• cümə, 29 Mart, 11:05
  • Baku Bakı 5°C

Qarışqa yuvasına dən daşıyan adam

19.07.19 13:30 28241
Qarışqa yuvasına dən daşıyan adam
İnsan yaşa dolduqca ona elə gəlir ki, bu dünyanın işığı azalır, hər şey rəngini itirir, solğunlaşır. Bununla belə, sənin dünyaya bağlılığın bitib-tükənmir, azalmır. Cavanlıqda illərin ötüb keçməsinə əhəmiyyət vermirsən, ömür limitinin qısalmasını hiss etdikdə isə ayların, həftələrin hesabını aparırsan və arabir qəlbindən təəssüf hissinə bələnmiş, "ömür keçdi, gün keçdi, cavan olmam bir də mən" nidası qopur...
Bəlkə də mən səhv eləyirəm, bu dünyanın cilvələri, rəngləri heç dəyişmir. Amma o da var ki, bu gözəlim dünya əlimizdən təkcə ömrümüzü - uşaqlığımızı, gəncliyimizi almır, həm də sağlamlığımızı alır. Bu azmış kimi, ömür yolumuza davam edə-edə, qəfil əzizlərimizlə, dostlarımızla, tanışlarımızla vidalaşmalı oluruq. Bu əvəzsiz itkilər də ürəyimizi göynədir, bizi dəyişdirir.
Uşaqlığımızdan bu yana, özümüzə görə, çox insanlarla ünsiyyətdə oluruq. Onların bəziləri ömür dəftərimizdə heç bir iz salmır. Elələri də var ki, həmin insanları həmişə minnətdarlıq hissi ilə xatırlayırıq. Buna görə də adları çəkiləndə bir az kövrəlirik, birgə keçirdiyimiz illəri, günləri göz önünə gətirməyə çalışırıq, bu dünyanın faniliyini bir daha yəqin edirik...
Onda Akif cavan idi və Azərbaycan radiosunda çalışırdı. Axşam proqramlarının birinin "Eldən-obadan" bölməsinin daimi aparıcısı idi. Həmin proqramda Akifin çıxışı o qədər təbii və maraqlı olurdu ki, radio dinləyicilərinin xeyli hissəsi səhəri gün onun söhbəti barədə danışırdı. Hər şeydən əvvəl, bu, onunla bağlı idi ki, Akif Səməd söhbətinə, belə demək mümkünsə, dilimizin ətrini, şirinliyini qatırdı. O, söhbət edəndə dinləyiciyə elə gəlirdi ki, mikrofon qarşısında dayanan dilçi alimdir, filosofdur, aşıqdır, eyni zamanda söz xiridarı bir el ağsaqqalıdır. Söhbətin axarına uyğun, xalqın ürəyindən süzülüb gələn deyimləri yerli-yerində söyləyirdi. Çünki Akif Səməd ağız ədəbiyyatımızın bilicisi idi. Qəhrəmanlıq və məhəbbət dastanlarımızın hər biri barədə özünəməxsus düşüncələri vardı. Onun söylədikləri "ütü çəkilmiş" kitablarda yazılanlardan fərqli olurdu. Buna görə də söhbətləri hərdən alimlər və ictimaiyyət tərəfindən birmənalı qarşılanmırdı. Amma Akif Səməd həqiqət bilmədiyi sözü danışmazdı. Həm də Sözə təkcə söz kimi baxmırdı, Sözə yerdə Haqqa əvəz kimi baxırdı:

Böyükdü, sirri-xudadı,
Azadlıqdı, qəfəsdi Söz.
Evdi, saraydı, odadı,
Canda candı, nəfəsdi Söz.
Sən, mən, o - bizik əsgəri,
Bir sözdən min bir səs gəlir,
Görür, görünür, göstərir,
Nə şəkildi, nə səsdi Söz.
Gah yatırdar, gah oyadar,
Şeytandı, küfrdü, ayədir,
Göylərdən enib qayıdar,
Yerdə haqqa əvəzdi Söz.

Bir dinləyici kimi, mən də onun bu söhbətlərini çox sevirdim və həmin proqramı maraqla dinləyirdim. Günlərin bir günü işlədiyim qəzetə "Söhbətlərin çox şirindi, Akif Səməd" sərlövhəli yazı yazdım. Bir müddət sonra hansı toplantıdasa tanış olduq. İlk görüşümüzdə hiss etdim ki, Akif radio söhbətlərində olduğu kimi təbii, sadə insan idi. Aramızda yaş fərqi az olardı. İlk baxışda Akifi deyib-gülən insan saymaq olardı. Bir qədər oturub-durandan, şeirlərini daha çox oxuyandan sonra hiss edirdin ki, onun ürəyi bir qəm dəftəridir. Bu, onun şeirlərində daha çox duyulurdu:

Elə şeylər var, gizləyin,
Bilməyə qoymayın məni.
Yasda ehtiyatlı olun,
Gülməyə qoymayın məni.

Özümdən sözlərim dərin,
Gedin daşları dindirin.
Dərdi bütöv-bütöv verin,
Bölməyə qoymayın məni.

Məndən çoxmu uzaqsınız,
Məzarımı qazırsınız,
Özünüz də yazıqsınız,
Ölməyə qoymayın məni.

Akif Səmədin şeirlərini dönə-dönə oxuyandan, hər misranın yükünü anlayandan, fikrin haçalanan qatlarına enəndən sonra başa düşürsən ki, o, belə demək olarsa, sufi şairdir. O, sözün çalarlarını axtara-axtara ustalıqla fikir "hörgü"sü aparır. Söz xiridarları Akif Səmədin bəzən zahirən kələ-kötür görünən misralarının nüvəsində "qızıl külçəsi" olduğuna yaxşı bilirlər.
O, şeirimizdə öz nəfəsi, ifadə tərzi olan şairlərdən biridir.
Şeirləri ilk baxışda nə qədər sadə görünsə də, canı fəlsəfə ilə yoğurulub. O şeirlər bir az da yerlə-göylə əlləşən, onun sirlərini öyrənməyə, açmağa çalışan bir bəndənin Allaha duaları kimidir (Əlbəttə, mən özümü söz bilicisi saymıram, duyduqlarımı, düşündüklərimi söyləyirəm və inanıram ki, Akif Səməd poeziyası daha gözəl sözlərə layiqdir).
Şeirlərinin birində Akif özünü yuvasına dən daşıyan qarışqaya bənzədir. Məncə, çox gözəl bənzətmədi. Bəlkə də onun hər misrasının yükü özündən qat-qat ağır yük daşıyan qarışqanın ağrıları ilə eyniləşdirilə bilər. Bu şeirləri havalı başların duyması bir qədər çətindir, o misraları gərək özün-özünə pıçıldayasan. O şeirlərdə bir dərvişlik ruhu yaşayır.
Şair Akif Səməd 15 il əvvəl, hələ 45 yaşı tamam olmamış dünyasını dəyişib. O, ömür payını ürəklə yaşayırdı. Şair demişkən, ürəklə yaşayanların elə ölümü də ürəkdən olur. 1995-ci ildə mənə verdiyi üçüncü kitabını hərdən açıb oxuyuram. O şeirlərin işığında Akif Səmədin daim nigaran, fikirli baxışlarını görürəm...

Tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli "Akif Səməd ayrılığı" məqaləsində belə yazır: " Akifin seirlərində ölüm mövzusu təsadüfi deyil, o, dörd seirlər kitabını dördündə də ölümdən, bu dünyanın faniliyindən söz açıb. Özü də bu seirlərdə həyatda çox-çox uğursuzluqlara tuş gələn, sarsılan, məyus olan, olmazın haqsızlıqlarla üz-üzə gəlib çarəsizlikdən ölümü intixab edən bir insanın fəryadları, ah-nalələri ilə qarşılaşmırsan. Məsələ başqa cürdür. Akif Səməd ölümə fəlsəfi ahəng verən sairlərdən idi. Nəsiminin "Dünya duracaq yer deyil, ey can, səfər eylə" misrasını Akifin ölümlə bağlı düşüncələri üçün bir açar hesab eləmək olar. Ölüm, onun fikrincə, haqq dünyasına qovuşmaq idi. Haqq dünyasına gedən yol isə bir neçə mərhələdən keçir. Olsun ki, sufilərə xas olan şəriət, təriqət, mərifət və həqiqət mərhələlərini Akifin şeirlərində tam və dolğun görməyək, amma, hər halda, onun şeirlərini küllən nəzərdən keçirəndə sufiyanə düşüncə tərzi ilə qarşılaşırsan. Mahiyyəti dərk eləmək, başlanğıcdan sona - həqiqətə doğru gedən yolu müəyyənləşdirmək, bu yolda bütün maneələri dəf etmək, hətta ölümdən belə çəkinməmək onun da seirlərinin məğzinə hopmusdur":

Dünyaya sözü olmadı
Söylə ki, ürəkdən getdi.
Heç nədə gözü olmadı,
Gəlmişdi, ürəknən getdi...

Ruhun şad olsun, Akif Səməd!

Səməd Məlikzadə
banner

Oxşar Xəbərlər