• cümə, 29 Mart, 11:41
  • Baku Bakı 5°C

“Qarabağ”a qol vurub, Qurban Qurbanova mesaj göndərən istedad - Portret

24.11.16 19:18 1733
“Qarabağ”a qol vurub, Qurban Qurbanova mesaj göndərən  istedad - Portret
Bu payız futbol azarkeşləri üçün bir başqa payızdır. Azərbaycanın futbol üzrə yığma komandası DÇ-2018-in seçmə mərhələsinə uğurla başladı. Millimiz ilk 3 oyundan sonra 7 xal topladı. Robert Prosineçkinin komandası son oyunda Şimali İrlandiyaya böyük hesabla uduzsa da (0:4), 2-ci pilləyə iddiasını davam etdirir. Millimiz qarşıdakı 6 oyunda "Niyə də yox?” şüarını əməldə sübut etməyə çalışacaq. Ancaq azarkeşlər bu payızı təkcə millinin uğurlu çıxışı ilə xatırlamayacaqlar. Azərbaycanı Avropa Liqasında təmsil edən "Qarabağ” da payızı "qızıl payız”a çevirdi. "Köhlən atlar” qrupda keçirdikləri 4 oyundan sonra 7 xal toplayaraq, 2-ci pillədə qərarlaşıblar. Azərbaycan futbolunda daha bir tarix yazmaq - 1/16 final mərhələsinə vəsiqə əldə etmək üçün əlsa şans var. Ancaq sözsüz ki, Azərbaycan futbolunun əsas hədəfi bəzi oyunları ölkəmizdə keçiriləcək AÇ-2020-yə vəsiqə qazanmaqdır. Bu məqsədə çatmaq üçün hazırda millimizdə gənclərdən ibarət heyət formalaşmaqdadır. Ümid verən gənclərdən biri də Namiq Ələsgərovdur. Bu yazıda sizə "Qarabağ”ın və millimizin gənc yarımmüdafiəçisi Namiq Ələsgərovdan bəhs edəcəyik.

"Burda qal, səndən yaxşı cüdoçu olar”

Namiq Ələsgərov 1995-ci il, fevralın 3-də Qusarın Çiləgir kəndində dünyaya göz açıb. O, hələ çox kiçik yaşlarından idmana maraq göstərib. Ancaq Namiqin ilk məşğul olduğu idman növü futbol yox, cüdo olub. Özü də bu idman növü də onun ruhuna yatıb. Hətta rayon birinciliklərində bir neçə dəfə fəxri kürsüyə də qalxıb. Ancaq Namiqin sevgisi idmanın şahı sayılan futbola idi. Hər bir uşaq kimi futbolla ilk dəfə məhəllədə tanış olan Namiqin bu idman növünə sevgisi o qədər artır ki, sonda yerli "Şahdağ” komandasının aşağı yaş qrupuna yazılmaq üçün valideynlərini dilə tuta bilir.
Böyük qardaşları kənddə futbol oynayan zaman Namiq də onlara qoşulmaq istəsə də, həmişə "kənarda dur, əzilərsən” xəbərdarlığı ilə üzləşirdi. Ancaq Namiq futbol oynamaq istəyirdi. Nəhayət, o, ailəsini razı salmağı bacarır. Cüdo məşqçisi "burda qal, səndən yaxşı cüdoçu olar” deysə də, Namiq artıq qərarını vermişdi, 11 yaşında yerli "Şahdağ”ın aşağı yaş qrupuna yazılır. Bəlkə də elə həmin vaxt Azərbaycan gələcəkdə olimpiya çempionu olacaq bir cüdoçunu itirdi. Ancaq...


Bakı - Qusar - Bakı


Namiq burda futbolun sirlərinə Şərafəddin Məmmədov və Salman Səfərovun rəhbərliyi altında yiyələnməyə başlayır. Çox keçmir ki, o, "Şahdağ”da öz oyunu ilə seçilməyə başlayır. Namiq "Şahdağ”da çıxış etməyə başladıqdan bir il sonra Bakıya - "Azəri” komandasına keçir. Bakıda özünü göstərmək şansı daha çox idi. Ancaq onu bura gətirən məşqçi sonradan komandadan ayrılır. Evdən uzaqda darıxan Namiq də Qusara - "Şahdağ”a qayıtmağa qərar verir. Ancaq bu qayıdış da uzun çəkmir.
Namiq hər nə qədər doğma rayonuna bağlı olsa da, bir futbolçu kimi burda inkişaf etməyin mümkünsüz olduğunu başa düşürdü. Buna görə də Bakıya qayıtmaq qərarına gəlir. Vaxtilə Qusar "Şahdağ”ında top qovmuş Kamran Əlibabayevin köməyi ilə "Bakı”ya yoxlanışa gəlir. O vaxt ölkənin ən iddialı klublarından olan "Bakı”nın məşqçiləri Namiqdə potensial görür və onu klubun akademiyasına qəbul edirlər.
Namiqin ailəsi onun evdən uzaqda yaşamasına görə narahat olsalar da, ondakı futbol sevgisini görür və bu sahədə uğur qazanması üçün dəstəklərini əsirgəmirlər. Beləliklə, Namiq cəmi 13 yaşından "Bakı”nın üzvünə çevrilir.


Bülənt Qorxmazın diqqətini çəkən yeniyetmə

Burda da öz oyunu ilə diqqət çəkən Ələsgərov pillə-pillə əsas komandaya doğru irəliləməkdə idi. Aşağı yaş qruplarında Namiqin istedadını görən "Bakı”nın o vaxtkı baş məşqçisi, Türkiyə millisinin sabiq kapitanı Bülənt Qorxmaz onu əsas komandaya cəlb edir. Qorxmazdan sonra alman Vinfred Şefer də gənc futbolçunu əsas komandaya çağırır. Ancaq Namiq həm Qorxmazın, həm də Şeferin vaxtında əsas komandada debüt etmir. O, yalnız Novruz Əzimovun baş məşqçi olduğu zaman, "İnter”lə Premyer Liqa oyununun son dəqiqələrində meydana çıxaraq, peşəkar futbolçu kimi debüt edir. Bu, 2011/12-ci il mövsümündə baş verir.
2012/13 mövsümündə isə Namiq "Bakı”nın start heyətində də şans qazanır. "Zolaqlılar”ın o vaxtkı baş məşqçisi Bojidar Bandoviç ona 2 oyunda start heyətində şans verir. Ancaq sonradan zədələnən Namiq əsas heyətdəki yerini itirir. O, bundan sonra 2012/13 mövsümündə cəmi 1 dəfə şans qazanır. Növbəti mövsümdə isə Namiq "Bakı”nın əsas komandasında öz potensialını tam açır. O vaxt cəmi 18 yaşı olan Ələsgərov 15 oyunda şans qazanaraq, 2 qola da imza atır.

"Bakı” etiraz etsə də…

Namiq artıq "Bakı”da əsas heyətin daimi üzvlərindən sayılırdı. Ancaq "Bakı” həmin "Bakı” deyildi. Ciddi maliyyə problemlərilə üzləşən klubda "yarpaq tökümü” çoxdan başlamışdı. Aylarla maaş almayan futbolçular başqa klublara üz tuturdu. Namiq yetirməsi olduğu "zolaqlılar”a hər nə qədər bağlı olsa da, o da getməyin vaxtı gəldiyini bilirdi. Özü də, onunla ölkənin ən güclü komandası, çempion "Qarabağ” maraqlanırdı. Qurban Qurbanov gənc futbolçudakı istedadı görmüşdü. Namiq bu fürsəti qaçırmır və "Qarabağ”la anlaşır.
"Bakı” rəhbərliyi onun və komandanın bir neçə futbolçusunun komandadan qanunsuz ayrıldığını bildirsə də, onların müraciətləri haqlı sayılmır. Ortada qanunsuz heç nə yox idi, Namiqin "Bakı” ilə müqavilə müddəti bitmiş və o, azad-agent kimi "köhlən atlar”ın üzvünə çevrilmişdi.
Ələsgərov "Qarabağ”dakı ilk mövsümündə 17 oyunda şans qazanır və 1 qola imza atır. Cəmi 19 yaşı olan futbolçunun çempion komandada əldə etdiyi bu nəticə heç də pis deyildi. Onu da nəzərə almaq lazımdır ki, Namiq zədə ucbatından mövsümün sonunu boşa vermişdi…

Həm uğurlu, həm də uğursuz debüt

Hələ "Bakı”da oynadığı zaman millinin aşağı yaş qruplarına dəvət alan Namiq, "Qarabağ”da sərgilədiyi oyunla əsas yığmanın qapılarını da üzünə açdı. Azərbaycan millisinə yeni baş məşqçi təyin olunmuş Robert Prosineçkinin qarşısına AÇ-2020-nin final mərhləsinə qatıla biləcək komanda yaratmaq vəzifəsi qoyulmuşdu. Xorvat mütəxəssis məhz buna görə də, ilk günlərdən gənc futbolçulara daha çox diqqət yetirirdi. Vaxtilə "Real”, "Barselona” kimi komandalarda top qovmuş Prosineçkinin seçim şansı elə də çox deyildi. Ölkədə istedadlı yerli gənc futbolçu qıtlığı var idi. Bu qıtlıq fonunda çempion komandada öz oyunu ilə diqqət cəlb edən Namiq kimi istedad xorvat məşqçi üçün göydəndüşmə idi.
Prosineçki nəinki millinin "sükanı arxasında” ilk oyununa Namiq Ələsgərovu dəvət edir, həm də ona start heyətində şans verərək, bir çoxlarını yaxşı mənada təəccübləndirir. Namiqin millidə debütü ötən il martın 28-nə, AÇ-2016-nın seçmə mərhələsinin Malta ilə ev oyununa təsadüf edir. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunun ilk dəqiqələrindən Namiq öz fəallığı ilə yerli azarkeşlərin alqışını qazanır. Sağ cinahdan sürətli reydləri ilə rəqib müdafiəçilərin başını gicəlləndirən Ələsgərov, oyunda vurulan ilk qolun da əsas iştirakçısı olur. Belə ki, oyunun 4-cü dəqiqəsində məhz onun ötürməsindən sonra Cavid Hüseynov hesabı açır.
Ancaq həm Namiqin, həm də yerli futbolsevərlərin sevinci uzun çəkmir, bir neçə dəqiqə sonra ağır zədə alan gənc yarımmüdafiəçi matçın 22-ci dəqiqəsində əvəzlənməli olur. Oyundan sonra onun zədəsinin ciddi olduğu ortaya çıxır. Beləliklə, Malta ilə oyun Namiqin yaddaşına müsbət, ancaq bir o qədər də mənfi notlarla həkk olunur. Ələsgərov zədəsini sağaldıb, əvvəlki formasını bərpa etmək üçün xeyli çalışmalı olur…

Qurban Qurbanova "mesaj”


Zədəsini yeni sağaldan Namiqin "Qarabağ” kimi komandada şans qazanması çox çətin idi. Buna görə də, Qurban Qurbanov onun "Kəpəz”ə icarəyə verilməsini daha məqbul sayır. Namiq tezliklə Şahin Diniyevin əsası gənclərdən qurulmuş əzmkar komandasında özünə yer tapır. O, Gəncə təmsilçisinin əsas heyət üzvlərindən birinə çevrilir. "Qarabağ”a qarşı oyunda müqavilə ilə məxsus olduğu komandanın qapısına yol tapan Namiq, Qurban Qurbanova "hazıram” mesajını göndərir. O, tezliklə millidəki yerini də geri alır. Prosineçki millinin toplanışında Ələsgərova da dəvət göndərir.

"Qarabağ”la tarixi uğurun astanasında

Mövsümün sonunda isə "Qarabağ” "Kəpəz”lə icarə müddəti sona yetən Namiqi geri qaytarır. Ancaq Ələsgərov "köhlən atlar”a yayda avrokuboklarda kömək edə bilmir. Köhnə zədəsi özünü göstərir və futbolçu Türkiyəyə müalicəyə yollanır.
Mövsümün əvvəlində zədəsini sağaldan Namiq, "Qarabağ”da şans qazanmağa başlayır. Futbolçu hazırda klubunda əsas heyətə düşməkdə çətinlik çəksə belə, millinin baş məşqçisi Robert Prosineçkinin inamını qazanır. Belə ki, yığmanın seçmə mərhələdəki 4 oyununun hamısına çağırılmış Namiq, bu oyunlardan 1-də əsas heyətdə olmaqla, ümumilikdə 3 oyunda meydanda olub. Ələsgərov yalnız Şimali İrlandiyaya qarşı səfər darmadağınında oynamaq şansı qazanmayıb.
Elə "Qarabağ”da da start heyətində olmasa da, mütəmadi olaraq meydana çıxır. Yarımmüdafiəçi "köhlən atlar”ın heyətində tarixi uğura imza atmağa çox yaxındır. Belə ki, Avropa Liqasının qrup mərhələsində keçirdiyi 4 oyunda 7 xal toplamış Ağdam klubu 1/16 final mərhələsinin bir addımlığındadır.
Ələsgərov "Qarabağ”ın əsas heyətinin daimi üzvlərindən sayılmasa belə, onun Qurban Qurbanov üçün əhəmiyyəti böyükdür. Belə ki, iki cəbhədə mübarizə aparan "Qarabağ”a çempionatdakı legioner limitinə görə yerli, səviyyəli futbolçular lazımdır ki, Namiq də bu boşluğu doldurmaq baxımından yaxşı seçimdir.
Hələ karyerasının başlanğıcında olan Namiqin uğurları irəlidədir. Ələsgərovun ən böyük arzusu isə Avropanın top komandasında oynamaqdır. Gənc futbolçu "sükanı” belə saxlayacağı, bir də zədələrdən yayına biləcəyi halda, bu arzusunu da reallaşdıra bilər. Ən azından Namiqin adına Rusiya, Türkiyə kimi ölkələrin klublarında rast gələ bilərik. Ələsgərov bu günə kimi sərgilədiyi oyunla onda bu perspektivin olduğunu çoxdan sübut edib.

Portreti

Namiqin portretini yaradarkən, ilk növbədə onun əzmkarlığını qeyd etmək lazımdır. Çox qısa karyerasında bir neçə dəfə zədə alan Ələsgərov, bütün hallarda iradəsi hesabına geri qayıtmağı bacarıb. Namiq həm də intizamlı xarakteri ilə seçilir. Başqa gənclərdən fərqli olaraq, hətta formasının ən pik nöqtəsində belə "ulduz xəstəliyi”nə tutulmayıb. Meydanda sürətli reydlərilə seçilən Ələsgərov, qapı önünə ötürmələrdə də yaxşı mənada fərqlənir. Namiqin inkişafı qarşısında yeganə maneə kimi isə tez-tez təkrarlanan zədələri saymaq olar. Gənc futbolçu zədələrdən yayınacağı halda, öz adından hələ çox söz etdirəcək.




banner

Oxşar Xəbərlər