• şənbə, 20 Aprel, 03:20
  • Baku Bakı 15°C

Qarabağ sevgisi

05.04.16 10:33 2344
Qarabağ sevgisi
Bir neçə gündür Qarabağ cəbhəsində gərgin döyüşlər başlayıb. Ordumuz düşmən təxribatlarına layiqli cavab verərək bir neçə strateji yüksəkliyi və kəndi işğaldan azad edib. Düşmən böyük sayda canlı qüvvə və texnika itirib.
Aprelin 1-dən 2-ə keçən gecə baş verənlər, Silahlı Qüvvələrimizin keçirdiyi uğurlu əməliyyatlar insanlarda ciddi ruh-yüksəkliyi yaradıb. İnsanlar hər şeyi unudub, cəbhədə baş verənlərə kökləniblər. Təbii ki, söhbət təkcə bir neçə kəndin və yüksəkliyin azad olunmasından getmir. Ortada çox ciddi düşüncələrə sövq edən, Qarabağ münaqişəsi ilə bağlı yeni mərhələ açan nüanslar var.
Əvvəla onu qeyd edək ki, Silahlı Qüvvələrimizin bir neçə gündür davam etdirdiyi əməliyyatlar ilk növbədə Dağlıq Qarabağ müharibəsinin artıq bitməsi barədə yaradılan təsəvvürlərin darmadağın edilməsidir. Ermənistan və havadarları hər vəchlə münaqişə bölgəsindəki mövcud status-kvonun qorunub saxlanılmasına çalışır, Azərbaycan isə bununla razılaşmayacağını bəyan edirdi. Amma bəzən düşmən elə bir görüntü yaratmağa çalışırdı ki, rəsmi Bakının bu bəyanatları həqiqəti əks etdirmir, Azərbaycan rəhbərliyi və xalqı istəsə də, istəməsə də reallıqla barışmalıdır. Silahlı Qüvvələrimizin son əməliyyatları isə göstərdi ki, Azərbaycanı məcburi şəkildə status-kvonun qorunub saxlanmasına məcbur etmək mümkün deyil. Silahlı Qüvvələrimiz göstərdi ki, istənilən vaxt cəbhə xəttindəki durumu öz xeyrinə dəyişə bilər. Başqa sözlə desək, son əməliyyatlar Azərbaycan və Ermənistan ordularının güc fərqini də əyani şəkildə ortaya qoydu. Uzun illərdir yaradılan xof dağıdıldı və məlum oldu ki, Azərbaycan istənilən an, qısa müddət ərzində öz torpaqlarını işğaldan azad etmək gücündədir. Sadəcə, beynəlxalq birliyin, vasitəçilərin sülh çağırışlarına dəstək verərək gözləyir. Amma gözləməyin, səbr etməyin də bir həddi olmalıdır axı...
Əməliyyatlara erməni və Azərbaycan xalqlarının verdiyi reaksiya da diqqətdən qaçmamalıdır. Belə ki, atəşkəs intensiv şəkildə pozulmağa başlayandan sonra Dağlıq Qarabağdakı əhalinin qorxuya düşərək Xankəndinə və Ermənistana qaçması barədə xəbərlər yayılmağa başladı. Ermənistanın özündə də insanların təşvişə düşməsi barədə xəbərlər var. Bütün bunların fonunda Azərbaycan əhalisi böyük ruh yüksəkliyi ilə prosesləri dəstəkləməyə, aparılan əməliyyatları alqışlamağa başladı. İnsanlar tezliklə torpaqlarımızın düşmən tapdağından təmizlənməsini arzulamağa və hətta tələb etməyə başladılar. Qısa müddət ərzində ölkənin bütün gündəmi dəyişdi. Vətəndaşlarımızın siyasətçisindən, iqtisadçısından tutmuş, bazarda göy satan alverçisinə kimi hamısı Qarabağla nəfəs almağa başladı. Son günlər hamı cəbhədəki əsgərlərimizə necə kömək etməyin yollarını axtarır, könüllülərin təmas xətti istiqamətində axın etməsi barədə də xəbərlər var. Səbəb sadədir - biz azərbaycanlılar haqq işi uğurunda, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda çalışırıq, ermənilər isə havadarlarının yardımı ilə tutduqları başqa ölkənin torpaqları uğrunda qurban getmək istəmirlər.
Bu günlər cəbhədə baş verənlər dünyanın diqqətini bir daha Dağlıq Qarabaş münaqişəsinə çevirdi. BMT baş katibi, Fransa prezidenti, ABŞ dövlət katibi, Rusiya Xarici İşlər Nazirliyi, qonşu İran İslam Respublikası atəşkəsin pozulması, döyüş əməliyyatlarının başlamasından narahatlıqlarını ifadə etdilər, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çağırışlarda bulundular. Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt isə açıq mətnlə Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyə çağırdı. Qardaş Türkiyə Cümhuriyyəti də Ermənistanı təcavüzkarlıqda ittiham etdi. Hətta Ermənistanla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunan Belarus belə, Azərbaycanın haqlı olduğunu özündən əks etdirən mövqedə dayandı.
Dünyanın tanınmış media quruluşları bir daha Dağlıq Qarabağ münaqişəsindən yazaraq, Azərbaycan torpaqlarının işğal altında olmasından bəhs etdilər. Başqa sözlə desək, biz bir daha dünyanın diqqətini bir çoxlarının “dondurmaq istədiyi” münaqişəyə yönəldə bilmişik. Bu gün cəbhədə baş verənlər heç şübhəsiz, sülh danışıqlarının gedişinə də təsirsiz ötüşməyəcək. Daha əvvəlki kimi mənasız, nəticəsiz danışıqlarla işi yola vermək mümkün olmayacaq.
Son günlər cəbhədə baş verənlərin mənəvi tərəflərini də qeyd etməyə ehtiyac var. İlk növbədə onu bildirək ki, baş verənlər insanlarımızda hərbi-vətənpərvərlik hisslərinin yetərincə olduğunu üzə çıxardı. Açığı, son vaxtlar cəmiyyətdəki müxtəlif problemlər, insanların şouya meyillənməsi, təhsil sahəsindəki boşluqlar bu sahədə ciddi problemlərin yarana biləcəyi barədə qorxulara yol açmışdı. İnsanlar öz aralarında danışanda, torpaqlarının 20 faizi işğal altında olan ölkənin vətəndaşlarının vətənpərvərliyinin yetərincə olmamasından şikayətlənirdilər. “Gözünü açandan Qarabağı görməyən nəsil yetişir” deyə əndişələr var idi. Amma indi məlum olur ki, narahatlığa heç bir əsas yoxdur. Qarabağ sevgisi yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının ürəyindədir. Ümumiyyətlə, bir şey tam dəqiqliyi ilə aydınlaşır ki, Azərbaycan xalqını Qarabağ sevgisi qədər birləşdirəcək ikinci bir faktor yoxdur. Cəbhədə vəziyyət gərginləşəndən hamı bir nəfər kimi birləşib, eyni nöqtəyə vurur. Dost da məlumdur, düşmən də. Bölgədə marağı olanlar, Azərbaycanla dost olmaq istəyənlər, azərbaycanlıların sevgisini qazanmaq arzusunda olanlar bunu mütləq nəzərə almalıdırlar.
Müharibə həm də qan, qurbanlar deməkdir. Qansız, qadasız da vətəni qorumaq mümkün deyil. Necə deyərlər, “torpaq uğrunda ölən varsa, Vətəndir!” Bu baxımdan insanlarımızın cəbhə bölgəsindəki itkilərlə bağlı münasibətlərində də sevindirici məqam var. Hamı bir ağızdan “Təki Vətən sağ olsun!” deyir. Özü də dəfələrlə təkrarlanan bu sözlər səmimiyyətlə, içdən deyilir, heç də pafos yoxdur.
Pafos demişkən, insanlarımızın siyasi savadlılığının artması da xeyli sevindiricidir. Adamlar daha hər şeyə gözüyumulu, kütlə psixologiyası ilə baxmırlar. Dünyada, bölgədə hansı hadisələrin baş verməsindən xəbərdardırlar və baş verənlərə də bu kontekstdən yanaşırlar. Ordumuz hücum keçirsə, buna sevinirlər, atəş birtərəfli qaydada dayandırılırsa, bunun heç də səbəbsiz olmadığını başa düşürlər. Başa düşürlər ki, biz Qarabağda Ermənistanla vuruşmuruq, bu işin arxasında daha böyük güclər var.
Bu mənada, mediamızın bu gərgin durumdakı davranışları da ürəkaçan oldu. Cəbhə xəttində baş verən hadisələr dəqiqəbədəqiqə mediada peşəkarcasına, milli maraqlara uyğun şəkildə işıqlandırıldı. Xəbər agentliklərimiz, internet resurslarımız operativ şəkildə oxucularını məlumatlandırdılar. Baş verənlər, Azərbaycanın mövqeyi rus, ingilis və digər əcnəbi dillərdə dünya ictimaiyyətinə çatdırıldı. Sevindirici haldır ki, 2014-cü ilin analoji hadisələrindən fərqli olaraq, bu dəfə mediamız daha təmkinli və diqqətli davrana bildi. Rəsmi təsdiqi olmayan məlumatlar mediaya yol tapa bilmədi. Hətta sosial şəbəkə istifadəçiləri də diqqətli olmağa çalışdılar. Sosial şəbəkə istifadəçiləri bir-birilərini məlumatlandıraraq “nələri etmək olmaz” məzmunlu paylaşmalar etdilər. Bütün bunlar Azərbaycan mediasının artıq döyüş şəraitində işləmək imkanında olduğu görüntüsü yaratdı. Deməli, 2014-cü ildə atəşkəsin pozulması zamanı yaşananlar, mediada müşahidə edilən pərakəndəliklə bağlı ifadə edilən narahatlıq, dövlətin apardığı iş, Mətbuat Şurasının tövsiyələri öz bəhrəsini verib. Azərbaycan jurnalistləri artıq cəbhədə baş verənlərə təkcə xəbərçi kimi yanaşmırlar. Həm da çalışırlar ki, vətəndaşlıq mövqelərini ortaya qoysunlar.
Təbii ki, hazırda cəbhədə davam edən döyüşlərlə Qarabağ münaqişəsinin birdəfəlik həllini tapacağını gözləmək də düzgün olmazdı. Hamılıqla başa düşürük ki, bu xəmir hələ çox su aparacaq. İndiki məqamda əsas olan odur ki, Prezident İlham Əliyevin də Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi, təxribat törədən düşmənə layiqli cavab verilib. Əyani şəkildə göstərilib ki, başqasının torpağında əlləri ciblərində gəzmələri daha mümkün olmayacaq. Azərbaycan xalıq heç vaxt Qarabağsızlıqla barışmayacaq. Özünü ciddi təhlükələr qarşısında qoysa belə...
İlham QULİYEV
banner

Oxşar Xəbərlər