• şənbə, 20 Aprel, 01:26
  • Baku Bakı 15°C

Qaranlıq otaqda qara pişik axtaranlar

04.07.18 20:35 1285
Qaranlıq otaqda qara pişik axtaranlar
Ölkədə elektrik enerjisinin verilməsində fasilələr yarandı və eləcə də Gəncədə kriminal hadisə baş verdi. Təbii ki, bu hadisələr arasında hansısa bağlantı olduğunu düşünmək kökündən yanlışdır. Lakin Azərbaycandakı inkişafa və sabitliyə qarşı olan qüvvələr yenə də "fürsət”dən istifadə etməyə cəhd göstərdilər. Ölkə daxilinə qədər uzantıları olan bu qüvvələr və mərkəzlər sosial şəbəkələr vasitəsilə insanları xaosa, itaətsizliyə çağırdılar. Xüsusilə, bu məsələdə Avropada, Amerikada oturan və özünü "siyasi mühacir” hesab edən "qəhrəman”ların canfəşanlığı diqqətdən kənarda qalmadı. Lakin Azərbaycan xalqının prezident İlham Əliyevə etimadı növbəti dəfə onların niyyətini gözündə qoydu.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında siyasi şərhçi Azər Həsrət istər elektrik enerjisində yaranmış problem, istərsə də Gəncədə baş verən kriminal hadisə zamanı cəmiyyətə çağırışlar etdiyini diqqətə çatdırdı. Onun sözlərinə görə, nəinki Azərbaycanda, dünyanın hər yerində belə qəzalar baş verir: "Əlbəttə ki, bundan sui-istifadə edib siyasi hesablar yapmaq doğru deyil. Digər məsələ, yəni kriminal hadisəyə də hansısa siyasi don geyindirmək doğru olmaz. Sadəcə olaraq, kriminal bir element haqq-hesab çəkmək istəyib. Ona görə də əlinə silah alıb və dövlət təmsilçisinə atəş açıb. Yəni, bu hadisələr heç bir siyasi bağı olmayan ayrı-ayrı olaylardır. Üstəlik də biri-birinə aidiyyatı olmayan hadisələrdir. Bundan başqa, Azərbaycan xalqı bu günlər ərzində çox təmkinli davrandı, məsələlərə kifayət qədər sakit yanaşdı. Əlbəttə ki, elektrik enerjisinin kəsilməsi ilə bağlı narahatlıq var idi, amma buna baxmayaraq, insanlar özlərindən çıxmadılar, əsəbiləşmədilər, yaxud da hər hansı ajiotaj yaranmasına rəvac vermədilər. Ona görə ki, Azərbaycan xalqı ölkədəki sabitliyin, xüsusən iqtisadi inkişafın, ümumiyyətlə dövlətin etibarlı əllərdə olduğunun fərqindədir. Məhz bu səbəbdən hansısa siyasi qüvvələrin hesabları baş tutmadı. Düzdür, ölkə içindən ortalığı qarışdırmağa meyl edən o qədər də çox adama rast gəlmədik. Əsasən Avropada, Amerikada oturmuş və Azərbaycanı daxildən qarışdırmaq üçün bəlli şübhəli mərkəzlərdən tapşırıq almış adamlar hərəkət etməyə çalışdılar, amma onların cavabları verildi”.
A.Həsrətin fikrincə, bütün bunlar onu göstərir ki, Azərbaycanda xalq sabitliyin qədrini bilir: "Eyni zamanda, xalq Azərbaycan prezidenti ilə vəhdətdədir. Yəni, siyasi hakimiyyətlə xalq arasında heç bir uçurum yoxdur. İndi əlbəttə ki, elektrik enerjisində yaranmış problemlə bağlı kimlərinsə, cəzalandırılması lazımdırsa, bunu cənab prezident edəcək. Artıq komissiya yaradılıb, araşdırma aparılır və nəticələrə uyğun olaraq da dövlət lazım olan addımları atacaq. Xalq da dövlətə, prezidentə, eləcə də yaradılan komissiyanın işinə güvəndiyinə görə təmkinli şəkildə gözəyir ki, nəticə ortaya çıxsın və müvafiq qaydada addımlar atılsın. Artıq elektrik enerjisinin verilişi bərpa edilib. Bu elə də dəhşətli fəlakət deyil. Əsas odur ki, bu cür hadisələr Azərbaycan xalqı ilə hakimiyyəti arasında hər hansı uçurumun olmadığını bir daha sübut etdi. Azərbaycan xalqı bir daha göstərdi ki, istənilən qüvvənin təxribat törətmək cəhdi sadəcə olaraq fiaskoya uğrayacaq və heç kim ölkə daxilində qarşıdurma yarada bilməyəcək”.
Tanınmış jurnalist Taleh Şahsuvarlı bildirdi ki, 2003-cü ilin avqustunda ABŞ və Kanada zülmətə qərq oldu və nəticədə Kanadada 10 milyon, ABŞ-da isə 40 milyon insan enerji sistemində baş verən qəzadan zərər gördü: "Həmin dövrdə ABŞ və Kanadada baş verən hadisə zamanı Nyu- Yorkun hava limanı, Pirson və Toronto aeroportları işləmədi. Metro dayandı, 100-dən çox elektrik stansiyası çalışmaz hala gəlmişdi.
Deyə bilərsiniz ki, bu uzaq keçmişdi, 15 il öncədir, o zamandan bəri texniki inkişaf baş verib. Digər bir misal, 30 və 31 iyul 2012-ci ildə, iki gün ard-arda Hindistanın 14 ştatında elektrik verilişi dayandı. 620 milyon insan baş vermiş qəza nəticəsində işıqsız qaldı. Dehli metrosu bağlanmış, minlərlə insan liftdə qalmışdı. 200-dən çox fəhlə şaxtalarda çarəsiz vəziyyətdə idi. Bütün dövlət və biznes qurumları iflic olmuşdu.
2013-cü ildə isə Avstraliyada baş vermiş elektrik kəsintisində yüz minlərlə insan işıqsız qalmış, elektrik sistemi 10 günə bərpa edilmişdi. Həmin ilin fevralında ABŞ-ın Yeni İngiltərə ştatında baş vermiş qəza nəticəsində 650 min ev və biznes mərkəzi elektriksiz qalmışdı. Yenə həmin ilin aprelində Polşada elektrik verilişi dayanmış, hətta Varşava hava limanı fəaliyyətini dayandırmışdı. Filippin, Malta, Misir kimi dövlətlərdə zaman-zaman elektrik enerjisindəki problemlər saatlarla sürmüşdü. 2015-ci ilin yanvarında nüvə dövləti Pakistanın 80 faizi elektrikdən məhrum olmuşdu. Elə həmin il qardaş Türkiyədə də əhalinin 90 faizini əhatə edən elektrik qəzası yaşanmışdı. Bu il isə Sudanda, ABŞ-da, Sinqapurda eyniməzmunlu fəlakətlər baş verib. Bu baxımdan, elektrik stansiyalarında qəzaların baş verməsi dünyada görünməmiş olay deyil. Bizdən qat-qat inkişaf etmiş, əhalisi bizdən qat-qat çox olan ölkələrdə bu cür problemlər yaşana bilir. Orda da bu qəzalar sosial həyata neqativ təsir edir. Xəstəxanalar, metrolar, zavodlar, işıqforlar işləmir, adamlar ölür, liftdə qalır və s.
Şükürlər olsun, bizdə ölüm-itim yoxdur. Əgər həmin qəzaların hər hansı biri ilə Azərbaycandakı olayı müqayisə etsək, tam qətiyyətlə deyirəm, görəcəyik ki, bizim ölkəmiz bu fövqəladə vəziyyətdən daha üzü ağ çıxıb. Bu da ondan irəli gəlir ki, hadisə baş verər-verməz prezident İlham Əliyev bütün hökuməti səfərbər etdi, məsələni birbaşa nəzarətə götürməklə operativ və konkret tədbirlər gördü. Əlbəttə, ortada bir çox suallar var və əminəm ki, dövlət başçımızın sərəncamı ilə yaradılan komissiya bu suallar üzrə bütün versiyaları araşdıracaq, günahkarlar qanun qarşısında cavab verəcəklər”.
T.Şahsuvarlı qeyd edib ki, bu məsələdə Azərbaycan vətəndaşları olaraq da mütləq çoxluğumuz təmkinli davrandıq, təşvişə düşmədik, sağduyu ilə hərəkət etdik: "Ancaq belə görürəm ki, bu hadisədən sevinənlər, qəzadan istifadə edib Azərbaycanın milli maraqlarını zədələmək istəyənlər oldu. Baxın, ordumuzun hərbi təlimlər keçirdiyi və Ermənistanı lərzəyə saldığı günlərdə İrəvan rəsmilərinin, mediasının tutarğası nədir? Onlar hər zaman Mingəçeviri vurmaqla hədələyib və indi "görürsüz, vursaq necə olar?" deyə Azərbaycanın savaş əzmini psixoloji baxımdan qırmağa can atırlar. Erməniləri başa düşmək olar, düşməndirlər, sevinəcəklər. Amma ermənilərə qoşulanlar da var. Tez-tez sual edirlər, budur Avropanın enerji təhlükəsizliyini təmin edən dövlət? Bəli, budur! Bəli, bizik! ABŞ-da elektrik qəzası baş verəndən sonra ABŞ dünyanın super gücü olmadımı? Bəlkə eyni hadisədən sonra Hindistan nüvə dövləti olmadı? Fransada kimlərsə "məqamdır" deyib, prezidentə qarşı sarsaq-sarsaq bəyanatlar verdimi?
Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq istəyənlər bir neçə gün öncə keçirilən möhtəşəm parada rişxənd edənlər, Azərbaycan davasının fərariləri, Azərbaycan insanının mənəvi işıq stansiyasına soxulmuş qara pişiklərdir. Qara keşişlər və qara pişiklər ittifaqının xalqımıza, dövlətimizə və prezidentimizə qarşı bütün qara niyyətləri ürəklərində qalacaq”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər