• çərşənbə, 16 Oktyabr, 13:01
  • Baku Bakı 17°C

Qarabağda məğlub olan Ermənistanın Qaragöl bağırtısı

21.05.21 19:45 1443
Qarabağda məğlub olan Ermənistanın Qaragöl bağırtısı
Politoloqların fikrincə, Azərbaycanın yer almadığı heç bir layihənin regionda həyata keçməyəcəyi gerçəyini bütün dövlətlər anlamalıdırlar

Vətən müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin birgə imzaladığı 10 noyabr bəyannaməsinə əsasən Ermənistan işğal etdiyi ərazilərdən çıxmalı və Azərbaycanın dövlət sərhədləri bərpa olunmalıdır. Lakin Ermənistan ötən müddət ərzində müxtəlif istiqamətlərdə sərhədlərin müəyyənləşməsinə mane olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyəti yanlış məlumatlandırmağa cəhd edib. Son olaraq Azərbaycanın Laçın rayonunun Ermənistanla sərhəd ərazilərində öz dövlət sərhədini bərpa etməsi isə Ermənistanın süni ajiotaj yaratması ilə müşahidə edildi. Belə ki, yüksək dağlıq ərazilərdə qarın əriməsi və hava şəraitinin yumşalması ilə Azərbaycan sərhədçiləri ölkəmizə aid olan Qaragöl dövlət qoruğu ətrafında mövqe tutdu. Erməni tərəfi isə bunu "Ermənistan ərazisinə müdaxilə” kimi qiymətləndirərək hay-küy qaldırıb, təxribatçı bəyanatlar səsləndirdi. Hətta Ermənistan, üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hərbi yardım almaq üçün müraciət də etdi. Belə demək mümkündürsə, Qarabağda uduzan Ermənistan indi Qaragöl məsələsində bağırmağa başlayıb.
Lakin Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə rəsmi münasibət bildirək. bəyan etdi ki, sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilir, Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır.
Ermənistan bu yalançı çağırışlarının arxasında nəyin dayanması isə suallar yaradırdı. Nə üçün ermənilər haqsız olduğu halda süni ajiotaj yaratmağa cəhd göstərdilər?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Natiq Miri bildirdi ki, ermənilərin Azərbaycan-Ermənistan sərhədinin Qaragöl istiqamətində yaratdığı süni ajiotajın bir neçə səbəbi var: "Birincisi, Nikol Paşinyanın seçki ərəfəsində hərbi olmasa da, kiçik siyasi hərbi uğura ehtiyacı var. Bu süni hay-küy də bilavasitə Ermənistanda 20 iyunda keçiriləcək növbədənkənar parlament seçkilərində qələbə qazanmaq səbəbi ilə edilir. Məhz sərhəd məsələsində ajiotaj yaratmaqla düşünülürdü ki, Nikol Paşinyan ictimai rəydə, bir növ nüfuzunu qaldıracaq. Əsas səbəblərdən biridə, məhz qeyd etdiyim kimi, 20 iyunda keçiriləcək növbədənkənar seçkilərlə bağlıdır.
Əlbəttə ki, ikinci hədəf sərhədlərin delmitasiyası və demarkasiyası məsələsində bu dərəcədə ajiotaj yaratmaqla, əslində gələcək perspektivdə Azərbaycanın digər işğal olunmuş ərazilərinin geri qaytarılması məsələsində bir presedent yaratmaq məqsədi daşıyır. Yəni əgər Ermənistan Qaragöl məsələsində ciddi uğur qazanmış olsaydı, gələcəkdə Azərbaycanın işğal altında olan Qazax və Ağstafa rayonlarının 7 və Naxçıvanın Kərki kimi kəndlərinin geri qaytarılması məsələsində ölkəmiz üçün problemlər yarada bilərdi. Biz bu gün Qaragöl məsələsində geriyə çəkilmiş olsaq, bu Azərbaycanın digər əraziləri üçün arzuolunmaz presedent yaradacaq”.

N.Miri hesab edir ki, bu ajiotaj yaradılmamışdan öncə qlobal səviyyədə Azərbaycan və Türkiyə əleyhinə bir proses razılaşdırılıb: "Çünki Qaragöl ətrafında hadisələr baş verər-verməz, başda ABŞ və Fransa olmaq şərtilə bir çox ölkələrin Azərbaycanın üstünə gəlməsi sıradan bir olay deyildi. Sanki əvvəlcədən razılaşdırılmış bir prosesin tərkib hissəsi kimi hərəkət olundu. Hesab edirəm ki, bu da əvvəlcədən razılaşdırılmış bir məqam kimi, həm də seçki öncəsi Paşinyanın xeyrinə işlədi. Ona görə də, düşünürəm ki, əsas səbəblər bunlar idi. Ancaq hər bir halda nəticə Azərbaycanın qətiyyətli, dik duruşundan asılı olacaq. Əgər Azərbaycan dik durarsa və qətiyyətli siyasi iradəsini ortaya qoyarsa, başda ABŞ olmaqla, eyni zamanda Ermənistan və havadarları da geri çəkilmək məcburiyyətində qalacaq. Çünki qalib və güclü olan Azərbaycanın yer almadığı heç bir layihənin regionda həyata keçməyəcəyi gerçəyini bütün dövlətlər, o cümlədən Ermənistanı müdafiə edənlər də anlamalıdırlar. Bu, artıq bir reallıqdır”.

Politoloq Samir Hümbətov bildirdi ki, Qaragöl məsələsi ətrafında baş verənlər Paşinyan üçün önəm kəsb edir: "Çünki Paşinyan təxminən bir ay sonra seçkiyə gedir. İyunun 20-də Ermənistandan parlament seçkiləri keçirilir və baş nazir də bu seçkidə iştirak edir. Paşinyanın artıq rəqibləri də məlumdur. Misal üçün, Koçaryan namizədliyini verəcək, hətta bəzi məlumatlara görə Ter-Petrosyan da seçkidə iştirak edəcəyini açıqlayıb. Təbii ki, bu seçkidə Paşinyanın qalib gəlmək şansı çox olsa belə, rəqiblər də güclüdür. Paşinyan da bundan istifadə edərək bildirmək istəyir ki, baxın, mən vəziyyəti Ermənistanın xeyrinə dəyişmək üçün ciddi-cəhdlə çalışıram. Hətta o, məsələni müttəfiq dövlətlərlə müzakirə etdiyini, onların gündəminə çıxardığını, eyni zamanda Ermənistanın üzv olduğu beynəlxalq və regional təşkilatlar qarşısında qaldırdığı cəhdlərini irəli sürməyə çalışır”.

S.Hümbətov qeyd etdi ki, Ermənistanın əli ilə Azərbaycana təzyiq etmək istəyirlər: "Təbii ki, bu məsələdə bir yox, bir neçə dövlətin əli var. Misal üçün, Rusiyada bəzi dairələr var ki, onlar yaranmış situasiyadan mümkün qədər təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Burada əsas məsələ odur ki, Rusiya sülhməramlılarının mandatı yoxdur və Azərbaycan da bu mandatı verməyə tələsmir. Ona görə də, Rusiyadakı bəzi dairələr mandat almağa daha çox tələsirlər və belə məsələlərdən istifadə etməyə çalışırlar. Eyni zamanda Fransadakı bəzi dairələrin də marağı var, xüsusilə, Emmanuel Makronun. Çünki biz bilirik ki, erməni lobbisi Fransanın daxili və xarici siyasətinə təsir edir. Makron da qarşıdan gələn prezident seçkilərində növbəti dəfə iştirak etmək niyyətində olduğu üçün məhz erməni lobbisinin dəstəyini almağa çalışır. Burada digər məsələ isə ABŞ-la bağlıdır. Aprel ayının 24-də qondarma erməni "soyqırımı” iddiasının ABŞ prezidentinin dilindən səsləndirilməsi onu göstərir ki, prezident Co Bayden administrasiyası, bir növ erməni lobbisindən asılı vəziyyətdədir. Təbii ki, bu hal əvvəllər də baş verib. Baydenin konqresmen olduğu dövrə nəzərə yetirmək kifayətdir. Görünən odur ki, Qaragöl ətrafında baş verən proseslər də bunlarla əlaqədardır. Yəni həm Ermənistana xaricdən müdaxilə etməklə onları qızışdırıb, Azərbaycana təzyiq etmək istəyirlər. Həm də Paşinyan bundan öz xeyri üçün istifadə etməyə çalışır. Təbii ki, Azərbaycan 1992-ci ilin mart ayında BMT-yə daxil olduğu zaman sərhədləri bu ərazilər çərçivəsində tanınıbdır. Bu gün Azərbaycan sərhəd qoşunlarının müəyyən edərək yer aldığı mövqelər, ölkəmizin tam suveren əraziləri hesab olunur. Fikrimcə, indiki halda Rusiya dilemma qarşısında qalıb və məsələni Ermənistanın xeyrinə həll edə bilmir. Əgər mövcud ərazilər Azərbaycana verilərsə, onda Ermənistanın Rusiyaya qarşı aqressiyası daha da artacaq. Ona görə də öz boynundan atmağa çalışır. Hesab edirəm ki, ermənilərin sərhədlə bağlı addımları nəticə verməyəcək. Paşinyan yenidən seçkidə qalib gələcəyi təqdirdə, onun xarici siyasət strategiyası qərbyönümlü olacaq. İstər Qaragöl, istərsə də şərqi Zəngəzur istiqamətindəki ərazilər məsələsi başqa məcraya yönələcək. Paşinyan Türkiyə və Azərbaycanla yaxın ittifaq münasibətlərini əl altından qurmağa çalışacaq. Bu, Paşinyan üçün daha önəmlidir”.
BƏXTİYAR

banner

Oxşar Xəbərlər