• cümə, 19 Aprel, 02:38
  • Baku Bakı 18°C

“Qarabağ faciəsi fotolarda”

10.07.14 11:39 2147
“Qarabağ faciəsi fotolarda”
Tanınmış fotoqraf Riçardas Lapaitis bu dəfə ölkəmizə Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi və təşəbbüsü ilə işıq üzü görəcək “Qarabağ faciəsi fotolarda” layihəsi ilə əlaqədar gəlib. Fotoqraf yenidən cəbhə bölgəsində olub. Təəssüratlarını “Kaspi”yə bölüşən Riçardas Lapaitis ”keçən ilin oktyabrından icrasına başladığımız nəhəng layihəyə start verəndə bu qədər çətin olacağını düşünməmişdik” deyir.
- Necə oldu ki, Azərbaycan sizi cəlb etdi?
- Mən çoxdandır ki, jurnalist kimi tanınmaqdan yaxa qurtarmaq istəyirdim. O zaman Ayaz Mütəllibov bütün jurnalistlərin Ağdamdan çıxması haqqında qərar verəndə məni heç kim oradan çıxarmadı, çünki mən jurnalist deyildim. Mən «Sonsuz dəhliz» filmində çəkiləndə bildirdim ki, ora jurnalist kimi yox, təsadüfi bir insan kimi düşmüşəm. O vaxt mən özüm üçün səyahət planlaşdırmışdım və o gəzinti turist kimi Orta Asiya ölkələrinə olmalı idi. Mən ona qədər Uzaq Şərqə, Sibirə, Qütb dairəsinə səyahətlər etmişdim. Ümumiyyətlə, səyahət etməyi çox sevirəm. Şəkillər çəkir, yazılar yazır, gəzdiyim yerlərdən materiallar toplayıram. Dinc bir adam kimi müharibə ilə əlaqəsi olmayan gözəllik mənim xoşuma gəlir. 1989-cu ildə, zəlzələdən sonra Ermənistana getdim. Bu ölkəyə Vilnüsdən Yerevana qədər velosipeddə gəldim. Oradakı mitinqlərin şahidi oldum. İnsanların Dağlıq Qarabağ haqqında danışdıqlarını eşidir, mənə maraqlı gələn hadisələri gündəliyimə qeyd edirdim. Azərbaycan haqqında ilk dəfə orada eşitdim: “Orada çox pis adamlar yaşayır. Onlar vəhşicəsinə hərəkət edirlər” deyirdilər. Bu fikirlər məndə maraq doğurdu. Xəritəyə baxıb gəmi ilə Azərbaycana gəlməyi düşündüm. Mən bütün planlarımı dəyişdirdim. Bu ölkəyə jurnalist kimi gəlmədim. Sonradan Mehriban Əliyevanın iştirakı ilə sənədli filmin təqdimatında birinci xanım «Yaxşı ki, sən jurnalist kimi gəlməmisən. Çünki jurnalist qeyri-obyektiv ola bilir»- deyə bildirdi.
- Ölkəmizə ilk gəlişinizdə təəssüratlarınız necə oldu?
- Dəmir yolu vağzalında olarkən orada çoxlu insanların döşəmənin üstündə yatdığını gördüm. Ətrafda çoxlu silahlı polislər vardı. Sizin ölkədə güclü müharibə getdiyi ağlıma gəlməzdi. Ancaq işğal olunan yerlərdən çoxlu insanlar qaçaraq Bakıya pənah gətirmişdilər. «Bu, nə ölkədir, insanlar niyə bu vəziyyətdədir?»- deyə düşünürdüm. Sonra mən şəhəri gəzdim. Məscidin içərisinə daxil olanda iki rəssamla qarşılaşdım. Onlardan biri - Şahin Babayev məni gecələmək üçün evinə dəvət etdi. Mən onun ləyaqətli adam olduğunu görüb imtina etmədim. Sonra Şahin mənə öz kədərli tarixçəsini danışdı. O, 20 Yanvarda doğma qardaşını itirmişdi. O, rəssamlıq sənəti üzrə oxumaq üçün Naxçıvandan Bakıya gəlmişdi. «Mən Ordubada qayıdanda valideynlərimin üzünə necə baxacağam» - deyirdi. Gənc 20 yanvar hadisələrindən danışarkən mənə Qarabağ haqqında da bir qədər məlumat verdi. Mən Şahinə dedim ki, əgər sizin ölkənizdə belə yerlər varsa, mən oraları da görmək istəyirəm. Elə bu istəyimlə Ağdamda, Laçında, Xocalı və Tərtər istiqamətində oldum. Mən xalqın bədbəxtliyi içərisinə təsadüfən düşən və faciələri öz gözü ilə görən adam idim. Mən orada insan vəhşiliklərinin yaratdığı dəhşətləri gördüm. Bilirsinizmi, mənim oradakı hisslərim necə idi? Mən oradan qaçıb getmək və hər şeyi dəhşətli bir yuxu kimi unutmaq istəyirdim.
Sizin bütün hərbi jurnalistlərlə orada görüşdüm. Sonradan onların hamısını oradan çıxartdılar. Oradakı insanlar mənim nəsə qeyd etdiyimi görüb jurnalist olduğumu fikirləşirdilər. «Öz ölkənə qayıdandan sonra bunları yaz və dünyaya çatdır» deyirdilər. Mən Bakıya qayıdıb əşyalarımı götürəndən sonra Litvaya döndüm və qeydlərim haqqında yazdığım məqaləni orada çap etdirdim. Mən bilmirdim ki, məqalə o zaman böyük rezonans doğuracaq. Televiziya şərhlərində bu məqalədən danışırdılar. Həmçinin məqalə insanların müzakirəsinə çevrilmişdi. Buna qədər bizdə «Türklər erməniləri öldürürlər» - deyə mətbuatda yazılar getmişdi. Amma mənim məqaləm müsəlmanların vəhşicəsinə öldürülməsi haqqında ilk qığılcımlar oldu. O zaman mətbuat bizdə azad idi. İndi bilmirəm ki, elə məqaləni götürərlər, ya yox, amma o zaman bunu bir sensasiya kimi qəbul etdilər. Qəzetin ilk səhifəsində «Ermənilər müsəlmanları necə öldürürlər» - deyə məqalə şəkillərlə dərc olundu. Hətta, ermənilərin lobbisi də «bu adam kimdir?» deyə mənimlə maraqlanmağa başlamışdı. Mən o zaman qonorar haqqında da düşünmürdüm. Xocalı haqqında məqaləni isə nüfuzlu bir jurnala göndərdim: «Əgər çap etməsəniz belə bunu tullamayın» - deyə yazdım. Məqalə o zamanın Yazıçılar Birliyinin tanınmış jurnalında dərc olundu. Həmin jurnala heç nə təsadüfü yol tapa bilməzdi. Və bu məqalə ən yaxşı məqalələrdən biri elan edildi. Onu da deyim ki, mən Xocalı faciəsi haqqında yazan ilk litvalıyam. 1992-ci ildə mənim məqaləmi BBC-nin müxbiri ingilis dilinə tərcümə edib yaydı. Mənə elə gəlir ki, yerimə kim olsaydı bunu edərdi. Əgər tale məni həmin vaxt Ağdama gətirməsəydi və bir neçə gün sonra Xocalı faciəsi baş verməsəydi, ora yaralıları, yeni doğulan uşaqları gətirməsəydilər və bu səhnələr məni dəhşətə gətirməsəydi, o məqalə də olmayacaqdı. Xocalı faciəsindən sonra küçəyə çıxanda balaca bir qız gəlib «Mənim atamı görmüsünüzmü?», yaxud hansısa valideynin «Mənim qızıma rast gəlmisinizmi?» soruşması və ya bir ananın meyitlərin saxlandığı yerə çevrilən Ağdam məscidində öz övladını axtarması, çox dəhşətli idi. Bəziləri isə əzizlərinin meyitini ermənilərdən necə almaq haqqında düşünürdülər. Çoxlu sayda insan ermənilərə əsir düşmüşdü. Mənim o vaxt 23 yaşım vardı. Təsəvvür edin, ilk dəfə postsovet ölkəsinə gəlib öldürülən insanları görürdüm. Ona qədər isə mən belə hadisələrlə rastlaşmamışdım. Bu dəhşət məni sarsıtmışdı.
- Sonradan cəbhə bölgələrinə yenə də səfər etdinizmi?
- Mən ikinci dəfə Bakıya qayıdanda yenidən cəbhə bölgəsinə getdim. Yenidən yaxşı materiallar əldə etdim. Demək olar ki, 6 dəfə sizin ölkənizə gəlmişəm, hər dəfə də qiymətli materiallarla qayıtmışam. Hər gəlişimdə müxtəlif cəbhə bölgələrində olmuşam. Hər dəfə də məqalələrim Litvada çap olunurdu. Həmin jurnalda 2-3 məqaləm dərc olunandan sonra mənə zəng vurub «Riçard, qayıt gəl, sən burada işləyənlərin hamısından yaxşı yazırsan» dedilər. Onlar məni təcili Litva Yazıçılar İttifaqına üzv seçdilər. 1993-cü ildə mən artıq həmin ittifaqın üzvü idim. Sonra mən «Respublika» qəzetindən vəsiqə aldım. Azərbaycanın Litvadakı səfirliyi və Litvanın Azərbaycandakı səfirliyi məni müxtəlif tədbirlərə dəvət etməyə başladılar. Mən adi səyahətçidən jurnalistə çevrildim.
- Sizin iştirakınızla Xocalı barədə “Sonsuz dəhliz” adlı film çəkilib. Bu film dünyaya səs sala bildimi?
- Həmin filmi biz bir il ərzində əsir düşənlərlə görüş əsasında çəkmişik. Biz Xocalıya hücum öncəsi yaratdıqları azad dəhliz vasitəsilə şəhəri tərk etmələri üçün yerli sakinlərə 3-4 gün vaxt verdiklərini bəyan edən ermənilərin nə dərəcə haqlı olub-olmadıqlarını üzə çıxartmaq üçün hadisələri detallı şəkildə göstərmək istədik. Bunun üçün baş verənlər barədə danışa biləcək insanları, jurnalistləri, Xocalının xilas olan sakinlərini çox axtarmalı olduq. Bizim lentə aldığımız film ilə ermənilərin orada baş verənlərə dair versiyaları əməli olaraq öz təkzibini tapdı. Film üzərində Beynəlxalq Jurnalistlər Qrupu əmək sərf edib. Siz yəqin həmin uşaqların Ermənistan tərəfindən Xocalıya getmək və hazırda orada baş verənləri çəkmək istədikləri barədə eşitmisiniz. Lakin İrəvanda onları saxlayıblar və nəinki çəkiliş aparmaq, hətta aeroport ərazisindən kənara çıxmağa qoymayıblar və sonra da geri göndəriblər. Film çətinliklə ərsəyə gəldi. Amma nəticədə bizim əlimizdə dünyanın hər yerində nümayiş etdirə biləcəyimiz sənədli film oldu. Filmin əsas prodüserləri litvalılardır. Onlar bizim gənclərdir və bu işlərinə görə onlara təşəkkür düşür. Qeyd edim ki, buna qədər onlar hətta Azərbaycanın harada yerləşdiyini və orada nə baş verdiyini belə bilmirdilər.
- Siz hazırda peşənizə görə kimsiniz - jurnalist, aktyor, fotoqraf, yoxsa, adi səyahətçi?
- Açığını deyim ki, mən indi jurnalistika ilə az məşğul oluram. Hərbi jurnalistika ilə 10-15 il məşğul olmuşam. 1995-1998-ci illərdə rus-çeçen müharibəsində də jurnalist kimi iştirak etmişəm. Hətta, mənim bir çox dostlarım Qarabağ müharibəsindən sonra jurnalistika ilə məşğul olmadılar. Onlar günahsız insanların öldürülməsini, onlara qarşı zorakılığı görüb dəhşətə gəldilər. Bu hadisələr jurnalistlərdə ikrah hissi yaratdı. Mən hərbi jurnalist kimi ən böyük dəhşətləri Qarabağda görmüşəm. Əslində, indi müharibədə atəşkəs elan olunub. Ancaq fakt budur ki, atəşkəsə əməl olunmur. Yenə də cəbhə bölgəsində insanlar ölür. Onda fikirləşirsən ki, mən öz həyatımı risk altında qoymuşam. Artıq 10 ildir ki, mən layihələr üzərində işləyirəm.
- Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi və təşəbbüsü ilə işıq üzü görəcək “Qarabağ faciəsi fotolorda” layihəsi ilə bağlı planlarınız nədir?
- Hazırda foto-albom hazırlayıram. Bunun üçün cəbhəyanı rayonları qarış-qarış gəzirəm. Əsgərlərlə, qaçqınlarla görüşürəm. Budəfəki gəlişimdə də Tərtərdə oldum. Avrasiya Beynəlxalq Mətbuat Fondu cəbhə bölgəsinə, işğal altında olan torpaqlara gələn xarici qonaqlara, jurnalistlərə məlumatlar toplamalarına, oralara getmələrinə şərait yaradır. Mən fondun dəstəyi ilə həmin bölgələri gəzirəm və fotolar çəkirəm. Artıq fondun xətti ilə ikinci gəlişimdə foto-albom hazırlayırıq. Orada baş verən hadisələrin hər birini təsdiqləyən fotolar var. Bu, bələdçilik fotoalbomu olacaq. Hər bir şəkildə təsvir olunan insan öz faciəsini danışır. Bütün cəbhə bölgələri boyunca söhbət etdiyim insanlar öz həyatlarından danışırlar. BAMF BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin ən yüksək statuslu üzvüdür. Biz həmin albomu çapdan çıxandan sonra BMT-yə, ATƏT-ə və digər beynəlxalq təşkilatlara təqdim edəcəyik. Biz bu albomu rus və ingilis dillərinə tərcümə etdirməyi düşünürük. Elə bilirik ki, bu, Azərbaycan həqiqətlərini bütün dünyaya yaymaq üçün əhəmiyyətli bir vasitə olacaq.
Söhbətləşdi: Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər