• cümə, 26 Aprel, 23:31
  • Baku Bakı 22°C

Qarabağ qaziləri İlham Əliyevə təşəkkür edir

18.03.14 15:02 1536
Qarabağ qaziləri İlham Əliyevə təşəkkür edir
Xəbər verildiyi kimi, dünən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev əlillərlə, o cümlədən Qarabağ əlilləri ilə bağlı mühüm fərmanlar imzalayıb. Onun “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərmanından sonra Qarabağ qazilərinin təqaüdü 45 manat artırılıb.
Bununla bağlı “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri birgə açıqlama yayıblar. Açıqlamada deyilir: “Dünən prezident İlham Əliyev tərəfindən ölkəmizdə yaşayan 11 min Qarabağ əlilinə şamil olunan çox mühüm bir fərman imzalandı. Biz bu fərmanı gözləyirdik. Cənab prezidentə bu fərmana görə dərindən minnətdarlığımızı bildiririk. Heç kəsə sirr deyil ki, əsası hələ ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Qarabağ əlilləri, şəhid ailələri, müharibə veteranlarına diqqət və qayğı, onun ölümündən sonra prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bundan sonra da Qarabağ əlilləri, şəhid ailələri və müharibə veteranlarına diqqət və qayğının artırılacağına, bu qəbildən olan insanların vacib problemlərinin həll olunacağına əminik. Biz bu problemlərin həllində Azərbaycan dövlətinə, onun prezidenti və Ali Baş Komandanımız İlham Əliyevə güvənirik”.
Müraciətdə son zamanlar Azərbaycanda aparılan əsaslı kadr islahatının da öz bəhrəsini verdiyi vurğulanıb. Buna misal kimi, Qarabağ qaziləri ötən il əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunmuş Səlim Müslümovun qısa zaman ərzində səmərəli fəaliyyətini göstəriblər.
Xatırladaq ki, Qarabağ qaziləri bu ilin yanvar ayında Qarabağ əlillərinin sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinə müraciət etmişdilər. Həmin müraciətdə müharibə insanlarını narahat edən problemlərlə bağlı prezidentdən bir sıra xahişlər yer almışdı. Bunun ardınca onlar müxtəlif dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirmiş, problemlərin həlli yollarını müzakirə etmişdilər.
banner

Oxşar Xəbərlər