• çərşənbə, 24 Aprel, 17:58
  • Baku Bakı 27°C

“Qardaşıma bir palto almışdılar, ikimiz növbə ilə geyinirdik” – Tələbəlik illəri

05.05.18 13:00 950
“Qardaşıma bir palto almışdılar, ikimiz növbə ilə geyinirdik” – Tələbəlik illəri
Məktəb illəri ömrün ən qayğısız və mənalı dövrü adlandırılır. Həmin illərdən hər kəsin o qədər xatirələri olur ki, danışmaqla bitməz. Lakin həmin illəri ümumiləşdirəndə, o xatirələr içərisində daha yaddaqalanları da olur. Rubrikamızın budəfəki qonağı məşhur aktyor, respublikanın əməkdar artisti Əjdər Həmidovdur.

Müsahibimiz müəllim ailəsində böyüdüyünü və kəndin savadlı, seçilən uşaqlarından olduğunu deyir: "Məktəbi əla qiymətlərlə bitirdim. Müəllimlərim məndən həmişə razılıq edirdi. Anam riyaziyyat muellimi idi. O, mənim evdə anam, məktəbdə tələbkar müəllimim idi. Anam evə həlli çətin olan məsələlər verirdi. Bəzən çətinlik çəkir, həll edə bilmirdim. Kömək üçün anama müraciət edirdim, amma atam icazə vermirdi. Anama tapşırmışdı ki, Əjdərə kömək etmə, qoy cavabı özü tapsın”.
Tələbəlik illərindən danışan məşhur aktyor məktəbdə olduğu kimi, universiteti də əla qiymətlərlə bitirib: "İlk dəfə universitetdə Adil İsgəndərovla Rza Təhmasib məndən imtahan götürdülər. İkinci kursda oxuyanda Adil İsgəndərov Türkiyədə Türkan Şorayla birlikdə filmə çəkilirdi. O, bizə Türkiyədən danışırdı, film haqqında məlumat verirdi. Lakin bir gün yolunu həsrətlə gözlədiyimiz Adil müəllim dərsə gəlmədi. Dünyasını dəyişib, bizi tərk etdi. Mən dəyərli müəllimimi belə itirdim. Onun itkisi mənim üçün çox ağır idi”.

Ə.Həmidov ilk dəfə təhsil almaq üçün kənddən şəhərə gəldikdə, maddi çətinliklərlə üzləşib: "Kənddən şəhərə gələn bütün tələbələrin çətinlikləri olur. Mən oxuyan vaxt atam xəstə idi, anamın müəllim maaşı ilə dolanırdıq. Təsəvvür edin, biz üçümüz - bacım, qardaşım və mən Bakıda oxuyurduq. Çox ağır şəraitdə, çətinliklə universiteti bitirdik. Yadımdadır, qardaşıma bir palto almışdılar, ikimiz növbə ilə geyinirdik. 4 il tələbə yataqxanasında qaldım. İnstitutu bitirdikdən sonra məni təyinatla Sumqayıt Dram Teatrına göndərdikləri üçün yataqxanadan çıxmalı oldum. Amma kirayə ev tutmağa pulum yox idi. Ucuz ev axtarmağa başladım. Maşın qarajı var idi, onu evə çevirmişdilər, bir müddət orada qaldım. Sonra işləyib, borc-xərc edib, balaca, bir otaqlı ucuz ev aldım. Maaşım çox az olduğu üçün maddi çətinliyim çox idi”.
banner

Oxşar Xəbərlər