• cümə axşamı, 25 aprel, 12:23
  • Baku Bakı 23°C

Qarabağ danışıqları intensivləşir

02.07.16 11:30 2838
Qarabağ danışıqları intensivləşir
Son vaxtlar həmsədrlər arasında Dağlıq Qarabağla bağlı təmaslar artıb. Fransanın xarici işlər naziri Jan-Mark Eyronun rusiyalı həmkarı Sergey Lavrovla Parisdə görüşün ardınca keçirilən birgə mətbuat konfransında "Fransa Qarabağ münaqişəsi ilə bağlı yeni danışıqlara ev sahibliyi etməyə hazırdır" deməsindən sonra Lavrovun özünün Bakıya səfəri barədə xəbərlər yayılıb. O, iyulun 4-də, İrəvana səfər etdikdən sonra ölkəmizə üz tutacaq. Gedişatla bağlı diqqət çəkən məqamlardan biri də odur ki, xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdəki sədri Frank Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə deyib ki, ortada konkret sənəd var və üzərində iş gedir: "Bakıda danışıqlar aparılacaq, sonra isə prezidentlərin görüşü keçirilə bilər. Fransa tərəfindən təklif var, biz buna etiraz etmirik. Əsas odur ki, danışıqlarda nəticə əldə olunsun. Sülh yolu ilə irəliləyiş istəyiriksə, danışıqlar üçün danışıqlar olmamalıdır. Sankt-Peterburqda substantiv danışıqlar başlayıb. Bu istiqamətdə işləsək, sülhə nail ola bilərik”.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də prezidentlərin görüşünü tez bir zamanda təşkil etmək niyyətində olduqlarını açıqlayıb. Bildirib ki, prezidentlərin növbəti görüşü ilə bağlı müəyyən tarix olmasa da, ABŞ, Fransa və Rusiya həmsədr dövlətlər olaraq, görüşü tez bir zamanda təşkil etmək istəyirlər”.
Ölkə başçısı isə bu məsələni ABŞ dövlət katibi Con Kerri ilə müzakirə edib. Prezidentə zəng edən Kerri Vyana və Sankt-Peterburq görüşlərindən sonra danışıqlar prosesinə yeni dinamika verildiyini qeyd edib və münaqişənin perspektivləri müzakirə olunub.
Onu da deyək ki, Rusiya prezidenti Putin də Fransalı həmkarı Ollandla telefon danışığı zamanı Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü barədə ona məlumat verib. Rusiya və Fransa liderləri görüşlərdə əldə olunan nəticələrin sülh prosesinin irəliləməsinə yardım edəcəyinə ümidvar olduqlarını bildiriblər və ATƏT-in Minsk Qrupu çərçivəsində aktiv əməkdaşlığın davam etdirilməsinə dair razılığa gəliblər.
Bəs bu cür gedişat, intensiv danışıqlar nədən xəbər verir? Yaxın vaxtlarda hər hansı bir nəticə əldə olunacağına ümid etmək olarmı?
Bu haqda fikirlərini "Kaspi” ilə bölüşən politoloq Qabil Hüseynli sülhyaratma prosesinin intensivləşdiyini təsdiqlədi. Bildirdi ki, Almaniyanın, ABŞ-ın, Fransanın fəal müdaxiləsi müəyyən ümidlər oyadır. Amma hələ ki, ortada müzakirədə olan sənəd Rusiyanın hazırladığı və "Lavrovun yol xəritəsi” deyilən bir sənəddir və onun təkmilləşdirilməyə ehtiyacı var: "Çünki bu sənəddə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə mane olan məqamlar var. Onlardan biri Dağlıq Qarabağa keçici statusun verilməsi haqqında təklifdir. Biz buna razı deyilik. Çünki Dağlıq Qarabağa belə statusunun verilməsi Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməkdir. Başqa bir məsələ bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi ilə bağlıdır. Azərbaycan bu məsələ ətrafında mövqeyini tam müəyyənləşdirməyib. Bölgəyə sülhməramlı qüvvələrin gətirilməsini istəmirik. Hələ ki bu haqda müzakirələr gedir. Ölkəmiz Dağlıq Qarabağa dair referendumun keçirilməsinin formasına da etiraz edir. Biz istərdik ki, bu referendum Azərbaycanın qəbul edilmiş qanunlarına uyğun keçirilsin. Amma bəzi güclü dövlətlər referendumun yalnız Qarabağ miqyasında keçirilməsini istəyir. Göründüyü kimi, razılaşdırılmamış məqamlar kifayət qədərdir. Amma bu dəfə adıçəkilən dövlətlər problemi həll etməyə maraqlı olduqlarını hiss etdirməyə çalışırlar, siyasi iradə nümayiş etdirirlər və istəyirlər ki, böyük sülh sazişinin imzalanmasına gətirib çıxaran kompromislərə gedilsin”.
Politoloqun fikrincə, növbəti danışıqlar Paris şəhərində baş tuta bilər və bu zaman müəyyən irəliləyişlərə nail olunması mümkündür: "İlk olaraq, 5 rayonun geriyə qaytarılması müzakirə edilir. Bu məsələnin həllini tapması xeyli vaxt apara bilər. Amma sonrakı müzakirələr - Laçın və Kəlbəcər rayonları ilə bağlı mübahisələr daha qəliz və mürəkkəbdir. Bu, Dağlıq Qarabağın statusuyla sıx əlaqəli məsələdir. Ona görə bəzi ərazilərimiz qaytarılsa belə, müəyyən nigarançılıq doğuran məqamlar da var. Bunlardan birincisi, Laçın koridoru ətrafında ermənilərin tələb etdiyi bufer zonanın enidir. Ermənilər istəyir ki, yolun hər iki tərəfində 15 km-lik bufer zona ayrılsın. Azərbaycan 5 km təklif edir, ATƏT isə 10 km. Həm də ki, biz Laçın koridorunu həmişəlik vermirik. Onlar müəyyən manevrlərlə Kəlbəcərin də bir hissəsini bufer zonasına salaraq özəlləşdirmək istəyirlər. Təbii ki, bu da nigarançılıq yaradır”.
Politoloq Mübariz Əhmədoğlu da o bir o qədər ümidli açıqlamalar vermədi. Diqqəti daha çox hələ ki müzakirələrin getməsinə çəkdi: "Bu yaxınlarda prezident hərbçilər üçün tikilən binanın açılışında dedi ki, aprel döyüşləri tarixi hadisə idi. Dünya artıq həmin vaxt baş verənləri dərk edir. Çünki ölkəmizin real gücünü gördülər. Xarici işlər naziri Elmar Məmmədyarovun dedikləri həqiqətdir. Ortada sənəd var ki, Lavrov Bakıya gəlir. Uorlikin dedikləri də bu istiqamətdədir. Amma Ermənistan deyir ki, guya vəziyyət onların xeyrinədir. Onlar yalan danışmaqdan yorulmurlar. Həmsədr ölkələr məsələni sülh yolu ilə tənzimləyə bilirlərsə, tənzimləsinlər. Düşünürəm ki, bu məsələdə əsas aktivliyi Rusiya edir. Azərbaycanın ərazi bütövlüyü prinsipi pozulmamalıdır. Prezident də bu məsələlərdə qətiyyətli davranır. Ümumilikdə isə xarici nümayəndələr arasında erməni havadarları çoxdur. Həmişə işğalçının tərəfini saxlayırlar. Amma bütün hallarda, danışıqlar gedir. Biz prezidentlərin növbəti görüşünə də hazırıq”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər