• çərşənbə, 24 Aprel, 06:05
  • Baku Bakı 13°C

Qarabağ münaqişəsi Avropa Şurasında müzakirə olunacaq

14.10.14 19:47 939
Qarabağ münaqişəsi Avropa Şurasında müzakirə olunacaq
Strasburqda öz işinə başlamış Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 27-ci sessiyasının plenar iclasında “Ukraynada və qonşu ölkələrdə baş verən separatçı gərginliklər” adlı məruzə dinlənəcək və mövzu ətrafında müzakirələr aparılacaq.
APA-nın Avropa bürosunun xəbərinə görə, əvvəlcədən Konqres bu hesabatda separatçılıqdan əziyyət çəkən ölkələr kimi yalnız Ukrayna, Gürcüstan və Moldovanı göstərsə də, bu gün qurumun bürosu uzun müzakirələrdən sonra Azərbaycanın da bu sənədə daxil edilməsi haqda qərar çıxarıb. Bu haqda məlumat verən Konqresin yeni sədri Jan-Klod Frekon bildirib ki, müzakirələrə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov da dəvət olunub: “Azərbaycanın Dağlıq Qarabağ problemi var və belə bir problem varsa, biz Azərbaycan üçün bu müzakirələrin qapısını bağlamaq istəməzdik. Buna görə azərbaycanlı naziri bu müzakirələrə dəvət etmişik”. Separatçılıq meylləri haqqında danışan J. Frekon hər hansı parçalanma, regionçuluq və separatçılığın Avropa məkanı üçün müsbət hal olmadığını vurğulayıb: “Bu həm Konqresin, həm də ümumilikdə Avropa Şurasının mövqeyidir”.
Qeyd edək ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi çərçivəsində F.Məmmədovun Konqresin yalnız sabahkı plenar iclasında çıxışı nəzərdə tutulmuşdu. Amma büronun bu qərarından sonra F.Məmmədovun qurumun oktyabrın 16-da keçiriləcək dinləmələrdə də iştirak edəcəyi gözlənilir. Həmin müzakirələrdə Ukraynanın regional inkişaf, quruculuq, mənzil və bələdiyyə xidmətləri nazirinin müavini Vyaçeslav Nexoda, Moldova xarici işlər və Avropa quruculuğu naziri Valeriu Çiveri, Kiyev şəhər Bələdiyyələr şurasının sədri və şəhər merinin müavini Oleksi Reznikov və Gürcüstanın regional inkişaf və infrastruktur naziri Tengiz Şergelaşvili iştirak edəcəklər.
banner

Oxşar Xəbərlər