Qarabağ münaqişəsi yenə Moskvada müzakirə edilir
Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqların aparılması
yenidən gündəmə gəlib. Baxmayaraq ki problemin həlli üçün ATƏT-in Minsk qrupu
20 ildən çox zaman kəsiyində münaqişə tərəfləri ilə müxtəlif səpkili görüşlər
keçirib, lakin hələ də Qarabağ düyünü açılmaq bilmir. Ötən ilin aprelində təmas
xəttində baş verən hərbi toqquşma zaman isə Azərbaycan Ordusu ermənilərə lazımi
dərsi verə bildi. Bununla Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud
status-kvonun qəbuledilməzliyini bir daha ortaya qoydu.
Bu gün isə münaqişə tərəflərinin və Rusiyanın xarici işlər nazirləri
yenidən bir masa ətrafında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini
müzakirə edəcək. Belə ki, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər
nazirlərinin Moskvada görüşü baş tutacaq. Bundan əvvəl belə görüşlərin
keçirilməsinə təşəbbüs olsa da, Ermənistan tərəfi səbəb göstərmədən
müzakirələrdən imtina edib. Bəs bu dəfə xarici işlər nazirlərinin görüşündən nə
isə gözləməyə dəyərmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Fikrət Sadıxov bildirib ki, Azərbaycan və Ermənistan
xarici işlər nazirlərinin görüşündə münaqişənin həlli ilə bağlı hansısa
sıçrayış bir qərar olmayacaq: "Ermənistanın siyasəti, özünü qərəzli aparması və
ona bir sıra aparıcı dövlətlərin dəstək verməsi görüşlərdə hər hansı yeni bir
qərar verilməsinə gətirib çıxarmayacaq. Çünki Ermənistan arxayındır ki, onu
aparıcı ölkələr dəstəkləyir, başını sığallayır və təbii ki, belə olanda halda,
hansısa razılıq olacağına şübhə edirəm. Belə vacib qərarlar ancaq dövlət
başçılarının görüşündən sonra baş verə bilər. Bu görüşlər hər halda, özü-özlüyündə
bir addımdır. Ən azından, Azərbaycana şərait yaradan bir məqamdır. Bununla
işğal olunmuş torpaqlarımızla və digər məsələlərlə bağlı öz mövqeyimizi bir
daha qəti şəkildə bildirəcəyik. Eyni zamanda, hər zaman onu bəyan etmişik ki,
ölkəmizin ərazi bütövlüyü çərçivəsində bütün kompromislərə hazırıq və bu
istiqamətdə hər zaman addım ata bilərik”.
F.Sadıxov əlavə edib ki, Rusiya hər zaman Qarabağ məsələsinə nəzarət
edir və heç vaxt bu nəzarətini zəiflətməyib: "Çünki Rusiyanın bu regionda öz
maraqları var, Ermənistan onun müttəfiqidir. Eləcə də Rusiyanın Ermənistanda
hərbi bazası var. Amma eyni zamanda, Rusiya başa düşür ki, Azərbaycan da güclü
regional bir dövlət kimi Kreml üçün vacib ölkədir. Bu əlaqələr ikitərəfli
münasibətlər formatında inkişaf edir. Əlbəttə, bu məsələdə Rusiyanın
təşəbbüsünü görürük. Həmçinin inanmıram ki, digər həmsədrlər münaqişənin
həllinə biganə yanaşır və öz sözünü sonra deməyəcək”.
"Atlas” Araşdırmalar
Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya,
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündən hər hansı
nəticə gözlənilmir: "Çünki ümidverici bir açıqlamada verilməyib. Rusiya
Ermənistana da təzyiq etmir ki, münaqişənin həlli sürətlənsin və ya mərhələli
həll planı işə düşsün. Kremlin yeganə məqsədi odur ki, atəşkəsə riayət olunsun.
Bu isə Azərbaycanın maraqlarına cavab vermir. Çünki atəşkəsin uzun müddət
qorunması status-kvonun davamı deməkdir. Ona görə də ciddi bir nəticə
gözləmirəm. Həm də Rusiya Ermənistana dəstəyini davam etdirir. Faktiki olaraq,
Ermənistanın silah alması üçün 200 milyon dollar pul ayırıb, "İsgəndər” operativ-taktiki
raketləri yerləşdirib. Eyni zamanda, Rusiya xarici işlər naziri Lavrov ötən il
qeyd etdi ki, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması mümkündür,
amma status müəyyənləşməlidir. Bu da bizim maraqlarımıza ziddir. Bu səbəbdən də,
belə məsələlər olduğu bir məqamda Lavrovun Nalbandyana təsir göstərərək,
münaqişənin həllini sürətləndirəcəyini düşünmürəm. Həmişəki görüşlər necə
nəticələnibsə, bu da elə nəticələnəcək”.
E.Şahinoğlu deyib ki, münaqişənin həlli ilə bağlı son illər əsas
vasitəçi Rusiyadır: "Amerika və Fransa faktiki olaraq, 10 ildir passiv
mövqedədirlər. Sanki kənara çəkiliblər. Əsas danışıqlar Rusiya ərazisində
keçirilir, Kreml rəsmiləri Azərbaycana və Ermənistana gəlirlər. Demək olar ki,
Dağlıq Qarabağla bağlı danışıqları Rusiya inhisara alıb. Amma bu inhisarçılıq
da münaqişənin həllini sürətləndirmir, sadəcə, ortada fəallıq var. Keçən il
prezidentlərin görüşü olub, tez-tez xarici işlər nazirləri bir araya gəlir.
Əsas görüşlər də məhz Rusiya ərazisində keçirilib. Lakin bu görüşlərdən,
müzakirələrdən də ortada ciddi nəticələr yoxdur. Yəni, Kreml münaqişənin həlli
üçün yetərli addımlar atmır. Bizdə bilirik ki, Rusiyanın Ermənistan hakimiyyətinə
güclü təsir imkanları var. Bu mexanizmləri işə salsa, münaqişəni həll etmək
mümkündür. Amma Rusiya bundan istifadə etmək istəmir, sanki münaqişənin həll
olunmasını istəmir. Eləcə də hansısa mərkəzlər elə bil ki, bundan
yararlanırlar. Əks halda, Ermənistan hakimiyyətinə göstərdikləri təsirlə bu
münaqişənin həlli prosesini sürətləndirə bilərdirlər. Rusiya digər yandan,
Azərbaycanı Avrasiya İttifaqında görmək istədiklərini deyir. Bəli, bu
mümkündür. O halda ki, münaqişə həll olunsun. İndiki halda Azərbaycan
Ermənistanla eyni inteqrasiya məkanında yer ala bilməz. Bir yandan Azərbaycanı
Avrasiya İttifaqında görmək istəyirlər, digər tərəfdən münaqişəni həll etmək
istəmirlər. Bu ikisi isə bir arada mümkün olan məsələ deyil”.
Bəxtiyar MƏMMƏDLİ