• cümə axşamı, 25 aprel, 14:23
  • Baku Bakı 23°C

"Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"

25.04.18 09:00 1807
"Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"
Son illər regionların sosial-iqtisadi inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib. Elə bu məqsədlə dövlət başçısının tapşırığı ilə müxtəlif layihələr və dövlət proqramları həyata keçirilir. Bu proqramlar ölkənin müxtəlif regionlarının iqtisadi gücünü artırmaqla yanaşı, Azərbaycanın ümumi iqtisadiyyatına böyük töhfələr verib. Təkcə elə paytaxt Bakı şəhərinin müxtəlif rayonlarında görülən işlər bu sözləri deməyə əsas verir. Bu rayonların içərisində öz böyüklüyünə və strateji əhəmiyyətinə görə Qaradağ rayonu xüsusi seçilir.
Bakının ən gözəl rayonlarından biri
Tarixə nəzər salsaq görərik ki, Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılıb. 1923-cü il mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilərək rayonun əsası qoyulub. Rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-cı ilədək Molotov rayonu, 1956-63-cü illərdə Qaradağ rayonu, 1963-66-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılmışdır. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağstansiyasının adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev çıxışlarının birində Qaradağ rayonunun əhəmiyyətindən söz açarkən onu Bakının ən gözəl rayonlarından biri kimi qiymətləndirib. Hal-hazırda rayonun ərazisinə 11 inzibati ərazi vahidi, 13 yaşayış məntəqəsi daxildir.
Əlverişli biznes mühiti
Həqiqətən də Qaradağ rayonunun sənaye, sosial-iqtisadi inkişaf göstəricilərinə görə ölkə iqtisadiyyatında xüsusi strateji mövqeyivar. Son illər bu rayonda görülən işlər öz nəticəsini verməkdədir. Belə ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində yeni iş yerləri yaradılaraq əhalinin sosial rifahı yaxşılaşdırılmaqla yanaşı, insanların məşğulluğu təmin edilib. Bu baxımdan, prezident İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində qarşıya qoyulan mühüm vəzifə və tapşırıqların icrası Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən sistemli olaraq həyata keçirilir. Ölkədə nəhəng sosial-iqtisadi layihələrin, dövlət proqramlarının uğurlu icrası, qeyri-neft sektoru və sənayenin inkişafı, ölkənin mövcud iqtisadi potensialı yerli və xarici iş adamlarının fəaliyyəti üçün əlverişli biznes mühiti yaradıb.

Bu yaxınlarda Qaradağ İH-nin 2018-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və prezident İlham Əliyevin Nazirlər Kabinetinin 9 aprel 2018-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Mixail Zabelin, millət vəkili, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Hesabat məruzəsi ilə çıxış edən icra başçısı prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı geniş nitqində ölkəmizin əldə etdiyi yüksək nailiyyətləri vurğuladığını qeyd edib. İcra hakimiyyəti başçısı qeyd edib ki, ümummilli liderin uzaqgörən siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir, əldə olunmuş yüksək nailiyyətlər göz önündədir: "Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır, sabitlik təmin edilir və Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşamağa səs verib. Qazanılan hər bir uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunub. Məhz ölkə prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Qaradağ rayonunda bir çox mühüm obyektlərin inşası uğurla başa çatdırılıb, ölkəyə xarici investisiyaların gətirilməsi istiqamətində mühüm addımlar atılıb”. S.Mikayılov rayonun sosial-iqtisadi inkişafını geniş təhlil edərək, statistik rəqəmləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Qarşıda böyük hədəflər var
Bütün bunlar son illərdə rayonun nail olduğu iqtisadi inkişaf tempinin göstəricisi kimi qəbul edilə bilər. Amma təkcə görülən işlərlə kifayətlənmək olmaz. Çünki hələ qarşıda xeyli hədəflər var. Rayonun iki - Qızıldaş və Puta qəsəbələrində olarkən gördüklərimiz bunu deməyə əsas verir. Sakinlərlə söhbətimiz zamanı məlum oldu ki, onlar yol, nəqliyyat və rabitə problemlərindən əziyyət çəkirlər. Müsahiblərimizdən biri Qızıldaş qəsəbə sakini Mahir Əliyevdir. O deyir ki, hər gün müxtəlif problemlərlə qarşılaşırlar: "Ən böyük çətinliyimiz yol problemidir. Yaşadığımız küçədə və ətraf küçələrin əksəriyyətində yol yoxdur. Yağış yağan kimi hər yer qatı palçıq olur. Buranın torpağı gilli olduğuna görə çox əziyyət çəkirik. Uşaqlar məktəbə gedə bilmirlər. Problemlərdən biri də telefon xəttinin olmamasıdır. Bir neçə dəfə qonum-qonşu yığışıb lazımi yerlərə müraciətlər etsək də, heç bir fayda olmayıb. Artıq 9 ilə yaxındır ki, evə telefon xətti çəkdirə bilmirik”.

Puta qəsəbə sakini Günel Şirinova isə deyir ki, ən çox nəqliyyat və su problemlərindən şikayətçidirlər: "Elə günlər olur ki, su gəlmir. Məcbur qalıb çənlərə su doldurub işlədirik. Qızıldaş və Puta ayrılıqda iki böyük qəsəbədir. Amma təəssüflər olsun ki, qəsəbələrin daxilində heç bir marşrut xətti yoxdur. Cəmi bir - 126 nömrəli avtobus var, onun da dayanacağı bizim evimizdən xeyli uzaqdır. Qış aylarında evdən çıxıb harasa getmək əsl işgəncə olur. Əslində problem bir deyil, iki deyil. Ümid edirik ki, çətinliklərin hamısı tez bir zamanda öz həllini tapar”.
Böyük iqtisadi layihələrin mərkəzi
Məsələ ilə bağlı Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovla söhbətləşdik. Millət vəkili əvvəlcə qeyd etdi ki, Qaradağ rayonu region üçün mühüm əhəmiyyət kəsb edən layihələrin mərkəzinə çevrilib: "Qaradağ ölkəmizin ən böyük sənaye rayonlarından biridir. Dövlət başçısının həyata keçirdiyi böyük transmilli layihələrin əksəriyyəti Qaradağ rayonunun payına düşür. Bunların içərisində xüsusi əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars dəmiryolunun adını çəkmək istərdim. Prezidentin də qeyd etdiyi kimi, bu layihə təkcə bizim üçün deyil, həmçinin Avropa və Avrasiya ölkələri üçün də böyük əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə düşməsi rayonun gələcəkdə çox böyük bir iqtisadi məkana çevrilməsi üçün zəmin yaradır. Bundan başqa, öz başlanğıcını Qaradağ rayonunda yerləşən Sanqaçal terminalından götürən və dünyanın enerji xəritəsini dəyişən Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Dəhlizi layihələrinin adını çəkmək olar. Böyük layihələrdən danışarkən rayonun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etmək istərdim. Yaxın gələcəkdə bu ərazidə hava limanının tikilməsi də nəzərdə tutulub. Dövlət başçımızın təşəbbüsü ilə bu ərazidə azad iqtisadi zona da fəaliyyətə başlayacaq. Bunun üçün artıq ilkin addımlar atılıb. Bu, Azərbaycanla yanaşı, region üçün də mühüm əhəmiyyətə malikdir. Artıq Qaradağ sənaye parkının yaradılmasına dair sərəncam imzalanıb. Hələ 1978-ci ildə Qaradağ rayonunda əsası qoyulan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu bütün gücü ilə fəaliyyətini davam etdirir. Əgər bu zavod olmasaydı, biz "Əsrin müqaviləsi”ni imzalaya bilməzdik. "Əsrin müqaviləsi”nin imzalanması nəticəsində Bakı Dərin Özüllər Zavodunun tarixində yeni səhifə açıldı, zavodun fəaliyyəti yenidən canlandı. Bütün bunlarla yanaşı, Qaradağ rayonunun çox böyük təbii ehtiyatları var. Bildiyiniz kimi, Qaradağda daş karxanaları fəaliyyət göstərir və rayon ümumilikdə Cənubi Qafqazda ən böyük yataqlara malikdir. Həmçinin burada fəaliyyət göstərən sement zavodunun adını çəkmək olar ki, bu zavod ölkənin daxili tələbatını tam təmin edir”.
Həllini gözləyən problemlər də var
Millət vəkili Qaradağ rayonu ərazisində neft sənayesi ilə bağlı böyük komplekslərlə yanaşı, xeyli sayda mühüm iqtisadi obyektlərin yerləşdiyini də vurğuladı: "Təkcə "Binə” və "Sədərək” ticarət mərkəzlərində 30 mindən artıq insan fəaliyyət göstərir. Bu yaxınlarda Qaradağ rayonunun Lökbatan qəsəbəsində böyük bir park inşa edildi. Məktəblər, xəstəxanalar təmir olunub, sosial-infrastruktur layihələri icra olunub. Məcburi köçkünlər üçün Ümid, Lökbatan və Müşfiqabad qəsəbələrində binalar tikilib və xeyli sayda qaçqın və məcburi köçkün ailələri mənzillə təmin edilib. Cəmiyyətin bu həssas təbəqəsi daim diqqət mərkəzində olub və onlara hər zaman xüsusi qayğı ilə yanaşılıb”.

Aydın Hüseynov görülən işlər və əldə olunmuş nailiyyətlərlə yanaşı, müxtəlif çatışmazlıqların olduğunu da etiraf etdi. Bunlardan ən başlıcası su və kanalizasiya xətləri problemidir: "Bu xətlər hələ sovet dövründə çəkilib və demək olar ki, yararsız haldadır. Qarşıda duran ən vacib məsələlərdən biri bu xətlərin yeniləri ilə əvəz olunmasıdır. Bundan başqa, bir sıra qəsəbədaxili yollarda müxtəlif problemlər var. Bu sahədə müxtəlif işlər görülsə də, hazırkı vəziyyət qaneedici deyil. Görülən işlərin daha da intensivləşdirilməsinə ehtiyac var. Su xətlərinin dəyişdirilməsi ilə bağlı artıq Müşfiqabad qəsəbəsində işlər başlayıb. Bu yaxınlarda Ələt qəsəbəsində 50-yə yaxın evin qazlaşdırılma ilə bağlı problemi var idi. Bu problem qısa müddətdə öz həllini tapdı. Sadalanan problemlərlə bağlı dövlət büdcəsindən vəsaitin ayrılması ilə bağlı lazımi müraciətlər edilib. Sözügedən problemlərin dövlət proqramına salınması nəzərdə tutulub. Yaxın gələcəkdə rayonumuz daha da abadlaşaraq ölkənin inkişafına yeni-yeni töhfələr verəcək”.
Və sonda...
Qaradağ rayonunun mövcud iqtisadi potensialı, indiyədək əldə olunmuş uğurlar və gələcəklə bağlı qarşıya qoyulmuş hədəflər, o cümlədən hazırda həyata keçirilən işlər rayonun iqtisadi qüdrətinin getdikcə yüksələcəyinə şübhə yeri qoymur. Beləliklə, rayon sakinlərinin həyat şəraiti daha da yaxşılaşacaq, mövcud problemlər isə zamanla öz həllini tapacaq.
Şəbnəm Mehdizadə

Yazı Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

banner

Oxşar Xəbərlər