab-əziyyətlərə qatlaşmaq ümidi verən sonda axirətinin gözəl olacağı ilə bağlı eşitdiyi vədlərdir. Belə olmasaydı, həyatın mənası qalmazdı! Axirət, cənnət, cəhənnəm və orada baş verəcək hadisələr, bölgülər, mühakimələr ideyalarının daşıyıcıları olan imanlı insanlardır, desək yanılmarıq. Yəni axirət dünyası bizim üçün, özü də bizim əməllərin hesabına mövcuddur. Bu, çox vacib məsələdir. Axirət bizdən, biz isə axirətdən ötrü yaşayırıq. Bunu başqa cür təsəvvür etmək çətindir. Əlimizdə kifayət qədər sübut və fakt yoxdur.
Dediklərim toxunacağım mövzuya geniş giriş idi. Bu gün sizə İblislə Tanrının min illər boyu davam edən mübahisəsinin tarixindən deyil, günümüzün gerçəkliklərindən bəhs edəcəyəm. Düzdür kimsə bugünkü qarmaqarışıq dünyanın sonunun faciəvi olub-olmayacağına zəmanət verə bilməz. Amma qurbanlıq keçidən fərqli olaraq, biz şüurlu varlıq olduğumuz üçün qarşıdakı təhlükəni görə, İblisin kələklərindən baş aça bilirik.
İndi keçək əsas məsələyə... Bu yarıfəlsəfi məqaləmin başlığından da göründüyü kimi, mövzumuz İblislə insanın mübarizəsinə həsr olunub.
Görəsən, bu gün Qərbi və ümumiyyətlə, dünyanı ən çox qorxudan nədir? İblis, yoxsa Tanrının yaratdığı insan kütləsi?
Gəlin, oyunun, hətta mən deyərdim ki, qumarla müqayisə olunacaq oyunun qaydalarını izah etməzdən əvvəl əlimizdəki bütün kartları açaq, sayaq və onların bütün rəqəmlərinin salamat olmasına əmin olaq;
Birinci: Rusiya – Türkiyə - İran: bu təhlükəli üçbucaq İngiltərə ilə Fransanı, eləcə də digər Avropa dövlətlərini həmişə qorxudub. Bəlkə də həmin qorxunun tarixçəsi Rusiya-Osmanlı, Rusiya-İran müharibələri ilə bağlıdır. İstənilən halda, Qərb seçdiyi hədəfə çatdı – lazım gələndə diplomatiyanı unudub, silaha da əl atdı...
Bundan əlavə, bildiyiniz kimi, bütün kainatın, bizim yaşadığımız dünyanın da əsası sözügedən üçbucaqda qoyulub. Müqayisə nə qədər şərti olsa da, əlimizdə kifayət qədər sübutlar var. Həmin faktlardan yararlanıb lazımı nəticə çıxara bilərsiniz.
İkinci: üçbucaqla bağlılığı olan Çin və Hindistan – “beşguşəli ulduz”. Həmin ulduz bu gün Kremlin (Rusiya) zirvəsini bəzəyir. Rusiyaya yaxın dövlətlər bunu güclünün hər tərəfdən görünə bilən xüsusi rəmzi kimi qəbul edirlər. Həmin beşguşəli ulduz seçilmişləri başqalarından fərqləndirmək üçün də istifadə olunur. Məsələn, ABŞ-da məşhurlar fəxri xiyabanda yox, “Ulduzların cərgəsi” adlanan məkanda dəfn olunurlar. Hər kəsə bir ulduz payı düşür.
Üçüncü: həm “təhlükəli üçbucaq”, həm də “beşgüşəli ulduz”la sıx bağlı olan Orta Asiya, Qazaxıstan və Cənubi Qafqaz – şərti desək, “səkkizgüşəli ulduz”. Həmin rəmz bizim gerbimizdə də öz əksini tapıb. O, çox da zərərli ulduz deyil. Sakitliyi və səbrli olmağı üstün tutur.
Obrazlı şəkildə ifadə etsək, bu “ulduzlar ittifaqı” istənilən səma meteroitindən və ya asteroiddən güclüdür. Onun özünəməxsus xüsusi çəkisi var. Lap yerindən tərpədilməsi mümkün omayan nəhəng qayaya bənzəyir.
Adətən belə kosmik “ulduz”un hansısa ölkəyə və ya regiona düşməsinə heç ehtiyac belə olmur. Onun müəyyən məsafədən səssiz-səmirsiz ötüb keçməsi və ya dərindən nəfəs alıb-verməsi kifayətdir ki, yeli Avropa (həm Qərbi, həm də Şərqi), Afrika və Yaxış Şərqdə hiss olunsun, güclü fırtına effekti yaratsın.
Belə olsa, Qartal (ABŞ) artıq yer üzündə heç kimi öz qurbanına çevirə bilməyəcək. Bu cür alçaq məsafədə uçmağa onun cəsarəti çatmaz.
Həqiqətən çox qorxuludur! İnsanın tükləri biz-biz olur! Deməli, vəziyyət bu dərəcədə təhlükəlidir! Amma biz həmişə çıxış qapısının axtarışındayıq. Gəldiyimiz mənbəni yaxşı anlamadığımız üçün çıxış yolunu tapmaqda çətinlik çəkirik.
İrəli sürdüyüm fərziyyənin real həyatda öz əksini tapacağına şübhəm yoxdur, onların bir hissəsi artıq təcrübədən keçirilir. Bir də ki, sonu təcrübə ilə tamamlanan işimizin əvvəli elə fərziyyələrdən başlayır, iddiaya çevrilir və nəhayət reallaşmaq üçün münasib şərait axtarmaqla davam edir. Bu, ümumiyyətlə universal, hər bir ideyaya tətbiq oluna biləcək sistemdir.
Son vaxtlar dünyanın bir sıra dövlətlərində, Yaxın Şərqdə və Latın Amerikasında hökm sürən iqtisadi-maliyyə və siyasi xaos dediklərimizə yararlı sübutdur. Deməli, həqiqətən tezliklə planetimizdə yaşamaq narahat və təhlükəli ola bilər.
Qorxu hissi və uzun sürən yuxusuzluq bəzi həssas insanları dərin depressiyaya sala bilər. Bu gün Avropa, Afrika və Yaxın Şərq xalqları, siyasi hakimiyyətlər məhz həmin depressiya məngənəsində ciddi cəhdlə çabalayırlar. Nəticə əvvəlcədən deyilməsi çətin olan bir neqativ prosesdir.
Yeri gəlmişkən, depressiyanın bu növünün əlamətləri özünü qəfildən deyil, mərhələlərlə biruzə verir - əvvəlcə ləngimə, sonra dayanma, daha sonra resessiya və nəhayət lap axırda kollaps həddinə çatır.
Yeri gəlmişkən, bu gün bütün Avropa ölkələri və xalqları (600 milyondan bir az çox) artıq depressiyanın son mərhələsini yaşayırlar. Bəli, zəngin intellektual və iqtisadi resurslara sahib Avropa okeanın o tayından ABŞ-ın onun imdadına yetişəcəyi xəyalı ilə vətəndaşlara təsəlli verir. Avropalılar heç cür dərk etmək istəmirlər ki, Qartal sərçə deyil!!! O, öz şikarını ən uzaq məsafələrdən hədəf alıb, bir anın içində caynağına keçirəcək qədər qüvvətlidir. Yetər ki, qənimət olsun. Qalanı onun üçün çox asandır... Bəli, ABŞ da ovunun üstünə şığıyan qartala bənzəyir. Bu, reallığa uyğun faktdır.
Məsələ ilə bağlı daha bir vacib məqam ondan ibarətdir ki, Qartalın “səkkizgüşəli ulduz”dan savayı, başqa güclü rəqibi də var – İblis adlı bir mələk! Ondan yaxa qurtarmaq bu həyatda hələ ki, heç bir bəndəyə nəsib olmayıb. Onun Qartalın nəhəng qanadlarına bircə dəfə zərbə yetirməsi kifayətdir ki, o, cılız sərçəyə çevrilsin.
Amma İblisin köməyi olmadan Qartalı sərçəyə döndərmək böyük güc, iti ağıl və dərin təfəkkür tələb edir. Təəssüflər olsun ki, müasir dövrdə bu elementin hər üçünün qıtlığı yaşanır.
Toxunduğumuz problem kifayət qədər ciddi və mürəkkəb xarakter daşıyır. Hətta onun uzun müddət həllolunmaz qalacağı da istisna deyil. Təki insanlar sahib olduqlarına ədalətli münasibət göstərsinlər, yaxşını pisdən ayırmağı bacarsınlar və ən əsası lovğalıqdan, eqozim hissindən uzaq olsunlar.
Bu, həm Qartalın özü, həm də İblis adlı mələyin himayə etdikləri insanlar üçün olduqca vacib şərtdir. Amma son 20 ildə nüfuzunun azalmasına baxmayaraq, ABŞ yenə də ədalətsiz davranışlarına ara vermir. Belə olmasaydı, bu gün döyüş meydanında bu qədər rəqibi olmazdı. Bəzən insana elə gəlir ki, artıq bütün dünya Qartala qarşı çıxıb. Çünki onun qeyri-adi ov üsulu demək olar ki, hamıya bəllidir. Bəzən özünü bəşəriyyətin hakimi, yaxud da Yer üzərində Tanrının və onun mələklərinin nümayəndəsi kimi aparmağa çalışır. Qartal elə düşünür ki, kamilliyin zirvəsinə çatmamış bəşər övladının onun himayəsinə ehtiyacı var.
Bu təhlükəli məsələdə Allah da tam arxayın olmaqda kara gəlmir. Düzdür, Tanrı mələklərə izn versə, onlar sehrli çubuqla bəşəriyyətin təkamül və inkişafına istədiyi vaxt təsir göstərə bilərlər. Bu ilahi təcrübə artıq bir dəfə bəşər övladının üzərində sınaqdan keçirilib. Amma nə etmək olar ki, İblis özünə köməkçi seçəndə bizim fikrimizi öyrənmir! Bu, artıq onun şəxsi işidir. Bizə isə onun son seçimini gözləmək qalır. Allah bizi şeytanın əməllərindən uzaq etsin! Əks haldaYer üzünə hökmranlıq etmək uğrunda iki təhlükəli rəqib arasında gedən amansız müharibələrin şahidi olacağıq! Bir tərəfdə Qartal, digər tərəfdə “güclülər klubu”nun üzvləri – Səkkizbaşlı Əjdahanın tərəfdarları. Səkkiz başının olmasına baxmayaraq, əjdaha olmaq yalnız onlardan birinə şamil edilir.
Xahiş edirəm ki, bunu 7+1 - “Böyük səkkizlik”lə qarışdırmayasınız. Oradakı vəziyyət tamam başqadır. “Böyük səkkizlik”də baş verənlər Krılovun “Xərçəng, durna və balıq” təmsilindəki hadisələri xatırladır. Bugünkü şərtlər daxilində üstünlük İblis tərəfindədir. Onun bizim aramızdan köməkçi seçməkdə məqsədi təkcə bəşəriyyəti məhv etmək yox, guya onu yenidən yaratmaqdır! Şeytanın əqidəsi də elə bununla müəyyənləşir. Tarix göstərir ki, onun bərabərlik, ədalətlilik və İblisin gücündən uzaq durmağa çalışanlardan heç zaman xoşu gəlməyib. O, qurub-yaratmaq üçün yaşamır. Yalnız özünü düşünür. Üstəlik, o qədər geniş səlahiyyətlərə sahibdir ki, Yer üzündə kimi istəsə, özünə köməkçi seçə bilər.
Çox güman ki, bəşəriyyətin gələcək taleyinin necə təhlükəli əllərdə olduğunu anladınız. İnsan heç özü də bilmir kimə və nə cür, hansı təsəlliverici sözlərlə dua etsin, iman mənbəyinə həqiqi yolu necə tapsın... Məsələnin dərinliyinə vardıqca məlum olur ki, bu dünyada işlər həqiqətən çox dolaşıqdır. Ən böyük bəlamız odur ki, bizə verilən ağıl və şüurla Allahın İblisə tikdiyi ucsuz-bucaqsız labirintdən çıxış yolu tapmaqda təəssüf ki, acizlik çəkirik!
Buna baxmayaraq, ssenarisi ilahi qüvvələr tərəfindən yazılmış bu tamaşanı sona kimi izləmək məcburiyyətindəyik. Hələ ki, mövcud şərtlər hadisələrin İblisin xeyrinə cərəyan etdiyini deməyə əsas verir. Amma ən maraqlı məqam ondan ibarətdir ki, İblis sonda öz tərəfdarlarını da məhv etməlidir... Çünki növbəti təcrübələri aparmaqdan ötrü ona lazım olan yeni dünya üçün seçiləcək məkan ilk növbədə laboratoriya “dovşan”larından təmizlənməlidir.
Zənnimcə, belə obyektiv, lakin bədbin proqnozlar verən yeganə insan mən deyiləm. Sadəcə, bəzilərindən fərqli olaraq, mən bərabərlik, ədalət və aşkarlıq prinsiplərinə olan imanımın gücünü yoxlamaq arzusunu nəzərə alaraq, bütün gerçəklikləri kağız üzərinə köçürməyə və insanlara çatdırmağa çalışıram. Günahım bəlkə də elə bundadır. Bunu dəqiq bilmirəm. Onu bilirəm ki, Yaradanı və ona etiraz edən mələkbaşı – İblisi belə çaşdıranlar ağıl və şüura sahib olan canlı məxluqlardır.
Özünüzdən muğayat olun! İblisin tələsi hər an qarşınıza çıxa bilər.
banner

Oxşar Xəbərlər