• cümə axşamı, 28 mart, 19:57
  • Baku Bakı 13°C

Qardaş, dost və strateji müttəfiq

05.02.19 18:53 598
Qardaş, dost və strateji müttəfiq
Qardaş Türkiyənin nüfuzlu Kadir Has Universitetinin Türkiyə Sosial-Siyasi Meyillər Araşdırma Mərkəzi (TSSEA) növbəti hesabatını təqdim edib. Mərkəzin apardığı sorğunun nəticələrinə görə, respondentlərin 63 faizi Azərbaycanı qardaş, dost və strateji müttəfiq qismində gördüklərini bəyan ediblər. Qardaş ölkənin əksər mətbu orqanları, o cümlədən nüfuzlu köşə yazarları bu məsələyə xüsusi yer ayırıblar. Azərbaycandan sonrakı yerdə Şimali Kipr Türk Cümhuriyyəti və Pakistan gəlir.
Bu üç ölkənin ardınca Gürcüstan və Rusiya gəlir. Sorğuda respondentlər qarşısında həmçinin, Türkiyə üçün təhlükə olaraq hansı ölkələri gördükləri sualı da qoyulub. Bəlli olub ki, əvvəlki illərdə olduğu kimi, yenə də türklər üçün təhlükə Birləşmiş Ştatlardır. Əvvəlki illərlə müqayisədə bu göstərici 18 faiz artaraq 81 faizə yüksəlib. Ötən ilki sorğu zamanı sosioloji şirkətin rəhbəri Hilmi Daşdəmir bildirmişdi ki, antiamerika əhval-ruhiyyə pik həddədir. "Sorğunun nəticələri göstərir ki, ABŞ-Türkiyə münasibətləri gərginləşmək üzrədir. Səbəb də Birləşmiş Ştatların FETÖ və PYD-yə olan münasibətidir”, - deyə sosioloq vurğulayıb.ABŞ-dan sonrakı yeri isə İsrail (63 faiz) tutur. İsraildən sonrakı yerdə Ermənistan və Suriya gəlir. Suriya miqrantlarının artmasından narahatlıq da yüksəlib. Ötən il 54 faiz olan göstərici bu il 61-ə qalxıb. Siyahıda Türkiyə üçün az təhlükə olan ölkələr sırasında Çin, İran və Səudiyyə Ərəbistanı gəlir. Hökumətin terrora qarşı əməliyyatlarına dəstək verənlərin sayı 56 faizdən 45-ə düşüb. Respondentlərin 58 faizi ölkənin NATO-ya üzvlüyünün davam etməsinin zəruriliyini bildirib. Əvvəlki ildə sorğuda iştirak edənlərin 70 faizi Türkiyənin NATO üzvlüyünü davam etdirməsini bildirmişdi. Avropa İttifaqına üzvlük danışıqlarının davam etdirilməsini zəruri sayanların sayı 48 faiz olub.
Sorğu zamanı türklərin, daxili təhlükə olaraq yenə də FETO-nu gördükləri bəlli olub. Bununla yanaşı, FETO təhlükəsi 2016-cı ildə 18 faiz götürülürdüsə, indi bu rəqəm 16 faizə düşüb. Lakin bununla belə, FETO əsas daxili təhlükə kimi qalır.
Türklərin ən ciddi problemi işsizlik, bahalıq və türk lirəsinin dəyərdən düşməsidir. İşsizlik problemi əvvəlki illə müqayisədə artıb. Əvvəlki ildə işsizliyi təhlükə kimi görənlər 17 faiz idisə, indi bu rəqəm 27 faizə yüksəlib. Həyat bahalılığını ən önəmli problem olaraq görənlər 13 faizdən 17-yə yüksəlib. Son bir ildə iqtisadiyyatda yaşanan çətinlikləri dəyərləndirən respondentlərin 57 faizi iqtisadiyyatın daha da geriləcəyi qənaətindədir.
Ölkədaxili siyasi vəziyyətlə bağlı sualları cavablandıran respondentlərin 28 faizi siyasətdə boşluq olduğunu, 51 faiz isə əksinə, hər hansı bir boşluq olmadığını bildiriblər. Sorğu zamanı o da bəlli olub ki, Türkiyədə yaşamağın bir xoşbəxtlik olduğunu düşünənlərin sayı azalmağa doğru gedir - 38 faiz "xoşbəxtəm”, 19 faiz isə "xoşbəxt deyiləm” cavabını verib. Hesabatda bildirilir ki, Kadir Has Universitetinin araşdırması seçicilərin iqtidara da, müxalifətə də etibarının qalmadığını göstərir. Sorğunun koordinatoru Mustafa Aydın iqtisadi qayğıların burada mühüm rol oynadığı qənaətindədir. Bu, onu deməyə əsas verir ki, 31 mart bələdiyyə seçkilərində xalqın gözündə prioritet məsələ iqtisadi məsələlər olacaq.
Hesabata görə, son bir ərzində ölkədə yaşanan iqtisadi problemlər prezident Rəcəb Tayyib Ərdoğanın reytinqinə də təsirsiz ötüşməyib. Belə ki, respondentlər arasında ona dəstək əvvəlki dövrdə qeydə alınan 49 faizdən 33-ə düşüb. Səsini AKP-yə verənlərin sayı 85 faizdən 73-ə enib. M.Aydının qənaətincə, bu məsələ də 31 mart seçkilərində önəmli rol oynaya bilər. Araşdırma, iqtisadi problemlərin yaşandığı ötən ildən bəri bütövlükdə cəmiyyətdə bütün qurumlara olan etibarın azaldığını üzə çıxarıb. Özü də tək Ərdoğana deyil, müxalifət liderlərinə də olan inam azalıb. Məsələn, CHP lideri Kamal Kılıçdaroğlunun reytinqi 34-dən 28, Dövlət Bağçalının 21-dən 20 faizə düşüb. İYİ Partiyanın lideri Meral Akşenerin reytinqi isə 15,4 faizdən 12,8-ə enib.
Sorğuda türk toplumu arasında hansı peşələrin daha prioritet olduğu üzə çıxıb. Bəlli olub ki, ən nüfuzlu peşə həkimlikdir. Respondentlərin 64 faizi məhz tibbə üstünlük verdiklərini bildiriblər. Müəllimliyi ən nüfuzlu sənət olaraq görənlərin sayı 2017-ci ildə 20 faiz idisə, indi bu rəqəm 17-ə enib. O da qeyd edilir ki, insanların 20 faizi Türkiyəni tərk etmək istəyirlər. Maraqlı olan odur ki, respondentlərin 81 faizi teatra getmək istəmədiklərini bildiriblər. Toplumun 94 faizi televiziyanı izləyir.
Qeyd edək ki, Kadir Has Universiteti 2010-cu ildən sorğu keçirir. Budəfəki sorğu universitetinin beynəlxalq münasibətlər üzrə şöbəsinin professoru Mustafa Aydının rəhbərliyi ilə həyata keçirilib. Sorğu 2018-ci ilin 12 dekabr və 2019-cu ilin 4 yanvar arası, 26 şəhərdə, 18 yaşdan yuxarı insanlar arasında keçirilib.
Bütün bunlar öz yerində, Azərbaycanın strateji və dost dövlət statusunun təsdiqlənməsi iki qardaş ölkə arasında strateji münasibətlərin sözdə deyil, real həyatda da mövcud olduğunu göstərir. Düzdür, bu sorğusuz da ölkələrimiz arasında münasibətlərin pik həddə olduğu, "bir millət, iki dövlət” prinsipinin artıq möhürünü vurduğu təsdiqini tapmışdı. Azərbaycanla Türkiyə arasında son illər tək siyasi deyil, iqtisadi, mədəni, ümumiyyətlə, hərtərəfli əlaqələr yüksəlməkdə davam edir. Tək regional deyil, beynəlxalq aləmdə irimiqyaslı layihələr həyata keçirilməkdədir – Bakı-Ceyhan neft, Bakı-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmiryolu layihələri artıq reallaşıb. Ən əsası, TANAP kimi beynəlxalq əhəmiyyətli qaz kəməri layihəsi reallaşmaq üzrədir. Bu layihənin reallaşması ilə Türkiyə enerji nəhənginə çevriləcək.Bundan əlavə, hər iki ölkədə prezident seçilən şəxslər, ilk xarici səfərlərini bir-birilərinin ölkələrinə edirlər. Əksəriyyət, bu münasibətləri artıq digər ölkələr üçün nümunə sayıla biləcək addım adlandırırlar.

Azər
banner

Oxşar Xəbərlər