AZE | RUS | ENG |

Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər - Fotolar

Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər - Fotolar
"Mən çox şadam ki, son dövrlərdə Qaradağ rayonunda belə gözəl işlər görülmüşdür, özü də, qısa müddət ərzində. Bilirsiniz ki, Qaradağ rayonuna mənim həmişə xüsusi münasibətim, xüsusi diqqətim olub. Dəfələrlə Qaradağ rayonuna gəlmişəm, vəziyyətlə tanış olmuşam. Bu gün ölkə Prezidenti kimi çalışıram ki, Bakının ən böyük rayonu olan Qaradağın inkişafı üçün öz köməyimi göstərim”. Prezident İlham Əliyev bu fikirləri Qaradağ rayonuna etdiyi səfərlərin birində deyib.

Uğurlu inkişaf strategiyası Azərbaycanın bütün bölgələrində olduğu kimi, kifayət qədər sənaye potensialı olan Qaradağ rayonunda da özünü qabarıq şəkildə göstərir. Kompleks sosial-iqtisadi inkişafı təmin edən proqramların icrası hesabına Qaradağ rayonunda yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması artıq təmin edilib.
 
 
 
Azərbaycanın ümumi inkişafı fonunda Qaradağ strateji mövqedə yerləşir
 
Bakının ən böyük rayonu olan Qaradağla tanışlığa Ələt qəsəbəsindən başladıq. Əvvəlcə, onu qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli, Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda xüsusi iqtisadi zonalara dəstək tədbirləri öz əksini tapıb. Prezident İlham Əliyev də "Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” 17 mart 2016-cı il tarixli mühüm Sərəncam imzalayıb. Şübhəsiz ki, xüsusi iqtisadi zonanın yaradılması gələcəkdə əlavə dəyər yaradan istehsal və xidmət sahələrinin, həmçinin minlərlə yeni iş yerinin yaradılmasına öz töhfəsini verəcəkdir.

Qaradağ Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, Prezident İlham Əliyev təkcə ötən il ərzində rayona üç dəfə səfər edib. Bu səfərlər çərçivəsində prezident may ayının 18-də SOCAR-ın "Caspian Driling” Şirkətinin dəniz təchizat və loqistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində, sentyabr ayının 6-da Gəmiqayırma zavodunda "Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən "Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində və oktyabr ayının 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edib.      

Bəli, Qaradağ rayonu kifayət qədər strateji coğrafi mövqedə yerləşir. Xəzər dənizinin sahili boyunca şimaldan cənuba doğru 106 kilometr məsafədə uzanması bunu şərtləndirən əsas amillərdəndir.
 
 
 
Tarixi və strateji əhəmiyyətli layihələr
 
Qaradağ rayonunda diqqət çəkən müasir və mühüm obyektlərdən biri SOCAR-ın "Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusudur. İstismara verilən yeni qurğunun imkanları əvvəlkilərlə müqayisədə daha genişdir. Obyekt səlahiyyətlilərindən aldığımız məlumata görə, dünyada öz texnoloji keyfiyyətləri və qazma xüsusiyyətlərinə görə unikallığı ilə fərqlənən bu qurğu qazma əməliyyatları üçün ən müasir avadanlıqla, o cümlədən böyük həcmdə avtomatik idarəetmə sistemi ilə təchiz edilib. Ümumi uzunluğu 106,5, eni 69,5, hündürlüyü isə 130 metr olan qurğunun ümumi çəkisi 26 min tondur. Dənizdə suyun 1000 metr dərinliyə qədər hissələrində qazma əməliyyatları həyata keçirə bilən qurğu ilə qazılacaq quyunun maksimal dərinliyi 12,2 min metrdir. Bu göstərici ən dərin quyuları belə qazmağa imkan verir. Bundan əlavə, qurğunun müasir avadanlığı qazma işinin indikindən 4 dəfə daha sürətlə aparılmasını təmin edir.

Heydər Əliyev adına yarımdalma qazma qurğusu dünyada 1400 atmosfer sistemi texnologiyasına sahib olan ilk və yeganə qurğudur. Onun yükgötürmə qabiliyyəti 5600, su tutumu isə 47500 tondur. Qurğuda 160 nəfər işçi heyəti çalışa bilər. Qazma qurğusunun yaşayış bloku da var. Blokda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdikləri neft strategiyasından bəhs edən fotostend yer alır. Yaşayış blokunda ofis, yataq, istirahət və kompüter otaqları yaradılıb. Blok yeməkxana, camaşırxana, idman otaqları, kinoteatr, kitabxana və konfrans zalı ilə də təchiz olunub.
 
 
 
Avropa ilə Asiyanı birləşdirən beynəlxalq dəmiryolu Qaradağdan başlayır
 
Açılışı Qaradağ rayonunda reallaşan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini isə xüsusi vurğulamaq lazımdır. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu tarixi və strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasında əməkdaşlıq dərinləşəcək. 

Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimdə dövlət başçısı İlham Əliyev bu yolun əhəmiyyətini ifadə edərək qeyd edib: "Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasında əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq”.
 
 
 
Abadlıq və quruculuq işləri geniş vüsət alıb
 
Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, Qaradağın sosial, iqtisadi həyatında son illərdə müşahidə olunan sürətli inkişaf tempi saxlanılıb, həm sosial, həm də iqtisadi sahələrdə yeni nailiyyətlər qazanılıb. Belə ki, sənaye sahəsində 2017-ci ildə 929 mln 693 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 41,7 faiz təşkil edib.

Eyni zamanda, bu gün sahibkarlığın inkişafını təmin etmək, biznes mühitini yaxşılaşdırmaq, sahibkarların fəaliyyətinə mane olan müdaxilələrin qarşısını almaq məqsədilə Qaradağ  Rayon İcra Hakimiyyətində yaradılmış Apellyasiya Şurası qanunvericiliyin tələbləri əsasında fəaliyyətini davam etdirir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Qaradağ rayonunda müasir sənaye və xidmət sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində layihələr icra edilərək yeni istehsal və xidmət müəssisələri yaradılıb.

Rayonda olarkən respublikamızın bütün şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq və yüksəlişin Qaradağda da özünü qabarıq şəkildə büruzə verdiyinin şahidi olduq.  Son illərdə rayon ərazisində abadlıq-quruculuq istiqamətində görülən işlər rayon sakinləri tərəfindən də rəğbətlə qarşılanır. Bunu yəqin etmək üçün qarşınıza çıxan istənilən rayon sakini ilə həmsöhbət olmaq kifayətdir. Mərhələli və planlı şəkildə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi küçələrində, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma işləri aparılıb.
 
 
 
Qaradağ Azərbaycanın ümumi inkişafındakı payını durmadan artırır
 
Qeyd edək ki, Nazirlər Kabinetinin "Bakı şəhəri Binəqədi və Qaradağ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 8 saylı 22 yanvar 2016-cı il tarixli qərarı ilə pilot layihə formatında beş il müddətinə Qaradağ Rayon İcra Hakimiyyətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi və mənzil fondunun yenilənməsi haqda tapşırıqlar verilib. Qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsi, görüləcək işlərin davamlılığının təşkili, Lökbatan qəsəbəsindəki qəzalı vəziyyətdə olan binaların sökülərək yerində yeni binaların tikintisinin həyata keçirilməsi məqsədilə artıq müvafiq təşkilatlarla Rayon İcra Hakimiyyəti arasında müqavilə bağlanılıb. 

"Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində hazırda rayonun Qobustan qəsəbəsində 60 çarpayılıq 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında poliklinika, stasionar, təcili yardım və doğum şöbələrinin, Qızıldaş qəsəbəsində 350 yerlik Mədəniyyət Evinin tikintisi, Puta, Ələt, Sanqaçal və Qobustan qəsəbələrində isə idman komplekslərinin tikintisi davam etdirilir. Həmçinin Heydər Əliyev Fondu tərəfindən Lökbatan qəsəbəsində 120, Ümid qəsəbəsində isə 100 yerlik uşaq bağçalarının tikintisi aparılır.

Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, gələcəkdə Qaradağ rayonu Azərbaycanın ümumi inkişafındakı yerini və payını daha da yüksəldəcək.

Xəyalə Rəis

Məqalə Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir
        


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN