• çərşənbə axşamı, 23 aprel, 07:12
  • Baku Bakı 20°C

Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri

01.06.16 20:41 1315
Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri
Bu gün Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri” mövzusunda tədbir keçirildi və Bakı-Moskva-İrəvan arasında videokörpü quruldu. Videokörpüdə Azərbaycan tərəfdən Milli Məclisin deputatı Rasim Musabəyov, politoloq Tofiq Abbasov, İrəvandan Ermənistan parlamentinin deputatı Xosrov Arutyunyan, politoloq, deputat Tevan Poqosyan, Moskvadan isə "Rusiya bu gün” Beynəlxalq İnformasiya Agentliyinin Zinovyev klubunun üzvü Vladimir Lepexin iştirak edirdilər.
İlk olaraq çıxış edən politoloq Tofiq Abbasov dedi ki, Kazan prosesinin nəticəsiz qalmasına təəssüf edir. Onun fikrincə, söhbət konstruktiv danışıqlardan gedirsə, Minsk qrupu nəzərə alsın ki, bu prosesdə pauza vermək olmaz. Çünki bu, prosesi apreldən əvvəlki status-kvoya qaytara bilər. Xosrov Arutyunyan bildirdi ki, onlar üçün önəmli olan Dağlıq Qarabağda ermənilərin gələcək yaşam şərtləri və hüquqlarıdır: "Rusiyanın vasitəçilik missiyası sülhyaratmada vacib məqamdır. Biz istəmirik ki, vəziyyət 1994-cü ildəki hala gəlsin. Düşünürəm ki, işğal olunmuş ərazilər geri qaytarılmalıdır. Bizim üçün əsas olan Dağlıq Qarabağın gələcəyidir. Ermənilər üçün Dağlıq Qarabağ problemi yaşam hüququ ilə bağlıdır”.

Millət vəkili Rasim Musabəyov ona cavabında dedi ki, 1994-cü illərə qayıtmaq mümkün deyil. Həmin vaxtlarda Ermənistan yaranmış qarışıqlıqdan istifadə edərək Azərbaycan ərazilərinin böyük hissəsini işğal etdi. Amma indiki Azərbaycan o Azərbaycan deyil, situasiya dəyişib və ölkəmiz xeyli inkişaf edib: "Ermənistanı xeyli sayda vətəndaş tərk edib. Amma bizdə əksinə, əhalinin sayı artıb, həmçinin ölkənin hərbi və diplomatik gücü artıb. Biz Ermənistanla birlikdə neçə illər ərzində SSRİ-nin tərkibində birgə yaşamışıq. Rusiya bu problemin həllində təkcə vasitəçi deyil, daha ciddi rola malikdir. Hazırda ölkəmiz Ermənistandan dəfələrlə güclüdür. Ona görə də 1994-cü ilə qayıtmaq illüziyadır. Yaşamaq hüququ məsələsinə gəlincə, niyə 120 min erməninin Qarabağda yaşamaq hüququndan danışılır, amma 1 milyona qədər azərbaycanlının, həmçinin Ermənistandan didərgin düşmüş 200 min azərbaycanlının, zorla qovulan, dədə-baba torpaqlarından didərgin salınan azərbaycanlıların haqlarından danışılmır? Onların öz yurdlarında yaşamaq hüququ yoxdurmu?”
Erməni deputat Tevan Poqosyanın həqiqəti əks etdirməyən fikirləri isə zalda gülüşlə qarşılandı. Onun fikrincə, apreldə yaşanan döyüşlər zamanı Azərbaycan Rusiyadan xahiş edib ki, atəşkəş elan olunmasına yardım etsin: "Konstruktiv danışıqlardan o vaxt söhbət gedə bilər ki, Azərbaycan ilk olaraq, Dağlıq Qarabağın müstəqilliyini tanısın. Yaxşı olardı ki, Azərbaycan nümayəndələrii 2 iyun 2016-cı ildə Xankəndinə gəlsin və onu müstəqilliyi münasibətilə təbrik etsin”.
T.Abbasov cavab olaraq nəzərə çatdırdı ki, Ermənistan rəhbərliyi özü silah aldığını və hərbi əməliyyatları davam etdirəcəyini açıqlayır: "Əgər Ermənistanın ali rəhbərliyi hərbi əməliyyatları davam etdirməkdə maraqlıdırsa, necə iddia edə bilər ki, o, sülh tərəfdarıdır? Cənab Poqosyanın deyəsən, erməni mətbuatının yazdığından xəbəri yoxdur. Onlar yazırlar ki, Azərbaycan apreldə geri aldığı 800 hektar torpaqları Ermənistana qaytarsın. Azərbaycan isə deyir ki, daha çox ərazini geri qaytarıb. Ölkəmiz döyüşlərdə qalib gələn, ərazilərini geri qaytaran tərəf idi. Necə ola bilər ki, o, atəşkəs üçün müraciət etsin? Bunu məğlub tərəf edir. Ona görə də Poqosyanın Azərbaycanın aprelin 6-da atəşkəs üçün Moskvaya xahiş etməsi barədə dediyi fikrin əsası yoxdur. Onu da deyim ki, hadisələr Qarabağla bağlı başlamayıb. Hər şey Ermənistanın azərbaycanlıları yurd-yuvalarından qovması, etnik təmizləmə aparması ilə başladı. Azərbaycan hər zaman mövqeyini açıq şəkildə ortaya qoyub və məsələnin həlli yolu yalnız budur - Ermənistan öz hərbiçilərini işğal etdiyi torpaqlardan çıxarmalıdır”.
R.Musabəyov yalan danışan ermənilərə dedi ki, xəritəni açıb yaxşı baxsınlar. Ermənistan Dağlıq Qarabağdan 3 dəfə artıq Azərbaycan ərazilərini işğal edib. Durub bizim silah almağımızı tənqid edirlər. Halbuki Xosrov Arutyunyan baş nazir olanda Rusiya Ermənistana milyard dollarlıq silah verirdi. Yəni Azərbaycanın pulla aldığı silahları Ermənistan pulsuz alır: "Əgər Ermənistan düşünürsə ki, elə belə də olmalıdır, bu, başqa məsələ. Azərbaycan razıdır ki, təmas bölgəsində monitorinq keçirilsin. Amma ilk olaraq, hərbi əməliyyatlar dayandırılmalı, kommunikasiya xətləri bərpa edilməli, məcburi köçkünlər evlərinə qayıtmalıdır. Bundan sonra Dağlıq Qarabağın statusu müəyyən edilməlidir. Azərbaycan başqa cür danışıq aparmayacaq”.

Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər