• cümə axşamı, 28 mart, 22:06
  • Baku Bakı 13°C

Qarabağ şeirləri - 2013-cü ilin şeirləri əsasında

14.07.14 12:46 59483
Qarabağ şeirləri -  2013-cü ilin şeirləri əsasında
Müasir ədəbiyyat
Bu vaxta qədər Qarabağ müharibəsi və onun doğurduğu itkilər, sosial və mənəvi bəlalar, itirilmiş torpaq ağrıları haqqında yüzlərlə şeir yazılıb. Bu şeirlərin hər birinin vətənpərvərlik duyğusundan yarandığına qətiyyən şübhə eləmirik. Amma POEZİYA adlı müqəddəs bir söz də var və hər yazılan şeir poeziya sayıla bilməz. Təbii ki, o şeirlərin böyük əksəriyyətinin ömrü elə çap edildiyi gündə başa çatır, necə deyərlər, fiziki mənada bir kəpənək ömrüdü o şeirlər. O gün doğulur, o gün də ölür. 2013-cü ildə Qarabağ olayları ilə bağlı şeirlər, poemalar nisbətən az yazılıb və deyək ki, buna kədərlənmək yox, sevinmək lazımdır. Birincisi, ona görə ki, artıq mövzunun özü get-gedə şablon ifadə tərzinin meydana çıxmasına səbəb olur, şeirdən şeirə hazır stereotiplər ayaq açır. İkincisi:
Onsuz da şairdi bu xalq
Ayrı nə olmalıydı,
İşğal olanda torpaq?
Qarabağ göynəyi göynətdi yurdu
Əliyalın xalq üstə
Yeridi ordu.
Əlinə gücü çatan
Əliylə,
Dilinə gücü çatan
Diliylə,
Şairlər şeiriylə
Yeridi ordu üstə.
Qarabağ hamını şəhid elədi.
Hərə qəlbində nə isə dəfn elədi!
Qəbristanlıqlar böyüdü,
Qəbirlər yeridi ordu üstə!
Ruhlar yeridi ordu üstə!
Döyüş gedir sərhədlərdə,
Səngərlərdə
Atəşkəs pozulanda.
Döyüş gedir
Prezidentlər görüşündə!
Bu şeirin adı «Qarabağ hamını şair elədi», müəllifi isə İsa Sevərdir. Əlbəttə, İsa Sevərin şeiri poetik baxımdan bir elə uğurlu deyil, yarı şeir, yarı publisistikadır. Amma İsa Sevərin şeirində bir həqiqət təsdiq olunur: Qarabağ mücadiləsi heç vaxt səngiməyib. Bu gün hər bir Azərbaycan türkünün qəlbində bir Qarabağ həsrəti, Qarabağ yanğısı var. Heç kim məğlubiyyətlə barışmaq istəmir, hamı Ordumuzun Şuşada, Xankəndində qələbə nidasının səslənəcəyi günü gözləyir. Bəli, şeirimizin 2013-cü il mənzərəsində ən az müraciət olunan mövzu Qarabağdır, amma öncə qeyd etdiyimiz kimi, bunun üçün kədərlənməyə dəyməz. O müqəddəs mövzunu kütləviləşmək təhlükəsi gözləyir və buna yol vermək olmaz.
Xalq şairi Zəlimxan Yaqubun «Şuşa şikəstəsi» poeması («Azərbaycan» curnalı, № 8) bu nisgilimizi ovutdu. Başdan-ayağa lirik hisslər,əsasən nostalci duyğular üzərində qurulan, əksər misralarından ağrı, həsrət, kədər süzülən «Şuşa şikəstəsi» doğrudan da böyük bir ŞİKƏSTƏdir (farsca «şikəstə» qırılmış, sınmış, incimiş, qəlbi qırılmış mənalarını verir. Muğamat adı var: «Şikəsteyi-fars»).
Xaqanım, paşam haray,
Qaynayam, daşam haray.
Eşitmirəm səsini,
Hardasan, Şuşam haray.
Şuşanın yolu bağlı,
Sağıyla solu bağlı.
Uçmağa imkanı yox,
Qanadı, qolu bağlı.
Bayatıdı, bəstədi,
Gülü dəstə-dəstədi.
Şuşam hanı deyənlər,
Dərd əlindən xəstədi.
Ötmür muğamatı, dillənmir sazı,
Yollar yolçusuzdu, cığırlar yetim.
«Şuşa şikəstəsi» nostalci notlar üzərində qurulsa da, bizdə bədbinlik, pessimizm oyatmır. Düşünürük ki, məğlubiyyət şikəstəsi deyil bu ki, torpaqlarımız işğal olunandan sonra oturub vay-şivən qoparaq, göz yaşları axıdaq. Bu, Şuşanın hələ də işğal altında olduğunu, havasız yaşamaq mümkün olmadığı kimi Şuşasız da yaşamağın namümkünlüyünü xatırladan bir haraydır. Və bütün poema boyu şair üzünü bizlərə tutub deyir ki: AXI, ŞUŞASIZ NECƏ YAŞAMAQ OLAR?
Şuşasız qalmağa öyrəşir insan,
Şairlər yuxuda uyuyur daha.
Getdikcə azalır Şuşa deyənlər,
Odlu misralar da soyuyur daha.
Ən gözəl yurdumdu, yuvamdı Şuşam,
Yuvasız yaşamaq olarmı görən!
Odumdu, suyumdu, havamdı Şuşam,
Havasız yaşamaq olarmı görən!
Qarabağ müharibəsi hər bir nəslin (söhbət şairlərdən gedir-V.Y.) yaddaşında fərqli şəkildə özünü göstərir. Yaşlı və orta nəsil üçün Qarabağ xəyal deyil, canlı bir məkandır, gözəlliklər məskənidir və onun işğalı da, müharibədə həlak olan şəhidləri də gözlərin gördükləri reallıqlardı. Azərbaycan şairlərinin az da olsa bir qismi Qarabağ müharibəsinin canlı iştirakçısı olmuşlar, bir qismi əlinə silah götürməsə də, daima döyüşçülər qarşısında çıxış etmiş, onları qələbəyə ruhlandırmışlar. Bu şairlərin oğul itkilərini də unutmaq olmaz. Xəlil Rza Ulutürkə, Qaçay Köçərliyə oğul dağı çəkilib.
Amma yeni nəsil üçün Qarabağ müharibəsi gözlərin gördüyü reallıq deyil. Onların burnuna barıt qoxusu dəyməyib, qulaqları partlayış səsi eşitməyib. Müharibə başlananda onlar uşaq idilər. Amma müharibəni canlı şəkildə görməyən və seyr etməyən bu cavan şairlərin bədii təxəyyülündə Qarabağ müharibəsi özünəməxsus bir görünüşdə nəzərə çarpır.
Əsgər sinəsi axtarır
isinməyə
fevral şaxtasından
üşüyən güllə.
hər əsgər tabutu
bir ağ gəlinliklə köçər…
əsgər deyil,
sevən qızın arzularını
götürüb gedər
hər atılan güllə.
Gənc şair Emin Pirinin «Sağ qalan varmı?!» şeiri müharibənin doğurduğu bəlalardan söz açır və onun daha bir neçə şeiri elə bu ruhdadır. Eminin müharibə ilə bağlı şeirlərində nə çağırış var, nə də döyüş marşlarını xatırladan misralar… Bu şeirlərdə kəsilmiş ayaqlar, itirilmiş qollar, şəhid məzarları, «mərmilərə atılan ana fəryadları», «torpaqdan dən yerinə barıt dənləyən sərçələr» görünür. Eminin müharibə şeirlərindəki kədər onun ağrılarını impulsiv şəkildə yaşayan bir fərdin duyğularını ifadə edir. Bu duyğuların ifadəsində də yeni poetik çalarlar, bədii təsvir vasitələri diqqəti cəlb edir. Emin Piri deyəndə ki: «çiçək açırdı torpağa basdırılan minalar toxunanda ayaqlar»-bu, tamam yeni bir metaforik düşüncə tərzidir. Daha sonra: «Yaralar anaların yuxusuna qaçırdı. Yuxular qara xəbərin ardınca qaçırdı. Qəlbinə qara xal düşən qızların gözünün altından öpüş yerini səhər eşitdiyi xəbərlər yuyar»- bunlar da təzədir. Amma «Ayağım özümdən qeyrətli çıxdı» şeirində ən orijinal məqam vurulmuş –döyüşdə itmiş ayağın kədərli nağılıdır.
O da cəbhədəydi
mərmilər qucaqlamışdı
sağ ayağının addımını.
arxada can verən
addım səsinə qayıdıb
itmiş ayağını aldı əlinə.
Bir vaxt sevgilisinə
gül verən əllər
bugün nə aparacaqdı?
cəbhədə qalan sağ ayağının
təqaüdünü də
sol ayağı alıb xərcləyir!
danlayar özünü hər səhər-axşam
əlini başına, dizinə çırpır:
o qaldı cəbhədə,
mənsə qayıtdım
ayağım özümdən qeyrətli çıxdı.
Müharibə ovqatı iyirmi yaşlı Ramil Əhmədin şeirlərində də öz poetik ifadəsini tapır. Əgər Emin Piri müharibənn dəhşətlərini, davanın doğurduğu ağrı-acıları təsvir edirsə, bütün bunları sanki gözləriylə görübmüş kimi canlandırırsa, Ramil Əhməd atəşkəsdən sonra talelərdə, ürəklərdə, ailələrdə bitməyən müharibələrdən söz açır. Onun «Müharibə» silsiləsi müharibə vaxtı doğulan uşaqların, yəni iyirmi-iyirmi beş yaşlıların hisslərini, duyğularını ifadə edir. Bu münasibətin özü poeziyamızda yenidir. Yaxşı ki, yeni nəsil üçün də müharibə bitməyib, davam edir və nə qədər kədərli notlarla qarşılaşsaq da, bütün bu hisslərin, duyğuların reallıqdan doğduğuna şübhə eləmirik.
Hər gün süfrəyə dördüncü boşqab da qoyulur-bu divarda şəkli asılan kişinin boşqabıdır. Amma o yoxdur, qəhrəmancasına şəhid olub. Həyat isə davam edir:
Biz atamızın
ayaqqabısına,
köynəklərinə,
dolabda tozlanan
siqaret qoxulu boz pencəyinə baxıb böyüdük…
«Ata!» dedik divardan baxan şəklə,
Şəkil kimi yaraşıqlıydı atamız,
şəkil atamız!..
Ramilin həmin silsilədə «Müharibədən sonra», «Əvvəl insanlığı, sonra insanları əzib keçdilər», «Metamorfoz», «Üçü birində», «Kasıb komalarından qalxan tüstülər» şeirlərində də müharibənin hələ bitmədiyini, atasız, yetim və şikəst uşaqların, dul qadınların taleyində davam etdiyini görürük. Cavan şairin real, həyati müşahidələri ayrı-ayrı süjetlərdə reallaşır. Şeirdə əhvalat danışmaq mənzuməçilikdir, yəni hekayənin şeir halına salınmasıdır. Burada poeziya uduza da bilər. Amma elə əhvalat var ki, o, nəql edilsə də, şeirdə ifadə olunan poetik hissin, duyğunun hökmündədir. Ramilin şeirlərində də belədir.
Balaca qızcığaz
gizlənpaç oynayırdı ki,
gözlərini açanda atasını tapsın…
Sürəyya deyirdi:
«Boyu uzun buray qızım,
saçı uzun suray qızım,
üç gecə yatandan sonra atan gələcək».
O üç gün gəlib çıxmadı-
Qızcığaz saymağı bacarmırdı çünki…
Bu, kədərli bir əhvalatdır və bu əhvalat 90-cı illərin acı həyat lövhələrinin bir parçasıdır- «tifilləri ac qalan Sürəyya pəncərə önündə çarmıxa çəkilmişdi, yardım maşınını gözləyirdi. Qurdlu ciyər, qaralmış ət, iylənmiş ürək satan qəssab Qulam deyirdi: «Bu üç yetimi necə dolandırır, bəlkə, ürəyini satır xəbərimiz yoxdu?».
Ramil Əhməd başqa bir şeirində bir insanın-Sona adlı qadının faciəsini qələmə alır və bu şeirdə cavan şairin poetik istedadı doğrudan da bizi sevindirir. Müharibənin şiddətli bir anı-düşmən qovur-qadınlar, uşaqlar, qocalar qaçırlar. Sonanın qucağında da uşaq var, o ağlayır və Sonaya deyirlər ki, at bu uşağı, təzəsini doğarsan. Və budur:
Uşaq yaşamağa utandı və…
öldü!
Qismətə, taleyə yazdılar,
körpənin qəbrini
anasının qucağında qazdılar.
Sonanın başı başdaşıydı bu qəbrin,
sinəsi sinə daşı,
göz yaşları qəbir üstündəki yazıydı…
Ağlayırdı Sona!
Poeziyanın yaddaşında Qarabağ yaşayır və bu gün Azərbaycan şairləri bu yaddaşa yeni səhifələr bəxş etməlidir ki, itməsin, silinməsin o yaddaş. Tənqidimizin sonuncu korifeyi Yaşar Qarayev yazırdı ki: «Millət-genetik səviyyədə, yaddaş-ağrı səviyyəsində dərk olunmuş vəhdətdən və bütövlükdən başqa bir şey deyildir. Yalnız yaddaş olan yerdə sabitlik və tamlıq var, nəsillər və əsrlər, ilahi və bəşəri dəyərlər və sərvətlər arasında əlaqə və estafet var. Əslində, nəinki təbiət və insan. Ekologiya və poeziya da yaddaşdır. Şəhid-ölümü ilə, şair-ağrısı ilə yaddaşa qaynayıb-qovuşur».
banner

Oxşar Xəbərlər