• şənbə, 20 Aprel, 00:40
  • Baku Bakı 15°C

Qardaş qardaşın əvəzinə imtahan vermək istəyib

15.05.14 12:59 1302
Qardaş qardaşın əvəzinə imtahan vermək istəyib
Azərbaycanda mayın 11-də əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanında qardaş qardaşın yerinə imtahan verməyə cəhd edib. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, regionların birində keçirilən qəbul imtahanında iştirak edəcək oğlunun yerinə imtahan vermək üçün ixtisasca müəllim olan ata universitetdə oxuyan oğlunu Bakıdan rayona çağırtdırıb. Həmin tələbə qardaşının əvəzinə imtahan binasına daxil olarkən bu hal müvafiq orqanların əməldaşları tərəfindən aşkarlanıb: "Bir ailədəki 2 uşaqdan biri ötən il dövlət ali məktəbinə qəbul olunub, digər uşaq isə qəbul olmayıb. Müəllim olan ata universitetdə oxuyan oğlunu Bakıdan çağırtdıraraq, digər oğlunun yerinə imtahana göndərir. Təəssüf ki, bunu valideyn özü təşkil edib. Uşaq bilikli olmayanda valideyn çalışır ki, övladına qeyri-qanuni yollarla gün ağlasın. Ancaq bu hal aktlaşdırılıb və müvafiq orqanlar tərəfindən araşdırılır".
M.Abbaszadə bildirib ki, əvvəlki illərin məzunları üçün mayın 11-də II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin 30 faizi 2013-cü ilin məzunudur: "Ümumilikdə 2010-2013-cü il məzunları imtahanda iştirak edən bütün abituriyentlərin 50 faizini təşkil edir. Qalan abituriyentlər isə əvvəlki illərin məzunlarıdır. Bu göstəricilər ürəkaçan deyil".
O deyib ki, II qrupda 2 nəfər 600 baldan yuxarı (625 və 612 bal) nəticə göstərib. III qrupda isə 3 nəfər 600-dən yuxarı (663, 616 və 604 bal) bal toplayıb.
Komissiya sədrinin sözlərinə görə, mayın 18-də I və IV qruplar üzrə əvvəlki illərin mıəzunları üçün keçirilən qəbul imtahanında iştirak edəcək abituriyentlər arasında qızlar çoxluq təşkil edir: "Qızlar hesab edir ki, onları yoxlamayacaqlar. İndidən xəbərdarlıq edirəm. Heç kim heç bir vəsaiti imtahanda içəri keçirə bilməyəcək. Heç kim əyri yollara əl atmasın. Heç kim kiminsə əvəzinə imtahana daxil olmasın".
banner

Oxşar Xəbərlər