• çərşənbə axşamı, 19 mart, 08:36
  • Baku Bakı 8°C

Qarışqalara kim şəkər verəcək?

15.07.19 17:00 37269
Qarışqalara  kim şəkər  verəcək?
Umberto Eko dünyasını dəyişəndə Mimehdi Ağaoğlu yazmışdı: "EKo öldü, dünyanın nuru azaldı”. İkinci Mahmudun ölümü də bu qəbildəndir. Çünki o ədəbi mühitdə tanıdığım ən səmimi adam idi.
"Görəsən, (Mahmuddan) sonra yoldan keçənləri təhlükə barədə kim xəbərdar edəcək?” Bəs "görəsən, qarışqalara şəkər verən olacaqmı?” İkinci Mahmud yazıları ilə təhlükəli, zərərli fanatizmə, radikal, maksimalist əqidə və düşüncələrə rəvac verməyən bir mühit yaratmaq istəyirdi. Dünyəvi, sekular və demokratik bir mühitdə mədəniyyət, ədəbiyyat və bəzən də siyasət haqqında azadfikir söyləyən insanları görmək istəyirdi. Məqsədi ayağının altını görməyənlərə həqiqəti, dürüstlüyü aşılamaqdı. İddiasız, təmkinli, özünü onlardan fərqləndirmədən. Bəzən kəskin tənqidi fikirləri temperamentinin yüksəkliyi, hiperhəssaslığından qaynaqlanırdı. Özü üçün deyil, mühit üçün, sevdikləri üçün... Mahmud haqda dediklərim çox gurultulu səslənir? Yox, elə deyil. Mahmud oxuduqlarını və düşündüklərini yaşayan biri idi. Axı insanın oxuduğu, zövqü və əqidəsi yaşadığı nisbətdədir. Ən qorxduğu, dəhşətə gəldiyi ifadə, anlayış "həqiqət” idi. "Həqiqət, görəsən, nədir?”, deyirdi. Həyatın çox sadə məntiqi var, yaşamaq, adambalası kimi yaşamaq, heç kəsə zərər vermədən, heç kimin yaşam sərhəddinə girmədən. Təbii, orqanik bir prosesdir bu. Mahmud da belə yaşadı. Ölərkən də səssiz idi. Orxan Pamuk demişdən, bu işi çox böyütmədi. Ürəyində fırtınalar qopsa da.
Ədəbi mühitdə Mahmudun "Tanımal Mustafa” hekayəsi barədə yüksək fikirlər söylənildi. Mən də "Həqiqətin bayağılığı” adlı yazımı "Tanımal Mustafa”ya həsr etdim. Ancaq Mahmud bundan razı deyildi. "Niyə hamı alışılmış, klassik tərzdə yazıdığım hekayəyə meyil edir? Bu hekayə haqqında təmtəraqlı fikirlər söyləyir? Elə düşüncələrimizdə belədir, birxətlidir”.
Mahmudun "Ümid arısı” kitabını müzakirə edirdik. Hər kəs "Tanımal Mustafa” hekayəsi barədə danışır və sual verirdi. Mahmud bu vəziyyətə tab gətirə bilmədi. Utancaq addımlarla kürsüyə çıxdı və "Lyuk” hekayəsini oxudu. Mahmudun ən sevdiyi hekayəni. Otuz üç yaşlı antroploq İsa Məsihzadənin qəribə hekayəsi bitəndə hər kəs duyğulandı. İsa Məsihzadə bir gün evinə gedərkən lyuka düşür. Lyukdan bir təhər xilas olub evinə doğru addımlarkən ürəyini nigaranlıq bürüyür. Əvvəlcə qarşısından keçən qocanı ötürür, sonra süpürgəçi qadını və daha sonra bütün Atəşabad şəhərinin sakinlərini lyuka düşmə təhlükəsindən qoruyur. Parkda şəkər verdiyi qarışqalar isə nə ağlından, nə də ürəyindən çıxır. Məsihzadə o gündən küçədə yaşayır. Xalqını qoruyur. Hər kəs onu lağa qoyur. Uşaqlar daşa basır. Amma o yenə də yaxşılığından qalmır. Uşaqlara qayğı göstərir. Ona atılan daşları səliqə-sahmanla bir küncə yığır ki, bir də atsınlar. Nəhayətdə küçədə vəfat edir. Ölərkən belə ağlında bircə bu həqiqət var idi: "Görəsən, məndən sonra yoldan keçənləri təhlükə barədə kim xəbərdar edəcək?” Bəs "görəsən, qarışqalara şəkər verən olacaqmı?” Qəribədir Mahmud da İsa Məsihzadə kimi 33 yaşında vəfat etdi. Və həmişə dünyanı gözəlliyin xilas edəcəyini düşündü. "Tanımal Mustafa” haqqında yazımda Teomanın "Gözəl bir gün ölmək üçün” nəğməsi ruhuma hakim kəsilmişdi. Ancaq dərhal Teomanı qınamışdım. Ölmək üçün heç bir günün gözəl olmadığını demişdim.
İkinci Mahmud Qəhrəmanı İsa Məsihzadə ilə ortaq tale bölüşdü. Mahmud bütün yazılarında faydalı olmağa çalışdı. "Tualet kağızı” kitabında necə yazırdı?
Hörmətlin oxucu!
Xəbərdarlıq edirik ki, siz bu kitabı oxuyub qurtardıqda 2 saat 36 dəqiqə vaxt itirmiş olacaqsınız. Düşünün: buna dəyərmi?! Sadəcə bu abzası oxumaq sizi ölümə daha 18 saniyə yaxınlaşdırmış olacaq. Bir daha düşünün!
Siz dəyərli vaxtınızı daha vacib şeylərə xərcləyə bilərsiz. Məsələn, axşamlar ailəliklə oturub tualet kağızı (ən pis halda, qadın və uşaq bezi, qab və saç şampunu) reklamlarını izləmək kimi gündəlik tələbata.
Vaxtınızı aldığımçün üzr istəyirəm!
İndi Mahmudun həqiqət adlı kəlmədən niyə qorxduğunu anladınızmı? Mahmud bu sözlərdə səmimidir. Həyatın sadə, vahiməsiz və bəzən də bayağı reallığını göstərir. Orta hallı yaşadı və elə olmağı təklif etdi. Məsih kimi xətərsiz və iddiasız.
Və ey Mahmud:
"yapılan işin ya çok iyisi yaşıyor bizden sonra, ya çok kötüsü. seninki orta halliydi sanırım”, ən gözəli. İkinci Mahmud imza və əqidəsi də sənin orta hallı yaşamını sübut edir. Ancaq məni bircə şey narahat edir. Səndən sonra miskinləşən qarışqalara kim şəkər verəcək?

Ülvü Babasoy


banner

Oxşar Xəbərlər