• çərşənbə axşamı, 19 mart, 12:14
  • Baku Bakı 8°C

Qaranlıqda Şərqi deyənlər...

14.01.19 13:45 1466
Qaranlıqda Şərqi deyənlər...
2013-cü ildə "FIL PRODUCTION" və "Cinex Azerbaijan Film & Digital production"da istehsal olunan, "Palm Springs International ShortFest" kimi festivallarda iştirak edən "Yara” qısametrajlı filmini tək kəlmə ilə ifadə etməli olsaq, bu söz qaranlıq sözü olar. Təkcə ona görə yox ki, film günün qaranlıq vaxtını əhatə edir və hava işıqlaşanda bitir. Ona görə də yox ki, nəyin nə üçün baş verdiyi qaranlıq qalır, iki adamın sürücünün və fəhlənin nə apardı, niyə apardığını bilmirik, həm də ona görə ki, qaranlıq Teymur Hacıyevin "Yara” filminin ideya həllində iştirak edən bir cəhətdi: Keçmiş də, gələcək də qaranlıqdır. Dünən nə olub, aydın deyil, sabah necə açılacaq, bəlli deyil.
"Yara” filmi iki gəncin (Rasim Cəfər, Elmar İmanov) söhbətiylə başlayır. Məkan, rakurs, növbələşən iri və orta planlar, rəng həlli gecənin şəri nədən danışır, söhbətin nədən getdiyini bilməsək də, bir nuar filmi havasına düşürük.
Dəyişən epizodları güvənsizlik hissimiz müşayiət edir: bayaqkı gənclərdən biri indi sürücüdür. O, yaşlı fəhləni yük yerindəki "zibil”i boşaltmaq üçün mikroavtobusa götürüb.
Nuar ab-havası hansısa cinayətin təfərrüatları üçün yox, tamaşaçını lazımi hisslərə kökləmək üçündür: güvənsizlik, həyəcan, şübhə. Sürücü kimdir, nə istəyir? Heç nədən xəbərsiz fəhlənin bu arxayınlığı nədir?
Bir neçə epizodla mikroavtobusda gedən söhbətlər tamam ayrı kontekst kəsb etməyə başlayır.
Fəhlə və sürücü arasında baş tutmayan söhbət nəsillərin, dəyərlərin, dünyaların ziddiyyətini göstərir. Buna rasional dünya ilə kor-koranə qorunan dəyərlərin toqquşması da demək olar. Keçmişlə gələcəyin qarşılaşması da.
Sürücü ilk cümləsi ilə qoca fəhləni aşağılayır, onun qoruduğu dəyərləri ələ salır, didaktik intonasiyasını sındırır, üsyanını gülüşü ilə yatırır.
" – Mən bir dəfə də atamın gözünə dik baxmadım. Amma mənim oğlum anasını söyür.
– Sənin atan məğlub olmamışdı”.
Gizli bir qəzəb, qisasçılıq onların bir-birini anlamasına, emosional kontaktına mane olur. Bu nədir? Pul? Zaman? Keçmiş? Gələcək? Bəlkə, məğlubiyyət yarasıdır? Ya bu günə görə keçmişdən qisas almaq arzusudur?
Mikroavtobusda nə aparıldığını bilməyən yaşlı fəhlə və qeyri müəyyən dəyərləri rahatca tapdayıb məqsədinə gedən, açılacaq səhərə sahib çıxmaq istəyən gənc. İki zamanın, iki dünyanın siması olaraq onlar bir-birini ittiham edir. Faciənin səbəbi kimdədir?
Sual verməyən, hansısa qeyri-müəyyən dəyərlərə riayət edən, kor-koranə bir tabeliklə deyiləni icra edən yaşlı Keçmiş?
Azacıq sonra bu iki adamın qarşılaşması-toqquşması yox, ardıcıllıq olduğunu görürük. Bu sürücü gənc keçmişi təmsil edən o fəhlənin yetirməsidir.
Epizodlardan birində yol polisi fəhlədən nə apardıqlarını soruşur. Nə aparıldığını bilməyə-bilməyə fəhlə polisi öz əsassız inamına yoluxdurur. Həm də sadə bir atributla – ağ saqqalı ilə.
Bilə-bilmədiyimiz, olsun ki, böyük bir cinayət belə qeyri-müəyyən bir inamın, küt bir laqeydliyin hesabına örtülür. Faciənin kökü burada deyilmi?
Sadəcə, avtobusuna minib zibilini atacağın üçün insana "yaxşı adam” demək saxtalıqmı, sadəlövhlükmü, axmaqlıqmı, ümumiyyətlə, nə deməkdir?
Əgər sürücüyə "Yaxşı adam” deyib "şirinlik” edən sovetdənqalma fəhlə bu qədər xoşməramlısa, sadəlövhsə qəfil söyüşü haradan çıxdı? Merkantil saxtakarsa, dəyərlər haqda didaktik mülahizəsi nəyə lazımdır? Bircə şey bəllidir: bu adam bütün xassələri və çalarlarıyla faciəvidir. Bədbəxtlik üz-gözündən tökülür. Şamil Süleymanovun belə çoxqatlı aktyor oyununu "Yara” filminin əsas uğurlu cəhətlərindən biri saymaq olar.
Bəs sürücünün təmsil etdiyi inamsız, rasional dünyada, şübhələrlə baş-başa yaşamaq necə, insanı xoşbəxt edə bilərmi? Yeni dünyanın tənha qəhrəmanları nəyə nail olacaq? Bu aqressiya axırlarına çıxacaq? Ümumiyyətlə, kölə xislətli barışqanlıq yaxşıdır, yoxsa aqressiv dağıdıcılıq?
Və bu son iyirmi ildə publisistikada aktual olan tanış kontekstdir. İki dövrün, nəsillərin toqquşmasında ortaya çıxan ittihamlardır. Keçmişin dəyərlərinin çürük çıxdığını göstərən gəncliyin intonasiyası yumşalsa belə suallar hələ də açıqdır.
Finalda sürücü zibili daşıyıb tökən fəhləni elə oradaca güllə ilə vurur. Fəhlənin iniltiləri ilə hava işıqlaşmağa başlayır. Hələ ölməyən keçmişin iniltiləri ilə açılan səhərdən nə gözləmək olar? Film finalı ilə daha bir sual qoyur, bu qədər sualın içində tamaşaçını keçmiş, indi və gələcək haqqında düşüncə müstəvisinə çıxarır və konteksti bu gün üçün aktual olan sosial məsuliyyət mövzusuna gətirir.
Bu yalnız ustaca seçilən dialoqların yox, aktyor seçiminin, aktyor oyunun, məkan və rəng həllinin, səs, işıq xırdalıqlarının yaratdığı atmosferin, kameranın "lal şahid” mövqeyinin sayəsində mümkün olur. Süjetin, dialoqların verdiyi informasiya məhdudluğu (Apardıqları nə idi? Niyə aparırdılar? Fəhləni niyə güllələdi? Bu gənclər kimdir?) konteksti daha da dərinləşdirir.
Və son suala gəlib çıxırıq: kimin yükü daha ağırdır? Keçmiş günlərin xəyalları ilə bu günün ziddiyyətləri ilə əzilən keçmiş sovet fəhləsinin, yoxsa "adam kimi” yaşamaq istəyən, furqondakı yükdən elə fəhləqarışıq azad olmaq istəyən gənc sürücünün?
İndinin, gələcəyin yəni gənc sürücünün yaraladığı yaşlı nəsili təmsil edən sovetdənqalma fəhlə. Bu nəsildən, bu keçmişdən bir yük kimi qurtulmaq istəyən gənc nəsli təmsil edən sürücü. Alatoran.
Bu film yox, bir fotodur.
Teymur Hacıyevin filmi sadalanan üç qütbü bir fotoda göstərər qədər lakonik, assosiativ, fraqmental və eyni zamanda məzmunlu və yığcamdır. Üstəlik seçilən hər bir kadr, öz bədii-estetik parametrlərinə görə fotoqrafiyanın tələblərinə önəm verir.
Və fotoya aid daha bir cəhəti var: konkret süjet və məzmununa baxmayaraq, çoxkontekstlidir. Qütblərin yerinə Qərb və Şərqi də qoymaq olar, ikinci, üçüncü dünyanı da, sosializmlə kapitalizmi də, keçmişlə gələcəyi də, iki fərqli dünyabaxış sistemi olan insanı da. Hansı görünsə.
Yəni "Yara” yalnız Sovet İttifaqı kimi ortaq tarixi olan coğrafiyalar üçün deyil, rasionallaşan dünya, yeni dövr, yeni reallıqlarla üz üzə təbəddülat yaşayan insanlara da xitab edir.
ALİYƏ









banner

Oxşar Xəbərlər