Qarabağ əhalisi təkcə ermənilərdən ibarət deyil
Ekspertlərin fikrincə, Rusiya xarici işlər naziri tərəfsiz olduğunu Yerevana
səfəri zamanı da nümayiş etdirə bilməyib
BƏXTİYAR
Bu günlərdə Ermənistanda səfərdə olan Rusiyanın xarici işlər naziri
Sergey Lavrov verdiyi açıqlamalarda "Dağlıq Qarabağ xalqının” razılığı olmadan
heç bir razılaşmanın rəsmiləşdirilməsinin mümkün olmayacağını deyib. O, əslində
bu fikirləri ilə Paşinyanın bir müddət əvvəl səsləndirdiyi absurd fikirləri
təsdiqləmiş olub. Lavrovun beynəlxalq hüquqa zidd bu açıqlaması Azərbaycan
tərəfindən birmənalı qarşılanmayıb. Artıq məsələ ilə bağlı Azərbaycan XİN
bəyanatla çıxış edib.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov
bildirdi ki, tarixin müxtəlif dövrlərində dünyadakı ermənilərin tanınmış bir
neçə lideri olub: "Onlar da dünyanın müxtəlif dövlətlərində müəyyən vəzifələrdə
təmsil olunublar. Məsələn, sovet dövründə Mikoyan, Aqambekyan kimi erməniləri
göstərmək olar. Bu gün də Lavrov dünya ermənilərinin liderindən biri hesab
olunur. O, bunu Yerevanda səfərdə olarkən açıq şəkildə göstərdi. Azərbaycan
Prezidenti dəfələrlə vurğulayıb ki, "Qarabağ xalqı”yoxdur, Qarabağda yaşayan
əhali var. Ermənilər azərbaycanlıları məcburi köçkün, didərgin salanadək
Qarabağda azərbaycanlılarla birgə ermənilər də yaşayıb. Əgər söhbət Qarabağ
əhalisindən gedirsə, o əhali təkcə ermənilərdən ibarət deyil. Bu gün Dağlıq
Qarabağda yaşayan ermənilərin sayı 50-60 min nəfər arasındadır, qalanı oradan
qaçıb gedib. Ancaq indiki halda Dağlıq Qarabağ azərbaycanlılarının sayı 80 mini
keçib. Rusiyanın xarici işlər naziri Lavrov bunu nəzərə almadı. O hətta
birmənalı olaraq Paşinyana da istinad etdi. Guya ki, Ermənistan dövləti
"Qarabağ xalqı” adından sənəd imzalaya bilməz, onların rəyi nəzərə alınmalıdır
və s. Bu, birbaşa Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdiddir. Eyni zamanda bu
fikirləri tərəfsiz olması labüd olan dövlətin xarici işlər naziri səsləndirib. Düşüncələrimi
diplomatiyadan kənar, səmimi şəkildə çatdırmaq istəyirəm. Çünki məcburi köçkünəm,
yurd-yuvamdan məhrum olunmuşam, Xocalı soyqırımını yaşamışam. Ona görə də açıq
şəkildə demək istəyirəm ki, Rusiya heç vaxt bu məsələdə tərəfsiz olmayıb və hər
zaman erməniləri müdafiə edib. ATƏT-in Minsk qrupunun digər həmsədrləri də eyni
ilə Rusiya kimi addım atıb. Biz heç kimə böhtan atmırıq, şər demirik, tarixə
nəzər salmaq kifayətdir. Erməni, yaxud da "hay” deyilən bu tör-töküntünü
ayrı-ayrı ölkələrdən toplayıb bizim tarixi torpaqlarımızda məskunlaşdırıb,
dövlət yaradan hansı dövlətlər olub? Təbii ki, 4-5 ölkənin adı çəkilirsə, onun
3-ü elə həmsədr dövlətlərdir. Təəssüflər olsun ki, bu gün də həmin mövqe davam
edir və status-kvonun saxlanmasına səbəbkar da bu 3 dövlətdir. Vaxtaşırı
onların bu münasibəti özünü büruzə verir. Biz ATƏT-in Minsk qrupunda təmsil
olunan hər 3 dövlətlə dostluq, əməkdaşlıq münasibətimizi saxlamağa çalışırıq.
Yəni, biz səmimi dostluq edirik. Ancaq çox təəssüf ki, onlar bu məsələdə bizə
qarşı səmimi deyillər. Bunu Lavrovun fikirləri bir daha təsdiq etdi”.
Bakı Politoloqlar Klubunun
sədri Zaur Məmmədov bildirdi ki, son zamanlar Azərbaycan və Rusiya
arasında münasibətlərin inkişafında maraqsız olan qüvvələrin fəallaşması,
onların iki dost ölkə arasındakı münasibətlərə xələl gətirilməsi
istiqamətindəki atdıqları addımlar ciddi şəkildə təəssüf doğurmaqdadır: "Rusiya
Xarici İşlər Nazirliyi rəhbərinin İrəvandakı mətbuat konfransında faktiki
olaraq Ermənistanın baş nazirinin sözlərini təkrarlaması, Qarabağın yerli
əhalisinin əvvəllər danışıqlar masasında olduğunu, sonra isə, Petrosyan
tərəfindən sülh danışıqlarında formatın dəyişilməsinin, lakin, indi də danışıqlarda
Qarabağ sakinlərinin fikrinin vacib olduğunu dilə gətirməsi üzücüdür. Lavrovun
nəzərinə çatdırmaq lazımdır ki, birincisi, Qarabağın yerli əhalisi deyərkən
oradakı azərbaycanlı icmasını unutmaq yolverilməzdir. İkincisi, yenilənmiş
Madrid prinsiplərinin sonuncu bəndinə əsasən Qarabağda referendum işğal
altındakı ətraf rayonların qaytarılmasından və azərbaycanlı məcburi köçkünlərin
Qarabağa köçürülməsindən sonra baş tutmalıdır. Beynəlxalq hüququn tələbinə
əsasən, muxtar vilayətlər ümumrespublika konstitusiyasını poza, dövlətin
paytaxtının icazəsi olmadan birtərəfli şəkildə müstəqillik elan edə bilməzlər.
Bunu İspaniya Kataloniyadakı birtərəfli referendumun nəticələrini tanımayaraq
və separatçıların liderlərini həbs edərək sübut etdi”.
Z.Məmmədov vurğuladı ki, indiki halda Qarabağın yekun statusundan
danışmaq danışıqlar prosesinə xələl gətirəcək məsələdir: "Dünyanın 120
dövlətinin Ermənistanı işğalçı kimi tanımasını, beynəlxalq hüququn məhz
Ermənistan tərəfindən pozulmasını nəzərə alaraq, İrəvan ilkin olaraq mərhələli
həll variantı haqqında düşünməli, Madrid prinsiplərinin ilkin mərhələlərində
qeyd olunmuş - ətraf rayonları Azərbaycana qaytarmalıdır”.
BƏXTİYAR