• şənbə, 20 Aprel, 14:03
  • Baku Bakı 23°C

Qardaşının taleyi üzərində biznes quran Emin Hüseynov…

10.01.19 20:10 1363
Qardaşının taleyi üzərində biznes quran Emin Hüseynov…
Azərbaycan əleyhinə olan qüvvələrin fürsət hesab etdikləri məqamlarda ölkəmizə təzyiq etmək cəhdlərinin olması heç kimə sirr deyil. Xaricdəki mövcud anti-Azərbaycan mərkəzləri də son dövrlər sosial şəbəkələr vasitəsilə ölkə daxilində süni şəkildə gündəm yaradaraq, ictimai-siyasi vəziyyəti gərginləşdirməyə məqam axtarırlar. Elə bu günlərdə Mehman Hüseynovla bağlı sosial şəbəkələrdə süni şəkildə yaradılan "ajiotaj” da bunu bir daha təsdiq etdi. Xaricdə oturub özünü "demokrat”, "hüquq müdafiəçisi”, "siyasi mühacir” adlandıran "söyüş şəbəkəsi”nin üzvləri cəmi bir gün aclıq edən M.Hüseynovu az qala "demokratiya fədaisi” kimi ölümə məhkum edirdilər. Lakin hüquq müdafiəçilərinin M.Hüseynovla təcridxanada görüşməsi, onun səhhəti, saxlanma şəraiti və qidalanması ilə maraqlanması Azərbaycana sosial şəbəkələr vasitəsilə total hücuma keçənlərə tərs sillə effekti göstərdi. Eləcə də bu sübutlar "söyüş şəbəkəsi”nin arxasınca sürünən, amma buna baxmayaraq, Azərbaycanda özünü "müxalifət lideri” adlandıranlara da bir cavab oldu.
Bu kontekstdə Mehmanın Azərbaycan vətəndaşlığından imtina edərək xaricə sığınan qardaşı Emin Hüseynovun hərəkətləri diqqət çəkdi. Dünənə qədər dövlət qurumlarını ittiham edən E.Hüseynovun növbəti hədəfi qardaşının mövcud durumu ilə maraqlanan hüquq müdafiəçiləri oldu. Mehmanın şəkli sosial şəbəkələrdə yer aldıqdan sonra E.Hüseynov hüquq müdafiəçiləri ilə əlaqə yaradıb, qardaşının vəziyyəti ilə yaxından maraqlanmaq əvəzinə, sosial şəbəkələrdə onlara qarşı ağır ittihamlar səsləndirdi. Onun "Mehman gündə yarım çörək yeyir, amma aclığı davam etdirir” fikri isə sosial şəbəkələrdə gülüş obyektinə çevrildi.
Hüquq müdafiəçisi Sahib Məmmədov mətbuata açıqlamasında Eminin qardaşının aclığı dayandırması qərarını narazılıqla qarşılamasına münasibət bildirib: "Emin bizi söyməsin, neyləsin? Qardaşının hesabına nə qədər qabaq düşəcəkdi. Erməni lobbisinin təsiri altında olan konqresmenlər görəsən nədən narahatdır? Deməli, Eminlə Sevinc Osmanqızı bu gün Vaşinqtonda mətbuat konfransı keçirib bəyan edəcək ki, Mehman 15 gündür aclıq edir.
Hər şey anlayıram, amma insanın öz doğmasına qarşı belə qəddar münasibəti anlaşılan deyil. Qardaş taleyi üzərində biznes qurmağın adı nədir?”
Göründüyü kimi, E.Hüseynov indi başqa məqsədlərdən irəli gələrək sadəcə olaraq "cığallıq” etmək qərarına gəlib. Amma onun "cığallıq” etməsi heç də xoş olmayan tərzdə, məhz qardaşı üzərindən etməsi çoxlu suallar yaradır.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Mehmanıla görüşdə iştirak edən Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirdi ki, E.Hüseynovun nə etdiyinə, nə dediyinə onun özündən başqa heç kim məsuliyyət daşımır: "Əlbəttə ki, o, öz hərəkətləri ilə ailəsinə, qardaşına çətinlik yaradır. Amma məsələ başqadır. Biz Mehman Hüseynovla görüşdük və onun heç bir problemi yoxdur. Eləcə də görüşdə Mehman saxlanma şəraiti ilə bağlı da narazılıq etmədi. Sadəcə olaraq, ona qarşı irəli sürülmüş sonuncu ittihama görə narahatdır və bununla əlaqədar olaraq hüquqlarının müdafiə olunmasını xahiş edir. Eyni zamanda, o, bununla bağlı bir neçə dövlət instansiyasına, ölkə prezidentinə, birinci vitse-prezidentə, o cümlədən Ombudsman Aparatına müraciət etdiyini vurğuladı. Onun bundan başqa istəyi və niyyəti yoxdur. Biz müşahidələrimizə əsasən də deyə bilərik ki, səhhəti də qaydasındadır”.
R.Zeyni əlavə etdi ki, E.Hüseynovun səsləndirdiyi ittihamların əsası yoxdur: "Biz nəinki Mehman Hüseynovu, ümumiyyətlə heç kimi nəyə isə məcbur etmirik. İctimai Komitənin üzvləri kimi təcridxanaya gedib monitorinq zamanı Mehman Hüseynovla da görüşmüşük, onunla söhbət etmişik. Bizim onunla söhbətimiz səmimi bir şəraitdə keçib və Mehman da müstəqil şəkildə öz fikirlərini ifadə edib. Şəxsən mən tək olmamışam. Bu görüşdə mənimlə bir yerdə İctimai Komitənin dörd üzvü olub. Ona görə də kimlərinsə nə deməyinin heç bir əsası yoxdur. Hansısa sözü deməzdən əvvəl onu dəqiqləşdirmək lazımdır. Yəni, səsləndirilən ittihamın əsası olmalıdır. Məhz bu baxımdan hesab edirəm ki, Emin Hüseynov bu məsələlərdə düzgün yol tutmayıb. Bu insanın fəaliyyəti və mövqeyi həm Azərbaycan və həm də dünya ictimaiyyətinə bəllidir. Yəni, onun nə iş gördüyün bilməyən yoxdur. Əvvəllər də dediyim kimi, Emin Hüseynov düz yolda deyil və nə qədər gec deyil, onun bu yoldan çəkilməsi məsləhətdir”.

AZAD
banner

Oxşar Xəbərlər