• cümə, 29 Mart, 10:52
  • Baku Bakı 5°C

Qaraçılar uşaqları necə “uyudur”?

11.09.14 15:02 2002
Qaraçılar uşaqları necə “uyudur”?
Bir neçə gün əvvəl facebook sosial şəbəkəsində oxuduğum bir status məni qucağında uşaq olan dilənçilərə qarşı daha diqqətli olmağa vadar etdi. Əmək hüquqları üzrə ekspert Sahib Məmmədov öz profilində dilənçilərin uşaqlara uyuşdurucu maddələr, narkotik verdiklərini iddia edirdi. Bildirirdi ki, körpə uşaqların analarının qucağında sakitcə yatması da buna dəlalət edir. Doğrudan da metro və marşrutlarda, səs-küyün, kütlənin sıx olduğu yerlərdə körpələrin şirin-şirin yatması heç də adi qarşılana bilməz. Bir neçə gündə apardığım müşahidələr də S.Məmmədovun iddiasının arxasında nə qədər böyük gerçəkliyin dayanmasını sübut edir. Elə bu gün işə gələrkən “Koroğlu” metro stansiyasının girişində dayanan gənc dilənçi qadının qucağındakı 5-6 yaşlı qızın vəziyyəti diqqətimi çəkdi. Yaxınlaşıb həmin qadını söhbətə tutdum və qızını oyandırmasını xahiş etdim:
- Nə qəşəng qızınız var. Xəstə deyil ki, niyə belə halsız yatıb?
- (gülümsəyərək) Çox sağ ol, qadam, yox, səhər tezdən durub, ona görə.
- Oyat bir az danışım onunla, yazı yazacam sizdən.
- Yox, yox, oyada bilmərəm, qoy yatsın – deyib də qızın üzünü sinəsinə daha bərk sıxdı və üzünü yana çevirərək məni başından eləmək istədi. Bu dəfə özüm uşağa yaxınlaşıb yanaqlarını oxşadım və onu əzizləyici ifadələrlə oyatmaq istədim. Lakin mənzərədən dəhşətə gəldim: uşaq ölü kimi yatmışdı! Deməli, söylənənlərdə həqiqət payı var.
Doğrudur, əslində toksik-narkotik maddələr bahalı olurlar, amma nəzərə almaq lazımdır ki, Azərbaycan kimi humanist vətəndaşları olan bir ölkədə qucağında halsız, xəstəhal uşaqla dilənən dilənçi üçün bu vəziyyət daha çox qazanc gətirir. Bir də ki, əgər 2-3 dənəsini atdıqda hətta böyük adama dərin yuxu gətirən həblərin qutusu 1-2 manatdırsa, o zaman hansı bahalıqdan danışmaq olar? Uyuşdurucu dedikdə, bu, mütləq narkotik vasitəmi olmalıdır? Aydın məsələdir ki, sadəcə keyləşdirici həblər bunun üçün bəs edir.
S.Məmmədov deyir ki, bu, dünyanın çox yerində yayılmış bir cinayətdir: “Xüsusi adamlar uşaq evlərindən yetim körpələri alır, bəzən də şikəst edirlər. Onları dilənçiliyə cəlb edirlər. Lap körpələri (qucaqda olan körpələri) isə toksik, narkotik maddələrlə keyləşdirilər ki, ağlamasın. Sonda belə uşaqlar məhv olur. Onlarsa yenisini tapırlar”.
Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov isə deyilənlərlə qətiyyən razılaşmır. Bütün bunların inandırıcı olmadığını deyən ekspertin fikrincə, narkotik vasitələr, uyuşdurucular çox bahalıdır, dilənçilərin onu almağa imkanları çatmaz: “Körpə uşaqlar özünüz bilirsiniz ki, çox vaxt yatırlar, inkişafda olurlar deyə günün əksər hissəsini yuxuda olurlar. Ona görə də bu deyilənləri mənim ağlım kəsmir”. Missiyası uşaqların hüquqlarını müdafiə etmək olan bir təşkilatın rəhbərinin bu cür ciddi bir iddiaya belə laqeyd yanaşması, bizdən əlimizdə hansısa fakt olub-olmamasını soruşmaq əvəzinə kəsinliklə yanlış məlumat olduğunu iddia etməsi sadəcə təəssüf doğurur.
Qeyd edək ki, Bakıda dilənçilərin böyük əksəriyyətini, böyük əksəriyyətini qaraçılar təşkil edir. Yerli əhalidən çox az sayda insan tapılar ki, əla açıb dilənsin. Qaraçılar isə dünyada narkotiklərin ən qədim dövriyyəçisi sayılırlar. Hətta şərqdən narkotiki Avropaya ilk dəfə onların gətirdiyi iddia olunur.
Orta əsrlərdə Avropanın əksər ölkələrində qaraçılar əleyhinə qanun qəbul olunub, 16-cı əsrdə Britaniyada qaraçılara o halda yaşamağa icazə verilirdi ki, onlar öz milli həyat tərzlərindən əl çəksinlər. 1710-cu ildə Praqada 1-ci İosif əmr verir ki, bütün qaraçı kişiləri asılsın. Bohemiyada onların sol qulaqlarını kəsirdilər. Belə kəskin ayrı-seçkilik Avropada aradan qalxıb, amma savadlı qaraçı üçün iş tapmaq hələ də problemdir. Hətta bəzi beynəlxalq hüquq müdafiəçiləri iddia edirlər ki, qaraçılar hər gün inteqrasiya olmaq üçün, təhsil almaq üçün mübarizə aparırlar.
Beynəlxalq təşkilatlar Azərbaycandakı qaraçıların hüquqları ilə xüsusi məşğul olmurlar, ümumilikdə isə Azərbaycan hökumətinin azlıqlara münasibəti yüksək qiymətləndirilir. Sovet vaxtı Azərbaycanda dilənçilik cinayət tərkibli əməl hesab olunurdu. Cinayət Məcəlləsində 215-ci maddə vardı və dilənçilik edəni bu maddə ilə cinayət məsuliyyətinə cəlb edirdilər. Amma müstəqillik əldə etdikdən sonra Azərbaycan Avropa konvensiyalarına qoşuldu və indi Cinayət Məcəlləsində belə müddəa yoxdur. Qaraçıların azad və sərbəst şəkildə toplaşmaq, dilənmək azadlığı var. Yəqin elə bu səbəbdəndir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətində dilənçilərin körpə uşaqları uyudaraq qucaqlarında gəzdirmələri ittihamı ilə bağlı sualımızı təəccüblə qarşıladılar. Mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bildirdi ki, bu barədə onlarda heç bir məlumat yoxdur.
Hər bir halda, hər gün rastlaşdığımız onlarla dilənçinin qucağındakı körpə uşaqların taleyi dinindən, irqindən, milliyyətindən asılı olmayaraq hamımızı narahat etməlidir. Ümid edirik ki, aidiyyatı qurum və təşkilatlar heç olmasa bundan sonra bu məsələ ilə maraqlanıb gerçəyi üzə çıxarmaqda özlərində həvəs və iradə tapacaqlar.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər