Qarabağ münaqişəsinə dair təmas qrupu toplandı
Ötən ilin aprelində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda
keçirilən XIII Zirvə toplantısında Dağlıq Qarabağ münaqişəsinə dair təmas qrupunun
yaradılması qərara alınıb. İƏT xarici işlər nazirlərinin təmsil olunduğu təmas
qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin həyata
keçirilməsini qarşıya məqsəd qoyub.
Bu günlərdə Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci iclası
çərçivəsində İƏT-in Dağlıq Qarabağ münaqişəsinə dair təmas qrupunun iclasında
münaqişənin müzakirəsi keçiriləcək. Həmçinin görüş zamanı regionda mövcud
vəziyyət və son hadisələr müzakirə olunacaq.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi ki,
Azərbaycan daima tərəfdaşlıq və əməkdaşlıq etdiyi təşkilatlarla Ermənistanın
işğal faktorunu qabartmaqla Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu nəzərə
çatdırır və işğalçı ölkənin bu siyasətinə qarşı müəyyən tədbirlərin görülməsini
vacib hesab edir: "Bilirik ki, İslam Əməkdaşlıq Təşkilatı müsəlman dünyasının
ən effektiv beynəlxalq təşkilatlarından biridir və bu təşkilat BMT yanında
xüsusi müşahidəçi statusuna malikdir. Ona görə də həm təşkilat üzvlərinin
vaxtaşırı məlumatlandırılması, həm də işğalçı dövlətə münasibətdə təşkilat üzvü
olan ölkələrin fəaliyyətinin bir növ koordinasiya edilməsi məqsədilə
Azərbaycanın təşəbbüsü ilə belə bir təmas qrupu yaradıldı. Burada əsas məqsəd
Ermənistanın işğalçılıq siyasətinə qarşı birgə və effektiv mübarizədir. Bilirik
ki, ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının növbəti iclası keçirilir və
bu çərçivədə İslam Əməkdaşlıq Təşkilatı tərkibində yaradılmış Dağlıq Qarabağ
münaqişəsinə dair təmas qrupu üzvlərinin yenidən bir araya gələrək işğalçı
ölkəyə qarşı fəaliyyətləri koordinasiya etməsi, iştirakçıların
məlumatlandırılması, düşünürəm ki, hazırki məqamda ən vacib və effektiv
vasitədir. Çünki İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ərazi bütövlüyü
pozulduğu halda, onu müdafiə edəcək institusional qurumlar və mexanizmlər
yoxdur. Düşünürəm ki, bunun olması vacib məsələdir”.
H.Məmmədov vurğuladı ki, təmas qruplarının yaradılması gələcəkdə
onların konkret üzv ölkələrin maraqlarını müdafiə edəcək mexanizmə çevrilməsi
istiqamətində atılan ilk addımdır: "Dünya getdikcə qütbləşir və biz bilirik ki,
hazırda müsəlman dünyasına qarşı həm ideoloji, həm hərbi-siyasi, həm də
geostrateji müstəvidə müxtəlif aqressiyalar var. Bu səbəbdən gələcəkdə bu
təşkilatın daha effektiv və mümkün işğal faktorlarına qarşı birgə fəaliyyətini
təmin etmək üçün həm informasiya müstəvisində bu təmas qrupları kimi
məlumatlandırıcı vasitələr, həm də gələcəkdə bunların hərbi-siyasi mexanizmə
çevrilməsi məsələləri aktualdır. Düşünürəm ki, bu, gələcəkdə nəzərdən
keçirilməlidir. Nyu-Yorkda bu məsələlərin müzakirə predmetinə çevrilməsi isə
çox yaxşı haldır”.
Millət vəkili, politoloq
Elman Nəsirov bildirdi ki, BMT Baş Assambleyasının Nyu-Yorkda başlanan növbəti
sessiyası çərçivəsində İƏT tərkibində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı yaradılmış təmas qrupunun toplantısının keçirilməsi
çox müsbət haldır: "Çoxsaylı suallar yaranır ki, bunun bizim üçün əhəmiyyəti
nədən ibarət ola bilər? Əvvəla, onu qeyd edim ki, Prezident İlham Əliyev bu
günlərdə Astanada İslam Əməkdaşlıq Təşkilatının Elm və texnologiyalar üzrə
birinci Sammitində iştirakı və çıxışı zamanı bu məsələlərə toxundu və belə bir
qurum çərçivəsində təmas qrupunun yaradılmasını çox müsbət hadisə kimi
dəyərləndirdi. Dövlət başçısı qeyd etdi ki, İslam Əməkdaşlıq Təşkilatı və üzv
dövlətlər münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Dəfələrlə
Prezident İlham Əliyev onu da çıxışlarında vurğulayıb ki, İslam həmrəyliyinə
böyük ehtiyac var. O, Astanadakı nitqində də qeyd etdi ki, Ermənistanın
yalanlarına inanmayın, Azərbaycanın müqəddəs məscidlərini dağıdan Ermənistandan
sizlərə dost ola bilməz. Bu o deməkdir ki, bəzi müsəlman ölkələri işğalçı
Ermənistanla sıx əməkdaşlıq xəttinə sadiqlik nümayiş etdirir. Bu isə qətiyyən
qəbuledilməz məsələdir. Belə olan təqdirdə, bu formatda təmas qrupunun
yaradılması və Nyu-Yorkda onun toplantısında bəhs etdiyimiz neqativ halların,
bəzi müsəlman ölkələrinin işğalçı dövlətə münasibətdə tutduğu loyal münasibətin
də müzakirəsinin olacağı gözləniləndir. Müzakirələr nəticəsində belə hallara
qarşı effektiv mexanizm ola bilər ki, bunlar təkrarlanmasın”.
E.Nəsirov qeyd etdi ki, təmas qrupunun BMT Baş Məclisinin məlum
sessiyası çərçivəsində bir araya gəlməsi və münaqişə ilə bağlı məsələləri
müzakirə etməsi çox effektli ola bilər: "İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı
işğalçı dövlət elan edib və bəyanatlar verib. Onu qeyd edim ki, İslam
Əməkdaşlıq Təşkilatında təmsil olunan 57 dövlət həm də BMT-nin üzvləridir. Deməli,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət
ətrafında müzakirələrin gedişatında da biz bu 57 dövlətin qətiyyətli, konkret
mövqeyini müşahidə edə bilərik. Ona görə də bu kimi məsələlərdə təmas qrupu
özünəməxsus rol oynaya bilər. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinə dair
təmas qrupunun bir araya gəlməsi çox mühüm hadisədir”.
Bəxtiyar MƏMMƏDLİ