AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Qarabağ" yatağının işlənməsi neft gəlirlərini əhəmiyyətli dərəcədə artıracaq

İqtisadiyyat
19 Mart 2020, 20:37 544
SOCAR və Norveçin "Equinor" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 km şərqdə, açıq dənizdə yerləşən "Qarabağ" yatağının kəşf olunduğunu təsdiq edib.
"APA-Economics"in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Amal Həsənli bu hadisənin Azərbaycanın iqtisadi qüdrətinin göstəricisi kimi qiymətləndirib.
O deyib ki, yatağın adının "Qarabağ" olması təsadüfi deyil: "Dövlətimiz növbəti dəfə bütün dünyaya bəyan edir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi və döyünən ürəyidir. "Qarabağ” yatağının işlənməsi Azərbaycanın neft gəlirlərini əhəmiyyətli dərəcədə artıracaq. Onun gələcək nəsillərə verəcəyi töhfəyə gəlincə, yatağın istismarı davamlı inkişafı təmin etməklə ölkə iqtisadiyyatının şoklara qarşı immunitetini daha da möhkəmləndirəcək. Bu da öz növbəsində iqtisadi müstəqilliyimizi təmin etməklə ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu artıracaq. Bunu eyni zamanda bütün dünyada olduğu kimi, Azərbaycanda da müşayiət olunan mürəkkəb vəziyyətdə neftçilərimizin Azərbaycan xalqına bayram hədiyyəsi kimi də qiymətləndirmək olar".
Xatırladaq ki, "Qarabağ" yatağı müstəqillik dövründə kəşf edilmiş ilk neft yatağıdır. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 mln. ton neftdən çoxdur.