• çərşənbə, 24 Aprel, 16:18
  • Baku Bakı 27°C

Qarderobdan başlayan tamaşaçı mədəniyyəti

09.01.18 12:15 1223
Qarderobdan başlayan tamaşaçı mədəniyyəti
Yeni il ərəfəsində mədəniyyət ocaqlarında uşaqların və yeniyetmələrin əylənmələri üçün bayram tədbirləri, şənliklər təşkil edildi. Mədəniyyət ocaqlarının bir neçəsinin bayram tədbirində biz də iştirak etdik. İlk olaraq onu qeyd deyək ki, bayram günlərində teatrlarda yeni il şənliklərini keçirilməsi valideynlərin işlərini nəinki yüngülləşdirir, hətta uşaqların həyatında unudulmaz anlar yaşadır. Repertuarında uşaq tamaşalarının olduğu və daha çox uşaq auditoriyası ilə işləyən teatrlarımız əyləncəli tamaşalarla balacalara yeni ili maraqlı keçirmələrinə imkan yaradırlar. Amma, şahidinə çevrildiyimiz bir sıra məsələlərdən yan keçə bilmədik. Belə ki, uşaqlarını şənliyə gətirən valideynlərin bir çoxunda tamaşaçı mədəniyyətinin yoxluğu bizi məyus etdi. Təbii ki, bunu bütün valideynlərə şamil etmək olmaz.
Məşhur bir deyim var: teatr qarderobdan başlayır. Doğurdan da elədir, biz də valideynlərin tamaşaçı mədəniyyətini elə qarderobdan müşahidə etməyə başladıq. Qarderobda üst geyim üstündə əlbəyaxa davaya çıxan və teatrın işçisini təhqir edən valideynlərin davasını da izlədik. Digər teatrda nəzarətçilər zala daxil olmaq istəyən valideynə üst geyimini çıxarmaqla bağlı nə qədər irad bildirsə də, o, bahalı şubasının qiymətinin nəzarətçinin illik qazancı qədər olduğunu deməkdən də çəkinmədi. Uşaqlarının yanında teatr işçisini təhqir etdi. Açığı, valideynlərə təmkinlə cavab verən nəzarətçilər səbirinə də heyran qaldıq.
Teatrlarda nümayiş olunan tamaşalar başa çatdıqdan sonra növbəti bir "şou” başlayır. Bunun adı "birinci kim şəkil çəkdirdi şousu”dur. Tamaşa bitdikdən sonra hər bir uşaq istəyir ki, sevimli personajlarla şəkil çəkdirsin. Ancaq bu mərasim o qədər acınacaqlı keçir ki, uşaqların halına yanmamaq mümkün deyil. Şaxta Baba və Qar Qızla şəkil çəkdirmək üçün yarışa çıxan valideynlər hətta digər uşaqları itələyib, onların yerinə öz uşaqlarını qabağa çəkməkdən belə çəkinmədilər. Uşaqların sevimli personajları o auradan qopub, valideynlərə söz deməyə belə çəkinirdilər. Hətta uşaqlardan biri əlindəki məktubu Şaxta Babaya vermək istəsə də, ancaq sosial şəbəkədki dostlar üçün video-rolik hazırlayan valideynlərin "şou”su ona bur arzusunu reallaşdırmağa imkan vermədi. Bu məqamda aktyor və aktrisalar çox təmkinlə onları yola salmağa çalışır, heç bir valideynin narazı getməməyi üçün əllərindən gələni edirdilər.
Teatra daxil olarkən hədiyyə istəyən uşaqların arzusuna "yox” deyildiyi üçün öncə teatrın əməkdaşlarını qınasam da, tamaşadan sonra zalda gördüyüm mənzərədən sonra fikrimi dəyişdim. Oturacaqların altı su butulkaları, "popkorn”la dolu idi. Hədiyyələr uşaqlara tamaşadan əvvəl verilsəydi, zalın durumunu necə olacağını özünüz təsəvvür edin...
Əslində, bu, müzakirə olunası ciddi bir mövzudur. Bu gün valideynin belə davranışını görən övlad, sabah onun kimi hərəkət edəcək. Belə olan halda, gələcəyin mədəni, alicənab tamaşaçılarının sayı daha da azalacaq.
Məsələ ilə bağlı teatrlarımıza müraciət etdik.
"Bu narahatlığı anlayırıq”
Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirdi ki, tamaşaçı mədəniyyəti ilə bağlı problem bütün mədəniyyət müəssisələrində mövcuddur, xüsusən də yeni il şənliyi təşkil olunan teatrlarda: "Bizim teatrımızın axşam tamaşaları ilə bağlı ciddi mənada qayğımız olmur. Gecikən, səs salan, telefonla danışan tamaşaçılara izah etməyə çalışırıq ki, teatrda belə hallar yol verilməzdir və bu hərəkət digər izləyicilərə qarşı hörmətsizlikdir. Yeni il şənliklərinə gəlincə isə etiraf edim ki, valideynlərlə bəzi çətinliklərimiz olur. Amma iş düzgün təşkil olunduğuna və bilet nəzarətçiləri tamaşaçılarla normal münasibət qurmağı bacardığına görə, hər hansı qarışıqlıq, böyük problem yaranmır. Valideynlər israrla istəyirlər ki, tamaşa zamanı uşaqlarının yanında olsunlar. Bu narahatlığı da anlayırıq. Sadəcə, reallıq budur ki, Yeni il şənliyi uşaqlar üçündür. Böyüklər bunu anlayışla qarşılamalıdırlar. Bütün hallarda, teatrımızın kollektivinin öz tamaşaçılarımıza sevgisi böyükdür. Əsas odur ki, teatrı sevsinlər və hər zaman bizim daimi tamaşaçılarımız olsunlar. Yerdə qalan bütün qayğılar öz həllini tapacaq”.
"Tamaşaçıların qarşılanma, yola salınma xidmətinə ciddi şəkildə nəzarət edirik”
Gənc Tamaşaçılar Teatrının inzibatçısı Elşad Hacıkərimov "Kaspi”yə açıqlamasında bildirdi ki, son illər tamaşaçıların teatra münasibəti və axını artıb. Bu da teatrların repertuar siyasəti və maraqlı tamaşalarla izləyiciləri cəlb etməyindən qaynaqlanır: "Son illər tamaşaçıların teatra axının yarandığının şahidinə çevrilirik. Bu, çox sevindirici haldır. Böyüklərlə bərabər, uşaqların da teatrlara cəlb olunması təqdirəlayiq haldır. Yeni il şənliklərinə gəlincə isə əlbət ki, biz də zaman-zaman neqativ hallarla rastlaşırıq. Bizim daimi tamaşaçılarımız var və onlara teatr sevgisini aşılaya bilmişik. Əgər hər hansı neqativ hal baş verərsə, maarifləndirmə nöqteyi-nəzərindən mədəni formada onların teatra olan münasibətini dəyişməyə çalışırıq. Tamaşa bitdikdən sonra tamaşaçıların rəyini öyrənirik. Tamaşaçıları qarşılama, yolasalma xidmətinə ciddi şəkildə nəzarət edirik. O ki, qaldı şəkil çəkdirmə mərasiminə, burada mili-mentalitet məsələləri rol oynayır. Bizim işimiz olaraq onları maarifləndirməkdir. Bacardığımız qədər bunun öhdəsindən gəlməyə çalışırıq”.
"Bu il vəziyyət qənaətbəxş idi”
Abdulla Şaiq adına Kukla Teatrının baş inzibatçısı Səidə Haqverdiyevabizimlə söhbətində bildirdi ki, ötən illərə nisbətən, bu il tamaşaçı kobudluğu ilə rastlaşmayıblar: "Bundan əvvəlki illərdə təbii ki, xoşagəlməz hadisələrlə rastlaşmışıq, bununla bərabər maraqlı hadisələrə də üzləşdiyimiz məqamlar olub. Özünüz də bilirsiniz ki, teatrımızda gözəl, komfortlu şərait var, istilik sistemi ilə mükəmməl təchiz olunmuşuq. Tamaşaya baxmağa gələn valideynlər palto, plaş, şuba ilə zala daxil olurlar. Nəzarətçilər onlara hər nə qədər irad bildirsələr də, məsələni qalmaqla həddinə çatdırırlar, üst geyimlərini çıxartmaqdan qəti imtina edirlər. Elə girişdəcə nəzarətçi tamaşaçıya bildirir ki, üst geyimini çıxartsın və özləri ilə gətirdikləri içkiləri qarderoba təhvil versin. Üst geyimində içəri keçdikdən sonra isti olduğunu görüb, ağır geyimi oturacaqların başına atırlar. Bu da arxada əyləşən tamaşaçıya səhnəni görməsi üçün mane olur və o, rahat otura bilmir. Bəzən görürük ki, nə qədər xəbərdarlıq edilsə də, valideynlər zala "popkorn”, dönər, mineral sular keçirmək istəyirlər”.
S. Haqverdiyeva tamaşadan sonra şəkil çəkdirərkən çətinliklərlə üzləşdiklərini də dedi: "İstər qarderobun önündə, istərsə də şəkil çəkdirəndə heç kim növbəyə dayanmaq istəmir. Şaxta Baba uşaqların sevimli personajıdır. Valideynlər Şaxta Babaya necə hücum çəkirlərsə, o aktyor məcbur olub səsini bir qədər yüksəldir və "kənara çəkilin, valideynlər” deyir. Həmin an uşağın beynində yaratdığı Şaxta Baba personajı yoxa çıxır, yerində səsini yüksəldən biri canlanır. Onlar Şaxta Babanı ciddi, qəzəbli biri kimi xatırlayırlar, nəinki sevimli personaj kimi. Bundan başqa, bilirsiniz ki, Kukla Teatrına bilet əldə etmək çətindir. Elə tamaşaçı olur ki, kassaya yaxınlaşır, bilet olmayanda kassirə qarşı kobudluq edir. Yeni il ərəfəsində bilet olmayanda eyni hallarla qarşılaşırıq. Ancaq onu da diqqətinizə çatdırım ki, bu il bizdə vəziyyət qənaətbəxş idi, bu baxımdan şikayət edə bilmərəm. Bu il Yeni ili çox rahat və sakit qarşıladıq. Bundan əvvəlki yeni illərə nisbətən, mədəni valideynlərlə işlədik”.
"Bu, gözlə görünməyən mənəvi cinayətdir”
Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan deyir ki, tamaşaçılarla daimi olaraq işlədikləri üçün onların psixologiyasına yaxından bələddirlər: "Uzun müddətdir ki, valideynlərlə çalışdığımız üçün onların zəif tərəflərini daha yaxşı bilirik. Qeyd olunan problemlərini qarşısını öncədən alırıq. Bilirsiniz bu nələrdən qaynaqlanır? Universitetlərdə tələbələr uşaq psixologiyasından xəbərsizdirlər. Onlara bu tip dərslər keçirilmir. Ona görə də onları uşaqlarla ünsiyyət qurmağı, onların zəif tərəflərini tutmağı, düzgün davranmaq qaydalarını bilmirlər. Beləcə, balans pozulur. Uşaqlar Şaxta Babanı sevir və valideynlərin hərəkətləri sayəsində bu illüziya pozulur. Belə olan halda, aktyor tamaşaçı qarşısında adiləşir. Tamaşaçının gözü qarşında aktyoru, personajı aşağılamaq mənəvi cinayətdir. Biz belə hallarla çox qarşılamışıq. Məsələni o həddə gətirib çıxarmaq lazım deyil. Tamaşaçılarımızın böyük əksəriyyəti elədir. "Mənim uşağım mütləq şəkil çəkdirməlidir” hikkəsinə sahib valideynlərlə işləmək üçün bəlli bir taktika lazımdır. Çox zaman tamaşaya gecikirlər, yediklərini oturacaqların altına atırlar. Hələ bunlar nədir ki?”.
"Valideyn tamaşaçı mədəniyyətinin nə olduğunu bilməlidir” deyən İ.Soltan bildirdi ki, bunun əsas bəlası teatrlarla məktəblərin arasında böyük sərhədlərin çəkilməyidir: "İndiki valideynlər 10 il bundan qabaq məktəblərdə bilet satışının dayandırılması qərarı verilən zaman yetişməkdə olan şagirdlərdir. İndi onlar valideyn olublar. Ona görə də teatrdan tamaşaçını kənar salmaq olmaz. Olacaqsa, nəticəsi də acı olacaq. Bu, gözlə görünməyən mənəvi cinayətdir”.
"İstəmirik ki, bizdən incsinlər”
Gənc Tamaşaçılar Teatrının istedadlı aktrisası, uzun zamandır teatrda Qar Qızın missiyasını yerinə yetirən Günel Məmmədova bildirdi ki, bu il əvvəlki illərə nisbətən çox fərqli bir bayram şənliyi keçib: "İştirak etdiyim şənliklərdə uşaqlara valideynlər də qoşulurdular. Valideynlər də uşaqlaşır, onlarla bərabər mahnı oxuyur, əylənirdilər. Bundan əvvəlki illərdə valideynlər bir az çəkinirdilər. Bu il daha çox pozitiv idilər. Bizdən asılı olsa, bütün uşaqlara diqqət yetirərik, ancaq alınmır hansısa uşağa yaxınlaşanda, o birinə yaxınlaşmayanda, görürük ki, valideynlər inciyir. Bizi də anlasalar, çox yaxşı olar. Əgər 400 nəfər tamaşaçımız zalda əyləşibsə, onların hər biri bizim üçün dəyərlidir. Mümkün deyil ki, onların hamısına ayrı ayrılıqda diqqət yetirək. Bəzən olur ki, bir uşağı səhnəyə dəvət edirik, o zaman digər valideynlər də övladını məcburi şəkildə səhnəyə itələyir. Şəkil çəkdirmək məsələsində isə hər dəfə problem yanaşır. Ancaq əvvəlki illərə baxanda, bu il valideynlərin davranışında çox irəliləyiş vardı”.
"Nəvəm ayaq altında da qalıb”
4 uşaq nənəsi Məhbubə Quliyeva deyir ki, hər il olduğu kimi, bu il də öz nəvələrini yeni il şənliyinə gətirib. Teatrlarımızın hazırladıqları tamaşalardan da razı qalıblar: "Teatrlarımızda hazırlanan şənlikləri uşaqlar səbirsizliklə gözləyirlər. Düzdür, adi günlərdə də teatrlarda uşaq tamaşaları nümayiş olunur. Ancaq yeni ildə bu məxsusi maraqlı olur. Bundan əlavə uşaqlara hədiyyələr verilir, Şaxta Baba və Qar Qızla görüşmək şanslı əldə edirlər. Bu baxımdan, teatrlarda keçirilən yeni il tamaşaları bizim üçün sərfəlidir. Bir növ işimizi yüngülləşdirir. Ancaq onu da deyim ki, bir neçə dəfə tamaşalardan sonra uşaqlar sevimli personajlarla şəkil çəkdirmək istəsələr də, bu, mümkün olmayıb. Hətta nəvəm ayaq altında da qalıb. Tamaşadan sonra Şaxta Baba və Qar Qızla şəkil çəkdirmək üçün növbəyə dursaq da, bizə növbə çatmadı. Valideynlər uşaqlarını qabağa itələyərək, basırıq yaratdılar. Bizim uşaqlara da kənardan baxmaq qismət oldu”.
İnsan ilk növbədə kamilləşməyə, maariflənməyə özündən başlamalıdır. Sabahın sağlam və mədəni gənclərinin yetişməsi üçün bu, çox vacib və ciddi məsələdir. Axı biz valideynlər müstəqil dövlətin gələcəyini yetişdiririk. Gələcəyimizisə mütləq intellektual, kamil olmalıdır.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər