• cümə, 29 Mart, 14:49
  • Baku Bakı 14°C

"Qarabağ Qafqaz Albaniyası dövründə” - Yeni araşdırma

22.07.16 14:05 1348
"Qarabağ Qafqaz Albaniyası dövründə” - Yeni araşdırma
"Erməni iddiaları işığında Qarabağın etnosiyasi və mədəni tarixi" adlı üç cildliyin l cildi "Qarabağ Qafqaz Albaniyası dövründə” əsərinin təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədqiqatçı-alim, Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov və ukraynalı tədqiqatçı, Ukrayna Milli Yaddaş İnstitutunun əməkdaşı Maksim Mayorovun birgə müəllifi olduqları "Qarabağ Qafqaz Albaniyası dövründə" əsərində Qarabağın islamaqədərki tarixi yeni elmi faktlarla araşdırılıb.
Tədbirdə bildirilib ki, əsərdə Qafqaz Albaniyası dövründə Qarabağın siyasi həyatı, mədəniyyəti, etnik mənzərəsi canlandırılıb, bu dövrə aid erməni iddiaları bir-bir nəzərdən keçirilib.
Qeyd olunub ki, müəlliflər kitabda erməni mənbələrinin geniş müqayisəli təhlilini verib, erməni iddialarını və təhriflərini elə erməni müəlliflərinin öz dili ilə ifşa edib, onlar arasında ziddiyyətləri, tarixi uyğunsuzluqları açıb göstəriblər.
Kitabda arxiv materiallarından, ilkin mənbələrdən, tanınmış azərbaycanlı, erməni, rus, gürcü, türk və Qərb alimlərinin tədqiqatlarından geniş istifadə edilib.
I cild ön söz və 4 fəsildən ibarətdir. I cildin ilk fəslində Qarabağın zəngin arxeoloji irsinə, bölgənin tarixi toponimikası ilə bağlı məqamlara toxunulub, əcnəbi oxucuları çaşdıran məqamlara aydınlıq gətirilib. İkinci fəsil özündə Qafqaz Albaniyası, alban etnosu və mədəniyyəti haqqında müxtəsər tarixi məlumatları ehtiva edir. Tədqiqatın üçüncü fəslində Qarabağ bölgəsinin Qafqaz Albaniyasının siyasi, dini və mədəni tarixində oynadığı mühüm rol oxucuların diqqətinə çatdırılıb. IV fəsildə isə Alban kilsəsinin tarixi taleyi və Qarabağın kilsə tarixindəki yerinə diqqət ayrılıb, ermənilərin bu məsələdə dünya ictimaiyyətini həqiqətlərdən yayındırmaq üçün irəli sürdükləri arqumentlərin əsassızlığı mənbələrin müqayisəli təhlili əsasında işıqlandırılıb.
O da bildirilib ki, tədqiqat işi Qarabağla bağlı səhih tarixi faktların daha geniş ictimaiyyətə çatdırılması məqsədilə rus dilində qələmə alınıb, müvafiq tarixi xəritələrlə və fototəsvirlərlə zənginləşdirilib.
Kitab Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə "Şuşa qrantı” çərçivəsində nəşr olunub.
Layihə çərçivəsində kitabın daha iki cildi işıq üzü görəcək. II cilddə VII-XVIII əsrlər, III cilddə isə XVIII-XXI əsrlərdə Qarabağın tarixi araşdırılacaq.
Kitabın elmi redaktoru Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Məmməd Əliyevdir.
banner

Oxşar Xəbərlər