• çərşənbə, 24 Aprel, 03:06
  • Baku Bakı 14°C

Qaraqalpaq ədəbİyyatı: epos dönəmİndən çağdaş mərhələyədək

18.07.16 10:44 2781
Qaraqalpaq ədəbİyyatı: epos dönəmİndən çağdaş mərhələyədək

Dünya xalqlarının mədəniyyəti tarixən bir-birindən təcriddə deyil, əksinə qarşılıqlı təsir dairəsində inkişaf etmiş, yüksək mənəvi dəyərlər qazanmışdır. Şərti də olsa dünya mədəniyyətinin iki qütbü kimi səciyyələndirilən Şərq və Qərb mədəniyyətləri bir-birinə bağlılıq və təsir nəticəsində müasir sivil mərhələyə yetişə bilmişdir. Hər bir xalqın mədəniyyəti həmin xalqın yaşadığı ərazi, region, mühit və s. amillərlə bağlı olsa da, onun dünya mədəniyyətinin inkişaf xətti ilə əlaqə və yaxınlığı şəksizdir. Türk xalqlarının mədəniyyəti və ədəbiyyatı bu mənada dünya mədəniyyəti və ədəbiyyatının ayrıca qolu və mərhələsi olmaqla yanaşı, həm də onların əsas tərkib hissəsidir.

Türklər dünyanın qədim və qüdrətli xalqlarındandır. XX əsr türk ədəbiyyatının məşhur nümayəndəsi Ə.Nesinin təbirincə desək, ”hər bir millətin böyüklüyü onun əhalisinin çoxluğuna və ərazisinin genişliyinə görə müəyyənləşdirilmir. Hər bir xalqın böyüklüyü onun tarix və mədəniyyətinin qədim və zənginliyinə görə müəyyənləşdirilir.” Bu mənada türklər öz tarix və mədəniy­yətlərinin qədimliyi, zənginliyi baxımından dünya xalqları arasında böyüklüyünü, aparıcılığını tam şəkildə təsdiqləyə bil­miş­lər. Türklərin təxminən dörd min il bundan əvvəl Altay-Sayan dağ­ları boyunca yaşamaları tarixi fakt kimi təsdiqlənmişdir. Lakin türklərin tarixinin daha əvvəllərə aid olduğu da şəksizdir. Türklərin 2800 il siyasi təşkilatlanma, 2700 il ədəbiyyat, 2500 il yazı tarixinə malik olmaları bu fikrin həqiqiliyinə əminlik yaradır.

Hazırkı dövrdə türk mədəniyyəti və ədəbiyyatının hər hansı milli türk zəminində (məsələn, qazax, qırğız, türkmən, tatar) araşdırılması və öyrənilməsi olduqca vacibdir. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, türk xalqları öz zəngin mənəvi aləmindən uzun müddət nəinki uzaq düşmüş, həm də müəyyən siyasi tələblər daxilində tarix boyu qazandıqları onlar üçün əhəmiyyətsizləşdirilmişdir. Konkret olaraq Sovet hakimiyyəti illərində türk xalqları ədəbiyyatının tədrisi və öyrənilməsinə gəldikdə deməliyik ki, burada türk xalqlarının mədəniyyət və ədəbiyyatı tarixi-milli və ümumtürk kontekstindən yox, başqa ad altında (SSRİ xalqları) sovet ideoloji prinsipləri baxımından həyata keçirilmişdir. Nəticədə bu ədəbiyyatın özünəməxsus inkişaf yolunun işıqlandırılması, onun yaranma və formalaşması, minilliklər boyunca şanlı tarixə malik türklərin mədəni, iqtisadi, siyasi coğrafiyasının bugünkü vaxta qədər keçdiyi yol, qazandığı uğur kölgədə qalmışdır.

Dünyanın yeniləşdiyi, sovet rejiminin dağıldığı, ayrı-ayrı suveren və müstəqil dövlətlərin yarandığı mərhələdən sonra digər xalqlar kimi türklər də özünün mədəni və siyasi tarixini yenidən öyrənmək və yazmaq, obyektiv işıqlandırmaq, təbliğ etmək imkanı və hüququ qazana bildi.

Azərbaycanda milli müstəqillik əldə olunduqdan sonra ali məktəblərin filologiya fakültələrində ilk dəfə tədris olunan "Türk xalqları ədəbiyyatı” fənni də bilavasitə bu sahəyə xidmət kimi planlaşdırılmışdır. Bu fənnin tədrisi prosesində keçmiş sovet məkanında yaşayan ayrı-ayrı türk xalqlarının ədəbiyyatının öyrənilməsi də qarşıya məqsəd qoyulmuşdur. Təbii ki, türk xalqlarının zəngin ədəbi-bədii yaradıcılıq nümunələrinin həm ümumtürk konsepsiyası, həm də milli türk ədəbiyyatının özünəməxsusluğu, fərdi yaradıcılıq xüsusiyyətləri baxımından tədrisi bu prosesdə xüsusi əhəmiyyəti ilə seçilir. Eyni zamanda bu fənnin tədrisi zamanı türk xalqlarının mədəniyyətinə digər dünya xalqlarının mədəniyyətindən təcriddə, ayrılıqda yox, vəhdət, qarşılıqlı əlaqə və bağlılıq şəraitində münasibət bildirilməlidir. Çünki inkaredilməz faktdır ki, türklərin qədim folklor irsi Misir və ümumən Yaxın və Orta Şərq ədəbi abidələri ilə qarşılıqlı əlaqə prosesində olmuşdur. Yazılı ədəbiyyatda da bu cür əlaqə, ənənə yaxınlığı özünü göstərmiş və hazırda da göstərməkdədir.

Filologiya üzrə elmlər doktoru, Nizami Məmmədov-Tağısoyun ali məktəblərin filologiya fakültələrində təhsil alan tələbələr üçün yazdığı "Qaraqalpaq ədəbiyyatı” adlı kitabı vacib bir dərslik, ciddi bir araşdırma olaraq Qaraqalpaq ədəbiyyatının ən qədim mərhələlərdən başlayaraq günümüzəqədərki keçdiyi yola nəzər salmaq, bu ədəbiyyatın inkişaf istiqamətlərini, mövzu və problem xüsusiyyətlərini, janr özünəməxsusluğunu, ayrı-ayrı sənətkarların yaradıcılıqlarını öyrənmək və nəzəri-estetik müstəvidə dəyərləndirmək baxımından əhəmiyyətlidir.

Qeyd etməliyik ki, qaraqalpaq xalqı qədim və zəngin tarixə malikdir. Onun milli mədəniyyəti, folkloru, özünənəməxsus incəsənəti, klassik ədəbiyyatı, qədim adət-ənənələri bunu bir daha təsdiqləyir. Dərslikdə hal-hazırda Özbəkistan Respublikası tərkibində yerləşən Qaraqalpaqstan Respublikasının coğrafi ərazisi, tarixi vəziyyəti, qaraqalpaqların digər qədim türk tayfaları ilə mədəni-mənəvi əlaqələri, mənşəyi, Qaraqalpaqstan ərazisində qədim abidələr, "Qaraqalpaq” etnonimi, Rusiyanın Qaraqalpaqstanda apardığı müstəmləkəçilik siyasəti, qaraqalpaqların tarixinin, coğrafiyasının, etnogenezisinin, folklorunun və mədəniyyətinin öyrənilməsi sahəsində görülən işlər, XX əsrdə qaraqalpaqların mədəni və mənəvi həyatı, mətbuatın, təhsilin və elmin inkişafında rolu, ilk qaraqalpaq dərslikləri olan "Əlifba” və "Oxu kitabı”, Qaraqalpaq Muxtar Vilayətinin Qaraqalpaq Muxtar Respublikasına çevrilməsi, Qaraqalpaqstan Respublikasının yaranması haqqında ətraflı məlumat verilir. Problemə ilk olaraq tarixi, coğrafi, ictimai-siyasi, etnogenetik və s. müstəvidə yanaşma qaraqalpaqların geniş mənada milli-türk özünəməxsusluğunun üzə çıxmasına, bir sıra qaranlıq məqamlara aydınlıq gətirilməsinə xidmət göstərir.

Dərsliyin "Qaraqalpaqların dastan yaradıcılığı” adlı bölməsində əsas olaraq Qaraqalpaq xalqının epos təfəkkürü, ictimai-siyasi baxışları, azadlıq və xoşbəxtlik ideyaları, şər qüvvələrlə mübarizəsi, bir sözlə, milli eposun özünəməxsus xüsusiyyətləri təhlil edilir. Qaraqalpaq həyatının salnaməsi rolunu oynayan, başlıca mövzusu ölkəni yadelli işğalçılardan azad etmək mübarizəsi olan "Yer Ziuar”, "Qurbanbəy” kimi dastanlarını ayrıca təhlil edən müəllif dastanların süjet və kompozisiya quruluşu, personajları, bədii təsvir və ifadə vasitələri haqqında ətraflı məlumat verir. Bu bölmə ilə yaxından tanışlıq onu deməyə əsas verir ki, qaraqalpaq dastanlarının əksəriyyəti nəzmdə olmaqla, öz ritmikliyi, qafiyə quruluşu və musiqililiyi ilə seçilir.

Dərslikdə diqqəti çəkən digər bir bölmə "Qaraqalpaq şifahi xalq ədəbiyyatı” adlı bölmədir. Bu bölmədə müəllif qaraqalpaq folklorunun janrlarını – mifoloji hekayələr, nəğmələr, əfsanələr, lətifələr, rəvayətlər, atalar sözü və məsəlləri qruplaşdırır, bu folklorun zənginliyi və rəngarəngliyi barədə oxucuda təəssürat yaradır. Xalqın həyatının, psixologiyasının, dünyagörüşünün geniş əksini tapdığı nağıllar epik təhkiyənin janrı kimi qaraqalpaq xalq folklorunda mühüm yer tutmaqla daha qədim tarixə malikdir. Müəllif xüsusilə qaraqalpaq foklorunun ən mühüm bölməsi kimi nağıllara geniş yer ayıraraq onları "Sehrli nağıllar”, "Heyvanlar haqqında nağıllar” və "Sosial-məişət nağılları” başlıqları altında tədqiq edir.

Zəngin və təkrarolunmaz folklor, xalq poeziyası, özünəməxsus incəsənət, dastançıların, qissəxan və xanəndələrin yaradıcılığı qaraqalpaq xalqının həyatının əsasını təşkil etmiş və etməkdədir. Qaraqalpaq ədəbiyyatının yaranması da qaraqalpaq xalqının təşəkkülü ilə birbaşa bağlıdır. Müəllif əsrlər boyu zəngin ənənələr üzərində formalaşan bu ədəbiyyatın XVIII-XIX əsrlər mərhələsi haqqında dərsliyin "XVIII-XIX əsrlər qaraqalpaq ədəbiyyatı” bölməsində məlumat verir. Bu bölmədə XVIII əsr qaraqalpaq ədəbiyyatının banisi olan Jien Jırau, XIX əsr qaraqalpaq ədəbiyyatının öncüllərindən Günxoca, Hacıniyaz, klassik qaraqalpaq poeziyasının ən görkəmli nümayəndəsi olan Berdağ kimi dəyərli sənətkarların yaradıcılığına geniş nəzər salmış, onların qaraqalpaq ədəbiyyatının XX əsrdə yazıb-yaratmış nümayəndələrinə təsiri tutarlı dəlillərlə nəzərə çatdırılmışdır.

"XX əsr Qaraqalpaq ədəbiyyatı” adlı bölmədə XX əsr qaraqalpaq ədəbiyyatının inkişaf xüsusiyyətləri, dövrün ədəbi mövzularının özünəməxsusluğu və problematikası, ədəbiyyata yeni yaradıcı qüvvələrin gəlişi, əsrin 20-ci illərində teatrın yeni inkişaf mərhələsinə qədəm qoyması, dram dərnəklərinin yaranması kimi məsələlərə aydınlıq gətirilir. XX yüzilliyin 20-ci illərində ədəbiyyatda aparıcı mövzu Qaraqalpaqstanda və Orta Asiyada baş verən dəyişikliklər idi. Ayapbergen Musayev, Abbas Dabılov, Sadıq Nurumbetov, Əhməd Ötepov, Xocaəhməd Əhmədov, Mirzəqali Darıbəyov, Jolmirzə Aymirzəyev kimi sənətkarların yaradıcılığında bunu açıqca görürük. Bu illərin lirikası siyasi xarakterli idi. Müəllif də qaraqalpaq poeziyasını yeni bədii nümunələrlə zənginləşdirməyə can atan ayrı-ayrı sənətkarların yaradıcılığı əsasında oxucuda qaraqalpaq ədəbiyyatının bu dövrü haqqında zəngin təəssürat yaradır.

XX əsrdə qaraqalpaq ədəbiyyatında Böyük Vətən müharibəsi mövzulu əsərlər özünəməxsus yer tutur. Bu illərdə qaraqalpaq şairləri əsərlərində dövrün pafosunu düzgün əks etdirməyə səy göstərirdilər. Bu müstəvidə müəllif D.Nazbergenovun və J.Aymirzəyevin yaradıcılığını daha geniş təhlilə cəlb edir. Bölmənin sonrakı fəsillərində müəllif Jolmirzə Aymirzəyev, İbrahim Yusupov, Tolıbay Kabulov kimi sənətkarların yaradıcılığına geniş nəzər salır.

Qaraqalpaq ədəbiyyatının dövrlərlə təsnifatını verən müəllif dərslikdə müasir dövr qaraqalpaq ədəbiyyatına geniş yer ayırmış, Tulepbergen Kaipbergenovun yaradıcılığını daha dərinləşdirilmiş müstəvidə təhlil etmişdir.

Əlbəttə, Qaraqalpaq xalqının ən qədim dövrdən çağdaş mərhələyəqədərki ədəbiyyat nümunələrinin tədqiqinə həsr edilmiş, türkologiyamız üçün vacib tədqiqat hesab etdiyim Nizami Tağısoyun ağır zəhmət hesabına yazdığı "Qaraqalpaq ədəbiyyatı” kitabının məziyyətlərini kiçik bir yazıda əks etdirmək imkan xaricindədir.

Lakin onu deyə bilərik ki, dərslikdə qaraqalpaq ədəbiyyatının belə bir elmi məzmun və nəzəri formatda təqdimi müəllifin qaraqalpaq ədəbiyyatı ilə yanaşı, ümumtürk ədəbiyyatı problemlərini dərindən bilməsi, bu sahədə özünü səriştəli mütəxəssis kimi təsdiqləməsinin nəticəsidir. Kitabda qaraqalpaq xalqının folklor, epos, klassik ədəbiyyat və XX əsr ədəbiyyatı mərhələlərinin çeşidli xüsusiyyətləri daxilində ortaya çıxarılması bir xalqın timsalında (qaraqalpaq) milli ədəbiyyatının özünəməxsusluğunun təsdiqini təmin edir. Bu mənada dərsliyin əvvəlki səhifələrində müəllifin qaraqalpaq xalqının tarixinə, etnoqrafiyasına, mübarizə və fəlakətlər dolu illərinə nəzər salması azərbaycanlı tələbələrə bu xalqın mədəniyyəti, ədəbiyyatı ilə bərabər, həm də tarixi keçmişini, psixologiyasının özünəməxsus cəhətlərini izləməyə imkan vermişdir. Dərslik konkret bölmələr üzərində qurulmaqla bu bölmələrin hər biri ayrı-ayrılıqda bitkin fəsil təsiri bağışlayır. Diferensiasiya edilmiş hər bir fəsildə müəllif diqqətə çatdırılan əksər məsələlərin nəzəri-metodoloji təsnifatını da uğurla müəyyənləşdirmiş və bu kitabı ilə türkologiyamıza öz töhfəsini bəxş etmişdir.

Elman Qulİyev

banner

Oxşar Xəbərlər