“Qaranlıq dairə”nin aləti
Siyasətdə müxalifətçilik edənlər hakim partiyanın, iqtidarın,
hökumətin siyasi kursunda yol verilə biləcək hər hansı nöqsanı dilə gətirən,
dövlətin, xalqın maraqlarını qorumaq məqsədilə fəaliyyət göstərən şəxslərdir.
Sivil yanaşmada siyasi müxalifət bir növ immunitet rolunu oynayır, mənsub
olduğu cəmiyyətin, ölkənin güclənməsinə xidmət edir. Belələri iqtidarın yaxşı
siyasətini, yaxşı işini təqdir etməyi də özlərinə mənəvi borc bilirlər. Onlar
üçün xaricdən maliyyələşmək, dövlətin, xalqın, ölkənin maraqlarını ayaqlar
altına atmaq ən böyük xəyanət və bağışlanılmaz səhvdir. İnkişaf etmiş ölkələrdə
iqtidar-müxalifət arasında hətta ciddi fikir ayrılıqları olsa belə,
milli-dövlətçilik maraqları gələndə, hər şey unudulur, digər maraqlar arxa
plana keçir. Hər iki cəbhə dövlətin, ölkənin daha da güclənməsi, xalqın
maraqlarının qorunması naminə vahid mövqe ortaya qoyur. Lakin əfsus ki, Azərbaycandakı
radikal müxalifət belə sivil davranışdan çox uzaqdır. Xüsusən də AXCP və onun
sədri Əli Kərimli, həmçinin cəbhəçilərin yedəyində gedən Milli Şura və onun
dönük professoru Cəmil Həsənli real müxalifətçiliyi, qərəzsizliyi, demokratlığı
çoxdan unudublar.
Məlumat üçün bildirək ki,
seçkidən-seçkiyə hiss olunan radikal müxalifət Azərbaycanda heç bir təbəqə
tərəfindən dəstəklənmir. İndiyə qədər keçirilən bütün seçkilərdə biabırçılıqla
məğlub olan radikallara Azərbaycan xalqı etimad göstərməyib. Ona görə də
radikallar hər zaman özgə qapılara pənah aparıblar. Ölkədə keçirilən istənilən
seçkidən öncə, onlar xarici ölkələrin Azərbaycandakı diplomatik
nümayəndəlikləri önündə boyunlarını bükərək səfirlərlə görüşü gözləyiblər.
Bəxtləri gətirəndə qapalı məkanlarda məxfi görüşlər keçirərək, 5-10 avro,
dollar, rubl qarşılığında öhdəlik götürüb, təlimatlandırılıb, ardınca da
müxtəlif təxribatlar törədiblər. Yəni, şəxsi maraqları, varlanmaq istəklərini
reallaşdırmaq müqabilində alət rolunu oynayıb, xalqın və dövlətin maraqlarını
satıblar. Buna nümunə kimi vaxtilə Amerikadan idarə olunan, Gürcüstanda,
Ukraynada baş verən qızılgül və narıncı inqilabların Azərbaycanda da baş
tutması üçün radikalların narıncı rənglərə boyanmasını göstərmək olar. Həmin
vaxt "portağal rəngli” bu insanlar Qərb
ölkələrinin Azərbaycandakı səfirləri ilə gizlin görüşlər keçirir, böyük
məbləğdə pullar alır, onların təlimatları ilə hərəkət edirdilər. Beləliklə də,
xalqın inam və etibarını itirmiş radikallar xarici qüvvələrin maliyyəsi və
dəstəyi ilə hakimiyyətə gəlmək niyyəti güdürdülər. Ancaq bu plan alınmadı.
Tükü-tükdən seçməkdə arif olan Azərbaycan xalqı onlara öz yerlərini göstərdi.
2013-cü ilin prezident
seçkiləri öncəsi isə radikallar tamamilə başqa şou göstərdilər. Adlarını
demokrat qoyub Amerikanı özlərinə qiblə hesab edənlər yönlərini dəyişdilər. Bu
dəfə soyuq şimal küləyindən xoşhallanan radikallar, Rusiyadakı Milyarderlər
İttifaqından qidalanan Milli Şurada bir araya gəldilər. Ən xırda məsələdə belə
öz aralarında bir-birinə güzəştə getməyi bacarmayan bu şəxslər onlara verilən
maliyyə, şirin vədlər müqabilində ikili vətəndaşlığı olan, siyasətdə naşı
Rüstəm İbrahimbəyovu özlərinə lider seçdilər. Məhz onun namizədliyini
dəstəkləyib prezident seçkilərində iştirak etmək həvəsinə qapıldılar. Kinorejissorun
namizədliyinin qanunla qadağan olması isə onların planlarını pozdu. Əldə
etdikləri pulu itirməmək üçün axtarıb-arayıb C.Həsənlini özlərinə vahid namizəd
– "günah keçisi” etdilər. O zaman media yazanda ki, Milli Şura layihəsində yer
alan Ə.Kərimli, C.Həsənli və qeyriləri Rusiyadakı bəzi qüvvələr tərəfindən
maliyyələşir, AXCP sədri dil-boğaza qoymadan bunun iftira olduğunu bildirir, Rusiyadan
maliyyələşdiyini danırdı. Bütün bunlara baxmayaraq, əli kərimlilərin o zamankı
çabaları da boşa getdi, xalq yenə də satılmışları dəstəkləmədi.
Bir neçə gün bundan öncə
Ə.Kərimli barəsində mediada ictimailəşən məlumatlar Azərbaycan xalqının necə
uzaqgörən və müdrik olduğunu, radikalların həqiqətən də xaricdən
maliyyələşdiyini bir daha ortaya qoydu. Məlum oldu ki, Rusiyadakı bəzi iş
adamları vasitəsilə AXCP sədri Ə.Kərimliyə hər ay 30 min ABŞ dolları olmaqla,
2016-cı ildən indiyə qədər ümumilikdə 412 min dollar göndərilib. Baş prokurorluğun
bu barədə yaydığı məlumatda sözügedən pulun müəyyən kanallarla, konkret kimlər
vasitəsilə, hansı formada Ə.Kərimliyə çatdırıldığı təkzibedilməz sübutlarla
ortaya qoyuldu. Fakt qarşısında qalan Ə.Kərimli əvvəl yalan danışaraq bunun
həqiqət olmadığını isbatlamağa çalışdı. Sonradan daha bir yalan uyduraraq, guya
hər ay ona 30 min deyil, 500-1000 dollar ödəndiyini bildirdi. Əvvəla, bununla
o, Rusiyadan maliyyələşdiyini etiraf elədi. Digər tərəfdən, aydın oldu ki,
Ə.Kərimli üzdə "həqiqətpərəst”, "dürüst” olsa da reallıqda oğurluqla məşğuldur.
Hansısa öhdəliklər qarşılığında xaricdən maliyyələşməyi bir yana, aldığı pulu
da Ə.Kərimli öz partiya üzvlərindən gizlədib, təkbaşına xərcləyib. Beləliklə də,
şəxsi maraqları naminə hətta şeytanla da əməkdaşlıqda maraqlı olan AXCP
sədrinin satqınlığı, xəyanətkarlığı ilə yanaşı, oğurluğu da aləmə növbəti dəfə agah
olub.
Siyasi ekspert Bəhruz
Quliyev də hesab edir ki, Ə.Kərimli və ətrafının hər biri Şimal ölkəsinin
qaranlıq dairələrinin sifarişlərini həyata keçirir. O, buna misal olaraq, AXCP
sədrinin 412 min dollarlıq maxinasiyasını və həmin vəsaitlərin Rusiyadan əldə
edilməsini göstərib. Qeyd edib ki, hazırda Rusiyanın qaranlıq siyasi
dairələrində ermənipərəst fəaliyyəti göstərən R.İbrahimbəyovun da bu məsələdə
əlinin olması şübhəsizdir: "Vaxtilə Milyarderlər İttifaqı deyilən bir qurumda
Əli Kərimli ilə əlbir olan İbrahimbəyov, hazırkı məqamda da bu "missiyasını”
həyata keçirir. Çox yəqin ki, AXCP sədrinin "Qafqaz üçlüyü” filmi ilə bağlı
susqun qalması da onun İbrahimbəyovdan, eləcə də Rusiyadakı digər ağalarından
maliyyələşməsinin nəticəsidir. Əli Kərimli üçün milli hisslər heç vaxt əsas
olmayıb, o hər zaman pul hərisi olaraq tanınıb, bu gün də həmin reallıq göz
önündədir”.
B.Quliyev onu da əlavə edib
ki, AXCP heç vaxt maliyyə hesabatlarını verməyən partiyadır: "Əli Kərimli
dəfələrlə iddia edib ki, onun partiyası üzvlük haqları ilə idarə olunur.
Maraqlıdır, əgər AXCP üzvlük haqları ilə idarə olunursa, nəyə görə şəffaf
hesabat vermir? Söz yox ki, bu gün onun oğlu Türkel Kərimlinin Britaniyada və
Avropanın digər ölkələrində bahalı gecə barlarında əylənməsi, ailə üzvlərinin
brend, komfort həyat sürməsinin arxasından yalnız 412 min dollarlıq ifşa
çıxmayacaq, qarşıda Kərimlinin digər maxinasiyaları da ictimailəşəcək. Hesab
edirəm ki, o və ətrafı bu kimi qanunsuz əməllərinə görə, qanun qarşısında cavab
verməlidirlər. Çünki kimliyindən asılı olmayaraq, ölkə qanunlarını pozan hər
bir kəs həmin əməllərinə görə cavabdehlik daşıyır”.
Alpər TURAN