AZE | RUS | ENG |


“Qarşıma məqsəd qoyub, ona doğru irəliləməyi sevirəm” – Uğur hekayəsi

“Qarşıma məqsəd qoyub, ona doğru irəliləməyi sevirəm” – Uğur hekayəsi
Emil İmanov: “Bu baxımdan, Avstriyada həkim kimi işə başlamaq Azərbaycandakından daha rahatdır”


Uğurunu ilk növbədə valideynlərinə borclu olduğunu deyir. Valideynlərinin həmişə ona dəstək olduğunu bildirir. Bir də, məqsədyönlü olmağı onu uğurlu edir. Qarşısına məqsəd qoyub ona doğru irəliləməyi sevir. Müsahibimiz ağız cərrahı, stomatoloq, "İmplant Art” klinikasının baş həkimi Emil İmanovdur.
 
- Necə oldu Avstriya Graç Tibb Universitetinin Ağız cərrahiyyəsi kafedrasında ixtisaslaşma keçdiniz?
- Təqaüd proqramları axtarırdım. Avstriyanın belə bir təqaüd proqramı olduğuna görə ora müraciət etdim və orada ağız cərrahiyyəsi və implantologiya üzrə ixtisaslaşdım. Tələbə elmi cəmiyyətlərində çıxışlarım olur, müxtəlif tədbirlərdə sertifikatlar alırdım. Məqsədim xaricdə ixtisaslaşmaya getmək olduğundan ikinci kursdan etibarən alman dilini öyrənməyə başladım. Sözügedən təqaüd proqramı çərçivəsində 135 ölkədən müraciət edən 25 nəfər qəbul olmuşdu. Mən də onların içərisində idim. Beləliklə, Avstriyada assistent həkim kimi işə başladım.
 
-  İlk işinizi necə xatırlayırsınız?

- Avstriyada cərrahiyyə şöbəsində idim. Hər gün böyük cərrahiyyə əməliyyatları olurdu, mən də bu əməliyyatların necə aparıldığını müşahidə edir, xırda işlər görürdüm. Assistent həkim kimi çalışandan bir neçə ay sonra mənə sadə tikiş qoymaq həvalə edildi. Kənardan çox asan görünən bu iş mənə o qədər qəliz gəldi ki... Çox həyəcanlı idim. Onu da deyim ki, Avstriyada assistentlər işə nəzarət altında başlayırlar. Orada bir neçə həkimə ən azı 7-8 illik təcrübəsi olan baş həkimlər rəhbərlik edir. Bir şöbədə bir neçə baş həkim olur. Assistentlər müstəqil şəkildə qərar verə, əməliyyat edə bilməzlər. Bu sistemi çox bəyəndim. Nəyi necə etməyi sənə rəhbərlik edən həkimlə məsləhətləşirsən və problem yarandığı anda o, əməliyyata müdaxilə edə bilir. Bu baxımdan, Avstriyada həkim kimi işə başlamaq Azərbaycandakından daha rahatdır. İşə təzə başlayanlar həmişə nəzarət altında işləyirlər. Məsuliyyət də sənin üzərinə deyil, şöbənin üzərinə düşür. Bu da adama bir növ rahatlıq verir. Çünki hər hansı səhv buraxan kimi dərhal müdaxilə edilir.
 
- Əvvəlcə Avstriyada, 2006-cı ildən isə Azərbaycanda işə başlasanız da, 2012-ci ildə magistratura təhsili almaq üçün Almaniyaya getdiniz. Bu addımınız hansı ehtiyacdan yarandı? Çünki bu sahədə kifayət qədər təcrübəniz var idi...
- Almaniyada magistratura təhsili alana kimi oraya müntəzəm olaraq hər il gedirdim. Elmi işlərlə bağlı müxtəlif universitetlərdə görüşlərim olur, təcrübə keçirdim. Sonra sözügedən ölkədə magistratura təhsili almağa qərar verdim. Mən həmişə yenilik axtarışındayam. Yeniliklər mənim üçün həmişə maraqlı olub. Buna görə də konfranslarda, kurslarda iştirak etməyə çalışıram. Bu gün də axtarışdayam. Fərqli kurs, fərqli mütəxəssislərin fərqli yanaşmasını görəndə konfranslara qatılıram.
 
- Necə oldu klinika yaratmaq qərarına gəldiniz?

- Artıq insan müəyyən yaşa, müəyyən həddə çatanda fərdiləşmək istəyir. Burada biznes maraqları da var təbii ki.... Mən də artıq bir müddət idi bu barədə fikirləşirdim, sonra şans yarandı və bunu dəyərləndirdim. 
 
- Başqa klinikada işləməklə öz klinikanızda işləmək arasında hansı fərqlə var?

- Əvvəl işlədiyim klinikada da çox rahat idim. Hər bir klinikanın öz qaydaları, inkişaf perspektivi var. Bu baxımdan təbii ki, hər bir insan fərdiləşmək, işlədiyi yerin belə, ona məxsus olmasını istəyir. Öz klinikanda işləyəndə məsuliyyət daha da artır, məqsədlər gündən-günə böyüyür.
 
- Bu qədər işin içində həm də ictimai fəaliyyətlə məşğulsunuz...
- İctimai fəaliyyəti çox xoşlayıram, bu işdən zövq alıram. Beynəlxalq İmplantoloqlar Cəmiyyətinin Bakı üzrə direktoru,  Estetik Diş Həkimliyi Akademik Dərnəyinin sədr müaviniyəm. "Stomatoloji praktikada yerli anesteziya” tədris vəsaitinin həmmüəllifi, Alman müəllifi Rainhord Marxkorsun "Çıxmayan ortopedik restavrasiyalar” kitabının Azərbaycan dilinə tərcümə redaktoru, 2014-cü ildə nəşrə başlamış beynəlxalq stomatoloji nəşriyyat olan "Quintessenz”in Azərbaycan bölməsinin ("Quintessenz-az” jurnalının) baş redaktoruyam. Ümumiyyətlə, biliklərin paylaşılmasını sevirəm. Lektor kimi formalaşmaq istəyirəm. Düşünürəm ki, bildiyimiz informasiyanı içimizdə saxlayıb, batıra bilmərik. Hər kəsin bildiyini paylaşmasının tərəfdarıyam.
 
- Uğur sirriniz nədədir?
- İlk növbədə uğur sirrimi valideynlərimin həmişə mənə dəstək verməsində görürəm. Onlar həmişə həyata keçirmək istədiyim, düşündüyüm layihələrə dəstək olublar, qərarlarımda mənə sərbəstlik veriblər. Bunun özü böyük dəstəkdir. Ailənin dəstəyi əvəzsizdir. İkinci yerdə isə mənim məqsədyönlülüyüm durur. Qarşıma məqsəd qoyub, ona doğru irəliləməyi sevirəm.
 
- Bir az da ixtisasınız barədə danışaq. İmplantologiya Azərbaycanda yeni sahələrdəndir.  Sadə dildə implantologiyanı necə izah edərdiniz?

- İmplant dişsizliyin ən alternativ seçim üsuludur. İmplant sümüyə yerləşdirilir və  diş olmayan yerlərdə dişin funksiyasını tam bərpa edir. Normal halda diş olmayanda çıxan və çıxmayan protezlərdən istifadə edirdik. Bizim bildiyimiz ənənəvi protezlər üçün dişin mina təbəqəsi yonulur, körpülər hazırlanır və sağlam dişlərin üzü zərər görür. Bunun qarşısını almaq məqsədilə dünyada bu implantlar kəşf edildi ki, sağlam dişlər zərər görməsinlər. İmplant yerləşdirəndə hər bir diş öz funksiyasını daşımış olur. İldən-ilə də implantologiya daha da inkişaf edir.
 
- İmplant qoyulur, sonra üzərindən diş?

- İnsan alt, ya da üst çənədə 3-5 dişini itiribsə, çənəyə 3 implant yerləşdirilir. Onun da üzərinə diş düzəldilir. Bu, körpü şəklində də ola bilir. Yaxud ümumiyyətlə, çənədə diş yoxdursa, yenə 4-8 arasında implant yerləşdiririk. Ağızdakı sümüyün vəziyyəti, konstruksiyadan və s. asılı olaraq implantın sayı dəyişir.
 
- Ənənəvi protezlə implant protezin fərqi nədədir?
- Ənənəvi protezi maksimum 50 nyuton yükləmək olar. Ancaq bizim çeynəmə gücümüz 500 nyutondur. Adi protezin altında heç bir saxlama qüvvəsi yoxdur. Amma implant olanda onun altında dayaq olduğu üçün protezin hərəkətsizliyini təmin edir. Protezin altı hərəkətsiz olduğundan 400-500 nyutona qədər yüklənə bilir. Üstü çıxan və çıxmayan implant protez hazırlamaq mümkündür.
 
- Adi protezlə, implantın üzərinə qoyulan protezin qiymətləri arasında çoxmu fərq var?

- Bəli, protezlə implantın qiymətləri arasında fərq çoxdur. İmplantın Azərbaycanda istehsal olunmadığını da nəzərə almalıyıq. Əməliyyatın özü də kiçik prosedur deyil. Bunun reabilitasiya, müalicə müddəti 2-3 ay çəkir. Amerika, Avropaya baxanda bizdə qiymətlər çox ucuzdur. Onların bir implantı etdikləri qiymətə biz bir konstruksiyanı bitiririk. Buna görə də xaricdə yaşayan azərbaycanlılar arasında bizə müraciət edənlər olur.
 
- İnsanların implanta inamı necədir?
- Artıq insanlar inanmağa başlayıblar. Mən 10 il bundan əvvəl bir pasiyentə implant qoymaq üçün onu həddindən çox inandırmağa çalışırdım ki, həqiqətən də bunun heç bir ziyanı yoxdur. O vaxt stomatoloqların çoxu implant etmədikləri üçün pasiyentləri implantdan yayındırır, bunun təhlükəli, hətta ciddi xəstəliklər törədə biləcəyini deyirdilər. Hazırda da elə davranan çox az qisim həkimlərimiz var. İldən-ilə belə həkimlərin sayı azalır. Əksinə, pasiyentlərimizin sayında ildən-ilə artım var. Bu, bizim seçdiyimiz üsul, Azərbaycanda kəşf olunmuş bir metod deyil. İmplantologiya Amerikada, Avropada 1960-cı illərdən istifadə olunur.
Lalə MUSAQIZI
 



 

 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7072
GBP 1 İngilis funt sterlinqi 2.2065
TRY 1 Türk lirəsi 0.4824
KWD 1 Küveyt dinarı 5.6202
SEK 1 İsveç kronu 0.2069
EUR 1 Avro 1.9783
CHF 1 İsveçrə frankı 1.7884
USD 1 ABŞ dolları 1.7012