• cümə, 29 Mart, 12:27
  • Baku Bakı 14°C

“Qarabağ Dirçəliş Fondu”nun yaradılmasına böyük ehtiyac vardı - İqtisadçı

05.01.21 14:00 448
“Qarabağ Dirçəliş Fondu”nun yaradılmasına böyük ehtiyac vardı - İqtisadçı
Hazırkı məqamda "Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılmasına böyük ehtiyac vardı.
Bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, Qarabağda qələbə qazansaq da, bu, hələ işin hamısı deyil. Əsas mərhələlərdən biri orada dirçəlişə nail olmaqdır. Buna nail olmaq üçün mümkün olan bütün vasitələrdən istifadə edilməlidir. 2021-ci ilin dövlət büdcəsindən 2.2 milyard manat vəsaitin ayrılması bu vasitələrdən biridir. Digəri müəyyən şirkətlərin daxili patensialından istifadə edərək müəyyən işlərin görülməsidir. Üçüncü vasitə kimi isə sözügedən fondun yaradılmasıdır.
Ekspert qeyd edib ki, bu fondların gəlir mənbəyi könüllülük prinsipi əsasında cəlb edilən ianələrdən formalaşsa da, burada müəyyən incə məqamlar vıar. Bu fondların hesabına sadə xalq və ümumi dövlət maraqlarında bəzi şirkətlər vəsait köçürürlər. Onlar bununla dövlətin yanında olduğunu biruzə vermək, ümumi reputasiyasına müsbət effekt əldə etmək istəyirlər:
"Lakin bu reallığı da nəzərə alaq ki, təsərrüfat subyektlərindən bəziləri belə fondlar olmasa, xalqa fayda verməkdə maraqlı olmurlar. Bəzi subyektlər illər boyu yalançı tenderlərlə varlanmaqla məşğul idilər. Bəziləri isə inhisarçı mövqeyi ilə milyonlar qazananırdılar. Digərləri istehlakçıları aldatmaqla yüksək gəlir əldə edən nəhəng şirkətə çevriliblər. Eləsi də var ki, milli sərvətləri bu və ya digər formada şəxsi mənafeyinə uyğun istifadə edirdilər. Odur ki, adi hallarda bəzi şirkətlər tərəfindən xalq mənafeyini düşünən addımların atıldığını görmək mümkün deyildi. Amma belə fondlar yarananda həmin şirkətlər, təsərrüfat subyetkləri də öz reputasiyaları naminə elə fondlara ianələr etməkdə maraqlı olurlar və onlarda da vətənpərvərlik hisslərinin oyanışı nümayiş etdirlir. Bəzi şirkətlər bunu səmimi qəlbdən etsələr də, bəziləri bunu öz reputasiyaları üçün edirlər. Amma yaxşı olardı ki, səmimilik bu məsələdə ön planda olsun. Beləliklə, bütün bunlar həmin hisslərin saxta və ya səmimi olmasından asılı olmayaraq, son məqsədə çatmaq üçün ümumi işə öz tövhəsini vermiş olur".
E.Əmirov hesab edir ki, fonda ianələrin cəlb edilməsi zamanı bir məqama da xüsusi diqqət yetirmək lazımdır. Bu fonda ianələr etmiş şirkətlər əməkdaşlarını məcburi şəkildə bu prosesə qoşmamalı, etdikləri ianənin ağırlığını məcburi şəkildə işçilərin üzərinə yığmamalıdırlar:
"Onsuz da vətəndaşlarımız könüllü olaraq, fərdi, eləcə də koorporativ qaydada bu fonda vəsaitlərin cəlb edilməsində yaxından iştirak edirlər. Daha bir məsələ isə odur ki, fonda ianələrdən sonra bəzi şirkətlərin bu vəsaitlərin həcmini dolayı və ya birbaşa vasitələrlə istehlak maraqlarına zərbə vuraraq kompensasiya edir. Buna görə də ideyanın mahiyyətinə zərər vurmaq olmaz. Yetərincə vətəndaşlarımız, xaricdə yaşayan soydaşlarımız, Qarabağın dirçəlməsində pay sahibi olmaq istəyən insanlarımız var. Nəzərə alaq ki, bu fond bir aylıq, 5 aylıq deyil, uzunmüddətlidir. Çox güman ki. qarşıdakı illərdə biz bu fondun daha böyük səmərəsini və effektliyini görəcəyik".
banner

Oxşar Xəbərlər