• cümə, 29 Mart, 15:04
  • Baku Bakı 14°C

Qarabağ əlillərinin adından sui-istifadə yolverilməzdir

01.10.19 19:36 1143
Qarabağ əlillərinin adından sui-istifadə yolverilməzdir
Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan hərbçilərinə, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə diqqət və qayğısı sonsuzdur. Məhz onların tapşırığı ilə həssas kateqoriyaya daxil olan bu şəxslərin mənzil-məişət şəraitinin, sosial-rifah halının yaxşılaşdırılması üçün son illər çoxsaylı layihələr həyata keçirilib. Misal üçün, son iyirmi il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik maşını verilib. Prezident İlham Əliyev 2018-ci il avqustun 1-də Qarabağ qaziləri ilə görüşdə təqribən 4 minə yaxın insanın mənzil növbəsində olduğunu diqqətə çatdıraraq, hələ də mənzillə təmin olunmayan şəhid ailələrinin, müharibə əlillərinin mütləq mənzillər alacağını vurğulayıb. Hazırda bu istiqamətdə işlər görülməkdədir.
Bir qədər əvvəl vurğuladığımız kimi, ölkə rəhbərinin ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban Əliyeva da Azərbaycan hərbçilərinə, Qarabağ müharibəsi əlillərinə, o cümlədən Aprel döyüşlərində sağlamlığını itirən qazilərimizə xüsusi diqqət və qayğı ilə yanaşır. Təkcə bir faktı qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu "2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirib. 2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu, 2016-cı il Aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabitlə görüşlər keçirib, onlara fərdi yanaşma tətbiq olunub. Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək məqsədi daşıyan bu layihənin davamı olaraq 2018-ci və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub. Ümumilikdə, layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili artıq aktiv həyata qayıdaraq əmək fəaliyyətini davam etdirir.
Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə 2019-cu il aprelin 3-də keçirdiyi görüş də hərbçilərimizə, qazilərimizə göstərilən diqqət və qayğının daha bir nümunəsidir. O, Azərbaycan dövləti və xalqı üçün hər bir əsgərin əziz, dəyərli olduğunu vurğulayaraq, əlil hərbçilərimizin sağlamlığının bərpası və normal həyata qayıtması üçün Azərbaycan dövlətinin bütün lazımi addımları atdığını, bundan sonra da bu istiqamətdə mühüm işlər görüləcəyini bildirib. Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə rəsmi "İnstagram" səhifəsindən Azərbaycan xalqına ünvanladığı təbrik mətnində də hərbçilərimizin rəşadətini, igidliyini yüksək qiymətləndirib. Qeyd edib ki, həyatını riskə məruz qoyaraq Vətənimizi müdafiə edənlərin qəhrəmanlığına hər kəs ehtiramını bildirir. O vurğulayıb ki, ordumuzun əsas gücü Azərbaycanın əsgər və zabitlərinin döyüş ruhu və Vətənə hədsiz sevgisidir. Birinci vitse-prezident ordunun dövlətçiliyimizin, təhlükəsizliyin və sabitliyin dayağı olduğunu diqqətə çatdırıb.
2019-cu il avqustun 18-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə torpaqlarımızın işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad edən Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr etdiyini bəyan edib. Bu barədə rəsmi "İnstagram" səhifəsindəpaylaşım edən Mehriban Əliyeva Vətənin azadlığı uğrunda canlarından keçən qəhrəmanlar qarşısında baş əydiyini qeyd edib. Bildirib ki, onların şücaəti, adları Azərbaycan tarixinə və xalqımızın qəlbinə əbədi olaraq həkk olunub.
Sadalanan bu faktlar Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin Qarabağ qazilərinə, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya bariz nümunələrdir. Hər iki kateqoriyadan olan vətəndaşların da sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bir daha onu göstərir ki, insan amili dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayanır. Lakin əfsuslar olsun ki, bəzi hallarda dövlət başçısının bu humanistliyindən, cəmiyyətdə Qarabağ qazilərinə olan hörmət və ehtiramdan, qazilərimizin adından sui-istifadə edənlər, bu ad altında qanunsuz əməllərə yol verənlər də tapılır. Bir neçə gün bundan öncə özlərini Qarabağ əlili kimi təqdim edərək,SOCAR-ın Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşlarına xəsarət yetirən şəxslərin qeyri-qanuni hərəkətləri məhz bu qəbildəndir. Həmin insanlar Qarabağ qazilərinə, dövlətin bu kateqoriyadan olan insanlara yönəlik siyasətinə xələl gətirəcək addımlar atıblar.
Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan dövləti daim Qarabağ qazilərini diqqət mərkəzində saxlayır, onların qayğısına qalır, veteranlarımızın, qazilərimizin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı şəkildə siyasət həyata keçirir. Onun sözlərinə görə, cəmiyyətdə insanlar müxtəlif statusa malikdirlər və hər sosial təbəqənin, status daşıyıcısının dövlət qarşısında öz vətəndaşlıq vəzifələri var. Deputatın fikrincə, dövlət-vətəndaş münasibətlərində ən mühüm məsələ ondan ibarətdir ki, dövlət vətəndaşları qarşısında öz öhdəliklərini yerinə yetirdiyi, onları müdafiə etdiyi, qayğısına qaldığı kimi vətəndaş da öz vəzifələrini yerinə yetirsin: "Bu, sadəcə bir düsturdan ibarətdir ki, vətəndaş dövlətin qoyduğu qanunları pozmasın. Əks təqdirdə, cəmiyyətdə bir nizamsızlıq yaranar. Beləliklə, bu gün öz qazisini müdafiə edən dövlət sabah zəif vəziyyətə düşə bilər. Ölkədə xaos yarana bilər. Mən düşünürəm ki, vəziyyətin bu cür olmasını hər şeydən öncə Qarabağ qaziləri istəməzlər. Çünki onlar Vətənin, torpağın nə olduğunu digər vətəndaşlardan daha çox dərk edirlər. Azərbaycanın ərazi bütövlüyü üçün, Vətən torpaqlarının qorunması üçün sağlamlıqlarının bir qismini qurban veriblər, özlərini fəda ediblər”.
H.Babaoğlu xatırladıb ki, Azərbaycanın brendi hesab olunan SOCAR ölkəmizin enerji siyasətini həyata keçirən mühüm bir şirkətdir. O qeyd edib ki, SOCAR-ın ərazilərində qeyri-qanuni tikintinin aparılması nəticə etibarilə, bu şirkətin fəaliyyətinə əngəllər törədə bilər: "Yaxud o şirkətin fəaliyyətinin effektivliyini aşağı sala bilər. Nəzərə almaq lazımdır ki, məhz SOCAR-ın əldə etdiyi gəlirlər Azərbaycanın sosial sahədə həyata keçirdiyi siyasətin ciddi maliyyə əsaslarını təşkil edir. Heç şübhəsiz ki, gəlirlərin böyük bir qismi də Qarabağ veteranlarının, qazilərimizin, şəhid ailələrini sosial müdafiəsinə xərclənir. Bu şirkətə qarşı münasibətdə hər bir vətəndaşın qanun çərçivəsində hərəkət etməsi vacibdir. Bəzi qruplaşmalar vardır ki, ayrı-ayrı vaxtlarda xüsusi statusu olan müəyyən təbəqəni dövlətə qarşı yönləndirməyə cəhd edir. Biz dəfələrlə şahidi olmuşuq ki, Qarabağ veteranlarından istifadə edərək təxribatlara əl atmaq cəhdləri olub. Dövlət tərəfindən bunun qarşısı alınıb. Mən düşünürəm ki, SOCAR kimi milli şirkətimizə qarşı aparılan belə kompaniya nə Azərbaycanın, nə də Qarabağ qazilərinin lehinədir. Qarabağ qaziləri heç bir şəkildə dövlətə qarşı zorakılıq alətinə çevrilə bilməz. Çünki onların ən böyük hamisi elə dövlətdir. Sadəcə, bu məsələdə qazanan tərəf Azərbaycanı sevməyən qüvvələr ola bilər ki, qazilərimiz də, biz də buna fürsət verməməliyik”.
Millət vəkili, Qarabağ qazisi Elman Məmmədov vurğulayıb ki, qazi və ya veteran olmaq heç kəsə qanunu pozmaqla bağlı əlavə üstünlük vermir. Onun fikrincə, bu hadisə ilə bağlı qanun kim tərəfindən pozulubsa, o, qanun qarşısında məsuliyyət daşıyır: "Fərqi yoxdur, onlar ya SOCAR əməkdaşı, yaxud da veteranlar olub. Hər kəs qanun qarşısında bərabərdir. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ qazilərinə, müharibə veteranlarına və əlillərə xüsusi diqqət göstərilir. Bu, çox vacib məsələdir. Hesab edirəm ki, bu diqqət və qayğını bir qədər də gücləndirmək lazımdır. Əgər bu insanlar Vətən uğrunda döyüşüb sağlamlıqlarını itiriblərsə, yaxud da itirməsələr belə, onlar daim dövlət qayğısı ilə əhatə olunmalıdır. Ancaq məsələnin bir tərəfini yaddan çıxarmaq olmaz. Yəni, kimliyindən asılı olmayaraq, qanunu pozmaq yolverilməzdir. Hər kəs qanun qarşısında bərabər məsuliyyət daşıyır. Nə vəzifəli, nə vəzifəsiz, nə veteran, nə qazi, nə də deputat qanunu poza bilər. Dövlətin qanununu kim tərəfindən pozulursa, o da qanun qarşısında məsuliyyət daşıyır. Mən də müharibə veteranıyam, amma bu, o demək deyil ki, nə istəsəm, edə bilərəm”.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədriEmin Həsənli də deyib ki, Azərbaycanda istər Qarabağ əlili, istər şəhid ailələri, istərsə də müharibə veteranları üçün lazımi şərait yaradılıb, onlara bir çox imtiyazlar verilib. O, təəssüflə qeyd edib ki, bəzənbir qrup insan bu adlardan sui-istifadə etməyə cəhdlər göstərir, nəticədə xoşagəlməz hadisələr olur. QHT sədri bildirib ki, heç kimə bu və ya digər adlardan istifadə edib qanuna qarşı hörmətsizlik etməyə imkan verilmir: "Qarabağ əlilləri və digər imtiyazlı şəxslər Vətən uğrunda bu yerə gəlib çatıblar. Bəzən sosial şəbəkələrdə də bu kimi informasiyalara rast gəlinir və təəssüf hissi doğurur. Hər birimiz Qarabağ əlillərinə sahib çıxmalıyıq. Unutmaq lazım deyil ki, hər bir vətəndaş kimliyindən asılı olmayaraq ölkə qanununa hörmət etməlidir. Heç kimə fövqəladə status verilməyib ki, Azərbaycan qanunlarına qarşı hərəkət etsin. Çünki bu yaxşı olmayan hallara gətirib çıxara bilər. Bəzən kimlərsə hay-küy qaldıraraq Qarabağ əlillərinə qarşı canı yanırmış kimi hərəkət edirlər. İstənilən halda qanunun aliliyi prinsipi əsas götürülməlidir. Heç kimə o status verilməyib ki, vəzifə borcunu yerinə yetirən şəxsə qarşı hörmətsiz yanaşsın”.
E.Həsənli vurğulayıb ki, ölkədə hüquq, qanun, məhkəmə var və hər kəs bu xidmətlərdən yararlana bilər: "Qarabağ əlillərinin adından sui-istifadə edən şəxslər var. Bu, qəti yolverilməzdir. Belə insanlara qarşı qatı mübarizə aparmalıyıq. Bu addan sui-istifadə etmək, ilk növbədə, statuslu ailələrin yaxınlarını incidir. Canını qurban verənlər, müharibədə döyüşüb əlil qalan insanlar heç vaxt bu addan istifadə etmirlər. Hətta onlara müəyyən bayramlarda diqqət və qayğı göstərəndə çəkinirlər, deyirlər ki, Vətən uğrunda etdikləri onların borcudur. Bəzən aidiyyəti olmayanlar bu addan yararlanaraq öz məqsədləri üçün istifadə edirlər. Bu kimi hallar qanuna qarşıdır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər