• çərşənbə axşamı, 19 mart, 12:04
  • Baku Bakı 8°C

Qaranlıqları aydınladan işıq - Fotolar

05.10.18 13:36 6044
Qaranlıqları aydınladan işıq - Fotolar
Dünyada gözəl, nəcib peşələr çoxdur. Belə peşələrdən biri də müəllimlikdir. Şəxsiyyətin ahəngdar inkişafı məktəbdə müəllimin üzərinə düşür. Müəllim cəmiyyətdə çox böyük rol oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə ötürür. Tanınmış şəxsiyyətlər müəllimin əməyinə hər zaman yüksək qiymət veriblər. Dünya fatehi Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında deyib ki, valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı. Dahi Azərbaycan şairi Nizami Gəncəviyə görə, təhsilin köməyi ilə insanlar təbiətin və insan mənəviyyatının sirlərini öyrənə bilərlər. Elmin qüdrəti, insanın elmlə üstünlük qazanması, qələbə çalması Nizami dünyagörüşünün əsas məğzini təşkil edir. Görkəmli alim Nəsrəddin Tusi "Əxlaqi-Nasiri” əsərində müəllim peşəsinə yüksək qiymət verərək sual edib ki, varlıqları ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəflisi nə ola bilər?
"Müəllim” adı ən yüksək addır”
Ümumiyyətlə, müəllimliyə, müəllim adına dünyanın istənilən yerində böyük ehtiram və hörmət olduğundan, bu müqəddəs peşə sahiblərinin əməyi yüksək dəyərləndirilir. Elə 5 oktyabr Beynəlxalq Müəllimlər Gününün UNESCO-nun qərarı ilə 1966-cı ildən dünyada qeyd edilməsi də buradan qaynaqlanır. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul olunub. Beləliklə də, qeyd edilən tarixdən etibarən Beynəlxalq Müəllimlər Günü ömrünü xalqın gələcəyi olan təhsilə həsr edən müqəddəs peşə sahiblərinin bayramı hesab olunur. Azərbaycanda da müəllimlər günü 1993-cü ildən qeyd edilir. "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. "Müəllim” adı ən yüksək addır. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev, Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Bu da təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev Azərbaycanda ona təklif olunan müxtəlif fəxri adlardan yalnız "Xalq müəllimi” fəxri adını məmnuniyyətlə qəbul edib. Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev, eləcə də onun ən yaxın silahdaşı sayılan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da müəllim peşəsini, o cümlədən müəllim adını şərəflə daşıyan insanları hər zaman yüksək qiymətləndiriblər.
"Mürəkkəb və məsuliyyətli vəzifə”
Bütün bu sadalanan fikirlərdən aydın olduğu kimi, müəllimlik çox şərəfli peşədir, şərəfli olduğu qədər də mürəkkəb və məsuliyyətli vəzifədir. Sevindirici haldır ki, bu vəzifənin öhdəsindən ləyaqətlə gələn, gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxs imicini doğruldan müəllimlərimiz çoxdur. Belə fədakar müəllimlərdən biri də Cəmil Abdullayevdir. O, 13 may 1936-cı ildə Azərbaycanın Qərbində (indiki Ermənistan) - Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. Sadə kəndli, təsərrüfatçı ailəsində böyüyən C.Abdullayev uşaq vaxtlarından yazıb-oxumağa, elm, bilik öyrənməyə böyük maraq göstərib. Elə bu maraqla da Nərimanlı kəndindəki səkkizillik orta məktəbə qəbul olub. Sonradan on illik tam orta məktəbə çevrilən bu təhsil ocağının 1953-cü ildəki ilk məzunları sırasında C.Abdullayev də yer alıb. Həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul olub. Burada Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə təhsil alıb. O, qiyabi ali təhsil almaqla, paralel olaraq, vaxtilə oxuduğu Nərimanlı kənd orta məktəbində 1953-56-cı illərdə katib-hesabdar işləyib.
"Təhsilə olan böyük maraq”
Cəmil müəllimlə söhbət zamanı o, uşaqlıq və məktəb illərindən söhbət açdı. Bildirdi ki, təhsilə olan marağı bütün çətinliklərə sinə gərməkdə ona yardımçı olub: "Əvvəllər bizim kəndimizdə orta məktəb səkkizillik idi. Təhsili davam etdirmək üçün qonşu Zod kəndindəki məktəbə getməli idik. Bundan başqa, yuxarı siniflərdə oxumaq istəyən şagird o dövrün pulu ilə, ildə 150 manat ödəməli idi. Yəni, yuxarı siniflərdə təhsil pullu idi. Əks halda məktəbli sinifdən sinfə keçmək üçün buraxılış imtahanına buraxılmırdı. Bizim də ailəmizdə maddi durum yaxşı deyildi. Oxumağa böyük həvəsim var idi. Ona görə də hər zəhmətə qatlanırdım. Kəndin mal-heyvanını otarmaqla, təsərrüfatda çalışmaqla topladığım əməkhaqqımdan 150 manatını təhsil haqqına, 50 manatını da kitab-dəftər üçün ayırıb, qalanını evə verdim. Fikirləşirdim ki, Zod kəndindəki məktəbdə təhsilimi davam etdirim. Lakin o dövrdə Basarkeçər rayonunda raykom katibi işləyən Talıb Musayevin sayəsində Nərimanlı kənd orta məktəbi də 10 illik məktəbə çevrildi. Mən də təhsilimi öz kənd məktəbimizdə davam etdirməli oldum. Üstəlik, 1952-ci ildən sonra orta təhsilin yuxarı sinifləri üçün təhsil haqqı ləğv edildi, təhsil tam pulsuz oldu. Talıb Musayevin sayəsində rayonumuza təyinatla gələn bilikli, savadlı müəllimlər Nərimanlı orta məktəbində işlə təmin olunurdu. Bu da məktəbdə təhsilin, tədrisin keyfiyyətini artırırdı. O gənc müəllimlər biz şagirdlər üçün sözün əsl mənasında nümunəyə çevrilirdilər. Müəllim adına, müəllim peşəsinə hər kəsdə rəğbət daha da artırdı. Elə mənim müəllimlik kimi şərəfli bir peşəni seçməyimə səbəb də bu amil oldu. Bundan başqa, o dövrdə müəllimlər dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunurdular. Bu kimi səbəblərdən Nərimanlı kənd orta məktəbini bitirən həmkəndlilərim arasında müəllimlik, həkimlik və sair kimi peşəni seçənlərin, bu istiqamət üzrə ali təhsil alanların sayı çox idi”.
"Şərəfli ömür yolu”
C.Abdullayev 1956-cı ildə - ali təhsilinin 3-cü kursunun sonunda Basarkeçər rayonu Sarıyaqub kənd məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. 1957-58-ci illərdə Qoşabulaq, 1958-66-cı illərdə Qayabaşı kənd məktəblərində çalışıb. C.Abdullayev 1967-ci ildən 1988-ci ilin sonuna qədər doğma kəndi Nərimanlıdakı tam orta məktəbdə müəllim kimi pedaqoji fəaliyyətini davam etdirib, Azərbaycan dili və ədəbiyyat fənnini tədris edib. Bu illər ərzində Müəllimləri Təkmilləşdirmə İnstitutunda da kurs keçib. 1988-ci ildə Ermənistandakı azərbaycanlıların deportasiyaya məruz qalması səbəbi ilə C.Abdullayev ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Burada da o, Nəsimi rayonundakı 9 saylı orta məktəbdə işlə təmin olunub. 2011-ci ilə qədər direktor müavini, həmçinin Azərbaycan dili və ədəbiyyat müəllimi kimi peşə fəaliyyətini davam etdirib. C.Abdullayev pedaqoji fəaliyyət dövründə qabaqcıl təhsil işçisi olaraq hər zaman diqqət mərkəzində olub. O, dəfələrlə Ermənistan təhsil nazirliyinin, Basarkeçər rayon təhsil şöbəsinin diplom və pul mükafatlarına, təşəkkürnamələrinə layiq görülüb. Azərbaycana köçəndən sonra da təhsildə fərqləndiyinə görə, müxtəlif mükafatlara layiq görülüb.
"Qabaqcıl təhsil işçisi, nümunəvi ailə başçısı”
Qeyd edək ki, qabaqcıl təhsil işçisi olaraq hər zaman pedaqoji heyətin, şagird və valideynlərin hörmətini qazanan C.Abdullayev hazırda təqaüddədir. O, nümunəvi ailə başçısıdır. Ailəsindən, uşaqlarından söhbət açan Cəmil müəllim deyir ki, pedaqoji fəaliyyətlə məşğul olan, şagirdlərə, tələbələrə dərs deyən müəllim öz həyat tərzi ilə hər kəs üçün nümunə olmağı bacarmalıdır: "Ailə başçısı olaraq, övladlarımın təhsil almasına, cəmiyyət üçün yararlı insan, xalqına, dövlətinə, millətinə faydalı işlə məşğul olmalarına çalışmışam. Sevinirəm ki, övladlarımın hamısı ali təhsilli, öz sahəsində tanınmış simalardır. Onlar arasında həkim, neftçi, hüquq-mühafizə orqanı işçisi, hərbçi olanları da var. Hər biri ayrı-ayrılıqda Azərbaycanın, dövlətimizin, dövlətçiliyimizin daha da güclənməsinə öz işləri ilə töhfə verirlər. Onların hər biri ilə qürur duyur, fəxr edirəm. Sevinirəm ki, nəvələrim də valideynləri kimi ali təhsil almağa, elm-bilik öyrənməyə can atırlar. Baba üçün bundan sevincli nə ola bilər ki? Bir oğlum - Şövqiyar Abdullayev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Prezidentinin sərəncamı ilə o, döyüşlərdə göstərdiyi şücaətə, igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb (http://kaspi.az/az/dusmenin-qorxulu-ryasi/). Milli qəhrəman medalı da ümummilli lider Heydər Əliyev tərəfindən mənə təqdim olunub".
"Qaranlıqları aydınladan işıq”
Sonda qeyd edək ki, müəllim - qaranlıqları aydınladan işıqdır, cəhalətə, mövhumata qarşı yorulmadan çarpışan bir fədaidir. Qocaman müəllim, Milli Qəhrəman atası Cəmil Abdullayev də ömrünün 55 ilini millətinin, xalqının gələcəyi yolunda şam kimi əridən, müəllim adını şərəflə daşıyan ziyalılarımızdandır. Bu yazı ilə Cəmil müəllimi və onun simasında bütün müəllimlərimizi Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbrik edirik.
Rufik İSMAYILOV







banner

Oxşar Xəbərlər