• cümə, 19 Aprel, 16:36
  • Baku Bakı 25°C

Qardabanidəki insident milli zəmində olmayıb

31.05.14 09:27 1406
Qardabanidəki insident milli zəmində olmayıb
Gürcüstanın Qardabani rayonunda azərbaycanlılar və gürcülər arasında gecə saatlarında kütləvi dava olub. APA-nın gürcü mətbuatına istinadən yaydığı xəbərə görə, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının (VMHP) yerli şöbəsinin nümayəndəsi Ramin Bayramov bu barədə mediaya açıqlama verərək, partiyanın 4 nəfər gənc fəalına hücum olduğunu bildirib. Qeyd olunub ki, üç gün bundan əvvəl hakim koalisiyanın tərəfdarları öncə onları küçədə, sonra şəhərin çayxanasında döyüblər. Müxalifət partiyasının azərbaycanlı gənc fəalları polisə zəng etmək məcburiyyətində qalıblar. Lakin qarşıdurma daha da böyüyüb və dava iştirakçılarının sayı 200 nəfərə çatıb. Hadisə yerinə gələn polis əməkdaşları havaya atəş açmaqla, vəziyyəti qismən nəzarətə götürə biliblər. Sonradan “Milli Hərəkat” və “Gürcü koalisiyası” nümayəndələri gənclər arasında baş vermiş davanın etnik zəmində deyil, iyunun 15-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqələndiriblər. Lakin dünən VMHP-nin Gürcüstan parlamentində təmsil olunan deputatı Azər Süleymanov “Modern.az”a açıqlamasında Qardabani rayonunda azərbaycanlılarla gürcülər arasındakı davanın gürcü gənclərin azərbaycanlılara hücumu nəticəsində yarandığını söyləyib. Deputat deyib ki, Gürcüstan indi 90-cı illərin əvvəllərini xatırladır və orada bizim soydaşlara “tatar” deyir, onları təhqir edirlər. A.Süleymanovun sözlərinə görə, ümumiyyətlə, Gürcüstanda son il yarımda azərbaycanlılara qarşı münasibətdə mənfi mənada dəyişikliklər olub. Deputat Gürcüstanın indiki hakimiyyətinin azərbaycanlıları sındırmaq məqsədi ilə düşünülmüş planlar həyata keçirmək istədiyini dilə gətirib.
Hadisə ilə bağlı hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının (GADGP) azərbaycanlı deputatı Mahir Dərziyevin də mövqeyini öyrəndik. O, “Kaspi”yə açıqlamasında Azərbaycan mətbuatının gürcüstanlı soydaşlarımızla bağlı məsələlərə həssas yanaşdığına görə minnətdarlığını bildirdi. Deputat Gürcüstanla Azərbaycanın qonşu, dost, qardaş, strateji müttəfiq respublikalar olduğunu diqqətə çatdıraraq, azərbaycanlılarla əlaqəli məsələlərin yoxlanılmadan mətbuata çıxarılmasını yaxşı hal kimi qiymətləndirmədi: “Millət, dil, din, irq kimi həssas məsələlərdə həddən ziyadə ehtiyatlı olmaq gərəkdir. Belə məsələlərdə dövlətçilik mövqeyindən çıxış etmək ən doğru seçimdir. Düzdür, 2-3 gün bundan qabaq Qardabanidə toqquşmalar olub. Lakin bu, dini, irqi, milli zəmində baş verməyib. Bildiyiniz kimi, Gürcüstan indi seçkilər ərəfəsindədir və artıq seçki kampaniyasına start verilib. Ona görə də təkcə Qardabanidə deyil, Gürcüstanın ayrı-ayrı rayonlarında, o cümlədən paytaxt Tiflisin özündə də bəzən tərəflər arasında fikir ayrılığı, qarşıdurmalar da baş verir. Bütün bunlar yalnız siyasi zəmində olur. Bizim koalisiyanın da siyasi kursu bundan ibarətdir ki, ölkədə qanunlara uyğun seçki mühiti olmalıdır. Tərəflər sərbəst, şəffaf və demokratik şəkildə öz iradələrini ifadə etməlidirlər”.
M.Dəziyev hansı tərəfdən olmasına baxmayaraq, toqquşmanın, dava-dalaşın qəti əleyhinə olduqlarını bəyan etdi. Təəssüflə onu da əlavə edib ki, bəzən, gözləmədiyimiz halda belə, bu cür toqquşmalar, dava-dalaşlar olur. Onun fikrincə, bunun bir səbəbi də “Gürcü Arzusu” koalisiyasının opponentlərinin təxribatları ilə əlaqədardır: “Onlar gənclərin dəliqanlılığından istifadə edib, onları təxribatlara çəkirlər. Bunu da birmənalı olaraq pisləyir, azad, demokratik seçki mühiti üçün arzuolunmaz hal sayırıq. Bir neçə gün əvvəl baş verən hadisələri, o cümlədən son dava-dalaşı da heç cür etnik zəminlə əlaqələndirmək olmaz. Dünyadakı proseslərin fonunda, xüsusən də Ukrayna hadisələrindən sonra Gürcüstanda etnik, irqi, dini zəmində qarşıdurmanın olması nə rəsmi Tiflis, nə də opponentlərimiz üçün arzuolunan deyil. Gürcüstanın hüquq-mühafizə orqanları artıq bu məsələ ilə bağlı məlumatlandırılıb və qanun çərçivəsində lazımi işlər görülür. Hadisədən dərhal sonra Gürcüstanın Daxili İşlər Nazirliyi öz açıqlamasında da bildirdi ki, araşdırma aparılır və tərəflər arasında ciddi xəsarət alan yoxdur. İstisna etmək olmaz ki, baş verənləri bilərəkdən “şişirdən”, müxtəlif tərəflərə yozan, yanlış məlumatı mediaya sızdıran təxribatçılar var. Buna çox təəssüf edirəm. Gürcüstanda etnik, milli, dini, irqi zəmində qarşıdurmanın olması qeyri-mümkündür. Kimliyindən və tutduğu mövqeyindən asılı olmayaraq, xuliqanlıq edən hər kəs cəzalandırılacaq ”.
“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli baş verən hadisəni birmənalı olaraq xoşagəlməz hal saydı. O, regionda olduqca kövrək bir durum yaşandığını, Gürcüstan və Azərbaycanın hər tərəfdən təhdid altında olduğunu diqqətə çatdırdı: “Regionda etnik zəmində təxribatlar yaratmaq və bununla da siyasi maraqlarını gerçəkləşdirmək istəyən dövlətlərin niyyətindən xəbərimiz var. Gürcüstandakı son hadisəni də bununla əlaqələndirmək istəyənlər tapıla bilər. Lakin mən bu cür düşünmürəm. Qafqaz tarixində və postsovet məkanında bəlkə də birinci dəfədir ki, yerli icra hakimiyyəti orqanları seçkilər vasitəsilə müəyyənləşdiriləcək. Gürcüstanda bir növ hakimiyyətin dövlətsizləşdirilməsi prosesi gedir ki, bu da ardıcıl xarakter alan islahat modelidir. 2-3 gün bundan əvvəl Qardabanidə gənclər arasında olan dava-dalaş da məhz seçki ilə əlaqədardır. Qarşılıqlı fikir mübadiləsi sonradan emosiyaların qızışmasına və əlbəyaxa davaya çevrilib. Belə vəziyyətdə hansısa dələduz oradakı azərbaycanlılara qarşı təhqiramiz ifadə işlədib. Bunu böyüdərək, bütövlükdə Gürcüstan hakimiyyətinin soydaşlarımıza qarşı mövqeyi kimi təqdim etmək düzgün deyil. Əminəm ki, o, hər kimdirsə buna görə qanun qarşısında cavab verəcək”.
Z.Məmmədli hələ Saakaşvilinin prezidentliyi dövründən azərbaycanlılara “tatrebi” dediyinə görə, Cinayət Məcəlləsində xüsusi məsuliyyətin müəyyən olunduğunu vurğuladı. Dedi ki, hətta bir neçə dəfə bu ifadəni dilinə gətirən insanlar nümayişkaranə şəkildə, inzibati qaydada cəzalandırılıb: “Həmin qanun indi də qüvvədədir. Ona görə də, Qardabanidə yaşananları tərəflərdən birinin iradə nümayiş etdirərkən, fikir bildirərkən qarşı tərəfin dözümsüzlük nümayiş etdirməsi kimi dəyərləndirirəm. Buna yol verən hər kəs qanunla öz cəzasına çatmalıdır. Hadisənin daha da siyasiləşdirilməsinə, milli ayrı-seçkilik kimi qələmə verilməsinə gəlincə, indiki məqamda bunu həm Azərbaycanın, həm də Gürcüstanın milli maraqlarına zərbə kimi qiymətləndirirəm”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər