• cümə axşamı, 25 aprel, 09:25
  • Baku Bakı 14°C

Qarabağ danışıqları artıq mühüm mərhələyə gəlib çatıb

13.07.16 10:45 1434
Qarabağ danışıqları artıq mühüm mərhələyə gəlib çatıb
İyulun 11-dən Rusiya xarici işlər naziri Sergey Lavrovun ölkəmizə səfəri başlayıb. Gəldiyi gün ölkə başçısı, növbəti gün isə XİN rəhbəri Elmar Məmmədyarovla görüşən Lavrov ikitərəfli münasibətlər haqda danışıb və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb. E.Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyilib ki, Azərbaycan prezidenti ilə ətraflı və səmimi müzakirələr aparılıb. Əsas müzakirə mövzusu isə Dağlıq Qarabağ münaqişəsinin həlli olub. E.Məmmədyarov deyib ki, bundan sonra konkret qərar qəbul ediləcək və növbəti addımların nə olacağı bilinəcək: "Bu addımlara prezidentlərin görüşü də daxildir”.
Lavrovun Bakıya səfəri, verilən açıqlamalar barədə fikirlərini öyrəndiyimiz politoloqlar düşünür ki, danışıqlar heç vaxt bu qədər intensivləşməmişdi və belə gedişat hansısa məsələlərin ətrafında konkret danışıqlar getdiyini göstərir. Politoloq Natiq Miri "Kaspi”yə açıqlamasında dedi ki, artıq Dağlıq Qarabağ probleminin həlli yolunda predmetlər üzrə müzakirələr getdiyini müşahidə edir: "Doğrudur, hansı məqamların razılaşdırıldığı hələlik çox məxfi saxlanılır. Bildiyiniz kimi, Azərbaycan tərəfi mərhələli həll planına razıdır. Elmar Məmmədyarov da mətbuat konfransında birmənalı şəkildə bildirdi ki, problemi mərhələli şəkildə aradan qaldırmaq lazımdır. Deməli, Ermənistanın təkzib etməsinə rəğmən, müzakirələr mərhələli həll planı istiqamətində gedir. Bu gerçəyi nəinki Rusiyanın, digər həmsədr dövlətlərin də qəbul etdiyi görünür. Ola bilsin, müəyyən rayonların boşaldılması artıq razılaşdırılıb. Doğrudur, dediklərim rəsmən imzalanmış deyil, şifahi qaydada danışılan məsələlərdir. Amma mənə elə gəlir ki, minimum sayda olsa belə, ilkin mərhələdə hansısa rayonların qaytarılması nəzərdə tutulur”.
Həmsöhbətimizin fikrincə, bundan sonra Ermənistanın maraqları çərçivəsində kommunikasiya xətlərinin açılması müzakirə edilə bilər: "Bu məsələ həm Ermənistana, həm də Dağlıq Qarabağa kommunikasiya xətlərinin açılmasını özündə ehtiva edir. Ola bilsin ki, növbəti addımda Türkiyə-Ermənistan sərhədlərinin açılması gündəmə gəlsin. Bu məsələyə Rusiya-Türkiyə münasibətləri kontekstində baxsaq, reallaşması mümkündür və təbii ki, sərhədlərin açılması Ermənistanın geosiyasi maraqları çərçivəsindədir. Çünki sərhədlərin açılması Ermənistanın Qərb dünyasına, Avropaya inteqrasiyasına yol açır”.
Politoloq Ermənistanın danışıqlar prosesinə yenidən əngəllər yaradacağını da istisna etmir: "Bilirsiniz ki, Vardenis rayonundan Azərbaycanın Ağdərə rayonuna qədər yol çəkilib. Ermənistan Ağdərə rayonuna çəkilən yolun 15 km enində hissəsini də Laçın koridorunun statusuna, çərçivəsinə salmaq istəyir, koridorun məsafəsini uzatmağı hədəfləyir. Bu, təbii ki, Azərbaycanın maraqları çərçivəsində deyil. Çünki Ermənistanla Dağlıq Qarabağı birləşdirən yeganə dəhliz Laçındır. Laçın birbaşa Dağlıq Qarabağ sərhədlərinə girmək üçün ermənilərinə imkan tanıyır. Dağlıq Qarabağın aran Qarabağına qədər olan sərhədlərini də bu çərçivəyə salmaq pozuculuq fəaliyyətidir. Düşünürəm ki, Azərbaycan dövləti buna heç bir vəchlə razılıq verməyəcək. Ancaq dediyim kimi, bu məsələlər hələlik şifahi razılaşma çərçivəsində gedir. Ortada bir anlaşma yoxdur. Hətta şifahi ciddi razılaşma olsa belə, düşünürəm ki, Sarkisyan hakimiyyətinə güvənmək olmaz. Ona görə də Azərbaycanın əsas zərbəçi qüvvəsi hər bir danışıq mərhələsində cəbhə xəttində olmalıdır. Bu zərbəçi güc Damokl qılıncı kimi Ermənistanın boynunun arxasından asılmalıdır ki, Dağlıq Qarabağdakı hərbi klan da, Ermənistandakı siyasi rəhbərlik də Azərbaycan əsgərinin nəfəsini hər an üzərində hiss etsin. Əks təqdirdə, Ermənistanı yola gətirmək mümkün olmayacaq”.
N.Miri onu da nəzərə çatdırdı ki, bu gün beynəlxalq geosiyasi vəziyyət Azərbaycanın xeyrinədir və Varşavada NATO-nun sammitində Azərbaycanın ərazi bütövlüyünə dəstək verildi: "Getdikcə Azərbaycanın mövqeləri həm siyasi, həm geosiyasi, həm də hüququ anlamda güclənir və Ermənistanın manevr imkanları tükənir. Ermənistan rəhbərliyi, Xarici İşlər Nazirliyi bu məsələni başqa cür yozmağa çalışırlar. Ancaq nəzərə almaq lazımdır ki, NATO-nun əsas hərəkətverici güc mərkəzlərindən ikisi həm də həmsədr ölkələrdir. Yəni Minsk qrupunun 3 həmsədrindən ikisi ABŞ ilə Fransadır ki, bunlar da NATO-nun əsas güclərindəndirlər. Buna görə də düşünürəm ki, Ermənistan rəhbərliyinin sadəcə, daxili auditoriyaya hesablanmış bəyanatını ciddi qəbul etmək lazım deyil və proseslər də göstərir ki, Ermənistanın getdikcə Qərblə Rusiya arasında manevr imkanları azalır. Məncə, artıq Ermənistanın güzəştə getməkdən başqa çarəsi qalmayıb. Başqa tərəfdən, Rusiyanın Cənubi Qafqazda qalması üçün mütləq Dağlıq Qarabağ problemində irəliləmələr olmalıdır. Prosesin həlli üçün çox ciddi mənada geosiyasi şərait yaranıb. Dediyim kimi, əsas faktor yenə də Azərbaycanın güc faktorudur. Bu olmasa, münbit geosiyasi şərait yaranmayacaq. Buna görə də güc faktoru bu gün də, sabah da davam etməlidir ki, Azərbaycanın xeyrinə ola biləcək nəticələr əldə edilsin”.
Politoloq Fikrət Sadıqov qeyd etdi ki, hələlik danışıqlarda faktiki olaraq nəticə yoxdur. Amma tərəflərin nəticə axtarışında olduqları müşahidə edilir: "Lavrovun Bakıya gəlməsi, müzakirələrin aparılması onu göstərir ki, müəyyən təkliflər var. Mənim zənnimcə, Ermənistan tərəfi yenə də danışıqlara problemlər yaradır. Onlar həmişə danışıqlar prosesinə əngəllər törədiblər. Arzu edirlər ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanısın. Halbuki biz heç vaxt bunu etməyəcəyik və belə bir planımız yoxdur. Söhbət mərhələli həll planından gedir. Buna isə o aiddir ki, birinci mərhələdə işğal olunan 5 rayon qaytarılmalıdır. Sonradan Dağlıq Qarabağın statusu müzakirə oluna bilər. Mən belə nəticəyə gəlmişəm ki, status-kvonun bu cür qalmasının təhlükəli olmasını Moskva artıq başa düşür. Bu nəinki Ermənistana, regionun özünə də böyük təhlükədir. Ona görə də status-kvo belə qalmamalıdır və bu məsələ həllini tapmalıdır. Mənə elə gəlir ki, müzakirələr mərhələli həll planı ətrafında aparılır. Rusiya və Azərbaycan xarici işlər nazirlərinin sözlərindən belə nəticə çıxarmaq olar ki, müzakirələr hansısa mühüm mərhələyə gəlib çatıb. Bu mərhələdə isə konkret addımlar atılmalıdır. Rusiya Ermənistana təzyiq etməsə, işğalçılar yenə aranı qatacaqlar. Məsələnin həlli yubadıla bilər. Amma başa düşməlidirlər ki, Azərbaycan bu status-kvo ilə barışmayacaq. Aprel hadisələri zamanı bunu sübut etmişik”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər