• cümə, 19 Aprel, 22:34
  • Baku Bakı 24°C

Qarda avtobus problemi

13.12.13 08:05 5263
Qarda avtobus problemi
Dekabrın 12-si gecədən başlayan qar Bakı sakinlərinə probeml’r yaşatdi. Yağıntı səbəbindən bəzi yollarda tıxac yarandı, bir sıra yollar isə sərnişin avtobuslarının “üzünə” həsrət qaldı. Yeni Yasamaldan şəhərin müxtəlif istiqamətlərinə işləyən 39, 188, 77 saylı avtobus sürücülərinin əksəriyyəti sərnişinlərini mənzil başına çatdırmaqdan və onları Yeni Yasamaldan şəhərin digər hissələrinə dərsə, işə aparmaqdan imtina etdi. Bakıətrafı qəsəbə və kəndlərə işləyən avtobusların hərəkət intervalı isə qarın yağması ilə əlaqədar həddindən artıq uzandı. Ramana, Masazır, Maştağa sakinləri bizimlə söhbətdə bildirdilər ki, avtobusu 20-30 dəqiqə gözləməli olublar. Qeyd edək ki, hər dəfə qar yağanda Bakı küçələri, yolları eyni problemlə qarşılaşır, sərnişinlər 30 dəqiqə, 1 saata qədər marşrut gözləməli olurlar. Amma dediyimiz kimi, bəzi hallarda avtobus ümumiyyətlə, marşrut xətti ilə işləmir, yolun yarısından geri qayıdır.
Əsas məsuliyyət şəhər meriyasının üzərindədir
Nəqliyyat və yol təhlükəsizliyi, yolların infrastrukturunun qurulması ilə bağlı Amerikada internatura təhsili alan İlqar Hüseynov bildirdi ki, infrastrukturu normal qurulan ölkələrdə qar yağmamış artıq yollar buna hazır olur: “Şəhərin infrastrukturunu idarə edən qurumlar müvafiq nazirliyin verdiyi proqnoza uyğun olaraq hazır vəziyyətə gətirilir. Ehtiyat tədbirləri üçün qumla qarışdırılmış duz müvafiq anbarda saxlanılır. Məqsəd ondan ibarətdir ki, qar yağan anda şəhər infrastrukturu ilə məşğul olan şəhər icra hakimiyyəti, bələdiyyə işçiləri tam olaraq bu işə cəlb olunsun. Səhər erkəndən gecəyə və gecədən səhərə qədər qar təmizləyən maşınlar işə düşür. Azərbaycanda, xüsusən də Bakıda isə sözügedən problem illər boyu bu cür davam edir. Yollar təhlükəli olduğundan sərnişin avtobuslarının intervalı böyüyür, ya da ümumiyyətlə, müəyyən istiqamətlərə marşrut xətlərinin işləməsi dayanır”.
İ.Hüseynovun sözlərinə görə, sərnişin avtobuslarının qar yağarkən təhlükəli yollarda sürmək istəməməsi sırf təhlükəsizliklə bağlıdır: “Yollar sürüşkən, qarlı, buzlu olduğuna görə sürücünü qınamaq olmaz ki, niyə mənzil başına gedib çıxmır. Çünki yol bərbad vəziyyətdədir və heç bir təminat yoxdur ki, o, mənzil başına sərnişinləri sağ-salamat çatdıracaq. Xüsusilə Yeni Yasamal, 9-cu mikrorayon, Biləcərinin sərhədlərinə qədər yollarda vəziyyət normal olmadığına görə sürücü qəza vəziyyətinə düşməkdən qorxduğu üçün həmin ərazilərə girmir”.
Mütəxəssisin fikrincə, qışa hazırlıq məsələsi öncədən planlaşdırılmalı, bununla bağlı geniş iş görülməlidir: “Hətta Bakı şəhər İcra Hakimiyyətinin meri bütün strukturları toplayıb, bununla bağlı iclaslar keçirməli, göstərişlər verməlidir. Biz bu günə qədər bu halların şahidi olmamışıq. Burada əsas məsuliyyət yükü şəhər icra strukturunun üzərinə düşür”.
“Bu, pul qazanan sahibkarların işidir”
İ.Hüseynov bildirdi ki, yolların təmizlənməsindən əlavə təhlükəni aradan qaldırmaq üçün sərnişin avtobuslarının təkərlərinə xüsusi zəncirlər vurulmalıdır: “Bu zaman təkərlər yola sürtünməni yaradır və sürüşmənin qarşısını alır. Normalda hər bir nəqliyyat vasitəsinin baqajında bu zəncirlər olmalıdır. Bu, sərnişindaşıma ilə məşğul olan müvafiq qurumların işidir. Həmin qurumlar sərnişin nəqliyyatını bu köməkçi vasitə ilə vaxtında təmin etməlidir. Sərnişin avtobuslarının öz parkları var və həmin parklarda ustalar səhər tezdən xəttə çıxan bütün avtobuslara o xidməti göstərib, təkərləri zəncirləyib sonra marşrut xəttinə buraxmalıdır. Ancaq təəssüflər olsun ki, sözügedən sahədə bir xaos var. Heç kəs öz işinin öhdəsindən layiqincə gəlmir, üzərinə düşən vəzifələri yerinə yetirməkdə maraqlı deyil. Bu, sırf pul qazanan sahibkarların işidir”.
Günah kimdədir?
Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov da sərnişin avtobuslarının sərnişinləri mənzil başına aparmamasının günahının sürücülərdə olmadığını dedi: “Əgər Bakı şəhər İcra Hakimiyyəti qarı vaxtında mütəmadi olaraq təmizləmirsə, marşrut xətləri üçün yolu açmırlarsa, heç kim o təhlükəsizliyə cavabdehlik etmirsə, o zaman sürücü nəyin xatirinə özünü və sərnişinləri təhlükəli vəziyyətə atmalıdır. Həmişə müxtəlif məsələlərdə suçladığımız sürücülərin bu hərəkəti göstərir ki, onlar sərnişinlərin həyatına laqeyd deyillər.
BŞİH qarlı günlərdə mütləq yollara duz, qum səpməlidir.
Bundan başqa, sərnişin nəqliyyatı qarajdan çıxarkən sahibkarmı, qaraj sisteminə cavabdeh olan şəxsmi mütləq marşrut xəttinə təhlükəsizliyə cavab verən nəqliyyat vasitəsini buraxmalıdır. Yolların texniki göstəricilərinə uyğun olaraq bu edilməlidir. Amma baxaq görək, bu gün hansı təşkilat bunu edib, təkərlərə sürüşməməsi üçün üzlük çəkib, zəncir vurub. Bunlar edilmədiyinə görə sürücü də cavabdehliyi öz üzərinə götürmür. Bu gün biz alqışlamalıyıq ki, sürücülər pul, planı doldurmaq xatirinə sərnişinləri təhlükəli vəziyyətlə üz-üzə qoymur”.
M.Rüstəmov qeyd etdi ki, sərnişinlərin mənzil başına çatmasına cavabdeh olan şəxslər var: “Nəqliyyat Nazirliyi marşrut xətlərinin sahibləri ilə müqavilə imzalayıb. Sərnişinlər mənzil başına çatmadığı üçün müqavilənin bəndləri pozulmuş sayılır. Bu zaman tərəflər aydınlaşdırmalıdır ki, günah kimdədir? Buna uyğun tədbirlər görülməlidir. Bir sözlə, belə bir vəziyyətdə sürücünü günahlandıra bilmərik”.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər