• cümə, 19 Aprel, 10:42
  • Baku Bakı 13°C

Qarşılıqlı ittihamlar müxalifətə zərbə vurur

14.02.14 10:18 1471
Qarşılıqlı ittihamlar müxalifətə zərbə vurur
Prezident seçkiləri öncəsi Milli Şurada toplaşan və vahid mövqedən çıxış edən qüvvələr seçkidən sonra müxtəlif ittihamlarla gündəmə gəldilər. Vaxtilə eyni cəbhədə olan liderlər vahid namizədin seçkilərdəki uğursuzluğunu bir-birinin üzərinə atmağa, ardınca qurumu tərk etməyə başladılar. Müsavat Partiyasının Milli Şuradan çıxması da əzəli rəqiblər arasında yeni dartışma mövzusunun əsasını qoydu. AXCP funksionerləri Müsavatı saxtakarlıqda, iqtidara satılmaqda ittiham etdi. Bir müddət əvvəl isə “EL” Hərəkatı Milli Şuradan istefa verib. Hərəkatın sədri Eldar Namazov qurumun uğursuzluqlarına səbəbkar kimi vahid namizəd Cəmil Həsənlini, onun AXCP-nin təsiri altında fəaliyyət göstərməsini göstərib. Müxalifət düşərgəsindəki proseslər, E.Namazovun açıqlamaları, “EL” Hərəkatının ana müxalifət olmaq iddiası və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını AXCP sədrinin müavini Razi Nurullayev cavablandırır.
- Milli Şuradan ayrılandan sonra “EL” Hərəkatının sədri Eldar Namazov müxalifətin prezident seçkilərindəki vahid namizədi Cəmil Həsənlini tənqid etməyə başlayıb. Sizcə, onun mövqeyindəki dəyişiklik nə ilə əlaqədardır?
- Hər bir partiya, təşkilat, fərd hər hansı bir quruma üzv olmadan çox ciddi şəkildə düşünməlidir. Çünki tez-tez qurumlardan istefa vermək, bir partiyadan digərinə transfer etmək, hər hansı təşkilatdan çıxdığını bəyan etmək, təmsil olunduğu birlikdən çıxıb hansısa yeni qurum formalaşdırmaq və sair cəmiyyət tərəfindən düzgün qiymətləndirilmir. Buna görə də partiyalar Milli Şura yaradılan zaman hər şeyi daha ciddi şəkildə nəzərə almalıydılar. Milli Şura cəmiyyətə müxalifətin vahid birliyi kimi təqdim olunandan sonra oradan istefa vermək, qarşılıqlı ittihamlar səsləndirmək də Azərbaycan seçicisində normal qarşılanmır. Bundan cəmiyyət heç nə qazanmadı. Hesab edirəm ki, partiyadan, Milli Şuradan çıxandan sonra qarşılıqlı ittihamlar tam kənara qoyulmalı idi. Münasibətlər münaqişə səviyyəsinə çatdırılmalı deyildi. Çünki qarşılıqlı ittihamlar və o ittihamları səsləndirənlər, həmçinin bu prosesə qoşulanlar cəmiyyətin gözündən düşürlər. Eyni zamanda qarşılıqlı ittihamlar siyasətə də böyük zərbə vurur. Bu zərbənin acısını isə ümumilikdə müxalifətdə təmsil olunan hər kəs çəkir. Ona görə də baş verənlərdən ancaq və ancaq təəssüflənmək olar. Düşünürəm ki, qarşılıqlı ittihamlar, qərəzli ifadələr, müəyyən siyasi kampaniyaların pərdə arxası aparılması, bunun arxasında dayanan insanların bir çoxlarına bəlli olması çox pis impuls yaradır. Bununla yanaşı, Azərbaycan müxalifətinin apardığı siyasətə mənfi bir don geyindirir.
- Milli Şuradakıların tənqidi müzakirələrə açıq olmadığı, analitik təhlil aparan və KİV-də çıxış edən insanlara qarşı AXCP-nin təsiri ilə şər-böhtan kampaniyasının aparıldığı barədə fikirlər səslənməkdədir. Bu iddialar nə dərəcədə əsaslıdır?
- Mənə elə gəlir ki, analizlərin aparılması siyasi partiya liderləri tərəfindən də həyata keçirilə bilər. Amma ümumilikdə siyasi partiya, hərəkat lideri olaraq cəmiyyətdə çox ciddi siyasi çəkiyə və sözə malik olan insanların özünün fərdi, təşkilati maraqları ola-ola bu şəkildə analiz aparması heç də düzgün deyil. Çünki fərdi və partiya marağı olan insanlar heç vaxt düzgün analiz apara bilməzlər. Daha doğrusu, özləri ilə bağlı düzgün fikir yürüdə bilərlər, amma təmsil olunduqları hərəkat və koalisiyalarda düzgün analiz apara bilməzlər. Dünyanın bir çox ölkələrində beyin mərkəzləri fəaliyyət göstərir. Belə beyin mərkəzlərindən Azərbaycanda da var. Fikrimcə partiya, hərəkat, koalisiya və Milli Şura kimi qurumlar yalnız belə beyin mərkəzlərinin apardığı analizlərə əsaslanmalıdırlar. Ona görə də Milli Şura kimi qurumların daxilindəki insanlarda beyin mərkəzinin formalaşmasına isti yanaşmıram. Sözsüz ki, hər kəsin demokratik şəkildə fikir bildirmək, analiz aparmaq hüququ var. Hər halda Milli Şura barədə fikirlər, analizlər qurumun daxilindən deyil, kənardan olsa daha yaxşı olar. Nədənsə Azərbaycan siyasətində hər zaman fikrin ilk dəfə kim tərəfindən səsləndirilməsi qıcıq yaradıb. Yəni, kimsə haradasa bir fikir səsləndiribsə, bu, onun adına yazılmış sayılır. Sanki bu fikir onun patentinə çevrilir, gözügötürməzlik kimi iddiaya sahib olur. Konkret olaraq AXCP ilə bağlı onu deyə bilərəm ki, partiyanın adının belə məsələlərdə tez-tez hallanması, Milli Şura yaradılarkən ən çox əziyyət çəkməsindən irəli gəlir. Müsavat Partiyası da Milli Şurada olarkən AXCP ilə birlikdə daha çox praktik işləri görüblər. İş olan yerdə də söz-söhbət, nöqsanlar hər zaman olar. Onu da qeyd etməliyəm ki, AXCP Milli Şuraya daxil olarkən əvvəldən bir çox məsələləri nəzərə almalı idi. Milli Şura yaradılarkən çox ciddi müzakirələr getdi, vaxt itirildi, seçkilər yaxınlaşdı, Rüstəm İbrahimbəyovla bağlı ciddi problemlər üzə çıxdı. Bütün bunlar nəzərə alınmadan tez-tələsik yaranan Milli Şurada da sonradan “çat”lar yarandı.
- Cəmil Həsənlinin Milli Şuranın bütövlüyünü qoruyub saxlaya bilməməsi nə ilə əlaqədardır?
- Hər zaman belə bir fikir səsləndirilirdi ki, Cəmil Həsənli AXCP-yə daha yaxın adamdır. Bunu da onun vaxtilə AXCP sədrinin müavini olması, partiyanı iki dəfə parlamentdə təmsil etməsi ilə əlaqələndirirdilər. Onu AXCP-yə bağlı adam sayırdılar. Amma hətta AXCP-nin daxilində də Cəmil Həsənli ilə bağlı narazılıqlar var idi. Partiya fəalları zaman-zaman Cəmil Həsənliyə qarşı çıxırdılar. Bildirirdilər ki, o, hər hansı təyinat olanda, söz veriləndə, çıxışlarında və sairdə AXCP-ni unudur, xidməti keçən adamların adını ifadə eləmir, haqsızlığa yol verir. Biz də partiya yığıncaqlarında üzvlərimizə bildirirdik ki, Cəmil Həsənli özünün müstəqilliyini qorumaq, digərlərini də burada tutmaq üçün bu addımları atır və onu başa düşmək lazımdır. İndiki situasiyada isə Azərbaycan siyasətində kifayət qədər oturuşmuş fiqurlar var. Görünür ki, iddialar, siyasi baxışlar, metodologiya, siyasi taktika və strategiyalar fərqlənib. Azərbaycanda siyasi situasiyanın dəyişməsi, müəyyən mənada üfüqlərdə hansısa potensialın görünməsi siyasi liderləri 180 və ya 360 dərəcə altında dönməyə vadar edir, prinsiplərdən kənara çıxılır. Hər kəs özünün şəxsində lideri görür. Mən burda da mənfi cəhət görmürəm. Lakin Azərbaycan reallığına baxanda bu iddialardan kənarda dayanmaq və xalqın rəğbətini qazanmaq daha sərfəli ola bilərdi. Bax bu iddialar, hər kəsin özünü lider, hər kəsdən ağıllı hesab etməsi bütün qurumlarda problemlər yaradır. Bu, tək Milli Şurada deyil, sabah yaradılacaq başqa qurumlarda, hərəkatlarda da olacaq.
- Bəzi ekspertlər E.Namazovun son açıqlamalarını onun ABŞ səfirinin təsiri altında ana müxalifət lideri olmaq istəyi ilə əlaqələndirirlər. Siz bu barədə nə düşünürsünüz?
- Bu suala birmənalı cavab vermək mümkün deyil. Azərbaycanda hər bir kəsin, o cümlədən Eldar Namazovun da ana müxalifət olmaq, bu iddiaya düşmək haqqı var. Lakin ABŞ səfirinin, eləcə də digər Qərb ölkələrinin Azərbaycandakı səfirlərinin belə bir məsələni gündəmə gətirməsini, kiməsə təklif etməsini real saymıram. Beynəlxalq siyasəti yaxşı bilən və səfirlərlə iş təcrübəsinə malik olan insan kimi deyə bilərəm ki, heç bir səfir belə təklifi dilinə gətirməz. Xüsusən də yaranmaqda olan, hələlik taktiki güc ortaya qoymayan quruma dəstək verilməsi, onun ana müxalifət təşkilatına çevrilməsi qeyri-realdır. Ola bilsin bu məlumat qəsdən mediaya sızdırılıb. “EL” Hərəkatına da bu məlumatın yayılması sərf etdiyindən, onlar tərəfindən məsələyə münasibət ikibaşlı olub.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər