• cümə, 19 Aprel, 12:06
  • Baku Bakı 25°C

“Qarabağ” FK-nın hekayəsi “Stamford Bridc” stadionunda təqdim olunub

23.06.17 19:05 1269
“Qarabağ” FK-nın hekayəsi “Stamford Bridc” stadionunda təqdim olunub
İdman insanları bərabərləşdirmək və onlar arasında həmrəylik yaratmaq üçün çox gözəl vasitədir. Etnik mənsubiyyətindən, dinindən, milliyyətindən və ya mədəniyyətindən asılı olmayaraq idmanda hakim olan qaydalar bütün dünyada anlaşılır. Buna rəğmən, bəzən idman da münaqişənin qurbanı ola bilər və bunu "Qarabağ” Futbol Komandasının timsalında görmək olar. Onların Ağdamda yerləşən döğma meydançaları 1993-cü ildə erməni işğalçıları tərəfindən Dağlıq Qarabağ və ona bitişik yeddi rayon zəbt edildikdən sonra çəbhə zonasına çevrilib. Komanda ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirməyə məcbur olub.
Komanda eyniadlı Qarabağ atları şərəfinə "Atlılar” adlanır. Çox vaxt polonun əcdadı olan Azərbaycanın milli çovğan oyununda istifadə olunan Qarabağ atları qızılı-kürən və kəhər rəngli, dözümlü, ortaboylu unikal at növlərindən biridir. Son zamanlar "Qarabağ” Futbol Komandası böyük uğurlara imza atmağa başlamış və 2014-cü ildə Avropa Liqasında qrup mərhələsinin başgicəlləndirici zirvələrinə yüksəlmişdir.

Bu gözəl hekayə amerikalı jurnalist və yazıçı Tomas Qoltsu komandanın yaranma tarixi, Avropa futbol aləmində əldə etdiyi nailiyyətləri və çətinlikləri haqqında "On Aqqreqeyt” (Aqreqatda)adlı sənədli film çəkməyə sövq edib. ABŞ-ın Montana Universitetinin professoru Tomas Qolts 1991-ci ildən başlayaraq dəfələrlə Azərbaycana uzunmüddətli səfərlər etmiş, ölkəmizin hər bir güşəsini qarış-qarış gəzərək maraqlı reportajlar hazırlamışdır. Azərbaycan həqiqətləri barədə dünya ictimaiyyətinə məlumat verib. O, Qarabağ savaşının şahidi olmuşdur. İngilis dilində işıq üzü görən "Azərbaycan gündəliyi” kitabının müəllifidir.

22 iyun tarixində Londonun "Çelsi” Futbol Klubunun "Stamford Bridc” stadionunda sözügedən filmin Britaniya premyerası keçirilib. "On Aqqreqeyt” sənədli filmin nümayişdən əvvəl Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) London ofisinin direktoru Cek Peqoraro çıxış edib. O, deyib: "Təəssüf ki, BMT-nin Ümumdünya Qaçqınlar Günü ifadəsi hazırda məcburi köçkünlərin üzləşdiyi çətinlikləri əks etdirmir. Bu isə qeyri-adi bir haldır. Belə ki, hazırda dünyada məcburi köçkünlərin sayı qaçqınların sayından daha çoxdur. 25 ildən artıqdır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bir milyona yaxın insan məcburi köçkün və qaçqın olmuşdur. BMT Təhlükəsizlik Şurasının Ermənistanı işğalçılıqda qınayan dörd qətnamə qəbul etməsinə baxmayaraq, köçkünlərin heç biri evlərinə geri qayıda bilməmişdir. Ermənistanın Azərbaycanın əzəli torpaqlarını işğalı nəticəsində "Qarabağ” Futbol Klubu dogma meydançasına həsrət qalıb.”

Filmdə vurğulanır ki, komandada bir neçə legioner oyunçunun olmasına baxmayaraq, komandanın şərəfini qoruyan əksər oyunçular Ağdamdan olan məcburi köçkünlərdir. Klubun futbol akademiyasından götürülən yeni oyunçuları da məcburi köçkün ailələrindəndir. Milanın "İnter” komandası ilə matç zamanı azarkeşlər tərəfindən fəxrlə ucadılmış bannerdə yazıldığı kimi: "Qarabağ – sadəcə komanda deyil”.

Ağdama səfər etmək imkanı haqqında Tomas Qolts sual verildikdə cavabı bu cür oldu: "Bütün Dağlıq Qarabağa olduğu kimi Ağdama da giriş mümkün deyil. Şəhər tamamilə yerlə-yeksan edilib. Şəhərə daxil olduqda orada Azərbaycan avtomobillərinin dövlət nömrə nişanlarından bir divar var. Bu avtomobilləri 1993-cü ildə ermənilər şəhəri işğal edərkən mənimsəyiblər. Avtomobilərin hamısı Ağdamda qeydiyyatda olduğunu bildirən "02” rəqəmi ilə başlayır”



banner

Oxşar Xəbərlər