• cümə, 29 Mart, 13:23
  • Baku Bakı 14°C

Qarabağ danışıqlarında sıradan Vaşinqton görüşü

21.06.19 16:51 608
Qarabağ danışıqlarında sıradan Vaşinqton görüşü
İyunun 20-də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi. Görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini vəzifəsini icra edən Filipp Rikeri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların gedişi barədə məlumatlandırılıb.
Ermənistanın son günlər təmas xəttində etdiyi təxribatlar və Paşinyan hökumətinin verdiyi sərsəm bəyanatlar fonunda bu danışıqlarda konkret nəticənin əldə olunacağına dair ümidlər az idi. Vaşinqton görüşündən sonra ATƏT-in Minsk qrupunun yaydığı bəyanatda da ümumi fikirlərin yer alması bunu bir daha sübut etdi. Ancaq maraqlı məqam ondan ibarətdir ki, Vaşinqton görüşü ilə bağlı Azərbaycan XİN-in yaydığı bəyanatda bu kimi görüşlərin müsbət xarakter daşıdığı və danışıqlar prosesinin irəli aparılmasına xidmət etməsi qeyd edilib: "3 saatdan çox davam edən görüşdə əsas müzakirə mövzusunu nazirlərin bundan öncəki Paris və Moskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələsi təşkil edib. Vaşinqton görüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər təqdim ediblər. Yaxın aylarda eyni formatda növbəti görüşün keçirilməsinə dair ümumi razılıq əldə olunub”.
Diqqət çəkən məqam ondan ibarətdir ki, həmsədrlərin hansı təkliflər verməsi yaydıqları bəyanatda yer almayıb. Vaşinqton görüşü və burada müzakirə edilən məsələlərin nədən ibarət olması gündəmin əsas mövzusu olaraq qalır.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşündə anlaşılmaz situasiyanın şahidi oluruq: "Çünki Ermənistan mənbələri artıq Vyana danışıqlarının nəticələrinə istinad edirlər. Bundan başqa, Azərbaycanı Moskva ilə gizli işbirliyində suçlayırlar. Guya hər üç tərəf Ermənistanın mövqeyini qəbul etmir. Azərbaycan Vyanada aparılmış danışıqlara əsasən, guya təmas xəttində monitorinq mexanizmlərinin quraşdırılmasını təmin etməli idi. Lakin Azərbaycan bunu ona görə etmir ki, belə edərsə, həmin o təmas xətti dövlət sərhədi anlamına gələ bilər. Əslində bu həqiqətən də belədir. Birincisi, biz o təmas xəttini müvəqqəti bir "sərhəd” kimi qəbul edirik. Əgər Azərbaycan dövlətinin həqiqətən də belə bir yanaşması varsa, hesab edirəm ki, düzgün yanaşmadır. Çünki Ermənistan tək Qarabağ bölgəsi və digər işğal etdiyi rayonlardan tarazlığı pozmur. Həm də Azərbaycanın Ermənistanla həmsərhəd Qazax, Gədəbəy, Ağstafa, Tovuz və Goranboy rayonları boyunca erməni silahlı qüvvələri vaxtaşırı sabitliyi pozurlar, təxribatlara yol verirlər, Azərbaycan tərəfini düşünülməmiş hərəkətlərə təhrik edirlər. Bu da ondan xəbər verir ki, Ermənistanın ümumiyyətlə Azərbaycanla barışığa hesablanmış bir davranışı yoxdur”.
T.Abbasov vurğuladı ki, ermənilər xarici işlər nazirlərinin, Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündən də destruktiv potensial əldə etməyə çalışırlar: "Bizim bir məsəldə deyildiyi kimi, "sən nə çalırsan-çal, mən onsuz da "Heyvagülü” oynayacam”. Hazırda Ermənistanın dağıdıcı mövqeyinin kökündə duran süni və təhlükəli element ondan ibarətdir ki, onlar ümumiyyətlə danışıqların gündəliyinə varmadan, əvvəlcədən təsnifat mərhələsində qəbul olunmuş məqamlara diqqət yetirmədən bir qayda olaraq özlərinə sərf edən qeyri-rəsmi gündəlik tərtib edirlər. Danışıqları boşa verəndən sonra da deyirlər ki, biz əvvəlcədən bilirdik ki, heç bir nəticə olmayacaq. Çünki bizim məramımız, istəyimiz bundan ibarətdir. Bilirsiniz, ermənilər həmsədrlər tərəfindən irəli sürülən gündəliyə zidd gedə bilərlər. Ancaq belə bir yanaşma olmaz. Ona görə ki, biz faktiki olaraq Ermənistanın bu problemə qeyri-ciddi yanaşmasının şahidiyik. Biz görürük ki, bunların niyyəti ondan ibarətdir ki, nəyin bahasına olur-olsun, danışıqlar prosesində irəliləyişin qarşısını alsınlar. Sonra da bütün dünyaya bəyan etsinlər ki, bizim günahımız yoxdur. Guya Vyanada hansısa razılıqlar əldə olunub və Azərbaycan onlara riayət etmir və eləcə də Rusiya ilə əlbir olaraq Ermənistanı çökdürür. Ona görə də prosesdə durğunluq var, heç bir irəliləyiş yoxdur və olmayacaq. Xatırladım ki, hətta ermənilər çalışırdılar ki, yeni sənəd tərtib etsinlər və onu tərəflər imzalasın. Buna heç bir ehtiyac yoxdur. Çünki Azərbaycanın marağında odur ki, bizim torpaqlarımızda müvəqqəti olan işğalçı qoşunlar sabitliyi pozmasınlar. Azərbaycanın mülki əhalisi də həmin bölgələrdə işləyir, kənd təsərrüfatı ilə məşğul olur. Ona görə də bu daha çox ermənilərə aid idi ki, onlar sabitliyi pozmasınlar. Azərbaycan bu məsələlərin hamısını həmsədrlərin diqqətinə çatdırıb, eyni zamanda başqa formatlarda da bunlar deyilib. Elə başa düşürəm ki, Zöhrab Mnatsakanyan Vaşinqtona gedənə qədər artıq Paşinyandan tapşırıq almışdı ki, bu danışıqlarda işgüzarlıq şəraitinə dəlalət edən hər bir hərəkəti pozsunlar. Biz belə görürük ki, istədiklərinə nail oldular”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, hər zaman Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş tutan danışıqlardan sonra verilən bəyanatların tərəflər özünə uyğun izahını verir: "Görünür, dünən də eyni hadisə baş verib. Əslində Vaşinqton görüşündən də ciddi bir nəticə çıxmadı və mən də belə olacağını zənn edirdim. Müsbət tərəfi sadəcə o oldu ki, 19 ildən sonra ilk dəfə idi ki, ABŞ-da belə bir görüş təşkil edildi. Sonuncu dəfə 2000-ci ildə Ki-Uestdə Azərbaycan və Ermənistan prezidentləri görüşmüşdü. O görüşə hətta indikindən daha böyük statuslu şəxs, o zaman ABŞ-ın dövlət katibi olan Koulen Paul da qatılmışdı. Bu dəfə isə danışıqlarda Con Bolton iştirak etdi. Amma yenə də görüşdən nəticə çıxmadı. Yeganə müsbət tərəfi o oldu ki, ABŞ sanki bir az təşəbbüskar olduğunu göstərdi. Eyni zamanda göstərmək istədi ki, tək Rusiya yox, ABŞ-da bu məsələnin həllində fəaldır. Vaşinqton görüşündən heç müsbət irəliləyiş əldə edilmədi. Biz gələcəkdə görəcəyik ki, ABŞ fəaliyyəti intensivləşdirəcək, yoxsa bir atımlıq barıtları var idi. Hansı ki, dünyaya göstərmək istəyirdilər ki, Qarabağ məsələsində, Cənubi Qafqazda biz də varıq və lakin hər şey bununla yekunlaşdı”.
E.Şahinoğlu qeyd etdi ki, görüşdən xüsusi bir nəticə əldə edilmədiyi üçün tərəflər fərqli izahlı bəyanatlar verirlər: "Amma hesab edirəm ki, Minsk qrupu detallı danışıqlar aparmayıb. Çünki əvvəlki tək Ermənistanın mövqeyində dəyişiklik yoxdur. Ermənistan mərhələli həll planını qəbul etməməklə yanaşı, Qarabağ ətrafındakı rayonları boşaltmaq istəmir. Əsas məsələdə budur və Vaşinqtonda bu məsələ ətrafında ciddi bir fikir mübadiləsi aparıldığını düşünmürəm”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər