• cümə, 29 Mart, 05:20
  • Baku Bakı 7°C

Qaranlıq meşə

27.11.17 22:12 20119
Qaranlıq meşə

Meşə ağıl və hünərin yox olduğu qaranlıq torpaqlarda yarandı. Qapqara budaqları ilə ləngər vura-vura şəhərlərdə yeridi. Danışmaq istəyir deyə hamını susdurdu, gülümsəmək adıyla ağlatdı, qucaqlamaq bəhanəsi ilə yaxınlaşıb boğmağa çalışdı. Harada dan yeri görsə, işıq keçməyən libasını oraya sərdi. Nə zaman insan yaxınlaşsa, qarşısına aslanlarını, qurdlarını çıxartdı. İrəliləyə bilməsinlər deyə yollarında uçurumlar qazdı, yüksəlməsin deyə ayaqlarına qandallar vurdu. Tapmağın bütün işarələrini azdırıcı işarələr ilə əvəzlədi. Şeytana əlbirlik təklif edib Cənnətin qapısına Cəhənnəm, Cəhənnəmin qapısına isə Cənnət lövhəsi asdı. Şairin səbətindəki bütün ağrılarını, sevgilərini, nifrətlərini və hər şeydən uca tutduğu ümidlərini "Ərəf” adlanan dərin mürəkkəb qabına tökdü. Qələm bütün bunları bir nəfəsdə içinə çəkdi və danışmağa başladı: "Ömrümün yarısında özümü qaranlıq meşənin ortasında tapdım, yolu itirmişdim. Heyhat! Hər dəfə xatırladıqca qorxumu yenidən dirildən bu vəhşi meşədən bəhs etmək nə qədər də çətindir. Doğru yoldan ayrılanda elə yuxuluydum ki, meşəyə necə girdiyimi xatırlamıram. Ürəyimə dəhşət toxumları səpən vadinin sonuna yaxınlaşıb, təpənin ətəyinə çatdıqda başımı qaldırdım və insanlara hər yerdə düzgün istiqaməti göstərən ulduzun işığı ilə aləmin aydınlandığını gördüm.

Dante Aligyeri ruhuna məskən axtaran şair kimi qaranlıq meşəyə bənzətdiyi dünyadan çıxış yollarını tapmağa çalışırdı. Qəlbini lərzəyə gətirən ələ keçib, diri-diri yandırılacağı təhlükəsi deyildi. Faciə gözəlliklə çirkinliyin ruhunu paylaşmamaqdan yaranırdı. Uşaq Dantenin sevdiyi uşaq Beatriçe fərqində olmadan bütün sərhədləri bənizi ilə dağıdaraq gözəlliyini sonsuzluğun hissəsi kimi ona göstərir. Elə həmin an dünyanın çirkinliyi Beatriçenin gözəlliyi fonunda daha da qabarıq görünür. Hovuzlarda üzən bu gəmi heç bir vəchlə saf dənizə yan ala bilmir. Beatriçenin isə baş verənlərdən xəbəri yoxdur. Şair sonralar "Yeni həyat” adlı kitabda işıq üzü görəcək şeirlərini hələ 18 yaşından yazmağa başlayır. Beatriçe yenə də hər şeydən xəbərsizdir. Dantenin həyatını alov topuna çevirərək 24 yaşındaykən dünyadan köçür. Budur, bütün yanardağların damğaya çevrilib Beatriçenin möhürünü Dantenin sinəsinə vurmaq üçün tələsdikləri an! Fəqət bu möhürdən fərqli bir rəsmin meydana çıxması necə də qəribədir. Bu, qadın surəti deyil, Cəhənnəmdir! Dante şair Vergilinin başçılığı ilə o ələm yurduna səfərə çıxır. "İlahi komediya”nın ilk dayanacağı Cəhənnəmdir. O, nəhəng qapıdakı qara yazıları oxuyur: "Göz yaşı şəhərinə gedilən yol məndən keçir, əbədi iztiraba aparan cığır mənəm. Uca Yaradanın şanı ədalətdir. Mən ilahi qüdrət və hikmətin – ilk eşqin əsəriyəm”.

İki şairin sonrakı dayanacaqları Ərəf və Cənnət olur. Zəncirin halqaları bir-birini tamamlayır. Əslində, Dante Karleylaya nəzərən haqlıdır: Şiddəti görməyən insan mərhəməti də dərk etməz. Cənnəti var edən Cəhənnəmdir və ya əksinə. İnsan tükənmək bilməyən maddi ehtiraslarını harada məhv edəcək, hansı söz gözlərini açmaq və uzun müddət "yummamaqda” onun karına gələcək? Sözün sirri nədir? Hansı dərinlikdən gəlsə, insana büsbütün təsir göstərə bilər? Dante "İlahi komediya”da məhz bu dərinlikdən səslənir. Gözəlliyi əlində açar edərək Beatriçenin sevgisindən ilahi eşqə yüksəlir. Cənnətdə qarşılaşırlar – bir başqa aləmdə vüsala çatırlar. Artıq o, ətdən, sümükdən ibarət bir qadın deyil, cənnət başçısıdır. İndi günahlar içində əzilən ruhlara birlikdə səslənmənin tam zamanıdır. Yüksəlin, yüksəlin Mərifət zirvəsinə!

XIII əsrin ortalarında insanlar Danteni bir-birilərinə "Cəhənnəmdən gələn adama baxın!” deyərək göstərirdilər. İnsanların çörəyinin nə qədər duzlu, nərdivanların nə qədər dik olduğunu görən bu adam məhəbbətlə bağlandığı vətəni Florensiyadan "Ağ”larla "Qara” ların mübarizəsinə görə sürgün olunmuşdu. İqtidar qovğası edən bu iki ailənin meydanlarda yandırılan kitablarının alovu ölərkən sümüklərinə nüfuz etmişdi. Çünki dünya dağıdıcı ehtirasların əlindən qaranlıq meşə idi. Fəqət bu ruh bədənlə birləşərək inanc, ümid və xeyirlə aydınlana, inkişaf edə bilərdi. Bax, o zaman insan kimin nə etdiyinin fərqində olardı. Bir zamanlar sümüklərinin belə kül olması arzulanarkən ona "İlahi şair” adı verilir və sadəcə "Komediya” olan əsərinin adı "İlahi komediya” kimi dəyişdirilir. "Dantedən əvvəl italyan dilindən bəhs edilə bilməz” deyənlər olsa da, sonradan insanlar gözlərini yumub qaranlıq meşələrdə yaşamağa davam etdilər.

Lövbər atacağım yer bura deyil

Frans Kafka haqqında

Parkda gəzişərkən quş civiltilərinə ağlayan uşağın səsi qarışmasaydı, dayanmayacaqdı. Bu səsi eşidib ayaq saxlayır və balaca qızın yaşlı gözlərinə baxır, uşaq danışdıqca o da yeni bir hekayə fikirləşir. Gerçəyin yarasını xəyallarla sarıyıb sağaltmağa çalışır. "Ağlama, gəlinciyin itməyib!” İlk cümlə, ilk kömək.

Qızcığaz ağlamağını kəsir. Elə o anda həmin adam üzünə etiraz dalğaları çırpılmadan hekayəsinə davam edir. "Sadəcə gəzməyə çıxıb, bayaq onu gördüm, söhbətləşdik. Sənə məktub yazacağına söz verdi”. Sabah eyni saatda burada ol, o məktubu gətirəcəyəm. Elə cümlə ağzından çıxan kimi uşağın gözlərində göy qurşağı rəngləri yaranır. Adam məktubu gətirmək üçün parkdan çıxır. Eskalator yolu qısaltsa da, vaxt keçmək bilmir. Ertəsi gün uşaq gəlinciyin başına gələnlərdən bəhs edən məktubunu açır. Gördüyü yerləri, qarşılaşdıqları insanları... Bu "yazışma” poçtalyon xəstələnib kəndə gedənəcən davam edir. Ayrılmadan öncə balacaya bir gəlincik hədiyyə edir. "Artıq sənə məktub yazmayacaq, çünki özü gəldi. Düzdür, uzaq-uzaq ölkələrdə başına gələnlər onu bir az dəyişdirsə də, bu, sənin gəlinciyindir”.

Ah, sərgərdanlıq! Kafka yenə də sakit bir limana lövbər ata bilmir. Vaqonlar Berlindən Praqaya doğru yol alsa da, hər stansiyada parkdakı qucağında oyuncaq olan uşaq qarşısına çıxırdı. Kimsə onu "özü” olduğuna inandırmalıdır. Özü, yəni Frans Kafka "bir səhər insanı təngə gətirən yuxudan oyanıb, özünü elə yatağındaca nəhəng bir böcəyə çevrilmiş gördü”. Qriqor Zamza "Çevrilmə”dəki qəhrəmanın adı olsa da, bütün qəhrəmanlarını pozulmaz bir hərflə dağladı o: "K”. Qəfəslərin quş axtarmağa getdiyi zamanda böcək kimi oyanmaq nə üçün qəribə olsun ki?! Zamza bu halı qəbullanmasa da, ailəsi, dostları böcək kimi onunla davranır. Yalnızlıq, qorxu və başqalaşmanın birgə doğum günü hədiyyəsi: Bir qələm. Və Kafkanın ilk cümləsi: Yazmaq ölümdən daha dərin yuxudur! Ümidsizliyin içində dirilən ilahi nüvə. Hamı gerçəyi görə bilməz, fəqət hər kəs Gerçək ola bilər. Bu halda yazmağa yeni bir ad tapmalıyıq K. "Yazmaq = sitayiş”.

Bank işçisi Yozef K. 30-cu doğum gününün səhərində naməlum bir təqsirə görə həbs olunur. Hafizəsini ələk-vələk edib, günahını tapmasa da, ədalətin çarxları ona məsləhət vermək üçün gurultuyla fırlanırdı. Müdafiə pıçıltıya çevrilir, məhkəmə isə vəkillərlə üz-üzə gəlmədən davam edirdi. Ta ki 31 yaşına qədəm qoymadan bir gün əvvəl təkrar evindən çıxarılıb öldürülənə qədər. "Məhkəmə”dəki K–nın hekayəsi belədir. "Qəsr” dəki K–ya gəlsək, onun dərdi qəsrə çatmaqdır. K yeddi gün qəsrə çatmaq üçün mübarizə aparır. Fəqət namümkündür! Hər cəhdində daha çox ondan uzaqlaşır.

Kafka göylə çarpışmadı, xeyrin yanında yer tapmaq üçün sanki onunla yarışdı. Əgər bircə dəfə yaxşının yanında ola bilsəydi, insanlıq xoşbəxtliyə qovuşacaqdı. Bütün bunlar mütləq varlığa işarə idi. İnsan üçün sadəcə bir hədəf var idi. O halda, bu axmaqlıqlar nə üçün idi? Kafka məktublarından birində belə yazırdı: "İnsanda taqət qalmayana qədər sol əllə edilən axmaqlıqların cəzası sağ ələ kəsilir. Belə axmaqlıqları hər insan edir, Minze, özü də çox, daha çox”. Kafka vərəmin caynağına keçmiş ömründə həqiqəti yalandan ayırmağa çalışdı. "İçimdə yüz minlərlə qorxunc və saxta duyğular var. Həqiqi hisslər isə nədənsə ya özünü bəlli etmir, ya da çox zəif işartıları duyulur”. İnsan hələ də kəşf olunmamış ada kimi dalğalara göz qırpırdı. Fəqət ətrafda nəinki gəmi, qayıq belə yox idi. "Müəllim sənsən, amma təəssüf ki, ətrafda şagird görünmür” deyə ciyərləri sıradan çıxana qədər deyindi. Qırx bir yaşında sanatoriyada olarkən həyat hekayəsi bitdi, ya da başladı. Kim bilir... Geriyə isə yandırılmasını vəsiyyət etdiyi kitablar və içində atasına yazdığı 61 səhifəlik məktubun da olduğu yazılar qaldı. Bir də bu cümlə: "Dünya uğrunda mübarizə aparmaq necə də gülüncdür”.

Bütün sevinclərin qanadı qırıqdır

Herman Hesse haqqında

Öz-özünə hərəkət edən heç nə gözə görünməsə də, çoxlu diş və çarxlarla əhatələnmişik. Ən yüngül toxunuş belə mexanizmi hərəkət etdirməyə qadirdir. Birgə olmaq nə gözəldir – bütün çarxların eyni anda nəfəs alıb-verməsi, bütöv şəkildə dönməsi! Fəqət dişləri niyə paslanır? Axı niyə bərabər hərəkət etməyin şövqü sonda cəfaya çevrilir? Bəs niyə bapbalaca bir çarx öz mexanizmindən azad olub çəmənlərdə "gəzmək” istəyir? Yoxsa okeanların dərinliyində, dənizlərdə, buludlarda, küləklərdə, fırtınalarda öz yurdunu axtarır? Ya da bütün canlıları qanadlarını açaraq ölümsüzləşdirən zamanınmı axtarışındadır? Ah, zaman! Kəfgirlərini kəskin qılınc kimi üzərimizdə oynadır. Zaman! O necə də dəzgahlarda parıldayır.

Herman Hesse 1892-ci ildə balaca saat parçası kimi mexanizmindən ayrılıb təbiətə qaçanda on beş yaşı var idi. Seminariyadan uzaqda yaşadığı üçün 23 saat boyunca cibində bir qəpik pulu olmadan mənfi yeddi dərəcə şaxtada meşələri, gölləri dolaşaraq gözünü seminariyanın təcridxanasında açmış, özünə gələn kimi valideynlərinə bu cümlələri yazmışdı: "Həbs cəzamı çəkirəm. Yalnızca çörək və su verilir. Hazırda Homerin "Odisseyası”na başım qarışıb. Vəziyyətim pis deyil, sadəcə dəhşətli dərəcədə yorğun və gücsüzəm.” Səkkiz saatlıq müddət nə qədər az görünsə də, suya düşən daşın ətrafında sonsuz halqalar yaratması kimi nəhayətsizləşəcək və gənc Hermana

"Necə qəribədir, dumanda irəliləmək

Həm də hər ot, hər daş səssizkən.

Ağaclar qovuşmur bir-birinə

Hamısı da yalnız, yalnız, yalnız” – misralarını yazdıracaq.

Təkcə dostlarının qapıları deyil, getdiyi məktəblərin pəncərələri də bir-bir üzünə bağlanacaq, sonda saatsaz dəzgahında özünü tapacaq.

Hələ on yeddi yaşında dəmiri forma salmağa çalışan Hesse, on üç yaşından bəri cümlələrlə "oynamağın” xəyalı ilə alışıb-yanacaq. Hər dəfə güzgüyə baxdıqda "ya qələm adamı olacağam, ya da heç kim” deyə özünə söz verəcək. "Çarxlar arasında” romanı elə o dövrlərdə mayalanır və Hesse yalnızlıq qayalarından mütaliənin dibsiz sularına özünü əmanət edir. Höte, Dikkens, Servantes, Zolya romantizmin yarıqaranlıq meşəsində onu gözləyir. Və on səkkiz yaşında ilk misrasını yazır: "Bir xəyal idi, qarşımda sonsuzluğa qədər uzanan”. Gənc şairin saatsaz Perrota şəyirdliyi on dörd ay çəkir. Yeni işinin dəzgahında isə bu dəfə kitablar da var. Herman Hesse və kitablar... Sonralar üç il bir kitabxanada işləyir; kitabların əhatəsində böyüyür. Böyümüş hər şəyird kimi o da usta olur. İlk romanı "Peter Kamensind” insanlığı sivilizasiyanın təhkimlərindən xilas etməyə, özünü tanımağa dəvət edir. Necəgəldi yaşamın mənəvi basqısında qıvrılan insanlara özlərinə uyğun xəyallar qurmasının vacibliyini xatırladır.

Artıq Hesse kitab oxumadığı hər saatı bihudə hesab edir. "Şair olsam da, insan ola bilmədim” cümləsi ilə qamçıladığı ruhunu öz ifadəsi ilə desək, Cənnətini itirmiş Avropada sakitləşdirə bilmədiyini gördükdə Şərq mistisizminə sığınır; Siddharta Şərq torpaqlarında doğulur. O, Tanrıya və xeyirxahlığa çağırsa da, insanlar həmin günlərdə – Birinci Dünya müharibəsində bir-birlərinin boğazına yapışmışdılar. Müharibəyə qarşı çıxan Hesseyə Almaniya dar gəlir. Rahat yaşamaq üçün İsveçrəyə pənah aparır. Fəqət daxilindəki cəbhədə inqilablar səngiməzkən rahatlıq mümkündürmü ki? Əslində, yaşamağın məsuliyyətini hiss etməsə, intihar edəcəkdi. Tədricən "Boz qurd” romanındakı Harry Haller obrazına çevrilir. Bir hissəsi insan, bir hissəsi isə qurd olan bu adamı necə qəribədir ki, insanlar məhz qurd olduğuna görə sevirlər. Vəhşi, nəhəng qurdun mərhəmət həsrəti ilə çırpınan insana çevrildiyini görənlər təəssüflənir və tərk edirlər onu.

Bəs niyə Hesseyə ölüm yatağındaykən baş çəkməyə gəlirlər? Gəlməsinlər! Yaşlı ozan qapıya "Bu adamın insanlara ehtiyacı qalmayıb. Ən doğrusu, içəridə heç kim yoxmuş kimi qapısının önündən ötüb keçməkdir” sözləri yazılmış Çin aforizmini asır.

A.Ali Ural

Türkiyə türkcəsindən uyğunlaşdıran: Aytac Quliyeva

banner

Oxşar Xəbərlər