• şənbə, 20 Aprel, 06:15
  • Baku Bakı 14°C

“Qaranquş” uşaqların müjdəçisi ola biləcək? - Fotolar

07.02.17 11:30 2408
“Qaranquş” uşaqların müjdəçisi ola biləcək? - Fotolar
"Qaranquş bahar fəslinin müjdəsidir. Biz də qışın soyuq aylarında uşaqlara bahar fəslinin nəfəsini gətirmək istədik. Qaranquş fəslin müjdəçisi olduğu üçün biz də uşaqlara məlumatları "Qaranquş” jurnalının dili ilə çatdırmaq istədik”. Avropa Azərbaycan Məktəbində "TEAS PRESS” Nəşriyyat Evinin yeni məhsulu, uşaqlar üçün "Qaranquş” adlı aylıq jurnalın ilk buraxılışı ilə bağlı səslənən bu fikirləri uşaq dünyasına ünvanlanan nəşrlərin sayının artması istiqamətində atılan addım kimi də dəyərləndirmək olar. Ölkədə işıq üzü görən uşaq qəzet və jurnallarının sayının o qədər də çox olmaması, bəzilərinin ümumiyyətlə, keyfiyyət probleminin olması uşaqlara ünvanlanan belə bir jurnalın nəşrinin vacibliyinə diqqət çəkir: "Jurnalın nəşri uşaqları öyrədə və əyləndirə biləcək vəsaitləri çoxaltmaq məqsədilə meydana gəldi. Hal-hazırda işıq üzü görən uşaq vəsaitləri bu tələbatı ödəmir. Yerli bazarı müşahidə etdikdən sonra belə bir jurnalın çapına qərar verdik” deyən jurnalın baş redaktoru Aysel Zahidqızı həmçinin, nəşrin ərsəyə gəlməsi üçün beynəlxalq təcrübənin öyrənildiyini deyir. Belə ki, jurnal hazırlanarkən ibtidai siniflər üçün tədris planında yer alan mövzulara uyğun hekayə və məqalələrə üstünlük verilib.
Baş redaktor məhz bu amillərə görə jurnalın təkcə uşaqlar üçün deyil, müəllimlər üçün də faydalı ola biləcəyi fikrindədir: "Məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulan jurnalda maraqlı hekayə və məqalələrlə yanaşı, ingilis dilində müxtəlif mövzularda materiallar da verilir. Jurnalda həm milli dəyərləri, həm də uşaqların ümumi maraqlarını nəzərə almışıq”. "Qaranquş” jurnalında 5-10 yaş arası bütün uşaqları maraqlandıran mövzulara aid rubrikalar olduğunu deyən baş redaktor, tariximizdən və dəyərlərimizdən bəhs edən "Tariximizi unutmayaq”, uşaqları müxtəlif peşələrə məhəbbət ruhunda tərbiyə etməyə və istiqamətləndirməyə yönələn "Mən böyüyəndə” rubrikalarının maraqla oxunacağını istisna etmir: "Biz istəyirik ki, uşaqdan "böyüyəndə nə olacaqsan?”-deyə soruşanda o təkcə "müəllim və ya həkim olacağam” deməsin. Biz bu iki sahədən kənara çıxmaq istəyirik. İstəyimiz odur ki, uşaqlar həmçinin digər peşələrə istiqamətlənsinlər - həm aşpaz, həm sürücü, həm hüquqşünas olmaq istəsinlər”. Jurnalın "Əylənək və öyrənək” rubrikası uşaqlara müəyyən riyazi məsələlər, tapmacalar təqdim edir. Onlar tapşırıqları həll edib cavabını jurnalın redaksiyasına göndərə bilərlər. «Öyrənək və əməl edək» rubrikasında ətraf mühitə müsbət münasibət formalaşdırmaq nəzərdə tutulursa, «Heyvanlar danışa bilsəydi» rubrikasında heyvanların dili ilə uşaqlara onlar haqqında informasiyalar verilir:Jurnalımız 5-10 yaş arası uşaqlar üçün nəzərdə tutulduğundan biz bütün bu yaş kateqoriyasını əhatə edirik”. Jurnalın kollektivi məktəblilərlə görüşlər də keçirir. "Jurnalın sonunda 3 səhifə ingilis dilində yer ayırmışıq. Bu səhifələrdə uşaqlar müəyyən çalışmaları həll edə bilərlər. Biz onların cavablarını və məktublarını dərc edə bilərik. Jurnalda dərc olunan bütün yazılar – istər oyun olsun, istər hekayə uşaqlara ilk növbədə informasiya öyrətməlidir”.

Jurnalın əhatə etdiyi yazarların çevrəsinə gəlincə, ölkənin kifayət qədər tanınmış uşaq yazarları, illüstratorlar, eyni zamanda, bu sahədə yeni addımlar atan uşaq yazarlarının əməkdaşlıq etdiyi nəşr yaradıcılıq çevrəsini daha da genişləndirmək fikrindədir: " Biz daim axtarışdayıq. Digər yazarları da ətrafımıza cəlb etmək üçün təkliflər gözləyirik”. Jurnalın əsas maskotu fərqli dizayn edilmiş qaranquşdur və oxucular üçün müxtəlif məlumatlar onun dilindən təqdim olunur.
44 səhifəlik "Qaranquş”un tirajı və yayımı haqqında məlumat verən A.Zahidqızının sözlərinə görə, jurnal ayda bir dəfə, 3000 tirajla çap olunur. Qiyməti 4 AZN olan jurnalın / www.qaranqush.az/ həm respublika üzrə, həm də ölkədənkənar yayımı nəzərdə tutulub: "Saytımız vasitəsilə jurnala abunə olmaq mümkündür. Nəşrin 6 aylıq və illik abunələri var. Abunə olduqdan sonra Bakı şəhəri üzrə jurnalın çatdırılmasını pulsuz həyata keçiririk. Bakıdan kənara və xarici ölkələrə isə abunə xidməthaqqı ödənilməklə çatdırılır. Jurnalı kiosklardan, marketlərdən almaq və abunə yolu ilə əldə etmək mümkündür. Həmçinin, uşaqların marağını cəlb etmək üçün jurnalın üzərində müəyyən hədiyyənin də olması nəzərdə tutulur”.
Biz isə "Qaranquş”a ilin bütün fəsillərində müjdə gətirməyi arzulayırıq! Ugurlu olsun!
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər