AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Qarşımızda gözə görünməyən silahlı bir düşmən var”

“Qarşımızda gözə görünməyən silahlı bir düşmən var”

Müsahibə
01 Aprel 2020, 13:33 2355
Mirvari Fətəliyeva: "Xəstəxanalarda su altında üzmək üçün istifadə edilən maskalardan yararlanırlar"
        
Fransada koronavirus infeksiyasına yoluxan Paris-Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva karantin günlərində "Kaspi"nin suallarını cavablandırdı. Müsahibimiz vəziyyətin ciddiliyini vuruğulayaraq, insanları virusdan qorunmağa səslədi. 
 
- Virusa yoluxduğunuzu öyrəndikdə ilkin reaksiyanız necə oldu? 
- İlk öyrəndiyimdə bunu sakit qarşıladım. Çünki bu virus haqqında yetərincə məlumatlı idim. Ümumiyyətlə, həyatımın elə bir dönəmindəyəm ki, hər hansı  hadisəyə sakit yanaşıram. Düşünürəm ki, həyatda ölümdən başqa hər şeyin çarəsi var. Ona görə də koronavirusa yoluxduğumu eşitdikdə panikaya düşmədim. Həkimlərlə məsləhətləşdim. Onlar mənə 10 gün ev şəraitində müalicə məsləhət gördülər.  
 
- Hazırda özünüzü necə hiss edirsiniz? 
- Hazırda vəziyyətim yaxşılığa doğru dəyişir.  Artıq müalicənin 7-ci günündəyəm. Müsbət dəyişikliyi özümdə hiss edirəm. Virusa yoluxduğunu insan özü hiss etmir. Ancaq bəzi simptomlar özünü büruzə verir. Belə ki, əvvəl yorğunluq, halsızlıq, baş ağrıları, boğaz ağrısı, öskürək, ishal halları başlayır. Məni daha çox narahat edən beldən aşağı ayağa qədər olan sümük ağrıları idi. 2 gün ərzində çox kəskin ağrılarım oldu.  Ən çox narahat olduğum təngnəfəslik idi. 

-  Nə üçün xəstəxanada müəlicə almadınız?
- Xəsətəxanalarda vəziyyət olduqca gərgindir. Fransada  xəstəxanalarda yer yoxdur. Yalnız yüksək temperaturu olan və nəfəs çatışmazlığından əziyyət çəkən insanlar yerləşdirilir. Orada tibbi maskalar, birdəfəlik geyimlər çatışmır. 
 


- Fransadan həyəcanlı xəbərlər gəlir? Orada ümumi vəziyyət necədir?
- Xəsətlərin sayı günü-gündən artır. Ölənlərin sayı 3000-i keçib. Bu da vəziyyətin ciddiliyindən xəbər verir. Fransada hazırda vəziyyət  ən pik həddədir. Ölənlərin və yoluxanların sayı durmadan artır. 

- Xəstəxanalarda xəstələri qəbul etmək üçün yer olmadığı barədə də məlumatlar var...
- Həyat yoldaşım xəstəxanada baş həkim kimi çalışır. Onun çalışdığı xəstəxana vasitəsi ilə məlumatları izləmək imkanındayam. Xəstəxanada yer yoxdur.  Reanimasiya otaqları dolub.  Təsəvvür edin ki, su altında üzmək üçün istifadə edilən maskalardan yararlanırlar. Vəziyyət o dərəcədə gərgindir. 

 -  Ailə üzvlərinizi necə izolyasiya edibsiniz?
- İki övladım var. Evdə  izloyasiya olunmaq çətindir. Ancaq otaqdan çıxmaq istəyirəmsə, maskadan və əlcəklərdən istifadə edirəm. Çalışıram ki, onarla ünsiyyətdə olmayım. Əslində, bunlara riayət etmək çox çətinidir.  Hazırda uşaqlarda heç bir simptom yoxdur. Həyat yoldaşım da test verdi. Onlarda neqativ çıxdı.  Evdə izolyasiya olmaq asan deyil. Xəstəxanada olsaydı, əlbəttə ki, daha asan olardı. 
 
 

-  Azərbaycanda da koronovirus səbəbilə karantin rejimi tətbiq olunur, amma bəziləri təhlükəni ciddi qəbul etmir. Onlara nə demək istərdiniz?
  - Sevindim ki, Azərbaycanda bu xəstəliyin ciddiliyinə dövlət tez bir zamanda reaksiya verdi. Belə ki, zamanında təhsil ocaqlarını bağladı, kütləvi tədbirlər ləğv edildi, geniş miqyaslı tədbirlərin keçirilməsi qadağan edildi. Təəssüf ki, Fransa karantin rejiminin elan edilməsində çox gecikdi. Virus sürətlə yayıldı.  Belə bir vəziyətdə onun qarşısının alınması çox çətindir. Sizin vasitəsnizlə insanlara müraciət etmək istərdim ki, bir anlıq düşünsünlər, bütün dünya müharibə şəraitindədir. Qarşımızda gözə görünməyən silahlı bir düşmən var. Düşmənə qarşı hər birimiz vuruşmaq məcburiyyətinədyik. Bunu dərk etmək lazımdır ki, dövlət bütün səylərini toplayaraq bu qayda-qanuna  riayət etməyə hər birimizi dəvət edirsə, hər birimiz bunu ciddi qəbul etməliyik. Əgər yaxınlarınızı sevirsinizsə, bu virusa ciddi yanaşıb bütün qayda-qanunlara əmə etmək lazımdır. Belə bir fikir var ki, kim sağalırsa, bədən öyrənir və yenidən tutulmur. Təcrübə göstərir ki, xəstələr sağaldıqdan sonra daha ağır formada yoluxma riski var. Hətta,  sağaldıqdan sonra yenidən virusa yoluxub reanimasiyada olanlar var. "Mənə heç nə olmaz" deməyin. Virusdan qorunmaq lazımdır. Nə qədər ki, bu virusun peyvəndi yoxdur, tam dərmanı təsdiqlənməyib, mütləq şəkildə ehtyatlı olmaq lazımdır. Elm aləmi, eləcə də hər birimiz üçün yeni olan bu virus haqqında doğru olub-olmayan bir çox məlumatlar yayılıb. Virusun, əsasən, səhhətində müəyyən problemləri olan yaşlı nəslin nümayəndələri üçün təhlükəli olması barədə artıq hamımız bilirik. Amma çox təssüf ki, heç bir sağlamlıq problemi olmayan gənclər də bu virusdan dünyasını dəyişmə təhlükəsi qarşısındadır. Fransada və diğər ölkələrdə artıq biz bunun şahidiyik. Hər bədən bu virusa müxtəlif cür reaksiya verir, bəzi insanlar heç hiss etmədən də bu xəstəliyin daşıyıcısı ola bilər.
 
Xəyalə Rəis